Azərbaycan
dünya miqyasında ən dinamik inkişaf edən ölkədir
Dünyanın dinamik və sabit inkişaf edən ölkələrindən sayılan Azərbaycan Respublikası 2013-cü ilin birinci yarısını da yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə başa vurmuşdur.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, dünyanın əksər ölkələri qlobal maliyyə böhranının nəticələrini tam aradan qaldırmağa müvəffəq olmasalar da, Azərbaycan dinamik inkişaf yoluna davam edərək həyatın bütün sahələrində növbəti uğurlara imza atmışdır. Təkcə onu qetd etmək kifayətdir ki, cari ilin ilk altı ayında ölkəmizin qeyri-neft iqtisadiyyatı 10,9 faizlik artıma nail omuşdur ki, bu da dünya səviyyəsində çox yaxşı göstərici hesab olunur. Bütün bu uğurlar isə, heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir.
İlin əvvəlindən həyata keçirilmiş məqsədyönlü islahatların nəticəsidir ki, ötən 6 ayda ölkə üzrə ümumi daxili məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 27,2 milyard manata çatmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk yarısında ölkə üzrə əlavə dəyərin 63,9 faizi məhsul istehsalı sahələrində, 29,6 faizi isə xidmət sahələrində yaradılmışdır. Ümumi daxili məhsulun 6,5 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Cari ilin yanvar-iyun aylarında ümumi daxili məhsulda sənayenin payı 48,6 faiz təşkil etmişdir. ÜDM-in 10,9 faizi inşaat kompleksində, 4,4 faizi kənd təsərrüfatında, 5,5 faizi nəqliyyatda, 9,6 faizi ticarət və pullu xidmətdə, 1,7 faizi rabitədə, 12,8 faizi isə sosial və digər xidmət sahələrində yaradılmışdır. Göründüyü kimi, ilin ötən dövründə əldə olunmuş əsas makroiqtisadi göstəricilər son dərəcə uğurlu olmuşdur və bu tendensiya, heç şübhəsiz, ölkə iqtisadiyyatının dinamik inkişaf yolu ilə inamla irəliləməsinin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizin ümumi inkişafını yüksək qiymətləndirərək demişdir: “ Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib”. Göründüyü kimi, Azərbaycanda əvvəlki dövrlərdə müşahidə olunan iqtisadi sabitlik 2013-cü ilin birinci yarısında da davam etmişdir. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan Azərbaycan artıq 22 ilə yaxındır ki, müstəqil iqtisadi siyasət yürüdür, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış edir. Bu da ölkəmizi regionda və dünyada mühüm tərəfdaşa və nüfuz sahibinə çevirir. Məhz bunun nəticəsidir ki, son illər dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları təqdir edir, bəyənirlər. Artıq bir çox dövlətlər iqtisadi inkişafın “Azərbaycan modeli”ni nümunə kimi qəbul edir, ölkəmizin təcrübəsini öyrənirlər.
Son illər Azərbaycanda çox güclü sənayeləşmə siyasəti həyata keçirilir. Sənayenin, xüsusən də qeyri-neft sahələrinin sürətli inkişafına nail olmaq dövlətin əsas hədəflərindən birinə çevrilmişdir. Bu məqsədlə ölkədə çoxsaylı sənaye parkları yaradılır, yeni istehsal sahələri işə salınır. Bu da Azərbaycanın sənaye potensialının artmasına səbəb olur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 6 ayında ölkənin sənaye sahələrində 16, 9 milyard manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Prezident İlham Əliyevin ölkə iqtisadiyyatında prioritet elan etdiyi şaxələndirmə siyasəti nəticəsində sənayenin qeyri-neft bölməsində 2,9 faizlik artım qeydə alınmışdır. Heç şübhəsiz, sənayenin qeyri-neft bölməsini yaxın perspektivdə daha yüksək inkişaf tendensiyası gözləyir. Çünki son illər ölkəmizdə böyük sənaye kompleksləri, texnoparklar yaradılır. Həmin obyektlərdə istehsal olunan məhsullar, həm də Azərbaycanın ixrac potensialının genişləndirilməsinə imkan yaradır.
Azərbaycan Respublikasında əldə olunan iqtisadi artım ölkənin maliyyə imkanlarının genişlənməsinə səbəb olur. İndi dövlətimizin valyuta ehtiyatları 48 milyard dollardan çoxdur. Bu da ölkədə bir sıra ümummilli proqramların, mühüm investisiya layihələrinin uğurla həyata keçirilməsinə əlverişli imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər ölkə üzrə investisiya qoyuluşunun həcmi yüksək sürətlə artır. İnvestisiya qoyuluşunun artması isə öz növbəsində ölkə iqtisadiyyatının daha çox şaxələndirilməsinə, neft-qazdan asılılığın minimuma endirilməsinə şərait yaradır.
Bu ilin birinci yarısında ölkə iqtisadiyyatına
12, 6 milyard dollar investisiya qoyulmuşdur. Azərbaycanın
valyuta ehtiyatlarının artması fonunda ölkə iqtisadiyyatına
yönəldilən daxili investisiyaların həcminin ildən-ilə
çoxalması müşahidə olunur. Təkcə
bu ilin 6 ayında ümumi kapital qoyuluşunun 7 milyard
dollarından çoxu daxili investisiyaların payına
düşməsi də bunu təsdiqləyir. Hələlik
isə daxili investisiyaların daha çox dövlət vəsaitlərinin
hesabına formalaşmasına baxmayaraq, özəl sektorun da
bu sahədə fəallığının ilbəil artması
müşahidə olunur. Elə Nazirlər Kabinetinin məlum
iclasında dövlət başçısı İlham
Əliyev də bu məsələyə toxunaraq demişdir: “ Özəl sektor tədricən öz
investisiya imkanlarını artırır. Şübhə
etmirəm ki, vaxt gələcək Azərbaycan
iqtisadiyyatına yatırılan daxili investisiyaların
böyük hissəsi özəl qurumlar tərəfindən
qoyulacaqdır. Buna nail olmaq
üçün, əlbəttə ki, özəl qurumlar daha
da fəal işləməlidir, daha da güc
toplamalıdırlar. Dövlət isə öz
tərəfindən onlara bütün lazımi dəstəyi
göstərir”. İlin ötən
dövründə ölkə iqtisadiyyatına 5 milyard dollardan
artıq xarici sərmayənin yönəldilməsi də onu
sübut edir ki, Azərbaycan hələ də əcnəbi
şirkətlər üçün cəlbedici dövlətdir.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycanın uzun illər
xarici investorlar üçün cəlbedici dövlət olaraq qalmasını ölkəmizə
olan inamın məntiqi nəticəsi kimi səciyyələndirmişdir.
Artıq keçid iqtisadiyyatı dövrünü
uğurla başa çatdıran Azərbaycanın
qarşıya qoyduğu əsas hədəflərdən biri də
ölkədə son dərəcə mühüm və iri
infrastruktur layihələrinin reallaşdırılmasından
ibarətdir. Bunun üçün isə külli məbləğdə
maliyyə vəsaiti tələb olunur. Sevindirici
haldır ki, ölkəmizin maliyyə imkanlarının ilbəil
artması istənilən sosial və infrastruktur layihələrinin
uğurla həyata keçirilməsinə imkan verir. Azərbaycanın
hazırkı dövlət büdcəsi ötən 22 illik müstəqillik
tariximiz üçün ən yüksək göstərici hesab olunur. Heç
şübhəsiz ki, bu amil cari il üçün nəzərdə tutulmuş
bütün vacib sosial və infrastruktur layihələrinin
uğurla reallaşdırılmasına imkan yaradır. Həmin
layihələrin siyahısının kifayət qədər
geniş olması isə ona dəlalət edir ki, Azərbaycanda nəzərdə
tutulmuş işlərin reallaşdırılması
üçün zəngin təcrübə, siyasi iradə, ən
başlıcası isə güclü maliyyə dayaqları
mövcuddur. Qeyd etdiyimiz kimi, artıq
özünün dayanıqlı iqtisadi inkişafını təmin
etmiş Azərbaycan Respublikası bütün diqqəti vacib
infrastruktur layihələrinin reallaşdırılmasına
yönəltmişdir. Hazırda istər
paytaxt Bakıda, istərsə də regionlarda bu sahədə
mühüm işlər görülür. Bu baxımdan
cari ilin ilk yarısında da ölkəmizdə bir sıra
vacib sosial və infrastruktur layihələrinin icrası sahəsində
yüksək nailiyyətlər əldə edilmişdir.
Azərbaycanın
sosial-iqtisadi inkişafı üçün uğurlu
sayılan birinci yarım il kənd təsərrüfatında
da yüksək artımla müşahidə olunmuşdur. Belə ki, hesabat dövründə ölkənin
aqrar sektorunda 5 faizlik artım qeydə alınmışdır
ki, bu da son dövrlər üçün uğurlu göstərici
sayıla bilər. 2013-cü ilin yanvar-iyun
aylarında ölkə üzrə 2 milyard 123 milyon manatlıq
kənd təsərrüfatı məhsulları istehsal
olunmuşdur. Bununla belə, aqrar
sektordakı mövcud vəziyyət ölkənin
potensialını tam əks etdirmir. Məhz
buna görədir ki, Nazirlər Kabinetinin iclasında dövlət
başçısı İlham Əliyev bu sahədə həlli
vacib məsələlərə toxunmuş, kənd təsərrüfatı
məhsullarının istehsalında artıma nail olmaq
üçün konkret tövsiyə və
tapşırıqlarını vermişdir. Məlum
olduğu kimi, əkinə yararlı torpaqların dövriyyəyə
cəlb olunması, həmin sahələrdə lazımı
meliorativ tədbirlərin görülməsi, ölkədə
iri fermer təsərrüfatlarının yaradılması, eləcə
də dövlət xətti ilə kənd təsərrüfatı
texnikalarının alınması Azərbaycanda aqrar bölmənin
sürətli inkişafı üçün son dərəcə
vacib amillərdəndir.
2013-cü ilin ilk yarısı ölkəmiz
üçün bir sıra əlamətdar hadisələrlə
də zəngin olmuşdur. Belə ki, dünya ölkələrinin
enerji təhlükəsizliyinin təminatına mühüm
töhfələr verən Azərbaycan Respublikası daha bir mühüm enerji layihəsinin
həyata vəsiqə almasına yardımcı oldu. Bu,
ölkəmizin regionda tərəfdaşlıq mövqeyinin
bir qədər də güclənməsinə səbəb
olacaq Trans-Adriatik (TAP) qaz kəməri layihəsidir. Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təminatı
istiqamətində son dərəcə mühüm bir
addım sayılan bu layihə
Xəzərin Azərbaycan sektorunda yerləşən
“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi
çərçivəsində hasil ediləcək təbii
qazın Türkiyə ərazisindən Yunanıstan,
İtaliya və Cənub-Şərqi Avropadakı müştərilərə
çatdırılmasına imkan yaradacaqdır. Xatırladaq
ki, ilkin dövrdə “Cənub qaz dəhlizi” ilə ildə 10
milyard kubmetrədək “Şahdəniz”
qazı Avropa bazarlarına daşınacaq. TAP
layihəsinin seçilməsi ilə bağlı qəbul
olunmuş qərar, həmçinin konsorsiumun “Şahdəniz-2"
layihəsi üzrə yekun investisiya qərarı
planlarında da mühüm bir addımdır. Bu layihə boru kəmərləri
ilə birlikdə 40 milyard dollara başa gələcək və
ildə 16 milyard kubmetr Azərbaycan qazını Avropa
bazarına daşıyacaqdır.
İki il əvvəl dövlət
başçısı tərəfindən qəbul olunmuş ”Bakı şəhərinin və
onun qəsəbələrinin 2011-2013-cü illərdə
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"
çərçivəsində işlər getdikcə
intensivləşir və ötən müddətdə
paytaxtın ayrı-ayrı qəsəbələrində
sosial və infrastruktur məsələlərinin həlli
istiqamətində mühüm işlər
görülmüşdür. Belə ki, ötən dövrdə Bakı şəhərində
və ətraf qəsəbələrdə yeni təhsil və
səhiyyə müəssisələri tikilmiş, mövcud
obyektlər əsaslı şəkildə təmir
olunmuşdur. Ötən müddətdə, həmçinin
şəhərətrafı qəsəbələrin yol
infrastrukturunun əsaslı təmiri və yeni yolların
tikintisi sahəsində
də xeyli iş görülmüş, Bakıətrafı
qəsəbələrdə içməli su və kanalizasiya
şəbəkələrinin yenidən qurulması ilə
bağlı genişmiqyaslı tədbirlərin
reallaşdırılmasına başlanmışdır. Ətraf qəsəbələrdə yaşayan sakinlərin
elektrik enerjisi və “mavi yanacaq”la təminatının daha da
yaxşılaşdırılması üçün də
çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Hazırda ölkəmizin bütün regionlarında da
geniş quruculuq işləri aparılır, nəhəng
infrastruktur layihələri reallaşdırılır. Məlum
olduğu kimi, “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” çərçivəsində
ölkənin bütün bölgələri üzrə
konkret tədbirlər nəzərdə tutulmuşdur.
Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə
də Dövlət Proqramında əksini tapmış tədbirlərin
uğurla reallaşdırılması regionların
simasını əsaslı şəkildə dəyişmiş,
gözəlləşdirmişdir. Yeri gəlmişkən, bu
ilin əvəllərindən etibarən dövlət
başçısı tərəfindən ölkənin ayrı-ayrı
şəhər və rayonlarının sosial-iqtisadi
inkişafının daha da sürətləndirilməsi məqsədilə
xeyli məbləğdə vəsait
ayrılmışdır ki, bu da
regionlarda bir sıra vacib məsələlərin həllinə
təkan vermişdir.
Dövlət başçısı İlham Əliyev
regionlarda yol-nəqliyyat infrastrukturunun əsaslı şəkildə
yeniləşdirilməsinə xüsusi diqqət yetirir və
bu məqsədlə kifayət qədər maliyyə vəsaiti
ayırır.
Təkcə onu qeyd etmək kifayətdir ki, 2013-cü ilin
birinci yarısında ölkəmizdə yol-nəqliyyat
infrasrtukturunun inkişafına 923 milyon manat investisiya yönəldilmişdir
ki, bunun da hesabına avtomobil və dəmir yolları, eləcə
də yük və sərnişin daşımaları sahələrində
mühüm işlər görülmüşdür. Hesabat dövründə ölkədə 430 kilometr
uzunluğunda respublika və yerli əhəmiyyətli yollar təmir
olunmuş, 6 körpü inşa və təmir edilmişdir.
Hazırda ölkəmizdə magistral yolların
tikintisi ilə yanaşı, kəndlərə də
müasir, rahat yollar çəkilir. Bütün
bunlar isə, heç şübhəsiz, Azərbaycanın
iqtisadi qüdrətinin göstəricisidir.
Yeri gəlmişkən, ölkəmizin maliyyə
gücünün ildən-ilə genişlənməsi əhalinin
firavanlığına, rahatlığına xidmət edən
bir sıra vacib sosial infrastruktur layihələrinin icrasına
da imkan yaratmışdır. Bu baxımdan içməli
su, kanalizasiya, elektrik enerjisi və qaz təchizatı sahələrində
reallaşdırılan layihələr diqqəti xüsusilə
cəlb edir. Dövlət
başçısının birbaşa nəzarəti
altında həyata keçirilən həmin layihələr
isə yerlərdə dərin razılıqla
qarşılanır və əhalidə ölkəmizin firavan
gələcəyinə inamı bir qədər də
artırır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 31 iyul.- S. 1; 4.