Səbaildə uşaq bayramı

 

Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər Səbail Rayon İcra Hakimiyyətinin də diqqət mərkəzindədir.  Bu yöndə tədbirlər planına uyğun olaraq 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı “Park Bulvar” Ticarət və İstirahət Mərkəzindəki “Park Sinema” kinoteartrında uşaq filmləri həftəsi təşkil olunmuş,  hər gün 200 nəfərə pulsuz uşaq filmləri nümayiş etdirilmişdir.

Bayramla əlaqədar “Sahil bağı”nda əyləncəli şənlik keçirilmişdir.  Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev uşaqları və onların valideynlərini 1 İyun  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etmiş, onlara xöşbəxt həyat və səadət arzulamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummillli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun yaratdığı ənənələr bu günuğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

“World Vision International” təşkilatının ölkə direktoru Georgi Devidze,  Uşaq Hüquqları üzrə QHT Alyansınin rəhbəri  Nazir Quliyev və başqaları qeyd etmişlər ki, bu gün cəmiyyətin diqqətinin gələcəyimiz olan uşaqlara, onların sağlam və savadlı böyüməsinə, cəmiyyətdə öz yerini tutmasına yönəldilməsi mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə  populyar incəsnət xadimləri ilə yanaşı, Səbail rayonunun orta məktəblərində və uşaq musiqi məktəblərində təhsil alan, mədəniyyət müəssisələrində, dərnəklərdə məşğul olan  istedadlı uşaqların ifasında konsert proqramı təşkil olunmuş, gənc idmançıların iştirakı ilə nümunəvi çıxışlar və istedadlı uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir.

Təşkilatçılar tərəfindən tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2013.- 2 iyun.- S. 7.