Zərdab:
növrağınla öyünməyə haqqın var
İlin erkən yazında yolun Arana düşdüsə
çox şeyə heyrətlənərsən.
O da ola “seyrəngahı”
şairləri vəcdə gətirən ana
Kürün sahilləri...
Açığını deyim ki, mən doğma yurd yerimə Arandan keçib getsəm də bu bölgədə çox yerlərin özəlliklərini, bu ellərin özünəməxsus gözəlliklərini elə də yaxşı tanımırdım. Bir jurnalist kimi bu “kəsir”imi aradan qaldırmaq üçün ilk fürsətdən yararlanıb, uzun illər bu bölgəni qarış-qarış gəzən, bu elləri doğma kəndi kimi tanıyan həmkarım Ziyəddin Sultanovun təklifini qəbul edib onunla səfər yoldaşı olmağa qərar verdim...
Bölgə ilə
tanışlığımızın ilk
dayanacağı Zərdab rayonu idi. Sübh tezdən məni
mənzil başına aparan
Bakı-Yevlax-Qazax yolu boyu
darıxdırıcı məqamlar yaşayacağımı
zənn etsəm də, gördüklərim gözümü
yumub bir çimir yuxulamağıma belə macal vermədi. Avtomobil Ələt qəsəbəsini keçib
sağ tərəfə dönər-dönməz
magistralda aparılan tikinti,
genişləndirmə işlərinin indicə bitəcəyini
gözləsəm də bu işlər on kilometrlərlə uzanır və az qala bütün
yol boyu davam edirdi.
Aparılan işin miqyasını təsəvvürə
gətirəndə heyrətlənməyə, sözün
əsl mənasında, qürurlanmaya bilmədim.
Axı regionları, bütövlükdə ölkəni tərəqqi
ünvanına daşıyan bir əsas infrastruktur da abad və rahat
yollardır. Bu gün dövlətimiz mövcud imkanlardan istifadə
edib yol infrastrukturunu, kənd yollarına qədər
belə büs-bütün yenidən, müasir standartlar səviyyəsində
tikirsə, şübhəsiz, bu, daha böyük inkişaf hədəflərinin göstəricisi
kimi alqışlanır, xalqın sonsuz rəğbətilə
qarşılanır...
Ucar rayonuna çatar-çatmaz avtomobilimiz sola dönüb Zərdab rayonuna istiqamət götürdü. Açığını deyim ki, bu yol bir qədər fərqli və narahat olsa da, yol boyu işləyən texnikanın çınqıl yaydığından aydın görünürdü ki, bu narahatlığın da ömrünə yaxın vaxtlarda son veriləcək...
Maşın Zərdab royununun ərazisinə daxil olanda yolundan-izindən də hiss edirsən ki, fərqli bir məkandasan. Yol kənarındakı taxıl zəmiləri ana Kürün gətirdiyi sərin mehdən xəfifcə dalğalanıb sanki bu ellərin qonaqlarını salamlayırlar. Şəhərə çatar-çatmaz yeni salınmış abad bir qəsəbə diqqətimizi cəlb edir. Belə qəsəbələrin erməni təcavüzündən didərgin düşmüş qaçqınlarımız üçün tikildiyinə adət etdiyimiz üçün fərqinə çox varmasam da, yaddaşımdan da kənar qoymadım. Beləcə, qızmar günəşin bərq vuran şəfəqləri altında, səliqə-sahmanı ilə diqqət çəkən Zərdab şəhərinin sağı-solu qızıl gül kolları əkilmiş küçələrindən keçib rayon icra hakimiyyətinin binasına çatırıq. Həyətdəki saysız-hesabsız pardaxlanmış qızıl güllər ilk təəsüratlarımı öz xoş ətri ilə təravətləndirdiyindənmi, yoxsa ilk gördüyüm mənzərələrin təsirindənmi, bilmirəm, yüksək bir əhvalla həmkarımla birgə jurnalist vəzifəmizin icrasına başlayırıq.
...Şəhərlə
tanışlığımızın ilk ünvanı icra
hakimiyyətinin binası oldu. Girişdəki
xolldan sağda ümummilli lider Heydər Əliyevin
hakimiyyətinin ilk illərində Zərdaba
gəlişini əks etdirən şəkillərə diqqətlə
baxdığımızı görən qocaman
kişi bizə yaxınlaşıb
sualımızı gözləmədən ömrünün
ən xoş xatirəsini söyləyirmiş
kimi dilləndi:
-Rəhmətliyin
Zərdaba gəlişi bugünkü kimi yadımdadır. Bütün rayon əhli səhəri təlaş
içində açmışdı. Qəzəblənmiş
Kür yenə daşıb ətrafı cənginə
almışdı. Əgər vaxtında Heydər Əliyevin
qətiyyətli tədbirləri olmasaydı, kim
bilir hansı faciələr
yaşanacaqdı. Elə həmin gün –
1978-ci il may ayının
29-u başda özü
olmaqla respublikanın bütün
müvafiq strukturlarının rəhbərləri
Zərdaba gəlmişdilər. Yalnız onun
gəlişindən sonra əhali təskinlik
tapdı və əmin oldu ki,
Heydər Əliyev burdadırsa, demək hər şey qaydasında olacaq.
Ağsaqqalın
məlumatlı adam olduğu hadisələri, o vaxtkı rayon
rəhbərliyinin nam-nişanını dəqiq deməsindən
də aydın görünürdü. Sonra öyrəndik ki,
hazırda dövlət qulluğu təqaüdçüsü
və rayon veteranlar şurasının sədri olan Hüseyn Həsənov
həmin illərdə Zərdab rayon partiya komitəsinin ikinci
katibi vəzifəsində çalışıb, həm də
fövqəladə hallar komissiyasının sədri olub.
Ulu
öndərin bu tarixi səfəri
barədə təəsüratlar bununla bitmədi. Zərdab Rayon İcra
Hakimiyyətinin başçısı Lütvəli Babayevlə görüşümüzdə də
bu böyük
insanın əvəzsiz xidmətləri xatırlandı və
dövlət rəhbəri kimi Azərbaycanın
bütün regionlarında baş verən hadisələrə şəxsi
nəzarəti və diqqəti xüsusi qeyd olundu. Lütvəli müəllim ulu öndərin
bu xarakterində xalqı üçün
bir canıyananlıq, dərin sevgi olduğunu qeyd edərək, bu sevginin qarşılıqlı olduğunu
diqqətə çatdırdı:
-Baxın, illər keçib, ancaq indi də Zərdabda yaşlı nəslin nümayəndələrindən kimi dindirsəniz, o tarixi ən kövrək duyğularla sizə danışacaq. Və çox maraqlıdır ki, 2010-cu ilin eynən həmin dövründə yenə Kürün səviyyəsi qalxdı, Türyançay və Göyçay çaylarında daşqın oldu. Prezident cənab İlham Əliyev bu barədə məlumat alan kimi dərhal müvafiq orqanlara tapşırıqlar verib az bir vaxtda rayona 120-dən çox texnika və 150-ə qədər canlı qüvvə göndərdi. Fövqəladə Hallar Nazirliyinin 30 yaxın şəxsi heyəti və çoxlu texnika səfərbər olundu. Rayondan 3 min nəfər canlı qüvvə təbii fəlakətdən ziyansız ötüşmək üçün bəndbərkitmə işlərinə səfərbər olundu. Dövlət başçısının hadisələri nəzarətdə saxlaması və çox operativ şəkildə lazımi tapşırıqlar verməsi Zərdabın ikinci dəfə də bu fəlakətdən faciəsiz və insan itkisi olmadan qurtarmasına imkan verdi.
Doğrudur, sahil boyu yaşayan bir çox ailələrin evlərinə maddi ziyan dəymişdi. Amma bu faciə deyildi. Çünki dövlət üçün vətəndaşın həyatının qorunmasını daha mühüm vəzifə hesab edən ölkə Prezidentinin tapşırığı ilə artıq dəyən ziyan aradan qaldırılıb. Şəhərin girişində rastlaşdığım, yazımın əvvəlində qeyd etdiyim müasir və yaraşıqlı təzə qəsəbə də məhz ziyan çəkmiş sakinlərə dövlətin töhfəsi imiş. Lütvəli müəllim məlumat verdi ki, rayonun “32 hektar”adlanan bu ərazidə təbii fəlakətdən ziyan çəkmiş 71 ailəyə yeni layihələr əsasında çox yaraşıqlı evlər tikilib istifadəyə verilmişdir. Dövlət bu ailələrin məktəb yaşlı uşaqlarını da yaddan çıxarmamış və qəsəbədə 132 şagird yerlik yeni məktəb binası da tikilib başa çatdırılmışdır. Məktəbin açılışı bu ilin sentyabrına nəzərdə tutulub. Hələ üstəlik, bizim səfərimiz ərəfəsində qəsəbəyə çəkilmiş yeni qaz xəttinin açılışı da həyata keçirilib.
Qazdan,
bölgələr üçün xüsusi əhəmiyyət
daşıyan mavi yanacaqdan söz düşəndə bizi təəccübləndirən
dah bir faktla tanış olduq. İcra hakimiyyətinin
başçısı bildirdi ki, nə qədər qəribə olsa da, son
vaxtlara qədər rayon
mərkəzindən başqa, bölgənin
42 məntəqəsinin heç
birində qazlaşma
aparılmamışdır. İndi isə
rayonun Təzəkənd, Qaraoba,
Qaravəlli və Dəli Quşçu kəndlərində
qazlaşdırma tam başa çatdırılıb. 10-a
yaxın kənddə-Salahlı, Gəlmə, Xanməmmədli,
Dəkkəoba, Pərvanlı, Hüseynxanlı və digərlərində qaz xəttinin
çəkilişi davam etdirilir.Bu
gün evində “mavi yanacaq” işlədən və qışda,
payızda yanacaq problemi
yaşamayan
Zərdabın adıçəkilən kəndlərinin
sakinləri deyəndə ki, “bu ümummilli lider Heydər Əliyevin qurduğu
müstəqil dövlətçiliyin və Prezident
İlham Əliyevin tərəqqi və inkişaf strategiyasının təsdiqə
ehtiyacı olmayan parlaq
göstəricilərindəndir,” buna
hansı əks arqument gətirəsən.
Amma bu kəndlərlə
qazlaşdırma bitməyib və regionun sosial -iqtisadi inkişaf
proqramında nəzərdə tutulan bütün kəndlərin
qazlaşdırılması layihəsi uğurla
davam etdirilir.
Tanış
olduğumuz nailiyyətlər, gördüyümüz mənzərələr
nə qədər sevindirsə də Kürün nə vaxtsa
yenə qəzəblənə biləcəyi fikri məni
rahat buraxmadı. Zarafat deyil, 84 kilometrlik
bir ərazidə
nəhəng bir əjdaha kimi Zərdabın belinə dolanan
Kür sirrli bir sükutla axsa da,
babalarımızın ona “Dəli”
ayamasını nahaqdan vermədiyini tarix dönə-dönə təsdiqləyib.
Bəs indi Aran və Muğan torpağına can
verən, bu torpaqda min cür nemətin yetişməsində əvəzsiz
rol oynayan bu əjdaha yenidən qəzəblənsə
necə olacaq? Onu ram edəcək qabaqlayıcı tədbirlər
görülübmü?
-Görülüb,-
dedi Lütvəli müəllim. - Elə 2010-cu ildən
başlayaraq Kürün dolandığı rayonun
bütün ərazilərində sahilbərkitmə və bəndqaldırma
işləri görülüb. Göyçay
və Türyançay çaylarının
rayon ərazisindən keçən 83
kilometrə qədər olan hissəsində
çayların məcrasının təmizlənməsi və
bəndlərin təmiri işi həyata keçirilmişdir. Mütəxəssislərimiz
də cayda suyun səviyyəsini
daim nəzarətdə saxlayırlar. Bu məsələlərlə bağlı
dövlət başçısının da
xüsusi tapşırıqları və
tövsiyələri var.
İçimizdəki
bu narahatlıqlar bəlkə bir də ona görə idi ki,
son 5 ildən artıq bir müddətdə Zərdabın
çox böyük inkişaf yolu keçdiyini
görmüşdük. Sürətlə
həyata keçirilən tikinti-abadlıq və yenidənqurma
işləri həm şəhərin, həm də qəsəbə
və kəndlərin simasını kökündən dəyişib.
İnsanlar dövlətin regiona
olan diqqətinin günü-gündən
artdığını gördükcə bu
torpağa daha çox bağlanır, doğma
ocağında rahat güzaran
qurmaq üçün
yaradılan imkanlardan maksimum
istifadə etməyə çalışır.
Rayonun
sosial-iqtisadi göstəricilərinə nəzər salanda
çox da böyük olmayan Zərdabda qürur gətirən
bir mənzərənin şahidi olursan. Yəni rayon sadəcə xarici
görkəmi, tikililəri ilə deyil, həm
də iqtisadiyyatda, təhsildə və sosial sahələrdə əldə etdiyi nailiyyətlərlə də bir vətəndaş məmnunluğu doğurur. Məsələn, 2012-ci ilin sosial -iqtisadi
göstəricilərinə görə Zərdab bir ildə iqtisadiyyatın əsas sahələrindən
98 milyon 246 min
manatlıq məhsul və xidmətlər
istehsal etmişdir. Bunun 43, 4 faizi kənd təsərrüfatının,
16, 3 faizi ticarət və xidmətin , 37,3
faizi tikintinin, 1,7 faizi isə sənayenin payına düşür. İllərin müqayisəsinə
diqqət yetirsək görərik ki,
2011-ci illə müqayisədə məhsul istehsalı sənaye
sahəsində 16,8 faiz, kənd təsərrüfatında
4,2 faiz, tikintidə 15,2 faiz,
ticarət üzrə isə 4,8 faiz
artmışdır.
Adambaşına düşən məhsul istehsalı da 15, 5 faiz artaraq
1776,6 manat təşkil etmişdir.
Belə bir dinamika ilk növbədə kənd zəhmətkeşlərinin
pul gəlirlərinin artmasına öz təsirini göstərmiş və orta aylıq əmək haqqı 211, 8 manata çatmışdır ki,
bu da 2011-ci ildəkindən
22, 8 faiz çoxdur.
İqtisadi
rəqəmlərdən də
aydın görünür ki, Mərkəzi Aran
zonasında, Şirvan düzündə yerləşən bu
rayonda iqtisadiyyatın əsası kənd təsərrüfatından
ibarətdir. Tarixən də kənd təsərrüfatı
məhsullarının istehsalı Zərdab rayonunun
iqtisadiyyatında prioritet təşkil edib. Sovet dönəmində
pambıqçılığın,
taxılçılığın,
baramaçılığın və heyvandarlığın
xüsusilə üstünlük təşkil
etməsinə baxmayaraq, indi
taxılçılıq və heyvandarlıq iqtisadiyyatın bu
bölməsinin əsasını təşkil edir. Taxılçılıq
sahəsində son illər əldə edilmiş
uğurları, sözün əsl mənasında
rayon icra hakimiyyətinin
sahibkarlığın inkişafına verdiyi
böyük diqqət və qayğı
ilə əlaqələndirmək daha doğru olardı. Əlbəttə, bu işdə əsas
pay sahibi yenə Azərbaycan
hökumətidir. 2007- 2012-ci illər ərzində
kənd təsərrüfatı məhsulları
istehsalçılarına 7,6 milyon manat subsidiya
ayrılmış, İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa kömək milli fondu tərəfindən son
bir neçə ildə 17 sahibkara
87 min manat güzəştli
kredit ayrılmışdır.
Görülən tədbirlər 2009-cu ildə rayonun tarixində ilk dəfə
rekord həcmdə-52 min
ton taxıl istehsal etməyə
imkan vermişdir. Bu isə rayonda
adambaşına 1 ton məhsul deməkdir.
Fermerlərlə
söhbətdən məlum oldu ki, bu il də Zərdabda bol
taxıl məhsulu gözlənilir. Mövsüm
ərzində 17min 431 hektar sahədə
taxıl əkmiş fermerlər artıq zəmilərdə arpa biçininə başlamışlar.
Ümumilikdə taxıl biçininə rayon
üzrə nə az-nə çox 100-ə
yaxın texnika səfərbər olunmuşdur. Fermerlər, yarızarafat
“düşər-düşməzi olar”
deyə bildirirlər ki, “təbiət
şıltaqlıq etməsə 2009-cu ilin
rekordunu təzələyəcəyik. Buna zəmilərdəki bol
taxılın olması da zəmanət verir...
Fermerlərdən
ayrılıb şəhərin mərkəzinə üz
tuturuq. Şəhərin küçə və yollarında
bir müddət əvvəl çəkilmiş asfaltın
qazılıb yenidən çınqıl döşəndiyinə
qəribə baxdığımızı görəndə
Lütvəli müəllim təccübümüzü
başa düşdüyünü bildirib dedi:
-
Yeni asfalt döşənmiş, abad yolların bərbad vəziyyətə
düşməsi təbii ki, bizi də müəyyən mənada
xoş təsir bağışlamazdı. Əlbəttə, əgər
bütün bunlar şəhər və qəsəbələrimizin
su və kanalizasiya sisteminin ən müasir standartlarla çəkilişi
naminə olmasaydı.
Doğrudur,
əvvəlki illərdə respublika Ekologiya və Təbii Sərvətlər
Nazirliyi rayonun müxtəlif ərazilərində 17 modul tipli
sutəmizləyici qurğu quraşdırmış və 194
bulaq tikib istifadəyə vermişdi. Hazırda isə Zərdabın
içməli su problemini kökündən həll etmək
istiqamətində çox böyük layihə həyata
keçirilir.
Bu layihə uzunluğu 72 kilometr olan Küllülü-Zərdab içməli su kəməridir ki, 450 millimetrlik boru xətti ilə çəkilmişdir. Küllülüdə 5 min kubmetrlik bir, Zərdabda isə hər biri 2 min kubmetrlik iki su anbarı tikilir. Bütün bu işlər başa çatdıqdan sonra 36 min Zərdab sakini təmiz bulaq suyu ilə təmin olunacaqdır. Bunlarla paralel olaraq şəhər daxilində müxtəlif diametrli borularla su və kanalizasiya xətləri çəkilməkdədir. Hazırda 23 min sakin standartlara cavab verən təmiz içməli su ilə təmin olunur.
Əkin
sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması istiqamətində də
diqqət çəkəsi işlər görülüb.
1000 kilometrə qədər suvarma kanalı lildən təmizlənmiş,
ilk dəfə Zərdab rayonunun Gəlmə kəndi ərazisində
şüşə lifdən hazırlanmış 800 metrdən
çox asma latok kanallar tikilmişdir.
Rayonda
son illər tikinti-yenidənqurma işləri daha çox diqqətçəkən
sahələrdəndir. Əhalinin Sosial Müdafiə Mərkəzi üçün inzibati bina, 200 yerlik Uşaq İncəsənət Məktəbi,
Dövlət Bayrağı Meydanı, Qoruqbağı kəndində
uşaq bağçası, Şəftəhal
kəndində tibb məntəqəsi, Çallı kəndində doğum
məntəqəsi, üç kənddə
256 nömrəlik elektron ATS, beş kənddə yeni poçt binası, Telemetrik
Seysmik Stansiya, Zərdab
Rayon Yanğından Mühafizə Hissəsi
üçün yeni inzibati bina, Şəhid
ailələri və Qarabağ əlilləri
üçün 16 mənzilli
yaşayış binası və onlarla
belə tikililər, sözün əsl
mənasında, Zərdabın simasında Azərbaycan
regionlarının yeni bir
yüksəliş dövrü
yaşadığına parlaq misaldır. Bu tikintilər
sırasına Prezident İlham
Əliyevin 2012-ci il 7 oktyabr
tarixli səfəri zamanı
açılışında şəxsən iştirak
etdiyi Heydər Əliyev parkındakı
Heydər Əliyev Mərkəzini, Gənclər Mərkəzini,
YAP Zərdab rayon təşkilatının
binasını, Veteranlar evini
və Yaradıcılıq evini də
əlavə etsək, güman ki, mənzərə daha
möhtəşəm görünəcək.
Tikinti
və yenidənqurma işləri isə davam etməkdədir.
Hazırda təkcə Suvarma Sistemləri İdarəsində
regional mərkəzin ofis binası, “Aqrolizinq” ASC-nin rayon
filialı üçün ofis binası və regional gübrə
anbarı, rayon polis şöbəsi üçün yeni
inzibati binanın tikintisi də tamamlanmaq üzrədir.
Bu
tikintilər sırasında məktəb tikintisi xüsusilə
seçilir. Rayon icra hakimiyyətinin
başçısı Lütvəli Babayev
qeyd etdi ki, 30 ilə yaxın bir
müddətdə cəmi 3 məktəb binası
tikilmişdisə, son 3 ildə Zərdabda
13 məktəb tikilib istifadəyə verilmiş, 3 məktəbin tikintisində isə
tamamlama işləri başa
çatmaq üzrədir. Məlikumudlu kəndində 360 yerlik,
Alıcanlı kəndində 364 yerlik,
Şıxbağı kəndində 180 yerlik,
Xanməmmədli, Cilovxanlı və Ağabağı kəndlərinin
hər birində 80 yerlik məktəb
binaları bu gün ən
müasir standartlara cavab verən təhsil müəssisələridir.
Bu gün ölkədə yaşlı nəslin əksər nümayəndələri dövlət başçısının bölgələrə mütəmadi səfərlərini, regionlarda işlərin gedişi ilə şəxsən tanış olmasını, müvafiq tapşırıqlar və göstərişlər verməsini ulu öndər Heydər Əliyevin iş prinsipi ilə eyniləşdirirlər. Təbii ki, bunda böyük həqiqət var. Elə Zərdabda həmsöhbət olduğumuz insanlar da, rayon rəhbərliyi də etiraf etdi ki, belə bölgənin bir inkişaf tempi ilə irəliləməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu rayona 2006 və 2012-ci illərdə tarixi səfərlərinin çox böyük əhəmiyyəti olmuşdur. Hazırda tikilməkdə olan bir çox obyektlərin inşası məhz dövlət başçısının tövsiyyələri ilə həyata keçirilir. Digər tərəfdən, ölkə Prezidenti Zərdabda həyata keçirilən tikinti və yenidənqurma işlərinin sürətlənməsinə təkan verən bir neçə sərəncam imzalamışdır ki, bu sərəncamlar sakinlərin böyük rəğbəti ilə qarşılanmışdır. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 11 may 2011-ci il tarixli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 2 milyon manat vəsait rayonda biləvasitə təmir-tikinti və abadlıq işlərinə yönəldilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 19
iyun 2012-ci il tarixli sərəncamı isə,
yazımızın əvvəlində qeyd etdiyimiz kimi, son illər
respublikada böyük vüsət almış şəhər
və kəndlərarası avtomobil yollarının tikintisinin
Zərdab rayonunda da davam etdirilməsinə imkan
yaratmışdır. Sərəncama əsasən,
Azərbaycan Respublikasının 2012-ci il
dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə doqquz min sakinin
yaşadığı 8 yaşayış məntəqəsini
birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yollarının tikintisi
və yenidən qurulması üçün
Zərdab Rayon İcra
Hakimiyyətinə nəzərdə tutulmuş
vəsaitdən ilkin olaraq
5,4 milyon manat
ayrılmışdır. Bu gün artıq yolun əsas
hissəsi 10,5 kilometri istifadəyə
hazırdır. Bu il yol tikintisini davam etdirmək üçün
yenidən 6,45 milyon manat
dövlət vəsaiti ayrılmışdır və işlər
tam sürətlə davam
etdirilir. Zərdab - Mollakənd yolunun Zərdab rayonu ərazisindəki
26 kilometrlik hissəsinin 17 kilometrinə ikinci qat asfalt
döşənmişdir.
Rayonun
iqtisadi potensialı artdıqca əhalinin işlə təminatı
da yaxşılaşır. Statistika
göstərir ki, rayonda
inkişaf tempinin
başladığı son 7-8 ildə 8
mindən artıq yeni iş
yeri yaradılmışdır. İş yeri isə sosial rifahı təmin edən əsas mənbədir.
...İşimizi yekunlaşdırıb, Zərdabın tərəqqisinə çalışan el oğulları ilə bir qismət çörək kəsmək üçün Kürün sahilindəki yeməkxanalardan birinə gəldik. Amma yemək bir bəhanə oldu. Burada da söhbətimiz son illər ölkədə gedən tərəqqi və inkişafın sürətlə regionlara keçdiyindən və bölgələrin simasını necə dəyişdiyindən getdi. Biz Zərdabda gördüklərimizə haqqına tərif dedikcə, zərdablı dostlarımız öz doğma yurd yerlərinin indiki növrağından qürur anları yaşayırdılar. Biz də heyranlıqla baxır və bir anlıq düşünürdük ki, öz əlləri ilə bu növrağı yaradanların buna tam haqları var. Elə bu sakit-sakit öz yolunda olan Kür çayı kimi. Nə qədər şıltaqlıq göstərsə də, sahillərini aşıb təhlükə yaratsa da, bu yerlərin növrağında onun da payı az deyil. Ən azından lil, bulanıq axan suyunun hikməti ilə bu ellərə ruzi- bərəkət gətirdiyinə görə. Deyəsən sahilindəki Zərdab seyrəngahının növrağı onu da razı salırdı. Yoxsa...
İlqar RÜSTƏMOV,
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2013.- 2 iyun.- S. 6.