Azərbaycan
Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə idman sürətlə
inkişaf edir
Əgər
2009-cu il iyulun 31-dək 19 olimpiya idman kompleksimiz və 16
olimpiya medalımız var idisə, bu gün həmin rəqəmlər
müvafiq surətdə 38 və 26-dır
Azərbaycan idmanı ilə az-çox bağlı olan, onun təəssübünü çəkən hər bir kəs bu gün, iyulun 31-də xüsusi əhval-ruhiyyə ilə yaşayacaq desək, yəqin ki, səhv etmərik. Bu gün dövlətimizin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin respublikamızda Olimpiya Hərəkatına rəhbərliyinin 16-cı ildönümü tamam olur. Ötən on altı ildə - 1997-ci il iyulun sonuncu günündən indiyə qədər Azərbaycan idmanının keçdiyi şanlı yol böyük qələbələr, tarixi nailiyyətlər və beynəlxalq dairələrdə ölkəmizin ünvanına söylənilən xoş sözlərlə zəngin olmuşdur.
İnsan həyatının ən mühüm sahələrindən biri olan idmana dövlətin gündəlik qayğısı, onun inkişafı üçün yaradılan şərait, bu şərəfli işdə bütün bədən tərbiyəsi və idman təşkilatlarımızın MOK prezidentinin rəhbərliyi ilə birgə səylə həyata keçirdikləri təxirəsalınmaz tədbirlər, gördükləri böyük işlər bəhrəsiz qalmamışdır. Arxada qalan illər yaddaşımızda bir-birindən əlamətdar hadisələrlə yaşayır.
Diqqət yetirin: əgər 2009-cu il iyulun 31-də, yəni İlham Əliyevin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə rəhbərliyinin 12-ci ildönümünün tamam olduğu günədək ökəmizdə 19 olimpiya idman kompleksi istifadəyə verilmişdisə və idmanımızın ən yaxşı nümayəndələri dünya atletlərinin ali məclisi olan Olimpiya oyunlarından Vətənə 16 medal gətirmişdilərsə, təkcə son dörd ildə olimpiya komplekslərinin sayı ikiqat artaraq 38-ə çatmış, olimpiya medallarımıza isə London - 2012-də qazanılmış daha 10 medal əlavə olunmuşdur. İndi Azərbaycan idmanının qənimətlər xəzinəsində 26 olimpiya medalı vardır.
Haqlı olaraq qürur duyduğumuz bu rəqəmlərə necə sevinməyəsən. Təkcə dörd il ərzində asudə vaxtlarını səmərəli keçirmək, idmanla yaxından dostluq etmək, gümrahlıq və sağlamlıq məşğələlərinin böyük faydasını hiss etmək, nəhayət, seçdikləri idman növlərində təcrübəli mütəxəssislərin rəhbərliyi altında ustalıqlarını artırıb yarış meydanlarında yüksək zirvələr fəth etmək arzusu ilə yaşayan gənclərin ixtiyarına bir-birindən yaraşıqlı 19 olimpiya idman kompleksinin verilməsi dünya idmanında, bəlkə də, nadir hadisədir və bu rəqəmə çox ölkələr, hətta qüdrətli dövlətlər də həsəd apara bilər.
Bu isə təsadüfi deyil, Azərbaycanda idman hələ ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində xüsusi qayğı ilə əhatə olunmuşdur, bu gün isə ulu öndərin layiqli davamçısı, dövlətimizin və idmanımızın lideri İlham Əliyev onun inkişafına diqqəti bir an belə azaltmır, yeniyetmələrin və gənclərin müntəzəm bədən tərbiyəsi və idman məşğələləri sayəsində nəcib keyfiyyətlərə yiyələnməsi, onların Vətənə böyük məhəbbət ruhunda tərbiyə olunması, sağlam və gümrah böyüməsi, beynəlxalq aləmdə qələbə və medallarımızın sayının durmadan artması üçün əlindən gələni əsirgəmir. Məhz dövlət başçımızın hərtərəfli qayğı və köməyinin nəticəsidir ki, bu gün respublikamızda idman sürətli inkişaf yolundadır və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Bunu hələlik sonuncu olan London Olimpiadası - 2012 də
bir daha inamla təsdiq etdi. Düz bir il əvvəl,
iyulun 27-də İngiltərə paytaxtında XXX Yay Olimpiya
Oyunları yenicə starta çıxmışdı. Avqustun
ortalarında Azərbaycan idmançıları olimpiadalarda
çıxışları tarixində Londonda özlərinin
ən böyük, tarixi nailiyyətlərini qazanıb ölkəmizə
10 medal, o cümlədən sərbəst güləş
ustaları Toğrul Əsgərov və Şərif Şərifovun
qızıl mükafatları ilə qayıtdıqdan sonra Azərbaycan
Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab
İlham Əliyev nümayəndə heyətimizin üzvləri
ilə görüşdəki nitqində Azərbaycan
idmançılarının
çıxışlarını yüksək qiymətləndirərək
belə demişdir: “Azərbaycan bu qələbəyə
layiqdir. Azərbaycan güclü dövlətdir.
Güclü dövlətin güclü
idmanı da olmalıdır. Həyatımızın
hər sahəsində olduğu kimi, idmanda da qələbələrimiz
görülən işlərin məntiqi nəticəsidir.
Azərbaycanda çox güclü və mehriban idman ailəsi
vardır. Bu istiqamətdə düzgün dövlət siyasəti
aparılır. Dövlət siyasətinin
düzgün istiqamətdə aparılması, idmanın
inkişafına cavabdehlik daşıyan bütün
qurumların vahid komanda şəklində fəaliyyət
göstərməsi, idmançılarımızın peşəkarlığı
və Vətənə olan sevgisi bu qələbələri
şərtləndirdi".
Görülən
işlərin məntiqi nəticəsi, barı-bəhrəsi
isə Azərbaycanın hər bir vətəndaşının
qəlbini iftixar hissi ilə doldurur, xalqımıza
böyük sevinc bəxş edir, dünya və Avropa
çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında,
ümumdünya universiadalarında, şahmat “Qran-Pri”lərində
və digər yarışlarda qazanılan medallar ölkənin
hər bir sakininin ürəyindən olur, onun
ömrünü uzadır.
Toğrul
və Şərif kimi, London Olimpiadasının fəxri
kürsüsündə gördüyümüz yunan-Roma
üsulu ilə güləşən Rövşən Bayramov
və qadın güləşçi Mariya Stadnikin
gümüş mükafatları, ağırlıqqaldıran
Valentin Xristov, “klassik” Emin Əhmədov, güləş
ustası Yuliya Ratkeviç, boksçular Teymur Məmmədov,
Məhəmmədrəsul Məcidov, sərbəst üsulla
güləşən Xetaq Qazyumovun olimpiya sınaqlarında
qazandıqları bürünc mükafatlar Azərbaycanın
hər yerində toy-bayrama çevrildi.
Elə həmin Londonda paralimpiyaçılarımıza
təqdim olunan 12 medal, lap bu yaxınlarda tələbə
idmançılarımızın Kazanda (Rusiya) XXVII
Ümumdünya Yay Universiadasında qazandıqları 4-ü
qızıl olmaqla 16 mükafat da idmanımızın tarixində
özünə layiqli yer etmişdir.
Bu əlamətdar gündə istər olimpiya, istərsə
də qeyri-olimpiya növlərində Vətənə
gurultulu qələbələr qazandırmış
idmançıların siyahısını istənilən qədər
uzatmaq olar.
Yalnız onu xüsusi qeyd edək ki, təxminən iki ay əvvəl
Xantı-Mansiyskdə (Rusiya) sürətli şahmatın rapid
növü üzrə dünya çempionu olmuş,
hazırda isə klassik şahmat üzrə FİDE-nin
“Qran-Pri” yarışlarının ümumi yekununda ikinci yeri
tutub, iddiaçıların dünya şahmat tacı
uğrunda növbəti turnirinə vəsiqə qazanmağa
çox yaxın olan istedadlı qrossmeyster Şəhriyar Məmmədyarovun
planetin ən hörmətli şahmat ustalarından biri kimi
tanınması Azərbaycan idmanı nümayəndələrinin
bir çox növdə ən böyük qələbələr
qazanmaq iqtidarında olmalarına gözəl sübutdur.
Bir həftə
əvvəl Prezident İlham Əliyevin Kazanda
keçirilmiş XXVII Ümumdünya Yay Universiadasının
qaliblərini, mükafatçılarını, onların məşqçilərini
və respublikanın idman mütəxəssislərini qəbul
edib, qazandıqları böyük uğurlar münasibətilə
təbrik etməsi, bu yarışlarda yüksək nəticələrə
nail olmuş idmançıların və onların məşqçilərinin
mükafatlandırılması haqqında sərəncam
imzalaması dövlət başçımızın idmana və
idmançılara böyük qayğısının, hərtərəfli
köməyinin daha bir təsdiqi oldu.
Elə həmin
gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində
İslam Həmrəyliyi İdman Federasiyasının
(İHİF) səkkizinci hesabat-seçki Baş
Assambleyası keçirilmiş və tam səs
çoxluğu ilə Azərbaycanın 2017-ci ildə IV
İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə
qərar qəbul edilmişdir.
Beləliklə,
2015-ci ildə təşkil olunacaq tarixdə ilk Avropa
Oyunları, 2016-da Ümumdünya Şahmat Olimpiadası, bundan
bir il sonra isə IV İslam Həmrəyliyi
Oyunları Bakıda keçiriləcəkdir. Üç
ildə miqyasına görə çox böyük
üç idman hadisəsi. Beynəlxalq
idman təşkilatlarının Azərbaycana, onun
paytaxtına göstərdikləri böyük etimada bundan
yaxşı nümunə tapmaq olmaz.
Əlbəttə ki, Bakı da öz növbəsində
bu yarışları ən yüksək səviyyədə
keçirməklə ona göstərilən etimadı tam
doğruldacaq.
Azərbaycanda idman dövlətin daimi qayğısı
ilə əhatə olunmuşdur. İndi
bunu təkcə biz özümüz demirik. Son illər
tez-tez, hər həftə, hər ay respublikamızın
qonağı olan ən mötəbər beynəlxalq idman təşkilatlarının
rəhbərləri də Bakıda və digər şəhər
və rayonlarımızda idman işlərinin yüksək səviyyədə
təşkilindən böyük zövq alır, burada
gördüklərindən məmnun qalır, öz vətənlərinə
zəngin təəssüratla qayıdırlar.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey də bir
neçə dəfə Azərbaycanın qonağı
olmuşdur.
O, 2007-ci ilin aprel ayında ölkəmizə ikinci səfəri
zamanı elə həmin vaxtlarda istifadəyə verilən
Masallı Olimpiya İdman Kompleksinin təntənəli
açılış mərasimində iştirak etmişdir.
Cənab Hikeyin həmin mərasimdəki
çıxışında Azərbaycan rəhbərinə
müraciətlə dediyi sözləri bu gün bir daha
xatırlamaq çox yerinə düşər: “Hörmətli
cənab Prezident, ola bilsin, coğrafi baxımdan ölkəniz
Avropanın mərkəzindən uzaq olsun. Amma idmanla və
Masallıdakı kimi bu cür gözəl komplekslərin
tikintisi ilə Siz Avropanın lap ürəyində yer
tutursunuz. Bir çox hallarda, siyasət və diplomatiyanın
bacarmadığı hallarda, idman, sözün əsl mənasında,
xalqları birlik və dostluq şəraitində bir araya gətirən
vasitə kimi çıxış edə bilər... Azərbaycan xalqı milli ruhu, qonaqpərvərliyi və
idmana olan məhəbbəti ilə özünəlayiq
nüfuz qazanmışdır. Qoy bu nailiyyət uzun illər
davam etsin!”.
Həqiqətən
də, dünyanın hər yerindən idman adamları Azərbaycana
gəlir, ölkəmizin bir an belə dayanmayan idman həyatı
ilə yaxından tanış olur və
burada həyata keçirilən işləri, qazanılan
nailiyyətləri yüksək qiymətləndirirlər.
...Azərbaycan
növbəti prezident seçkiləri ərəfəsindədir.
Tezliklə, cəmi iki ay yarımdan sonra ölkə
vətəndaşları seçki məntəqələrinə
axışacaqlar. Şübhəsiz, bu zaman hamı
çalışacaq ki, respublikamız üçün
taleyüklü məsələnin həllində
düzgün seçim etsin, qarşıdakı beş il üçün də gündən-günə
çiçəklənməkdə və möhkəmlənməkdə
olan müstəqil Azərbaycan Respublikasına həyatın
bütün sahələrində yeni-yeni tarixi nailiyyətlər
qazandırıb, onu daha işıqlı gələcəyə
apara biləcək ən layiqli namizədə səs versin.
Əlbəttə, seçki prosesinin ən fəal
üzvlərindən biri də, həmişəki kimi,
çoxminli bədən tərbiyəçiləri və
idmançılar ordusu olacaq. Bu gün heç kim
üçün sirr deyil ki, ölkəmizdə bədən tərbiyəsi
və idmanın sürətli inkişafı, son on ildə
paytaxt Bakı ilə yanaşı, əksər bölgələrimizdə
istifadəyə verilmiş bir-birindən yaraşıqlı
olimpiya idman kompleksləri, o cümlədən iki həftə
əvvəl təntənəli açılış mərasiminə
sevindiyimiz və sayca artıq 38-ci olan Xaçmaz Olimpiya
İdman Kompleksi, Olimpiya oyunlarında, dünya və Avropa
çempionatlarında, mötəbər beynəlxalq
yarışlarda qazanılan medallar, Azərbaycanın
bütün dünyada qüdrətli bir idman ölkəsi kimi
tanınması artıq 16 ildir ki, Milli Olimpiya Komitəsinə
böyük müvəffəqiyyətlə rəhbərlik
edib, idmanımızı əsl Vətən sevgisi ilə qələbədən-qələbəyə
aparan dövlət başçımız İlham Əliyevin
adı ilə bağlıdır.
Məhz buna görə də idman ictimaiyyətimizin
bütün nümayəndələrinin prezident seçkilərində
özlərinin şəriksiz liderinin namizədliyini dəstəkləyəcəkləri
şübhə doğurmur. Böyük qayğı ilə əhatə
olunan Azərbaycan idmançıları möhkəm əmindirlər
ki, son on ildə həm də dövlət
başçısı kimi, ölkəmizi bütün sahələrdə
böyük qələbələrə, tarixi nailiyyətlərə
aparan möhtərəm Prezidentin yorulmaz fəaliyyəti və
yenilməz lider keyfiyyətləri respublikamıza
qarşıdakı illərdə yeni-yeni uğurlar, deməli,
həm də beynəlxalq aləmdə daha böyük
nüfuz vəd edir.
Sabahdan cənab
İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin
17-ci ili başlayır. Ölkəmizin
ümumdünya olimpiyaçılar ailəsində
qazandığı möhkəm mövqe, bir-birindən fərəhli
dəyişikliklər, müvəffəqiyyətlə həyata
keçirilən idman siyasəti və onun bəhrələri
dünyanın hər yerində rəğbətlə
qarşılanır. Avropa Olimpiya Komitəsinin
tarixdə ilk dəfə keçiriləcək və elə
buna görə də ikiqat yüksək etimadın göstəricisi
kimi dəyərləndirə biləcəyimiz Avropa
Oyunlarının təşkili hüququnu gözəl
paytaxtımız Bakıya həvalə etməsi buna ən
yaxşı sübutdur.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2013.- 31 iyul.- S. 3.