İnkişafın prioritet istiqaməti

 

6 ayın yekunları uğurlu olmuşdur

 

2013–cü il Azərbaycanda İKT ilidir

 

Ölkəmiz gündən-günə inkişaf edir.  Son illər qeyri-neft sektorunda da əsaslı tərəqqi nəzərə çarpmaqdadır. Xüsusilə informasiya texnologiyalarının davamlı olaraq  inkişaf etməsi yeni perspektivlər vəd edir. Doğrudan da, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayığısı sayəsində ölkədə informasiya-kommunikasiya texnologiyaları sektoru dinamik inkişaf edir və ölkə iqtisadiyyatının digər sahələrinin sürətli artımına təkan verir.

Məhz bu diqqətin nəticəsidir ki, 2013-cü il ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan edilmişbununla əlaqədar Tədbirlər Planı təsdiq edilmişdir. 2013-cü ildə sektorun inkişafı ilə bağlı genişmiqyaslı tədbirlərin görülməsi və layihələrin həyata keçirilməsi nəzərdə tutulur və artıq onların icrası istiqamətində tədbirlər görülməyə başlanılmışdır.

İnformasiya texnologiyalarının gələcək inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılmış və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər həyata keçirilmişdir.

2013-cü ilin I yarımilliyi ərzində İKT, informasiyapoçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 756,8 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi İKT sektorunda 10,5 faiz, o cümlədən telekommunikasiya sektorunda 6 faiz, İT sektorunda 1,8 dəfə, eyni zamanda, poçt sektorunda 11,7 faiz, informasiya sektorunda isə 7 faiz təşkil etmişdir.

İKT, informasiyapoçt sektorunda əldə olunan gəlirlərin təxminən 76,1 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür.

Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,2 faizi mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 8,4 faiz təşkil etmişdir.

Ölkənin informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artırılaraq 670,4 manata çatdırılmışdır. Rabitə sisteminin dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi məqsədilə bu sahəyə RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 29,98 milyon manat investisiya qoyulmuşdur.Ümumilikdə informasiya və rabitə sektoruna 71,2 milyon manat investisiya yatırılmışdır.

Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə hesabat dövründə 25 yeni EATS istismara verilmiş, 17 ATS-də genişləndirmə işləri aparılmış, 16 ədəd TV-radio vericisi quraşdırılmış (o cümlədən 8-i rəqəmli vericidir)  və 10  poçt şöbəsi binası tikilmişdir ki, bundan 2 ədədi Naxçıvan MR RİTN üzrə tikilmişdir. Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 1 785 022 nömrəyə çatdırılmış və 572,8 kilometr fiber-optik kabel çəkilmişdir.

Aztelekom və BTRİB şəbəkəsi üzrə özəl provayderlər də nəzərə alınmaqla montaj olunan genişzolaqlı internet portallarının sayı 477 191-ə çatdırılmış və onlardan 376 970-i istifadə olunur.

2013-cü ilin I yarımilliyi ərzində BTRİB şəbəkəsinin rekonstruksiyası və genişləndirilməsi üçün təqribən 4 milyon  manat həcmində investisiya qoyuluşu həyata keçirilmişbunun nəticəsində 2 yeni ATS tikilmiş, 5952 nömrə tutumu istismara verilmiş,  35,9 kilometr fiber-optik kabel çəkilmiş, şəbəkənin tutumu 2430 nömrə artırılmışdır.

Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı 18,6 ədəd təşkil edir. Bu göstərici Bakı şəhərində 37,5 ədəd, respublikanın digər ərazilərində 11,56 ədəd, kənd yerlərində isə 7,12 ədəd təşkil edir.

 

Eyni zamanda, hər 100 ailəyə düşən telefon  aparatlarının  sayı 68,8 ədəd təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.  Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlarn nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2,3 dəfə artırılaraq təqribən 200 Gb/s-ə çatdırılmışdır.

Azərbaycanın ilk telekommunikasiya peykinin 2013-cü ilin 8 fevral tarixində Fransız Qvianasında yerləşən Kuru kosmoduromundan  orbitə çıxarılması hesabat dövrünün ən əlamətdar hadisələrindən biridir. Ölkəmiz bu uğurlu sınaqla öz adını dünya kosmik sənaye ölkələri sırasına şərəflə yazdırdı.

Cari ilin aprel ayından etibarən peykin faydalı yükünün (Africasat payload) 44%-i aktivləşdirilərək Malayziyanın “Measat” şirkətinin istifadəsinə təqdim edilmişdir.

May ayından etibarən peykin “Azərspace” faydalı yükü də aktivləşdirilmiş və peyk kommersiya fəaliyyətinə başlamışdır. May ayından etibarən yerli televiziyaradio kanallarının peyk vasitəsi ilə yayımının təşkili üzrə işlərə başlanılmışdır. Müştərilərin marağının artırılması və tamaşaçıların seçim imkanlarının yüksəldilməsi məqsədilə “Azərspace-1” peyki vasitəsilə yayımlanan kanalların sayının artırılması və rəngarəngliyinin genişləndirilməsi istiqamətində də işlər davam etdirilmişdir.

2013-cü il may ayının 1-dən etibarən ölkədə Mobil Cihazların Qeydiyyat Sistemi yaradılmış və  fəaliyyətə başlamışdır. Bu sistem mobil rabitə xidməti abunəçilərinin mobil cihazlarından daha əminliklə istifadə edilməsinə şərait yaradılmasına, itirilən və oğurlanan  mobil cihazların şəbəkədə istifadəsinin qarşısının alınmasına xidmət edir.

Ölkədə mobil rabitə istifadəçilərinə xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə mobil nömrə daşınması layihəsi icra olunmaqdadır. Bu məqsədlə normativ hüquqi baza formalaşdırılmış, mərkəzi baza sistemi qurulmuş, mobil operatorların şəbəkələrində lazımı avadanlıqlar qurularaq mərkəzi baza sisteminə qoşulmuş və test-sınaq işləri aparılmışdır. 01.08.2013-cü il tarixindən etibarən onun tətbiqi ilə bağlı aidiyyəti üzrə tədbirlər görülür.

Layihə barədə abunəçilərə ətraflı məlumat verilməsi məqsədilə Zəng Mərkəzi sistemi yaradılmış, “1677” qısa nömrəsi ayrılmış və zənglərin təşkili təmin edilmişdir. Hazırda sistemin saytının fəaliyyəti ilə bağlı müvafiq işlər aparılır.

Yeni nömrələnmə sisteminə keçidlə bağlı beynəlxalq istiqamətlərdən respublikanın sabit telefon şəbəkəsinə daxil olan zənglər və respublikadaxili şəhərlərarası yığımlar üzrə təqdim edilən statistik məlumat nəzərə alınaraq, 1 aprel 2013-cü il tarixindən köhnə yığım qaydası tam dayandırılmış və yeni yığım qaydasına keçirilmişdir. Bu vaxtadək isə yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilmişdir.

İnformasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də nazirlik ardıcıl tədbirlər həyata keçirmişdir. “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”və   İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün texniki tələblər"in layihələri hazırlanmış, aidiyyəti qurumlarla razılaşdırılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.

İKT ili çərçivəsində həyata keçirilən tədbirlər xüsusilə diqqətəlayiqdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Mən azərbaycanlıyam” online bilik yarışması geniş rezonans doğurmuşdur. “Mənim Azərbaycanım” internet foto müsabiqəsinin keçirilməsi qaydaları hazırlanmış və 1 iyul 2013-cü il tarixində müsabiqəyə start verilmişdir.  İKT ili üzrə daxili Tədbirlər Planına uyğun olaraq, İKT ili çərçivəsində görülən işlərin geniş ictimaiyyətə çatdırılması, həyata keçirilən tədbirlərdə və müsabiqələrdə əhalinin aktiv istifadəsinin  təmin edilməsi, eləcə də  ictimai rəyin öyrənilməsi məqsədilə www.iktili.az saytı istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında yaradılmış “Elektron Təhlükəsizlik Mərkəzinin Əsasnaməsi təsdiq edilmişdir. Hazırda Mərkəzin fəaliyyətinin təşkili üzrə zəruri tədbirlər görülməkdədir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması qərara alınmışdır.

Cari ilin altı ayı ərzində elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən dövlət orqanlarının əməkdaşlarına, hüquqifiziki şəxslərə verilmiş elektron imzaların sayı 14 332 ədədə çatdırılmışdır. Elektron hökumət portalı”na qoşulan dövlət qurumlarının sayı 43-ə, onların portala inteqrasiya edilmiş elektron xidmətlərinin sayı 225-ə çatdırılmışdır.   İnformasiya texnologiyalarının cəmiyyətə nüfuzetmə səviyyəsini artırmaq, əhalinin kompyuterlərlə təminatını yaxşılaşdırmaq məqsədilə RİTN-in təşəbbüsü və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Xalq kompyuteri” layihəsi davam edir. Hazırda 21 580  nəfər layihə iştirakçısı kompyuter əldə etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə RİTN-in tabeliyində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə “Yüksək Texnologiyalar parkı”nın yaradılması qərara alınmışdır. Hazırda fərmana uyğun olaraq, Parkın formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin  həlli istiqamətində işlər aparılır.  Azərbaycan Respublikası Prezidentinin ötən il dekabrın 29-da imzaladığı fərmanla təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi bölməsinin həyata keçirilməsi üçün Tədbirlər Planı hazırlanmış və hazırda icra olunmaqdadır.

2013-cü ildə həyata keçiriləcək əsas tədbirlərdən biri də 2013-2015-ci illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində (hətta ən ucqar kəndlərdə) fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksək sürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutanMilli genişzolaqlı internetin inkişafı” layihəsidir. Layihə hazırlanmış və telekommunikasiya sahəsi üzrə aparıcı xarici məsləhətçi “Booz&Co” şirkəti cəlb edilməklə qiymətləndirilmişdir. Layihə sənədləri hazırda müvafiq qurumlarla razılşadırılma mərhələsindədir.

Dünya İqtisadi ForumununQlobal İnformasiya texnologiyaları 2013" hesabatında Azərbaycan ”Şəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir. Hesabata əsasən, Azərbaycan internet istifadəçilərinin sayı göstəricisinə görə MDB və orta Asiya ölkələri arasında liderdir və eləcə də, 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşmışdır.

Məlumat Hesablama Mərkəzi tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən “AzDataKom” şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. MHM-in mərkəzi serverlərinin dayanıqlı işinin təmin edilməsi və virus hücumlarının qarşısının effektiv alınması üçün SSH texnologiyasını dəstəkləyən yeni  “TELNET” proqramı yazılmışdır. 2013-cü ilin sonuna kimi BTRİB, “Aztelekom” İB istifadəçilərinin tam şəkildə yeni “TELNET” proqramına keçilməsi planlaşdırılır.

Altı ay ərzində  ölkə ərazisində televiziyaradio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 16 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları (o cümlədən 12 TV, 4 radio verici) istismara verilmişdir ki, bunlardan 8 ədədi rəqəmli DVB-T verici olmuşdur.

“Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı” üzrə işlər davam etdirilmişdir.

Milli televiziyaradio proqramlarının “Azərspace” peyki vasitəsilə ötürülməsinin təmin edilməsi üçün Teleqüllə ərazisində yerüstü peyk stansiyası quraşdırılmışdır.05.06.2013-cü il tarixdən Azərbaycan paketinin yayımı paralel olaraq test rejimində Azerspace-1 peykinə çıxarılmışdır. Həmçinin, “TeleradioİB-nin bütün stansiyalarında Türksat 3A peykindən Azerspace-1 peykinə keçid təmin olunmuşdur.

2013-cü ilin 6 ayı ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilmişdir. 10 ədəd poçt şöbəsi binası tikilmişdir ki, bundan 2 ədədi Naxçıvan MR RİTN üzrə olmuşdur. “Azərpoçt” MMC üzrə tikilmiş 8 ədəd PŞ binasından 2-si Bakı şəhərində, 6-sı isə regionlarda tikilmiş, eyni zamanda, 5 ədəd inzibati və 8 ədəd PŞ binasının cari və əsaslı təmir işləri başa çatdırılmışdır.

“Azərpoçt” MMC-nin ÜPİ-nin Qlobal Monitorinq Sisteminə (GMS) qoşulması prosesi demək olar ki, tam başa çatdırılmışdır.

RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər görülmüş, ikitərəfli görüşlər keçirilmişdir.

RİTN ötən dövr ərzində əsas fəaliyyəti ilə yanaşı, qaçqın və məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların, idmançıların və sosial vəziyyəti ağır olan digər insanların problemləri ilə yaxından maraqlanaraq, onlara daim yardımlar etmişdir.

Əvvəlki dövrlərdə olduğu kimi, 2013-cü ilin I yarımilliyi ərzində də RİTN tərəfindən idmanın inkişafına yaxından köməklik göstərilmişdir. İdmançılara göstərilmiş qayğı nəticəsində rabitəçi idmançılar respublika və beynəlxalq yarışlarda iştirak edərək 22 qızıl, 11 gümüş və 12 bürünc medala layiq görülmüşlər. Eyni zamanda, “Rabitə” voleybol qadın komandası Azərbaycan Superliqasında I yeri tutaraq qizıl medala layiq görülmüşdür. Bu “Rabitə” Bakı komandasının Azərbaycan Superliqasında dalbadal  qazandığı 6-cı çempionluqdur.

Görülən işlərlə yanaşı, “Azərbaycan Respublikasında 2013-cü ilinİnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi ilə bağlı Tədbirlər Planı”nda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qəbul olunmuş dövlət proqramları və digər hüquqi sənədlərlə qarşıda mühüm vəzifələr müəyyənləşdirilmişdir.

Ölkə ərazisində rəqəmsal yayımın ölkənin bütün ərazisində təşkilinə nail olmaq, ölkənin aşağıorbitli yerin məsafədən zondlama peykinin hazırlanması və orbitə çıxarılması ölkə ərazisində rəqəmsal yayımın ölkənin bütün ərazisində təşkilinə nail olmaq, mərkəzləşdirilmiş avtomatik radiomonitorinq şəbəkəsinin qurulmasına başlanılması və regionlarda qurulması, elektron hökumət infrastrukturnun təkmilləşdirilməsi, dövlət qurumlarının inteqrasiyasının artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnolojielmtutumlu məhsulların hazırlanması üzrə Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili, respublikanın bütün yaşayış məntəqələrində genişzolaqlı xidmətlərin tətbiqi üzrə layihənin icrasına başlanılması,  telekommunikasiyapoçt infrastrukturunun modernləşdirilməsi, nanatexnologiyaların tədqiqi və praktikada bilavasitə tətbiq olunması bu qəbildən olan tədbirlərdir. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.

 

 

Vidadi ZEYNALOV,

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin icra aparatının rəhbəri

 

Xalq qəzeti.- 2013.- 30 iyul.- S. 5.