Ərzaq təhlükəsizliyi
strateji vəzifədir
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən sonra əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən olmuşdur. Ulu öndər respublikamızın daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına böyük önəm vermiş və bu istiqamətdə bir çox məqsədyönlü tədbirlər görülmüşdür. Dahi rəhbərin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində MDB məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin 2001-ci ildə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunmuşdur.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir, xarici ölkələrə məhsul ixrac edir.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi göstərişlər vermiş və yeni mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Prezident İlham Əliyev həmin iclasda demişdir:
-Ərzaq təhlükəsizliyi ilə bağlı daim biz öz işlərimizi aparırıq. Bizim tam imkanımız var ki, özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Nəinki təmin edək, eyni zamanda, böyük ixrac potensialı da yaradaq. Biz burada iki istiqamət üzrə getməliyik. Əlbəttə, bitkiçilik, heyvandarlıq sahələrində intensiv metodlara daha da çox üstünlük verilməlidir. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması prosesi də başlamışdır. Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq. Beləliklə, bu, həm yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır, eyni zamanda, ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Ərzaq təhlükəsizliyi enerji təhlükəsizliyi kimi, bəlkə də ondan da vacib olan məsələdir. İstisna edilmir ki, gələcək illərdə bu, əsas məsələlərdən birinə çevriləcəkdir. Çünki qlobal meyillər bunu göstərir...
Dövlət başçısı sözügedən iclasda həmçinin aqraryönümlü orta peşə təhsili müəssisələrinin yaradılmasının zəruriliyini vurğulamış, elektron kənd təsərrüfatı layihəsinin reallaşdırılmasının əhəmiyyətindən danışmışdır.
Prezident İlham Əliyevin tövsiyəsi ilə ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır.
Azərbaycanda aqrar-sənaye kompleksinin 270 sayda məhsul üzrə məhsullararası balansı tərtib edilmiş, rəqabətqabiliyyətliliyin üstünlüyünün qiymətləndirilməsi modeli yaradılmışdır. Model üzrə aparılmış hesablamalar göstərir ki, respublikamızın həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının əksəriyyəti beynəlxalq rəqabət üstünlüyünə malikdir. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq məqsədilə ölkədə müxtəlif aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, maarifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə təklif və tövsiyələr hazırlanmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zəncirində kompleksliliyin təmin olunması maya dəyərinin azaldılması, əlavə dəyərin artırılması, sosial rifahın yüksəldilməsi və nəticədə rəqabətqabiliyyətliliyin artırılması baxımından çox vacibdir.
Dövlət başçısının tapşırığına əsasən Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatları yaradılmış, bunun nəticəsində yüksək məhsuldarlıq əldə olunmuşdur. Növbəti addım olaraq Cəlilabad, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının təşkili məqsədi ilə zəruri işlərə başlanılmışdır. Müvafiq layihələr çərçivəsində taxıl anbarları, heyvandarlıq kompleksləri, bitki yağları istehsalı zavodları və aqroservislərin yaradılması da nəzərdə tutulur.
Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Son bir ildə Dövlət Proqramının icrası mühüm nəticələr əldə edilməsinə səbəb olmuşdur. Adı çəkilən Dövlət Proqramında əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaratmışdır.
Fikrimizin təsdiqi kimi Dövlət Statistika Komitəsinin son məlumatına diqqət yetirək. İyun ayının 1-nə kimi tarlalardan 57,1 min ton dənli və dənli paxlalılar, 53,5 min ton kartof, 76,8 min ton tərəvəz, 7,9 min ton meyvə və giləmeyvə, 254,5 ton yaşıl çay yarpağı toplanmışdır. İlin əvvəlindən keçən vaxt ərzində 178,1 min ton diri çəkidə ət, 741,1 min ton süd, 566,8 milyon ədəd yumurta, 13,1 min ton yun istehsal olunmuş, 2012-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,8 faiz, süd istehsalı 5,9 faiz, yumurta istehsalı 14,5 faiz, yun istehsalı 3,4 faiz artmışdır. Beləliklə beş ay ərzində ötən illə müqayisədə 5,2 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Bu gün dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyinin göstərilməsi aqrar bölmənin inkişafında mühüm rol oynayır. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, buğda səpininin, toxum və ting istehsalının subsidiyalaşdırılması kənd təsərrüfatı istehsalına güclü təkan vermişdir. Bununla yanaşı, damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması həyata keçirilir.
Ölkədə aparılan aqrar siyasətin tərkib hissəsi kimi lizinq münasibətlərinin inkişafı məqsədilə 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılmışdır. Adı çəkilən qurumun xətti ilə müxtəlif növ kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, damazlıq inəklər, mineral gübrə və pestisidlər dövlət büdcəsindən ayrılmış vəsait hesabına respublikaya gətirilərək fermerlərə güzəştli şərtlərlə satılır.
Yeri gəlmişkən, xatırladaq ki, bu il iyulun 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün dövlət büdcəsindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılmışdır.
Aqrar sahənin inkişafında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin rolu da xüsusi qeyd edilməlidir. İndiyədək fond tərəfindən özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, bu ilin ötən dövrü ərzində adı çəkilən qurumun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1842 investisiya layihəsinin maliyyələşdirilməsinə 167,5 milyon manat güzəştli kredit verilmişdir. Bu investisiya layihələrinin reallaşdırılması eyni zamanda 6800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Sahibkarlığa Kömək Milli Fondu indiyədək 15 müasir heyvandarlıq kompleksinin yaradılmasına 57,2 milyon manat məbləğində güzəştli kredit vermişdir. Artıq 9 heyvandarlıq kompleksi fəaliyyət göstərir. Müasir heyvandarlıq komplekslərinin yaradılması və cins damazlıq heyvanlarla təminatına dövlət dəstəyi tədbirləri gələcəkdə də davam etdiriləcək.
Azərbaycana ilin sonunadək 500 baş damazlıq cins heyvan gətiriləcək. Artıq digər
Avropa ölkələri
ilə yanaşı, Fransadan da damazlıq
cins heyvanların gətirilməsinə başlanılmışdır.
İlkin olaraq gətirilmiş 160 baş
damazlıq heyvanın
100 başı Biləsuvar
rayonunda yerləşən
heyvandarlıq kompleksinə,
60 başı isə Bərdə rayonunda yerləşən dövlətin
güzəştli kreditləri
hesabına yaradılmış
heyvandarlıq kompleksinə
verilmişdir.
Xatırlatmaq yerinə düşər ki, regionlarda Azərbaycan İnvestisiya Şirkəti tərəfindən də aqrar sahənin inkişafı, bu sahədə müəssisələrin dəstəklənməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Şirkətin payçı qismində iştirak etdiyi Yevlax rayonunda yerləşən “Azərtoxum” MMC, Şabranda fəaliyyət göstərən “Dəvəçi Broyler” quşçuluq müəssisəsi, Samux rayonundakı “N. A. A Aqrotara” MMC soyuducu anbar və qurudulmuş meyvə istehsalı kompleksi, Ağstafa rayonunda yerləşən “Ağstafa Aqroservis” MMC aqrar sahədə reallaşdırılan layihələrdəndir.
Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri də dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunmasıdır. Bununla bağlı taxıl məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə olunması ilə əlaqədar qanunvericilik bazası 2009-cu ildə təkmilləşdirilərək, Dövlət Taxıl Fondunun səmərəli fəaliyyəti təmin edilmişdir. Həmçinin tələbata uyğun yeni elevator və anbarların tikilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, Dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 30 iyul.- S. 3.