Prezident İlham Əliyev
Azərbaycan ədəbiyyatının təbliği və
inkişafına böyük qayğı
göstərir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına, klassik və müasir ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verir. Dövlət başçımızın mədəniyyətimizin aparıcı sahəsi olan ədəbiyyata, bütövlükdə, söz sənətinə yüksək qayğı və məhəbbəti insanda qürur hissləri doğurur.
Məlumdur ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə olduğu kimi, müstəqillik dövründə də xalqımızın milli-mənəvi inkişafına xüsusi qayğı göstərmişdir. Elm və təhsil, mədəniyyət, ədəbiyyat sahəsində yeni böyük uğurlar əldə edilmişdir. Dahi siyasətçi bazar iqtisadiyyatına keçidin elm və təhsil, mədəniyyət və ədəbiyyat sahəsində yaratdığı problemlərin həllinə xüsusi diqqət yetirmişdir.
Ümummilli
lider Heydər Əliyevin
yaradıcısı olduğu azərbaycançılıq ideologiyası milli-mənəvi
inkişafımızın etibarlı bünövrəsini təşkil
edir. Ulu öndər bu barədə demişdir:
“Azərbaycan dövlətinin milli
ideologiyasının əsasını təşkil edən azərbaycançılıqdır.
Dövlətçilik, milli-mənəvi dəyərlər,
ümumbəşəri dəyərlər-bunlar hamısı
azərbaycançılıq anlayışının tərkib
hissələridir...”. Azərbaycançılıq
ideologiyasının əsas istiqamətləri, deyərdim ki, ruhu özünü
ədəbiyyat və mədəniyyətdə daha parlaq şəkildə
göstərir.
Heydər Əliyev siyasətinin ən layiqli davamçısı möhtərəm dövlət başçımız İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk günlərdən ədəbiyyata diqqət və qayğısını bir an belə azaltmamışdır.
2008-ci ildə Prezident XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiqin 100 illik yubileyi haqqında sərəncam imzalamışdır. Sənəddə diqqət Mikayıl Müşfiqin “yenilikçi şair” olmasına, yaradıcılığının “romantik ruhuna”, “dərin ictimai məzmununa” yönəldilir. Mühacirət həyatı yaşamış, represiyaya uğramış görkəmli Azərbaycan şairi Almas İldırımın yubileyinin ilk dəfə keçirilməsi barədə Prezidentin 16 aprel 2007-ci il sərəncamı da çox dəyərlidir. Almas İldırımın şəxsiyyəti və yaradıcılığı bu sərəncamda belə səciyyələndirilir: “2007-ci ildə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, istiqlal şairi Almas İldırımın (İldırım Əbdülməhəmməd oğlu Almaszadə) anadan olmasının 100 illiyi tamam olur. Almas İldırımın yaradıcılığı Azərbaycan mühacirət poeziyasının bənzərsiz səhifələrindən birini təşkil edir. Şairin milli azadlıq və müstəqillik uğrunda mübarizəyə həsr olunmuş əsərlərində xalqımızın ağrılı tarixi taleyi, Vətən məhəbbəti və qəriblik mövzusu dolğun bədii əksini tapmışdır.”
XX əsr Azərbaycan ədəbiyyatının nəhənglərindən biri olan Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 17 aprel 2007-ci il tarixdə imzaladığı sərəncam ulu öndər Heydər Əliyev ənənələrinin ləyaqətli davamıdır. Sərəncamda deyilir: “2007-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 125 illiyi tamam olur. Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. Öz qaynağını milli mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur”.
Azərbaycan
Respublikasında həyatın müxtəlif sahələrində
aparılan islahatlar içərisində latın qrafikalı
Azərbaycan əlifbasının bərpa edilməsi
böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi
haqqında” 18 iyun 2001-ci il
tarixli və “Azərbaycan əlifbası və
Azərbaycan dili gününün
qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və
latın qrafikalı Azərbaycan əlifbasına keçidi, bütövlükdə, təmin etmişdir. Beləliklə, latın qrafikalı Azərbaycan əlifbası
artıq həyatımızın, təhsilimizin, mətbuatımızın
bütün sahələrində tam yerini tutmuşdur.
Bununla yanaşı, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalırdı. Kiril əlifbasını bilməyən gənc nəsil klassik ədəbiyyatımızın nümunələrini, dünya ədəbiyyatının incilərini, folklor ədəbiyyatını oxumaq imkanlarından məhrum idi. Bu boşluğu doldurmağa mühüm ehtiyac günün ən vacib məsələlərindən ibarət idi.
Dövlət
müstəqilliyinin başlıca rəmzlərindən biri
sayılan ana dilinə dövlət qayğısının
daha da artırılmasını təmin etmək, Azərbaycan
ədəbiyyatı, mədəniyyəti və elminin ən
gözəl nümunələrini müasir dövrdə təbliğ
etmək və gələcək nəsillərə
çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər
kiril qrafikasında çap olunmuş əsərlərin
latın qrafikası ilə yenidən nəşrinin kütləvi
şəkildə həyata keçirilməsi zərurətə
çevrilmişdi.
Bütün bunları nəzərə alan möhtərəm
Prezidentimiz İlham Əliyev bu sərəncamı verməklə
yeni nəsil azərbaycanlılara böyük bir mənəvi-ədəbi
sərvət bəxş etmiş oldu.
Biz cənab
Prezidentimizin imzaladığı bütün sərəncamların
– sənət, elm və ədəbiyyat adamlarının, mədəniyyət
işçilərinin yubileylərinin keçirilməsi,
onlara fəxri adların və dövlət
mükafatlarının verilməsi, orden və medallarla təltif,
Prezident təqaüdlərinin təyinatı, gənc
istedadlarla əlaqədar təyinatlar və s. sərəncamların
üzərində dayansaq, böyük bir əsər
alınar. Və yəqin ki, belə bir vacib, əhəmiyyətli
əsərin yaxın gələcəkdə yazılmasına
nail olacağıq.
Prezident
İlham Əliyevin son dövrdə qəbul etdiyi bu sərəncamlardan
irəli gələn, həyata keçirilən bir sıra tədbirləri
xatırlatmaq da yerinə düşərdi. Nizami Gəncəvinin,
Məhsəti Gəncəvinin, M.F.Axundovun, Xurşidbanu Natəvanın,
M.Ə.Sabirin, H.Cavidin, olan Rəsul Rzanın və İlyas Əfəndiyevin
yubileyləri barəsində verilən sərəncamları və
bu mühüm sənədlərlə bağlı həyata
keçirilən möhtəşəm yubiley tədbirlərini
unutmaq qeyri-mümkündür.
İlham Əliyev Azərbaycan mədəniyyəti
və ədəbiyyatının milli-mənəvi həyatımızdakı
yerini və rolunu olduqca dərindən bilir və onu yüksək
dərəcədə qiymətləndirir, Azərbaycan tarixinə,
mədəniyyətinə, ədəbiyyatına böyük
hörmət və məhəbbət bəsləyir. Kiçik bir nümunəyə nəzər salaq. 2005-ci il aprelin 26-da
Şamaxıda böyük klassikimiz İmadəddin Nəsiminin heykəlinin
açılış mərasimində iştirak
edən hörmətli Prezidentimiz İlham Əliyev dərin məzmunlu nitqində
klassik irsə münasibətin əhəmiyyətini
dərindən təhlil edərək belə
açıqlayir: “Mənim üçün
bu gün xüsusilə
əzizdir, ona görə ki,
bu gün Azərbaycan
xalqının dahi şairi
İmadəddin Nəsiminin heykəlinin
açılışında iştirak
edirəm. Hesab edirəm ki,
bu, bizim həyatımızda
çox əhəmiyyətli bir hadisədir. Otuz ildir ki, heykəlin
ucaldılması haqqında qərar qəbul edilmişdir.
Amma müəyyən səbəblərə
görə biz buna nail ola bilməmişdik. Amma indi, bu
gözəl gündə dahi Nəsiminin Vətənində,
gözəl Şamaxıda Nəsiminin heykəli
ucaldılır və biz bunu
qeyd edirik. Bu, çox əlamətdar
hadisədir, onu göstərir ki, biz öz
tariximizə, öz mədəniyyətimizə,
öz ədəbiyyatımıza böyük hörmətlə
yanaşırıq. Başqa cür ola da
bilməz”.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin
keçirilməsi haqqında” sərəncamı barədə
xüsusilə geniş danışmaq istəyirəm. Nizami irsi uzun zamandan bəri dünya
elmi-ədəbi fikrinin diqqət mərkəzindədir.
Ölkəmizdə dahi şairin
əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin
öyrənilməsi və tanıdılması sahəsində
xeyli iş görülmüş, çox
sayda tədqiqatlar meydana
gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin
elmi-tənqidi mətni hazırlanmışdır.
Qeyd edək ki, bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.
Lakin Nizami Gəncəvi irsinin 1970-ci
illərdən öyrənilməsi baxımından tamamilə
yeni mərhələ başlayır. Həmin mərhələ
bilavasitə xalqımızın ümummilli
lideri Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz onun
təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın
böyük şairi
və mütəfəkkiri Nizami Gəncəvinin
irsinin öyrənilməsini, nəşrini
və təbliğini daha da
yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli
qərar bu istiqamətdə kompleks vəzifələr
irəli sürərək, Nizami irsinin və ümumən orta
əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş
perspektivlər açmışdır. 1981-ci ilin
avqust ayında Nizami Gəncəvinin
anadan olmasının 840 illiyi
haqqında qərar isə nizamişünaslıqda əsaslı
dönüş yaratmışdır. Onu da qeyd
edək ki, Nizami Gəncəvi
ilə bağlı son yubiley
tədbirləri ustad sənətkarın
850 illiyi ilə əlaqədar 1991-ci ildə
keçirilməli idi. Lakin
ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan verməmişdir.
Bütün
bunları nəzərə alan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Şərq
poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870
illik yubileyinin layiqincə keçirilməsini təmin etmək
məqsədilə 23 dekabr 2011-ci il tarixli sərəncam
imzalayır. Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli
Elmlər Akademiyası Gəncə Şəhər İcra
Hakimiyyəti ilə birlikdə, Azərbaycan
Yazıçılar Birliyinin təkliflərini nəzərə
almaqla, mütəfəkkir şair Nizami Gəncəvinin 870
illik yubileyinə həsr olunmuş tədbirlər planı
hazırlanır.
Nizami Gəncəvi irsinin öyrənilməsi
və təbliği işində bu sərəncamın
misilsiz rolu vardır. Belə
bir deyim var: “Nizami Gəncədən
doğdu, Azərbaycan göylərinə
qalxdı və bütün dünyaya işıq saçdı.” Nizami Gəncəvinin Azərbaycan, o cümlədən dünya
mədəniyyət və ədəbiyyat tarixində tutduğu yeri hörmətli
Prezidentimiz İlham Əliyev
həmişə yüksək qiymətləndirmiş, qədrşünaslıqla,
böyük məhəbbət və ehtiramla, fəxarətlə qeyd
etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev
Moldovaya rəsmi səfəri çərçivəsində
Kişinyovda dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin 21 aprel 2005-ci il tarixində Moldova Prezidenti Vladimir Voroninin
iştitrakı ilə keçən açılış mərasimində
iştirak etmiş və
demişdir:
“Nizami təkcə şair, müdrik söz ustadı deyildi, həm də gözəl filosof idi. Onun əsərləri dünyanın azad fikir xəzinəsini layiqincə zənginləşdirmiş və bütün Şərq xalqlarını bəşəriyyətin firavanlığı naminə yaxşı, xeyirxah işlərə ruhlandırmışdır. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya mədəniyyətinin “Qızıl fondu”nun ən parlaq nümunələrini təşkil edir və bəşəriyyətin böyük nümayəndələrinin yaratdıqları əbədiyaşar abidələr sırasında fəxri yer tutur”.
Azərbaycan
Prezidenti çıxışında daha sonra
vurğulamışdır ki, Nizaminin bütün fəlsəfəsinin
mərkəzində varlığın ali dəyəri, mənəvi
zənginliyin və biliklərin tükənməz mənbəyi
kimi insan durur. Nizami insanın cəmiyyətdə
roluna öz
baxışı prizmasından nəzər salaraq,
antik irsi, Şərq
fəlsəfəsini və Şərq poeziyasının
çoxəsrlik poetik ənənələrini
yaradıcılığında məharətlə əks
etdirə bilmişdir. Böyük
sənətkarların yaratdıqlarının ümumbəşəri
əhəmiyyətinin xüsusiyyətlərindən biri budur ki,
onlar həyati əhəmiyyətlidir, əbədiyaşardır,
çünki onların mənası
gözəllik və əzəmətdədir. Bu
əsərlərdə əks olunmuş
ümdə arzu – insanları xoşbəxt
etmək istəyi ümumbəşəri mədəniyyət
inkişaf tapdıqca, dünya
miqyasında sivilizasiyanın səviyyəsi yüksəldikcə
açıqlanır. Nizaminin
yaradıcılığı bunun aşkar təsdiqidir. Onun
bəşər sivilizasiyasının inkişafındakı rolunu bütün zəmanələrin
bədii və fəlsəfi təfəkkürünün
katalizatorları olmuş Aristotel,
İbn Sina, Dante, Şekspir və Puşkin kimi dühalarla müqayisə etmək olar.
Diqqəti
cəlb edən mühüm faktlardan biri də, Nizami Gəncəvinin
870 illik yubleyi münasibətilə YUNESKO-nun
yaydığı bəyanatdır. Bu
bəyanatda Nizami Gəncəvi irsinin və xatirəsinin əbədiləşdirilməsi
ilə bağlı müstəqil Azərbaycan dövlətinin səyləri alqışlanır.
Bəyanatda deyilir: “Dahi
şair və mütəfəkkir Nizami Gəncəvi ümumbəşəri dəyərə
malik bir sənətkardır.
Bu il onun
870 illik yubileyinin
keçirilməsi mədəniyyətlərarası dialoqa bir
çağırışdır və YUNESKO bu
yubileydə iştirakdan böyük
şərəf hissi duyur”.
Bu bəyanatın
məzmunundan da göründüyü kimi, Prezident İlham Əliyevin
Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi barədə
sərəncamının çox mühüm nəticələri
olmuş, dünya mədəniyyəti miqyasında rezonans
doğurmuşdur. Yubiley ilinin ən mühüm, fərəh
doğuran xəbərlərindən biri də Pekindən gəldi. Belə
ki, Çin Xalq Respublikasının paytaxtı Pekinin Çaoyan
parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü
qoyuldu. 28 oktyabr 2012-ci
ildə uzaq Meksikanın Akapulko
şəhərində isə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin təntənəli
təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Nizami Gəncəvinin 870 illik
yubileyinin keçirilməsi haqqında 23 dekabr 2011-ci il tarixli
sərancamı ilə başlanan böyük, dünya
miqyaslı tədbirlər silsiləsi 1 oktyabr 2012-ci ildə
Bakıda, Heydər Əliyev Sarayında yekunlaşdı. Bu
möhtəşəm tədbir qədirbilən
xalqımızın dahi Nizami irsinə dərin və sonsuz məbəbətini
bir daha təcəssüm etdirdi.
Dünya
ədəbiyyatının görkəmli nümayəndəsi,
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
əsərləri, şeir və düşüncə
dünyası haqqında qardaş Türkiyə
Respublikasında da çox dəyərli elmi tədqiqatlar
aparılır. Nizaminin 870 illik yubileyi ilə əlaqədar
olaraq bütün türk dünyasında “Nizami
Gəncəvi ili” elan
edilmiş, Nizami Gəncəvinin
yubileyi TÜRKSOY daxilində və beynəlxalq
səviyyədə qeyd olunmuşdur.
Böyük şairin əsərlərinin
müxtəlif dillərə tərcüməsi təşkil olunmuş, dünyanın 25-dən çox ölkəsindən mədəniyyətşünaslar,
ölməz Nizami poeziyasının
araşdırıcıları, ədəbiyyatçılar,
şairlər tədbirlərimizə dəvət olunmuş, həvəslə iştirak etmişlər. Yubiley tədbirləri
TÜRKSOY xətti ilə türkdilli
ölkələrdə, eləcə də Rusiya
və Hindistanda, Çində, Meksikada, Moldovada, Fransada, Amerikada,
dünyanın bir çox
başqa ölkələrində xüsusi şəkildə qeyd
edilmişdir, müsamirələr keçirilmiş, heykəllər, büstlər
ucaldılmış, kitablar nəşr edilmişdir.
Nəzərdən
keçirdiyimiz bu möhtəşəm tədbirlərin
hamısı Nizami Gəncəvi irsinin dünyada
tanınmasına və dünya xalqları arasında
yayılmasına, beləliklə də Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin və bütövlükdə, Azərbaycan
xalqının dünyada daha da tanınmasına xidmət
etmişdir. Və bu möhtərəm Prezidentimiz İlham Əliyev
cənablarının böyük səyləri nəticəsində
mümkün olmuşdur.
Göründüyü kimi,
böyük və dahi Azərbaycan şairi Nizami Gəncəvinin
870 illik yubileyinin belə təntənəli surətdə
keçirilməsi onu və Azərbaycanı dünya mədəniyyəti
miqyasında bir daha tanıtdırmış, xalqımıza,
dövlətimizə böyük başuğcalığı
gətirmişdir. Yeri gəlmişkən
xatırladım ki, Nizami
Gəncəvi adına Ədəbiyyat Tarixi
Muzeyinin yenidən qurulması və bərpası
işi də məhz hörmətli Prezidentimiz İlham Əliyevin
nəzərindən qaçmamışdır. Muzey ən yüksək səviyyədə təmir
edilmiş, burada dahi şairin zəngin irsinin qorunması, öyrənilməsi və
təbliği üçün gözəl
şərait yaradılmışdır. Bu
faktın özü də böyük
Nizamiyə, ədəbiyyat tariximizə qayğı və məhəbbətin
ifadəsidir.
Ulu öndər Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə göstərdiyi böyük qayğının onun ləyaqətli davamçısı Azərbycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi Azərbaycan ədəbiyyatının yeni intibahı üçün geniş imkanlar açmışdır. Fikrimcə, Prezident İlham Əliyevin ədəbiyyatımıza və mədəniyyətimizə böyük məhəbbəti, hörmət və sevgisi möhtərəm dövlət başçımızın, bütövlükdə, Azərbaycan xalqına və milli dövlətçiliyimizə sonsuz sevgi və sədaqətindən qaynaqlanır.
Tərlan NOVRUZOV,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2013.-
2 iyun.- S. 5.