MDB ölkələrinin
mədəniyyət nazirliklərinin nümayəndələri
Qəbələdə olmuşlar
Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin təmsilçiləri V Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmişlər.
AzərTAc xəbər verir ki, Rusiya, Qırğızıstan, Gürcüstan, Moldova və Belarusun mədəniyyət nazirliklərini təmsil edən vəzifəli şəxslər, eləcə də Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov əvvəlcə Qəbələ Mədəniyyət Mərkəzi ilə tanış olmuşlar.
Qonaqlara məlumat verilmişdir ki, nəhəng “Ağ royal” formasında tikilmiş bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Mərkəzdə teatr tamaşalarının, konsertlərin, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan yaradılmışdır. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları, məxsusi çıraq və mebellərlə təchiz edilmişdir.
Daha sonra qonaqlar rayon icra hakimiyyətində olmuşlar. Bildirilmişdir ki, MDB-nin üzv dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun ötən ilin oktyabrında Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara görə, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev V Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında qonaqlara məlumat vermişdir. Bildirmişdir ki, festival günlərində dünya şöhrətli musiqiçilərin bir-birindən maraqlı çıxışları yerli sakinlərlə yanaşı, festivalda qonaq qismində iştirak edən əcnəbilərin də böyük marağına səbəb olur. V Qəbələ Beynəlxalq Musiqi Festivalı sərhəd və rəqabət tanımayan musiqi dünyasında gözəl bir bayrama çevrilmişdir.
Görüşdə qonaqların
iştirakı ilə MDB-nin mədəniyyət
paytaxtı olan Qəbələdə bu ilin sonunadək
keçiriləcək mədəni-kütləvi tədbirlər
müzakirə edilmişdir. Qonaqlar rayonun turizm obyektləri və istirahət mərkəzləri
ilə də tanış olmuş, beynəlxalq
musiqi festivalının konsertlərini izləmişlər.
Xalq qəzeti.- 2013.- 31 iyul.- S. 3.