Cəlilabad: inkişaf dinamikası durmadan artır

 

Ölkəmizin əyalət şəhərləri sırasında Cəlilabadın özünəməxsus yeri var. Gözəl xiyabanları, müasir tikililəri, yaşıllıqları ilə göz oxşayan bu diyar son illərdə daha da abadlaşdırılmış, zəruri infrastrukturla təchiz olunmuşdur. Burada həyatın bütün sahələri üzrə nəzərəçarpacaq dəyişiklər baş vermişdir. Rayonda bütün səylər uğurları artırmağa, əhalinin güzaranını yaxınlaşdırmağa yönəldilmişdir.

Yarımillik hesabat yığıncağında da qeyd olunduğu kimi, bu dövr rayonda yüksək göstəricilərlə yadda qalmışdır. Aqrar bölməyə aid vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edilmişdir. Bu müddət ərzində əsas diqqət əkilən taxılın itkisiz və vaxtında biçilməsinə yönəldilmişdir. 71018 hektar zəminin hamısı biçilmiş, hər hektardan 20,1 sentner məhsul götürülərək 142745 ton taxıl tədarük edilmişdir. Eyni zamanda 78100 ton kartof, 1291 ton tərəvəz, 418 ton meyvə, 308 ton bostan və digər kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Tarlalara aqrotexniki qaydada qulluq edilməsi və 3373 ton gübrənin satılması bütün sahələr üzrə məhsuldarlığın artırılmasına və ərzaq bolluğunun yaradılmasına müsbət təsir göstərmişdir.

 

Əziz Əzizov hesabat məruzəsində bu barədə demişdir:

 

– Cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında iri təsərrüfatların yaradılması üçün bütün tədbirlərin yüksək səviyyədə görüldüyünü qeyd etmişdir. Bu istiqamətdə rayonumuzda da müəyyən addımlar atılmış və Nazirlər Kabinetinin 3 aprel 2013-cü il tarixli sərəncamına əsasən “Moskva” dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında özəl toxumçuluq təsərrüfatı yaradılmışdır. Təsərrüfat fəaliyyətə başladıqdan sonra taxıl istehsalını artırmağa mane olan əsas səbəb - əkinçilərin yüksək kondinsiyalı toxumla təmin edilməsi problemi aradan qalxacaq, məhsuldarlıq 45-50 sentnerə çatdırılacaq.

Dövlət Proqramına müvafiq olaraq rayonda 1500 hektar üzüm bağı salınmışdır. Bağların yüksək səviyyədə becərilməsi və profilaktika işlərinin aparılması səmərəli nəticə vermişdir. Artıq ilk nübarı bazara çıxarılan bağlardan bol məhsul gözlənilir. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq rayonda üzüm sahələrinin 5700 hektara çatdırılması nəzərdə tutulmuşdur.

Heyvandarlığın inkişafı və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılmışdır. Altı ayda 9200 ton ət, 50985 ton süd və 15 milyon 217 min ədəd yumurta istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən xeyli çoxdur.

Əvvəlki dövrdə olduğu kimi, birinci yarımildə də tikinti-abadlıq və quruculuq işləri uğurla davam etdirilmişdir. Bu müddət ərzində 640 şagird yerlik Cəlilabad şəhər 2 saylı, 480 şagird yerlik Sabirabad kənd 1 saylı, 80 şagird yerlik Zəhmətabad kənd tam orta məktəblərinin tikintisi başa çatdırılmışdır. Hazırda Heydər parkı əsaslı şəkildə yenidən qurulur, 360 şagird yerlik Həziabad kənd, 180 şagird yerlik Soltankənd kənd, 120 çarpayılıq mərkəzi xəstəxana, 120 yerlik uşaq bağçası və 2 min tonluq soyuducu kamera tikilir. Həmin obyektlərin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Yaxın günlərdə Məmmədrzalı, Kövüzbulaq, İncilli və Cəfərli kəndlərində yeni məktəblərin tikintisinə başlanılacaq.

Eyni zamanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq Cəlilabad şəhərinin sukanalizasiya sisteminin yenidən qurulması məqsədilə təmizləyici qurğu tikilmiş, zəruri materiallar tədarük edilmişdir. Hazırda 4 istiqamətdə aparılır. Bundan başqa, Cəlilabad-Yardımlı, Qarazəncir-Qarakazımlı-Bayxanlı və Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yollarının çəkilişi davam etdirilir. Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun da asfaltlaşdırılması nəzərdə tutulur.

Tikinti-abadlıq işləri ilə yanaşı yaşıllaşdırma tədbirləri də xüsusi diqqət mərkəzindədir. Yaz mövsümündə rayonun yaşayış məntəqələrində, o cümlədən Ələt-Astara magistral yolunun kənarında 15 min ədədə qədər ağac əkilmişdir. Əhalinin məşğulluğunun təmin olunması və yeni yerlərinin açılması rayon icra hakimiyyətinin fəaliyyətində əsas yerlərdən birini tutmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının və digər tədbirlərin həyata keçirilməsi nəticəsində cari ilin birinci rübündə 535 yeni yeri açılmışdır ki, bunun da 182-si daimidir. Yeni yerlərinin yaradılması prosesi daimi olaraq davam etdirilir. Rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 4396 hüquqifiziki şəxsə 12 milyon 114 min manat məbləğində kreditlər verilmişdir.

 Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə birinci rübdə 5,4 kilometr elektrik naqili və 53 elektrik dirəyi yenisi ilə əvəz edilmiş, 18 transformator əsaslı təmir olunmuşdur. Bundan əlavə, Abdullu kəndində şəbəkə inşa edilmiş, Cəlilabad şəhərində və Alar kəndində 1474 ədəd SMART tipli sayğac quraşdırılmışdır.

 Rayon qaz istismarı sahəsi tərəfindən yeni qazpaylayıcı stansiyanın tikintisi başa çatdırılmış, Cəlilabad şəhəri ilə Uzuntəpə kəndi arasındakı orta təzyiqli yeraltı qaz kəmərinin 2 kilometri polietilen borularla əvəz edilmiş, abonentlərə 1620 paqonmetr yeni qaz xətti çəkilmişdir. Hazırda Təzəkənd, Üçtəpə, Cəfərxanlı, Maşlıq, Muğan, Söyüdlü, Qarazəncir, Ocaqlı, Sabirabad, Hasıllı, Hacıismayıllı, Seyidbazar kəndlərinə təbii qaz verilişinin bərpa edilməsi və Göytəpə şəhərinin yenidən qazlaşdırılması davam etdirilir.

Birinci yarımildə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tədrisin keyfiyyətini yüksəltmək, əhaliyə göstərilən tibbi və mədəni xidməti yaxşılaşdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirmişlər.

Rayon icra hakimiyyəti əvvəllər olduğu kimi, birinci yarımildə də vətəndaşların müraciətlərinə baxılmasına xüsusi önəm vermişdir. Qaldırılan bütün məsələlərə operativ baxılmış və onların həlli üçün müvafiq tədbirlər görülmüşdür.

 

Sonda məruzəçi Əziz Əzizov rayondakı mövcud ictimai-siyasi ovqatı nəzərə çatdırdı:

 

Bütün ölkədə olduğu kimi, Cəlilabad rayonunun ictimaiyyəti də haqlı olaraq qazanılan uğurları şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlayır. Məhz dövlət başçısının gərgin səyləri nəticəsində son on ildə ölkə iqtisadiyyatının sürətli inkişafına nail olunmuş, bazar iqtisadiyyatına keçid başa çatdırılmış, Azərbaycan xaricdən investisiya alan ölkədən xaricə investisiya yatıran ölkəyə çevrilmiş, regionun bütün siyasiiqtisadi məsələlərinin həllində söz sahibi olmuşdur. Bu dövr eyni zamanda xalqımızın maddi rifahının əhəmiyyətli dərəcədə yüksəlməsi, ölkənin bütün yaşayış məntəqələrinin simasının dəyişməsi və müasirləşməsi ilə də səciyyələnir. Ona görə cəlilabadlılar bu inkişafın davamlı olmasını qarşıdakı illərdə də cənab İlham Əliyevin hakimiyyətdə olmasında görür. Onlar bu inamla da növbəti seçkilərdə yenidən cənab İlham Əliyevi yekdilliklə dəstəkləyəcək və Azərbaycanın uğurlu gələcəyinə səs verəcəklər.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 31 iyul.- S. 6.