Abşeronda 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olunmuşdur

 

Dünən Abşeron rayonunun Mədəniyyət Evində ictimaiyyətin nümayəndələrinin geniş iştirakı ilə  1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü təntənəli surətdə qeyd olunmuşdur.

İstedadlı uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbiri açaraq demişdir ki, hər il iyun ayının 1-də dünyanın  ən pak, ən məsum varlıqları olan uşaqların hüquqlarının qorunması ilə bağlı rəngarəng tədbirlər keçirilir. Uşaq hüquqları haqqında Konvensiyaya, eləcə də uşaqların taleyi ilə bağlı digər beynəlxalq sənədlərə qoşulmuş müstəqil Azərbaycan dövləti də  uşaqların hüquqlarının qorunması, onların öz bayramlarını sevinc və fərəh içində keçirmələri üçün hər cür şərait yaratmışdır.

Natiq vurğulamışdır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaqlara xüsusi qayğı və diqqətlə yanaşmışdır. Ümummili liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda Ailə, Qadın və Uşaq Komitəsinin yaradılması da məhz dahi siyasətçinin uşaqlara olan sonsuz qayğısından irəli gəlirdi.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə uşaqların hərtərəfli inkişafı, müasir bilik və vərdişlərə yiyələnmələri üçün hər cür şərait yaradır. Son illər Azərbaycanın hər bir guşəsində uşaqlar üçün gözəl uşaq bağşaları, məktəblər tikilərək istifadəyə verilir.

Rayon  rəhbəri vurğuladı ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi böyük qayğı və diqqət bu gün nəinki təkcə Azərbaycanda, hətta ölkəmizdən kənarda bu barədə məlumatı olan insanları heyrət və riqqətə gətirir.  Zakir Fərəcov Abşeron rayonunda son illər uşaqların hüquqlarının qorunnması , onların sağlam böyümələri və mükəmməl təhsil almaları üçün yaradılan şəraitdən də həvəslə danışmış, uşaqları bayram münasibəti ilə təbrik etmişdir. Sonda rayondakı uşaq özfəaliyyət kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı olmuşdur.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 2 iyun.- S. 6.