Azərbaycanın
siyasi kursu, iqtisadi gücü və hərbi qüdrəti
ölkəmizin beynəlxalq nüfuzunu gündən-günə
artırır
Bu məqam Nazirlər Kabinetinin sonuncu
iclasında daha geniş şəkildə ifadə olundu
Ötən
əsrin doxsanıncı illərinin əvvəlində beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərin
nəticəsi olaraq yaranmış yeni dünya düzəni müasir tariximizə bir sıra
mühüm hadisələrlə
yazıldı. Həmin hadisələrin ən
mühümlərindən biri də dünya xəritəsində
Azərbaycan adlı qüdrətli bir dövlətin ərsəyə
gəlməsidir.
Heydər
Əliyev siyasi kursunun həyata keçirilməsi və
Prezident İlham Əliyevin bu kursu müasir dünyada gedən
siyasi-diplomatik proseslərin tələblərinə cavab verən
şəkildə, yaradıcılıqla davam etdirməsi sözün həqiqi mənasında
dünya tarixçilərini heyrətləndirən bir dövlət yaratdı. Cəmi
21 il dövlət müstəqilliyi olan Azərbaycan
Respublikasının Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasına üzv seçilməsi, həmin quruma sədrlik
etməsi, kosmosa öz rabitə peykini çıxararaq kosmik
ailənin üzvünə çevrilməsi, rəsmi Bakının dünya
sivilizasiyalarını bir-birinə qovuşduran mərkəz
rolunu oynaması, dövlətimizin
Avropanın enerji təhlükəsizliyinin təminatçılarından
biri kimi tanınması dünya siyasətçilərinin və
tarixçilərin diqqətindən yayınmır. İndi artıq elə bir beynəlxalq tribuna yoxdur
ki, oradan Azərbaycan həqiqətləri ürək
açıqlığı ilə səsləndirilməsin.
Doğrudur, bu həqiqətlər dünyanın
bütün guşələrində səsləndirilir. Təbii ki,
müxtəlif ekspert və politoloqlar tərəfindən.
Ancaq son günlər dünya ictimaiyyəti Azərbaycan
həqiqətlərini ən mötəbər mənbədən
eşitdi. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı giriş nitqində bu həqiqətləri
ən incə məqamlarına qədər dəqiqliklə
söylədi. Doğrudur, bu qəbildən olan
toplantılarda əsasən
ölkənin sosial-iqtisadi uğurları daha çox
qabardılır. Ancaq bugünkü Azərbaycanın siyasi uğurlarının
böyük olduğunu nəzərə alan dövlət
başçımız
adıçəkilən iclasda bu məsələlərə
də xüsusi yer ayırdı.
Prezident ölkənin sosial-iqtisadi
uğurlarını siyasi uğurlarla əlaqələndirərək
qeyd etdi ki, biz öz yolumuzla
gedirik. İqtisadi və sosial inkişaf məsələlərini
bir paketdə həll edirik. Azərbaycanda əsaslı
iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır.
Əgər belə olmasaydı, əhalinin gəlirləri
artmazdı. Əsaslı iqtisadi islahatlar
bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı
dirçəltmək, iqtisadi böhrandan çıxmaq
üçün daha çox əhali hesabına atılan
addımları görürük. İş yerləri
ixtisar edilir, maaşlar kəsilir, iş günü
uzadılır, pensiya həddi uzadılır. Yəni,
bəzi hökumətlər öz iqtisadi vəziyyətini
insanların hesabına sağlamlaşdırmaq istəyirlər.
Bizdə isə iqtisadi islahatlar köklü
xarakter daşıyır. Çünki biz
planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm
qoymuşduq. Bu islahatlar güclü sosial
siyasətlə də tamamlanır, dəstəklənir.
Belə olan halda təsadüfi deyil ki, hətta
böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri
artmışdır.
Dövlət
başçımızın fikrincə, Azərbaycanın təkcə
sosial-iqtisadi sahədə deyil, ümumiyyətlə, cəmiyyət
həyatının bütün sahələrində əldə
etdiyi uğurların təməlində elmi şəkildə
əsaslandırılmış idarəetmə və beynəlxalq
aləmə inteqrasiyanın intensivləşdirilməsi
dayanır. Bizim dünya birliyi
ilə əlaqələrimizin və əməkdaşlığımızın
nəticəsi idi ki, bu ilin aprel ayında dünyanın ən mötəbər
toplantılarından olan Davos İqtisadi Forumu Bakıda
keçirilmişdi. Bu faktı yada salan dövlət
başçımız əlavə edir ki, ötən aylar
Madrid Klubunun toplantısı da Azərbaycanda
keçirilmişdir. Bu da dünya
miqyasında mötəbər beynəlxalq təşkilatdır.
Çox böyük nüfuza malik olan siyasətçiləri,
ictimai xadimləri birləşdirən bir qurumdur. Bu forum da çox yüksək səviyyədə
keçirilmişdir. Bakıda Amerika-Azərbaycan
konfransı keçirilmişdir. Təbii
ki, bu da çox əlamətdar hadisə idi. Çünki konfransa federal və ştatlar səviyyəsində
olan 300-dən çox senator, konqresmen, ictimai xadim, politoloq
yığışmışdı. Burada
çox vacib məsələlər müzakirə
edilmişdir.
Yəni
Azərbaycan siyasi, iqtisadi və mədəni həyata aid olan
bir çox toplantılara ev sahibliyi etməklə
bir növ dünyanın aparıcı mərkəzlərindən
birinə çevrilir. Bu ilin ikinci rübündə Bakıda İkinci Dünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmişdir ki, bu da Azərbaycanın
humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası
dialoqun aparılması üçün bir mərkəz kimi
formalaşmasına öz xidmətini göstərmişdir. Bu, ikinci forumdur. Deməli, bu qəbildən
olan forumlar artıq ənənəvi xarakter
daşıyacaqdır. Dövlət
başçımızın qeyd etdiyi kimi, Azərbaycanda bu səpkidən
olan tədbirlər vaxtaşırı keçirilir.
Dünya Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq
Forumu, digər tədbirlər, dünya dinlərinin liderlərinin
zirvə görüşləri keçirilmişdir. Yəni, ölkəmiz siyasi, iqtisadi və humanitar mərkəzə
çevrilibdir.
Geridə qalan bütün illərdə
olduğu kimi, bu ilin birinci yarısında da bizim xarici siyasətlə
bağlı addımlarımız uğurlu olmuşdur. Prezidentin xarici
ölkələrə səfərləri, xarici dövlət
başçılarının Azərbaycana səfərləri
və ikitərəfli formatda münasibətlərin
inkişafı böyük əhəmiyyətə malikdir. Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığımız
da böyük diqqətə layiqdir. Məsələn, İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində Azərbaycanda
keçirilən tədbirlər bütün tərəfdaşlarımızın yaddaşında qaldı. Yaxud, Bakıda Fələstinə
yardım məqsədilə donor konfransı
keçirilmişdir. Həmin konfransın keçirilməsi
bizim niyyətimizin , siyasi istiqamətimizin göstəricisi idi. Beynəlxalq ekspertlərin fikrincə,
Azərbaycan
İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində öz fəallığını
artırır və İslam həmrəyliyi
məsələləri həmişə bu ölkənin diqqət mərkəzində
olmuşdur.
Ancaq təkcə
İslam dünyası və ya Şərq ölkələri
deyil, bütövlükdə dünya ölkələri
, xüsusən, Avropa dövlətləri və qitə
miqyaslı beynəlxalq təşkilatlarla əməkdaşlıq
rəsmi Bakının ən çox önəm verdiyi məsələlərdəndir.
Məsələn, bir neçə ay əvvəl Prezident
İlham Əliyevin
Avropa İttifaqına səfəri olmuşdu. Həmin
səfər dövlət başçımızın prezident kimi Avropa
Komissiyasına beşinci səfəri idi. Prezidentin özü bu səfərə
xüsusi önəm verərək demişdir: “
Xüsusilə nəzərə alsaq ki, son bir il ərzində
bəzi Avropa qurumları tərəfindən Azərbaycana
qarşı çirkin kampaniya aparılır. Deyə
bilərəm ki, bu kampaniya heç səngimirdi. Son on il ərzində vaxtaşırı bu kampaniya
gah canlanır, gah səngiyir. Ancaq bir trend kimi,
bir istiqamət kimi daim biz bunu müşahidə edirdik.
Son bir il ərzində əlbəttə,
bu kampaniya çox eybəcər formalara gəlib
çatıb. Təkcə onu demək kifayətdir ki, son bir il ərzində Avropa Parlamenti üç
anti-Azərbaycan qətnamə qəbul etmişdir. Düzdür, bu qətnamələrin qəbul edilməsində
eyni adamlar iştirak edir və Avropa Parlamenti 750 deputatdan ibarətdir.
Bu qətnamələrin qəbulunda təqribən
20, 30, 40 nəfər iştirak edir. Əlbəttə
ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir.
Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək
bax bu qətnamələrin qəbul edilməsinə nail
olurlar”.
Azərbaycanın
sədaqətlə və səmimiyyətlə dostluq etdiyi bəzi
qurumların
yeritdiyi ikili siyasət həmişə olduğu
kimi, adı çəkilən məclisdə də Prezident
İlham Əliyev tərəfindən qətiyyətlə pislənildi:
“Qondarma siyasi məhbuslar üzrə məruzənin müzakirəsində
Avropa Şurası Parlament Assambleyasının üzvlərinin
mütləq əksəriyyəti bu çirkin təşəbbüsə
yox demiş, bu çirkin məruzəni rədd etmişdir. Avropa Şurası Parlament Assambleyasının
deputatları həqiqəti, haqq-ədaləti müdafiə
etdilər, ikili standartlara qarşı öz səslərini
ucaltdılar. Çünki bu qondarma məruzənin
ortaya çıxması sırf ikili standartlar prinsipinin əlaməti
idi”.
Təbii
ki, Azərbaycan beynəlxalq aləmə inteqrasiyada təşəbbüsü əldən
vermir. Dövlətimizin təşəbbüsləri
hərtərəfli əməkdaşlığa
yönəldilibdir. Hamı etiraf edir ki, Azərbaycanda
verilən qərarlar həlledicidir. Azərbaycanda
verilən qərarlar enerji təhlükəsizliyi məsələlərinə
əvəzsiz töhfədir.
Dövlət başçımızın
dediyi kimi, Azərbaycanda verilən qərarlar gələcəkdə
də bu məsələ ilə bağlı son sözü
deyəcəkdir. Təbii ki, bütün
bunlar bizim üstünlüyümüzdür. Həmin üstünlüyü
Prezident bu şəkildə qiymətləndirir: “Ancaq həmişə
dediyim kimi, bu üstünlük göydən düşməyib.
Biz özümüz bunu yaratmışıq, -
öz fədakar işimizlə, məqsədyönlü siyasətlə,
cəsarətli addımlarla. Bu gün
enerji məsələlərini siyasi məsələlərdən
ayırmaq mümkün deyildir. Əgər
bizim siyasi gücümüz, güclü iradəmiz
olmasaydı, cəsarətli addımlar atılmasaydı,
bunların heç biri mümkün olmazdı. Bunu da hamı bilməlidir”.
Bütün
beynəlxalq və yerli tədbirlərdə olduğu kimi,
Nazirlər Kabinetinin adıçəkilən iclasında da
Prezident İlham Əliyev
ölkəmizin yeganə problemi olan Emənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həll olunması istiqamətində həyata
keçirilən tədbirləri bir nömrəli məsələ
şəklində gündəliyə gətirmişdir:
“Keçən rübdə bir əlamətdar hadisəni də
qeyd etmək istəyirəm. O da Azərbaycanda
keçirilmiş hərbi paraddır. Bu
parad Azərbaycan Ordusunun gücünü göstərdi.
Paradda nümayiş etdirilən silah-sursat və
texnika ən son modellərdir, ən güclü texnikadır.
İstər helikopterlər, istər tanklar,
zirehli maşınlar, artilleriya qurğuları, hava hücumuna
qarşı qurğular, digər texnikalar bir daha göstərir
ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular
sırasındadır. Eyni zamanda, bu hərbi
parad son illər ərzində ordu quruculuğu işində
görülmüş işlərin hesabatı idi. Əlbəttə, bilirəm ki, Azərbaycan xalqı
bu paradı böyük maraqla izləmişdir və qürur
hissi keçirmişdir ki, bizim belə güclü
imkanımız, güclü ordumuz vardır. Eyni zamanda, bu parad Ermənistanda böyük
narahatlığa səbəb oldu. Bilirəm
ki, paraddan sonra orada yaşanan isterika, panika və qorxu hissi bu
günə qədər hələ çəkilməyib.
Bu da təbiidir, çünki düşmən
Azərbaycanın qüdrətini öz gözü ilə
gördü və bir daha bildi ki, biz istənilən varianta
hazırıq. Biz əldə etdiyimiz
texnika ilə düşmənin istənilən nöqtəsini
məhv etməyə qadirik. Paradda dediyim
kimi, düşmənlə istənilən dildə
danışa bilərik. Bütün siyasi
və diplomatik səylərlə yanaşı, bizim hərbi
gücümüz Dağlıq Qarabağ məsələsinin
həllində həlledici rol oynayacaqdır”.
Dünyanın
müxtəlif ekspertləri yazırlar ki, Azərbaycan müxtəlif ölkələrdən
hərbi texnika alır, eyni zamanda,
biz silah-sursatı və hərbi texnikanı ölkəmizdə
də istehsal edirik. Bizimlə hərbi sahədə əməkdaşlıq
etmək istəyən ölkələrin sayı
artmaqdadır. Dünya mətbuatında rəqəmlər
səslənir ki, Azərbaycan bəzi ölkələrdən
1 milyard dollar dəyərində silah alıb, bəzi ölkələrdən
1,6 milyard dollar həcmində silah alıb.
Ancaq Prezidentin fikrincə, bu rəqəmlər
reallığı əks etdirmir. Əslində,
bizim hərbi-texniki əməkdaşlıq bu rəqəmlərdən
bir neçə dəfə böyük rəqəmlərlə
ölçülür. Sadəcə olaraq
biz bu rəqəmləri açıqlamırıq.
Bütün
bu faktları diqqətə çatdıran Prezident İlham Əliyev daha
böyük və hamının eşitməli olduğu bir həqiqəti
dilə gətirərək bildirir ki, Azərbaycanın bu qədər
silah-sursat əldə etməsi və regionda ən
güclü ordu formalaşdırması erməni xalqına
qarşı təhlükə deyil, Ermənistanı
işğalçı dövlət siyasətindən əl
çəkməyə məcbur etmək məqsədi
daşıyır: “Ermənistan xalqı isə hesab edirəm
ki, bundan qorxmamalıdır. Ermənistan
xalqı öz rəhbərliyindən qorxmalıdır. Onların fəaliyyətindən qorxmalıdır.
Qaniçən, gözü doymayan, korrupsiyaya
uğramış, kriminal hakimiyyətdən qorxmalıdır
ki, bu hakimiyyət onları bu vəziyyətə salıb.
Bu hakimiyyətin fəaliyyəti nəticəsində hər il 100 minə qədər erməni öz
ölkəsini həmişəlik tərk edir. Belə getsə
5-6 ildən sonra orada 1 milyondan az əhali
qalacaqdır. Bu günah bilavasitə Ermənistan
rəhbərliyinin üzərinə düşür. Çünki onların işğalçı və
yırtıcı siyasəti, onların qaniçən,
gözü doymayan mahiyyəti Ermənistanı bax bu fəlakətə
gətirib çıxarıbdır”.
Regionun iki ölkəsi barədə
reallıqları dilə gətirən Prezidentin məlum nitqdəki
son sözləri isə bu ölkələrdən ancaq birinə
aid idi : “Biz isə inamla qabağa gedirik. Biz güclü dövlətik. Bizim
gücümüz getdikcə artacaqdır”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-
2013.- 30 iyul.- S. 1.