Meliorasiya və su təsərrüfatı sahəsində son illər görülmüş işlər və qarşıda duran vəzifələr

 

5 iyun meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramıdır

 

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında və ölkənin ərzaq probleminin həllində oynadığı rolu nəzərə alaraq, eləcə də çoxminli meliorpatorların şərəfli və məhsul bolluğu yaratmaq istiqamətində əməyini qiymətləndirərək Azərbaycanda “Meliorasiya və irriqasiya haqqında” Qanunun 1996-cı ildə qəbul edildiyi 5 iyun gününün  meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı - “Meliorator günü” kimi qeyd olunması barədə 2007-ci il mayın 24-də sərəncam imzalamışdır. Sərəncamın imzalanması möhtərəm Prezidentimizin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi daimi diqqət və qayğının bariz nümunəsi kimi melioratorlar tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmış, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.

Azərbaycan mürəkkəb relyef və təbii-iqlim şəraitinə malik, qədim suvarma əkinçiliyi diyarıdır. Ölkənin kənd təsərrüfatına yararlı torpaqları isti iqlimi və az yağıntı ilə səciyyələnən düzənlik-arid zonada yerləşdiyindən və yayın isti, qış aylarının az yağmurlu keçməsi torpaqda kifayət qədər nəmlik ehtiyatının yaranmasına imkan vermədiyindən, eləcə də qrunt sularının təbii axını zəif olmaqla torpaqları şorlaşmaya meyilli olduğundan  burada  əkinçiliyin yalnız süni suvarmalar fonunda aparılmasını və bu  məqsədlə  müvafiq meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsini tələb edir.   Ölkənin suvarılan torpaq sahələri kənd təsərrüfatına yararlı sahələrin üçdən birini (1424,4 min hektar) təşkil etsə də, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95%-i bu torpaqlarda istehsal olunur. Pambıq, tütün, tərəvəz və s. kimi gəlirli bitkilər tamamilə suvarılan  torpaqlarda becərilir.

Suvarılan torpaqlar yüksək texniki və mühəndisi səviyyədə inşa edilmiş meliorasiya və irriqasiya fondları ilə təchiz olunmuşdur.  Bu torpaqların 609 min hektarında kompleks meliorasiya işləri aparılmış, 288 min hektar sahə açıq, 309  min hektar sahə örtülü, 13 min hektar sahə şaquli drenaj şəbəkələri ilə təchiz edilmişdir.

Suvarılan sahələrdə 52,6  min km suvarma kanalları, 31,9 min km kollektor-drenaj şəbəkələri çəkilmiş, onların üzərində 125 min hidrotexniki qurğu, 1046 nasos stansiyası  inşa edilmişdir.

Çaylarda axının qeyri-mütənasibliyinin qarşısını almaq və su ehtiyatlarından ölkə iqtisadiyyatında səmərəli istifadə etmək məqsədi ilə çaylar üzərində 180  su anbarı, 20  hidroqovşaq inşa edilmiş, yeraltı sulardan suvarma və məişət ehtiyaclarını ödəmək  üçün 8566 subartezian quyusu qazılmışdır. Əkin sahələrini və yaşayış məntəqələrini çayların daşqın və sel sularından qorumaq məqsədi ilə 206 km  daş-beton və beton, 1676  km torpaq bəndlər  tikilmiş, respublikada su axınını bölüşdürən və tənzimləyən geniş və çoxsahəli meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsində ilk tədbirlər 19-cu əsrin ikinci yarısında həyata keçirilsə də, meliorasiya və irriqasiyanın intensiv inkişafı, geniş meliorasiya potensialının yaradılması, sahə üzrə perspektiv proqramların qəbulu ulu öndər Heydər Əliyevin  respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir.

1969-cu ildə, ulu öndər respublika rəhbərliyinə gəldikdən sonra kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında Mərkəzi Komitənin və İttifaq hökümətinin bir neçə tarixi qərarlarının qəbul olunmasına nail oldu. Bu sırada “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqinda” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) qərarları önəmli yer tutur. Həmin qərarlara müvafiq olaraq kənd təsərrüfatı istehsalının yüksəldilməsi, onun intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında respublika iqtisadiyyatının gələcək dinamik inkişaf proqramları qəbul olumuşdur.

1970-ci ildə ulu öndərin şəxsi təşəbbüsü ilə keçmiş SSRİ Meliorasiya və  Su Təsərrüfatı Nazirliyinin tabeliyində xüsusi tikinti təşkilatı – “Azərsutikinti” Baş İdarəsi yaradıldı. Respublikanın meliorasiya və su təsərrüfatına İttifaq höküməti tərəfindən sərmayə qoyuluşu qat-qat artırıldı. 1970-1980-ci illərdə bir sıra mühüm əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri inşa edilib istismara verildi.

Həmin illərdə  Sərsəng, Madagiz, Araz, Arpaçay, Sirab su anbarları və su elektrik stansiyaları, Mil-Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil-Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar-cibir magistral kanalları, Naxçıvan MR-də üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi-Muğan və Cənub-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. kimi yüzlərlə obyekt tikilib istifadəyə verilmişdir ki, bu da respublikanın müxtəlif  zonalarında sahələrdən yüksək məhsul götülməsinə imkan vermişdir.

Ümumiyyətlə, ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə sovet hakimiyyəti dövrünün əvvəlki 50 ili ərzində qoyulan vəsaitdən 2 dəfə artıq vəsait yönəldilmişdir. Həmin illərdə aparılmış geniş qurucululuq işləri nəticəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmış, kənd təsərrüfatı sahəsində böyük nailliyyətlər əldə olunmuşdur.

Bu dövrdə sel və daşqın sularından mühafizə məqsədilə Kür çayı boyunca 124 km uzunluğunda torpaq mühafizə bəndləri tikilmiş, dağ və dağətəyi çaylarda 45 km uzunluğunda yığma-beton, daş-beton bəndlər quraşdırılmışdır.

1983-cü ildə Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə artmışdır. Bitkiçilik üzrə bu göstərici 2,6 dəfə, heyvandarlıq sahəsində  isə 1,7 dəfə yüksək olmuşdur.

Ulu öndərimiz keçmiş ittifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır.

Lakin, böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o keçmiş ittifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusi ilə də meliorasiya və su təsərrüfatının inkişafı demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində  meliorasiya və su təsərrüfatı sahəsində aparılan tikinti işləri demək olar ki,  dayandı. Sistem və qurğuların saxlanması, istismarı və təmir-bərpasına ayrılan vəsaitin həcmi azaldıldığından, onların istismarı xeyli çətinləşdi və bir sıra problemlərin yaranmasına səbəb oldu.

 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən respublika rəhbərliyinə  qayıdışı ilə meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm  qoydu, bu sahəyə dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi.

Ölkə  iqtisadiyyatında yaranmış gərginliyə baxmayaraq, hər il  meliorasiya və su təsərrüfatı sistemlərinin istismarına müəyyən miqdarda vəsait ayrılaraq, onların  işlək vəziyyətdə saxlanılması üçün tələb olunan təmir-bərpa və təmizləmə işləri  həyata keçirildi və bu vəsaitin  həcmi ilbəil artırıldı.

Aqrar sahədə aparılan islahatlarla paralel meliorasiya və su təsərrüfatında da islahatların aparılmasına başlanıldı. İlk əvvəl islahatların normativ-hüquqi bazası yaradıldı. Meliorasiya və irriqasiya sahəsində fəaliyyətin hüquqi əsaslarının müəyyənləşdirilməsi  və su münasibətlərinin tənzimlənməsi məqsədi ilə 1996-cı ildə “Meliorasiya və İrriqasiya haqqında” Qanun, 1997-ci ildə isə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, 2003-cü ildə “Hidrotexniki qurğuların təhlükəsizliyi” haqqında qanun  qəbul edildi.

Su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi məqsədi ilə 1997-ci ildən tədricən sudan pullu istifadəyə keçildi, su istehlakçılarının təşəbbüsü ilə yerlərdə Sudan İstifadəedənlər Assosiasiyalarının yaradılmasına başlanıldı. Müəyyən təşkilati çətinliklərin olmasına baxmayaraq, görülmüş  tədbirlər nəticəsində  respublika üzrə Sudan İstifadəedənlər Birliklərinin yaradılması başa çatdırılmış, bütün suvarılan sahələri əhatə edən 547 SİB yaradılmışdır.

Kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin ləğv olunması ilə əlaqədar, onların balansında olmuş  təsərrüfatdaxili meliorasiya və irriqasiya sistemləri Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına  götürüldü və onların təmir-bərpasına və təmizlənməsinə başlanıldı. Bu sistemlərin Cəmiyyətin yerli istismar idarələrinin balansına götürülməsi onları tam məhv olmaq təhlükəsindən xilas etdi. Ötən dövrdə respublika büdcəsindən ayrılmış vəsait hesabına onların bir hissəsində təmir-bərpa  işləri aparılmışdır.

Ulu öndərimizin göstərişləri əsas tutularaq, xarici investisiyalar ilk növbədə  meliorasiya və  su təsərrüfatı sahəsinə yönəldildi. Sahəyə investisiya qoyuluşunun səmərəliliyini təmin etmək məqsədi ilə tikintisi yarımçıq qalmış 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün  son dərəcə vacib olan üç obyektin (Baş Mil-Muğan  kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan MR-də Vayxır su anbarınin tikintisinin) birinci  növbədə maliyyələşdirilməsi qərara alındı.

Baş Mil-Muğan Kollektorunun tikintisinə 1985-ci ildə başlanmış və onun ümumi uzunluğundan 90 km-lik birinci buraxılış obyektinin tikintisi 1994-cü ildə istismara verilmişdir. Kollektorun 52,7 km-lik ikinci hissəsinin tikintisinə İslam İnkişaf  Bankının krediti hesabına,  kollektorun Araz çayı ilə kəsişməsində  dükerin tikintisinə Dünya Bankının krediti hesabına 1998-ci ildə başlanıldı  və uyğun olaraq 2000-ci və 2002-ci illərdə  başa çatdırıldı.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Xanarx kanalının tikintisinə İslam İnkişaf Banki, Samur çayı üzərində baş suötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçay çayına qədər olan 50 km-lik hissəsinin tikintisinə isə Dünya Bankı tərəfindən kredit ayrılmış və 2001-ci ildə hər iki obyektdə tikinti işlərinə, 2002-ci ildə isə Naxçıvan Muxtar Respublikasının Vayxır su  anbarının tikintisinin davam etdirilməsinə başlanmışdır.

Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə meliorasiya və su təsərrüfatı sahəsi üzrə iri həcmli işlərin reallaşmasına dair çoxsaylı  faktlar sadalamaq olar.

Ümumiyyətlə, dövlət büdcəsindən əsaslı  vəsait qoyuluşu hesabına 1993-2003-cü illərdə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 125300 poqonmetr suvarma kanalları və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 369200 poqonmetr kollektor-drenaj şəbəkəsi tikilmiş və bərpa edilmiş, çaylarda sel və daşqın təhlükəsinin qarşısının alınması üçün 14603 poqonmetr mühafizə bəndləri tikilib istifadəyə verilmişdir.

Ölkəmizdə meliorasiya və su təsərrüfatına diqqət və qayğı  hazırda ulu öndərimizin layiqli  davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Onun sahəyə diqqəti və yaxından köməkliyi sayəsində təməli ulu öndərimiz tərəfindən qoyulmuş bir çox layihələr başa çatdırılmış, bir çox  layihələr uğurla davam etdirilir və  bir çox yeni layihələrin  həyata keçirilməsinə başlanılmışdır.

Möhtərəm Prezidentimizin 2007-ci il noyabr ayının 8-də  Taxtakörpü su anbarının, 2009-cu ilin may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə  su anbarının və 15 avqust 2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü Su Anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün verdiyi tapşırıq, 2011-ci il noyabr ayının 16-da Qax rayonunda Hamamçay çayı üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olması  və tövsiyələrini verməsi, 2012-ci ilin mart ayının 13-də Masallı rayonunda su təchizatı, kanalizasiya sistemləri və çirkab sutəmizləyici qurğularının tikintisinin təməlqoyma mərasimində iştirak etməsi, 29 aprel 2008-ci il tarixdə ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə  dair xüsusi iclas keçirməsi bu qayğı və diqqətin parlaq təzahürüdür.

Onun fərman və sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarında və Tədbirlər Planında nəzərdə tutulmuş meliorasiya və su təsərrüfatı obyektlərində xarici investisiyalar, Dövlət Neft Fondu və dövlət büdcəsində  əsaslı vəsait qoyuluşu hesabına 2010-cu ildə  2003-cü ilə nisbətən 31 dəfə çox tikinti, yenidənqurma və  bərpa işləri aparılmışdır.

Dövlətimizin başçısının sahəyə  diqqətinin nəticəsi olaraq  2004-2011-ci illərdə meliorasiya tədbirlərinə  ayrılan vəsaitin həcmi 6,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə  əsaslı kapital qoyuluşu 37 dəfəyə yaxın artmışdır.

Bunun nəticəsində mövcud meliorasiya obyektlərinin istismarı yaxşılaşmış, sistem üzrə  işçilərin əmək haqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 1200-dən artıq maşın-mexanizm alınmışdır.

Əkin sahələrindən duzlu yeraltı qrunt sularının Xəzər dənizinə axıdılması üçün Baş Mil-Muğan Kollektorunun sonuncu 3-cü 31 kilometrlik hissəsinin və 71,2 km təsərrüfatlararası kollektorların qurğularla birlikdə  tikintisi 2006-cı ildə, Samur-Abşeron suvarma sistemində kanalın qurğularla birlikdə ilk 50 kilometrlik hissəsinin və 185,7 kilometrlik uzunluğunda təsərrüfatlararası kanalların yenidən qurulması 2007-ci ildə, 67,2 km uzunluğunda Xanarx kanalının tikintisi 2006-cı ildə,  Vayxır su anbarının, Yuxarı Mil kanalının 4,26 km-lik hissəsinin, Ağcabədi rayonu ərazisində yerləşən Laçın qış otlaqlarında məskunlaşmış məcburi köçkünlərin su təchizatının yaxşılaşdırılması üçün Qarqar çayında suqəbuledici qurğunun və kanalın, Göyçay çayında suqəbuledici qurğunun, respublika çaylarında 56 km uzunluğunda beton-daş beton bəndlərin və onlarla belə obyektin tikintisi müxtəlif illərdə başa çatdırılmışdır.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan, təməli möhtərəm Prizidentimiz İlham Əliyev tərəfindən qoyulan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının,  uzun illər vəsaitçatışmazlığı üzündən tikintisi yarımçıq qalmış Tovuzçay su anbarının, Şəmkir maşın kanalının birinci növbəsinin, Qazax, Ağstafa, Şəki, Salyan, Ucar, Neftçala, Kürdəmir, Saatlı,Hacıqabul və digər rayonlarda çox sayda meliorasiya obyektlərinin tikintisinə başlanılmış və istismara verilmişdir.

Cəlilabad rayonunda Göytəpə su anbarının, Şəki rayonunun Cəyirli, Şəkikənd və Aran, Qax rayonunda Güllük, Qazax rayonunda Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin, Füzuli rayonunda məskunlaşmış məcburi köçkün ailələrinə ayrılmış 1100 ha əkin sahələrinin, Ağdam rayonunda ergi massivinin və yevlax rayonunda 1000 ha torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün suvarma şəbəkələrinin tikintisi başa çatdırılmışdır.

Respublika büdcəsindən ayrılan vəsait hesabına 2004-2012-ci illərdə Kür-Araz və dağ çaylarında sel və daşqınlara qarşı sahilbərkitmə işləri və meliorasiya obyektlərində  baş verən qəza vəziyyətinin aradan qaldırılması üzrə tədbirlər həyata keçirilmiş 126,5 km uzunluğunda mühafizə bəndləri tikilmiş, 24,6  km uzunluğunda məcradüzləndirmə işləri aparılmışdır.

İslam İnkişaf Bankının, Səudiyyə İnkişaf və OPEK Fondlarının krediti hesabına 2007-ci ildə tikintisinə başlanmış su sərfi saniyədə 75 kubmetr olan Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələ üzrə 10,7 km-lik  hissəsinin tikintisi 2010-cu ildə başa çatdırılmışdır.

Dünya Bankının krediti hesabına “2-ci irriqasiya” layihəsi çərçivəsində Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Xaçmaz, Quba, naxçıvan MR-in Babək və Şərur rayonları ərazisində 52 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin bərpası və Bəhrəmtəpə hidroqovşağının yenidənqurulması üzrə işlər 2010-cu ildə başa çatdırılmış, “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsinin icrasına başlanılmışdır. Layihə çərçivəsində respublikanın 15 rayonunda  (Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Goranboy, Zərdab, Quba, Xaçmaz, Qusar, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı) 85 min hektar sahədə təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpası nəzərdə tutulmuşdur.

Asiya İnkişaf Bankının krediti hesabına “Selə qarşı tədbirlər” Layihəsi çərçivəsində 2006-2008-ci illərdə 12 rayonun ərazisində  34079 poqonmetr uzunluğunda sahilbərkitmə işləri görülmüşdür.  Layihənin həyata keçirilməsi nəticəsində 80 min hektar torpaq sahəsinin, 215 min nəfər əhalinin məskunlaşdığı 5 şəhərin və 43 kəndin sel və daşqın təhlükəsindən müdafiəsi təmin olunmuşdur.

Möhtərəm Prezidentimizin göstərişinə əsasən Dövlət Neft Fondunun vəsaiti hesabına 2006-cı ildən ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının (SES-lə birlikdə), uzunluğu 111 km və su sərfi saniyədə 40 kubmetr olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri müvəffəqiyyətlə davam etdirilir. Tikintinin cari ildə başa çatdırılması gözlənilir.

Tikintisinə 2009-cu ildən başlanılmış Şəmkirçay çayı üzərində dəryaçanın tikintisi işləri uğurla davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 50 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq, 21 min hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcəkdir.

Dünya Bankının krediti ilə “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”si çərçivəsində 2011-ci ildən respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Yardımlı və Lerik) içməli su və kanalizasiya  sistemləri infrastrukturunun bərpası və tikintisi  işlərinə başlanılmışdır. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı”na daxil olan tədbirlərin icrası ilə bağlı layihə sənədləri hazırlanaraq Abşeron magistral kanalının yenidənqurulması, Xəzər rayonu üzrə Zirə, Sabunçu rayonu üzrə  Bilgəh, Suraxanı rayonu üzrə Hövsan və Abşeron rayonu üzrə Goradil kəndlərində əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması tədbirləri üzrə nasos stansiyalarının, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin tikintisi və təmir-bərpası işlərinə başlanılmışdır.

Ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar olaraq Səhmdar Cəmiyyəti tərəfindən 230 min hektardan artıq ərazidə az məhsuldar qış  otlaq və dövlət torpaq fondunda olan sahələr və onlarda aparılacaq kompleks meliorativ tədbirlər müəyyənləşdirilmişdir. Hazırda Ağcabədi rayonu ərazisində 3300 ha və Beyləqan rayonunda 1500 ha pilot taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə Yuxarı Mil kanalının 10,7 km-lik hissəsinin tikintisinə başlanılmışdır.

Kür-Araz və digər dağ çayları boyunca 600  km-dən çox torpaq bəndlər möhkəmləndirilmiş,  hündürləndirilmiş və eni artırılmışdır.

Bütövlükdə son 9 ildə 1272 km uzunluğunda suvarma kanallarının və 874 km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, təmir-bərpası və yenidənqurulması işləri həyata keçirilmiş, 147 min hektar sahədə suvarılan torpaqların meliorativ vəziyyəti, 121 min hektar ərazidə yeni suvarılan sahələr də daxil olmaqla suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış, 682 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir.

2012-ci ildə mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay su anbarlarının qülləli suburaxıcı qurğusunda, Ağstafaçay sağ və sol sahil magistral kanallarda, Mil-Muğan və Samurçay hidroqovşaqlarının aşağı byefində, Türyançay hidroqovşağında, Yuxarı Qarabağ kanalının  İncəçay çayı ilə kəsişməsindəki sutullayıcı qurğusunda, Yuxarı Şirvan kanalının Türyançay və Girdimançay dükerlərində, Şəmkir Maşın kanalının I və II pillə nasos stansiyalarında, Göygöl rayonunda Gəncəçay baş suqəbuledici qurğusunda, 51 ədəd tərpənməz və 33 ədəd üzən nasos stansiyasıda,59 ədəd subartezian quyusunda, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı və Xızı rayonlarının ərazisindəki nov kanallarda, ayrı-ayrı rayonların qış otlaq sahələrində 21,1 kilometr uzunluğunda müxtəlif ölçülü boru kəmərlərində, dağ çaylarında 1100 poqonmetr daş-beton mühafizə bəndlərində, Ağdam, Quba, Şabran, Xaçmaz, Qazax, Tərtər və Göyçay rayonlarında 10 km-ə yaxın suvarma kanallarında və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.

Kür çayı boyunca 110,87  kilometr (Neftçala rayonu ərazisində 89,32 kilometr, Zərdab rayonu ərazisində 15,1 kilometr, Ağcabədi rayonu ərazisində 3,69 kilometr, Bərdə rayonu ərazisində 2,36 kilometr, Şirvan şəhəri ərazisində 0,4 kilometr), Araz çayı boyunca 43,8 kilometr, Saatlı rayonu ərazisində 23,7 kilometr və Girdiman çayı boyunca Kürdəmir rayonu ərazisində 28,4 kilometr,  cəmi 183,07 kilometr uzunluğunda mövcud torpaq-mühafizə bəndlərində hündürləndirmə işləri görülmüşdür. Sabirabad, Salyan, Neftçala rayonları və Şirvan şəhəri ərazisində 730 poqonmetr uzunluğunda daş-betonla sahilbərkitmə işləri aparılmışdır.

Bundan əlavə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 2011-ci ildəkindən 5,2 milyon kubmetr çox, yəni 61,4 milyon kubmetr həcmində (19217 km) lildən təmizləmə işləri görülmüş, 6395 hidrotexniki qurğu, 1075 hidropost, 330 subartezian nasosu, 48 stasionar nasosu, 64 elektrik və dizel mühərriki, 28 transformator, 17 üzən nasos stansiya təmir edilib işlək vəziyyətə gətirilmişdir. Çay məcralarında 16,5 milyon kub metr həcmində məcratəmizləmə işləri aparılmış, 18,5 min kub metr şax-daş və faşin, 4,1 min kub metr qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 23,2 min kub metr həcmində təmir işləri görülmüşdür. Torpaq eroziyasına və su itkilərinə qarşı mübarizə məqsədi ilə kanallar, kollektorlar və su təsərrüfatı obyektləri boyunca 160 hektar sahədə yeni meşə zolaqları salınmışdır.

2012-ci ildə vegetasiya suvarması başlananadək su anbarlarında 17,9 milyard kub metr həcmində su toplanmışdır ki, bu da  suvarmanın mütəşəkkil keçirilməsinə şərait yaratmışdır. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1353,7 min hektar sahədə orta hesabla 3,3 dəfə, o cümlədən taxıl 567323 hektarda 2,4 dəfə, pambıq 31192 hektarda 3,1 dəfə, tütün 1332 hektarda 3,6 dəfə, bostan-tərəvəz 70758 hektarda 4,8 dəfə, çoxillik əkmələr 83714 hektarda 3,4 dəfə və həyətyanı sahələr 156373 hektarda 4,6 dəfə suvarılmışdır. Bütün suvarma mənbələlərindən 7 milyard kubmetr su götürülmüş və ayrıcılardan su istifadəçilərinə 5 milyard kubmetr su verilmişdir.

Səhmdar Cəmiyyəti üzrə  2012-ci ildə bütün maliyyə mənbələrindən, o cümlədən büdcə vəsaiti,xarici investisiyalar, Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına 14 ədəd yeni və 74 keçid obyektində layihələndirmə və əsaslı tikinti-quraşdırma işləri aparılmışdır.

Dünya Bankının krediti hesabına “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində  406,15 km içməli su və 323,4 km uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.

“Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində şimal regionu Quba rayonu Alekseyevka SİB-də suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır. Mil-Muğan regionunda İmişli rayonu R-2 və Saatlı rayonu Fətəlikənd SİB-lərində suvarma-drenaj sistemlərinin qazılması, lildən təmizlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikintisi davam etdirilmişdir.

Samur-Abşeron suvarma sistemlərinin yenidən qurulması layihəsi üzrə 2012-ci ildə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Taxtakörpü su anbarının SES-lə birlikdə tikintisi, Taxtakörpü-Ceyranbatan kanalının tikintisi və Vəlvələçay-Taxtakörpü kanalının tikintisi obyektləri üzrə tikinti işləri davam etdirilmişdir.

Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin 11 aprel 2012-ci il tarixli 90 s nömrəli sərəncamının icrası olaraq “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində kanalın 6,7 kilometrlik hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisi layihəyə uyğun 30 avqust 2012-ci il tarixində başa çatdırılmışdır. Onun zonasında Səhmdar Cəmiyyətinə həvalə edilmiş 774 və 831 hektar sahələrdə kompleks meliorativ tədbirlər həyata keçirilmişdir. Kanal və onun zonasında yerləşən Beyləqan rayonunun 1500 ha və Ağcabədi rayonunun 3300 ha sahəsində özəl taxılçılıq təsərrüfatlarını suvarma suyu ilə təmin etməyə tam hazırdır. Hacıqabul rayonunun Muğan, Padar və Qarasu kəndlərində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə Padar magistral kanalının hidrotexniki qurğularla  birlikdə 3 km-lik hissəsinin tikintisi üzrə işlər yerinə yetirilmiş və Araz çayının yeni qolunun tikintisi ilə yeni suvarılan torpaqların istifadəyə verilməsi obyekti üzrə Araz çayının Yeni qolunun 5 km-lik hissəsində, Baş sugötürücü qurğuda və Cənub Muğan kanalının Qolla kəsişməsində dükerdə və 2 ədəd akvedukda tamamlanma işləri aparılmışdır.

Hacıqabul rayonunda Pirsaat, Astara rayonunda Ləvain, Şamaxı rayonunda Zoqalavaçay, Tovuz rayonunda Tovuzçay su anbarında əsaslı təmir işləri aparılmış, Şəmkir çayı üzərində dəryaçanın tikintisi üzrə işlər davam etdirilmişdir. Bənddə gil və daş-qaya tökmə işləri, elektrik stansiyasında və paylayıcı hovuzda beton işləri yerinə yetirilmiş, su anbarının tikintisi kompleksinə daxil olan nəqledici magistral kanalın 1945 poqonmetr, qidalandırıcı kanalın 6721 poqonmetr, Təhliyyə kanalının 4357 poqonmetr, Sol və Sağ sahil Şəmkirçay magistral kanalların 13535 poqonmetr hissəsinin qurğularla birlikdə tikintisi  tamamlanmışdır. Su anbarından kanallara suyu ötürmək üçün tunelin 6902 poqonmetr hissəsi qazılaraq başa çatdırılmış və onun 2500 poqonmetr hissəsi betonlaşmışdır. Hazırda həmin kanalların və tunelin qalan hissələrində işlər davam etdirilir.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 5 km-lik başlanğıc hissəsində və Xəzər rayonunun Zirə və Türkan qəsəbələri ərazisindən keçən 15 km-lik hissəsində yenidənqurma işləri aparılmışdır. Xəzər rayonu üzrə Zirə qəsəbəsi, Sabunçu rayonu üzrə Bilgəh kəndinin, Suraxanı rayonu üzrə Hövsan və Abşeron rayonu üzrə Goradil kəndlərində əkin və həyətyanı sahələrin yaxşılaşdırılması tədbirləri üzrə nasos stansiyaların, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər yerinə yetirilmişdir. Ümumilikdə 10349 poqonmetr kanal yenidən qurulmuş, 25018 poqonmetr təzyiqli metal boru kəmər çəkilmişdir.

Eyni zamanda Suraxanı rayonu Zığ, Sabunçu rayonunun Zabrat, Maştağa, Kürdəxanı, Abşeron rayonunun Novxanı, Fatmayı, Saray, Məhəmmədli, Mehdiabad və Digah qəsəbələri üzrə layihə sənədləri hazırlanmışdır.

Respublikanın ən sel təhlükəli çaylarında (Göyçay, Ağsuçay, Tərtərçay, Ağstafaçay, Daşağılçay, Oğuzçay, Şinçay, Kişçay, Qurcançay, Künğütçay, Muxaxçay, Katexçay, Balakənçay, İnterçay, Zəyəmçay, Kürmükçay, Mazımçay, Zərnəçay, Hamamçay, Alazançay, Pensərçay, Qudyalçay, Qusarçay, Samurçay, Vəlvələçay, Qaraçay və Dəmiraparançay) sel və daşqınlara qarşı 6904 poqonmetr uzunluğunda (dəmir-beton, daş-beton, beton, daş tökmə) sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bundan əlavə, çayın məcrasında 2045 poqonmetr uzunluğunda məcratəmizləmə işi görülmüş, İran İslam Respublikası ilə sərhəddə yerləşən Araz və Bolharı çaylarında 700 poqonmetr sahilbərkitmə işləri aparılmışdır.

Ümumilikdə 2012-ci ildə respublikanın rayonlarında 209204 poqonmetr suvarma kanallarının, 161825 poqonmetr suvarma kanallarının, 161825 poqonmetr kollektor-drenaj şəbəkələrin tikintisi, yenidən qurulması və bərpası aparılmış, 92550 poqonmetr qapalı suvarma şəbəkəsi və 3701 poqonmetr uzunluğunda təzyiqli metal boru xətti çəkilmiş, 7828 hektar sahəsədə  torpaqların su təminatı və 5947 hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 874 hektar suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə verilmişdir.

Ötən ildə əldə edilmiş nailiyyətlər bu ilin birinci yarısında da uğurla davam və inkişaf etdirilmişdir. 2013-cü ilin 4 ayı ərzində suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 11,4 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 1170 hidrotexniki qurğu, 196 hidropost, 65 subartezian nasosu, 18 stasionar nasos, 14 elektrik və dizel mühərriki, 7 transformator, 2 üzən nasos stansiya təmir edilib işlək vəziyyətə gətirilmişdir.

Çay məcralarında 3,1 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 3,4 min kubmetr şax-daş və faşın, 0,8 min kubmetr qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 4,3 min kubmetr həcmində təmir işləri görülmüşdür. Aparılan təmir və bərpa işləri əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasına şərait yaradacaqdır.

Cari ildə Səhmdar Cəmiyyəti  üzrə 20 ədəd yeni və 67 ədəd keçid obyektlərində layihələndirmə və əsaslı tikinti-quraşdırma işləri aparılması nəzərdə tutulmuşdur.

Ötən müddət ərzində “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində  100,3 km su xətləri və 63,2  km uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.

Dünya Bankının krediti və Azərbaycan tərəfinin payı hesabına “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində İmişli rayonu R-2 SİB-də, Saatlı rayonunda Fətəlikənd SİB-də, Sabirabad rayonunda Əhmədabad və Ulacalı SİB-də,  Goranboy rayonunda Veysli SİB-də, Ağcabədi rayonunda Qaradolaq SİB-də, Qusar rayonunda Qusar-Şahdağ SİB-də, Zaqatala rayonunda Qımır SİB-də  60  km uzunluğunda drenaj  şəbəkəsi,  90 km suvarma kanallarında qazma və lildən təmizləmə işləri aparılmış,  31 ədəd hidrotexniki qurğu təmir olunmuş, 391 ədəd yeni qurğu tikilmişdir.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan “Taxtakörpü su anbarının SES-lə birlikdə layihələndirilməsi və tikintisi” obyektində  gilli qruntan bəndin nüvəsinin tökülməsi, filtirlərin qoyulması və qum-çınqıl qarışığından ibarət bəndin gövdəsinin və yamaclarına iri daşların tökülməsi işləri  davam etdirilmişdir.

“Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” obyekti üzrə kanalda selötürənlərin tikintisi, kanalda beton üzlüyün qoyulması, dükerlərin armatur karkaslarının yığılması və betonlanması, akvedukların kanal üzərində körpülərin tikintisi işləri görülmüşdür.

“Vəlvələçay-Taxtakörpü kanalının tikintisi” obyekti üzrə kanalın II-mərhələsi üzrə müvafiq tamamlama işləri aparılmışdır.

İri taxılçılıq təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulan obyektlər üzrə  Hacıqabul rayonunun inzibati ərazisindəki 1625,6 hektar qış otlaq sahəsində, Füzuli və Ağcabədi rayonlarının inzibati ərazilərindəki uzunmüddətli icarədə olan, müvafiq olaraq 3000 ha və 1000 ha dövlət ehtiyat fondu torpaqlarında (cəmi 5625,6 ha) tikinti işlərinə başlanılmışdır.

Torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri üzrə Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə, Kürdəmir rayonu ərazisində Axtaçı-Ərəbqubalı kanalının, rayonun Çərtəyaz, Çöl Ərəb və Muradxanlı kəndlərinin su təminatını yaxşılaşdırmaq üçün  kanalların, Goranboy rayonunda “Xanarx” beton kanalının, Laçın payonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarının torpaqlarının suvarılması üçün suvarma kanallarının tikintisi və Qayğı kanalının yenidən qurulması, Ağstafa rayonunun ərazisindəki Candar kanalının əsaslı təmiri, Yuxarı Qarabağ kanalı maşın qolunun və Qazax rayonunun Şıxlı arxının dəhnəsində beton kanalın tikintisi, rayonun Kəmərli, Aslanbəyli, Xanlıqlar, İkinci Şıxlı, Abbasbəyli, Alpout, Fərəhli, Ürkməzi kəndlərinin, Ağcabədi rayonunun Salmanbəyli kəndinin, Tovuzçay su anbarından rayonun əkin sahələrinə suvarma suyunun verilməsi və Ağdam rayonunun Ergi massivinin su təminatının yaxşılaşdırılması üzrə kanalların tikintisi işləri  davam etdirilmişdir. 57,4 km uzunluğunda suvarma kanalları tikilmiş, yenidən qurulmuş və bərpa olunmuş, 28,1 km uzunluğunda qapalı suvarma şəbəkəsi və 26,8 km uzunluğunda təzyiqli metal boru xətti çəkilmişdir.

 Hacıqabul rayonunda Pirsaat, Astara rayonunda Ləvain, Şamaxı rayonunda Zoqalavaçay, Tovuz rayonunda Tovuzçay su anbarlarında əsaslı təmir işləri aparılmış, Şəmkir  çayı üzərində dəryaçanın tikintisi üzrə işlər davam etdirilmişdir. Bənddə gil və daş-qaya tökmə işləri, elektrik stansiyasında və paylayıcı hovuzda beton işləri yerinə yetirilmiş və tikinti kompleksinə daxil olan  Sol və Sağ Sahil Şəmkir, qidalandırıcı, nəqledici, təhliyyə kanallarında qurğularla birlikdə tikinti işləri aparılmış, tunelin tikintisi üzrə işlər yerinə yetirilmişdir.

Respublikanın rayonlarında su təchizatının yaxşılaşdırılması üzrə rayonların ərazisində 1610 ha sahədə  qazılacaq 55 ədəd subartezian quyusunun yerləri müəyyənləşdirilmiş və layihə sənədlərinin hazırlanması üzrə işlər tamamlanmış, 10 ədəd quyuda qazma işləri başa çatdırılmışdır.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına respublikanın 29 rayonunun 104 yaşayış məntəqəsində  əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün qazılacaq 107 ədəd subartezian quyularının yerləri müəyyənləşdirilmişdir.

Qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Biləsuvar rayonunun Aranlı və Çinarlı kəndlərində və rayonun sərhədyanı ərazilərində, Yevlax rayonunun 1000 ha torpaq sahəsində, Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarında, İsmayıllı rayonunda Mican kəndində, Tərtər, Ağstafa və Şəmkir rayonlarında qrunt sularının səviyyəsinin aşağı salınması məqsədi ilə açıq suyığıcı və qapalı drenaj şəbəkəsi tikilmişdir. Ümumilikdə 22,3 km uzunluğunda kollektor-drenaj şəbəkəsinin tikintisi, yenidənqurulması və bərpası aparılmış, 380 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı  Xəzər rayonu üzrə Zirə qəsəbəsində, Sabunçu rayonu üzrə Bilgəh, Suraxanı rayonu üzrə Hövsan və Abşeron rayonu üzrə Goradil kəndlərində 3533  poqonmetr kanal yenidən qurulmuş, 714 poqonmetr təzyiqli metal boru və 1035 poqonmetr uzunluğunda suvarma boru kəməri çəkilmişdir. Hazırda bu işlər davam etdirilir. Eyni zamanda Suraxanı rayonunun Zığ, Sabunçu rayonunun Zabrat, Maştağa, Kürdəxanı, Abşeron rayonunun Novxanı, Fatmayı, Saray, Məhəmmədli, Mehdiabad və Digah qəsəbələri üzrə layihə sənədləri hazırlanmışdır.

Respublikanın ən təhlükəli çaylarında sel və dapşqınlara qarşı mühafizə bəndlərinin tikintisi davam etdirilmişdir. Göyçay çayı, Ağsuçay, Tərtərçay, Ağstafaçay, Daşagılçay, Oğuzçay, Şinçay, Kişçay, Qurcanaçay, Küngütçay, Muxaxçay, Katexçay,Balakənçay, İnterçay, Zəyəmçay, Kürmükçay, Mazımçay, Zərnəçay, Hamamçay, Alazançay, Pensərçay, Qudyalçay, Qusarçay və Dəmiraparançay çaylarında 2823  poqonmetr uzunluğunda (dəmir-beton, daş-beton, beton, daş tökmə) sahilbərkitmə işləri görülmüşdür. Bundan əlavə Turyançay çayının məcrasında 1694 poqonmetr uzunluğunda məcratəmizləmə işi görülmüş, İran İslam Respublikası ilə sərhəddə  Araz və Bolharlı çaylarında sahilbərkitmə işlərinin, Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin yağış və sel sularından mühafizəsi tədbirləri, Şəki rayonunda Heydər Əliyev Mərkəzinin, Bayraq meydanının və icra hakimiyyətinin inzibati binasının Kiş çayının sel sularından və Lənkəran rayonunun Vilvan, Viravul və Separadi kəndlərinin ərazisinin Viravulçay və Ulumçay çaylarının sel və daşqın sularından mühafizəsi üçün layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.

Həyata keçirilmiş tədbirlər respublika regionlarının su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaratmışdır.

 Səhmdar Cəmiyyəti tərəfindən görülən işlərlə yanaşı, ölkədə meliorasiya və su təsərrüfatının dayanıqlı inkişafını təmin etmək üçün sahənin gələcək inkişaf istiqamətləri və görüləcək işlər müəyyənləşdirilmişdir.

Növbəti illərdə meliorasiya və su təsərrüfatı sahəsində  aşağıdakı təxirəsalınmaz tədbirlərin görülməsi nəzərdə tutulur:

 

-su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi;

 

-mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması, onların istismarının yaxşılaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsinin təmin edilməsi;

 

-suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması;

 

-sahil mühafizə bəndlərinin tikilməsi hesabına sel və daşqın sularının zərərli təsirinin qarşısının alınması;

 

-su ehtiyatlarından səmərəli istifadə edilməsi və suya qənaətedici texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi;

 

 -meliorasiya və su təsərrüfatının elmi təminatının gücləndirilməsi.

 

 Bu tədbirlərlə  ümumi tutumu 545 milyon kubmetr olan 8 yeni su anbarının tikilməsi, ümumi tutumu 472 milyon kubmetr olan 5 su anbarının layihəsinin hazırlanması, 418 km uzunluğunda suvarma kanallarının tikilməsi, 115 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi, 309 min hektar sahənin meliorativ vəziyyətinin yaxşılaşdırılması, 246 min hektar sahədə suvarma və kollektor-drenaj şəbəkələrinin yenidən qurulması, 89 min metr qoruyucu bəndlərin tikilməsi nəzərdə tutulur.

 Bu tədbirlərin həyata keçirilməsi  respublikamızda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının xeyli artırılmasına, çaylarda axının nizamlanmasının təmin edilməsinə və istifadəsiz olaraq Xəzər dənizinə axıdılan suların həcminin xeyli azaldılmasına imkan yaranacaqdır.

Bir daha qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin  meliorasiya və su təsərrüfatının inkişafına olan diqqət və qayğısı ardıcıldır.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da meliorasiya və su təsərrüfatının inkişafına önəm verilmişdir.  Sahənin qarşısında duran vəzifələrdən danışarkən dövlət başçısı demişdir: “Hazırda Azərbaycanda iki nəhəng layihə Taxtakörpü su anbarı - Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir. Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcəkdir. Bu layihələr  çox böyük maliyyə vəsaiti tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki bu, ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır. Taxtakörpü su anbarı bu il istifadəyə verilməlidir. Şəmkirçay su anbarı isə yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Hər halda, Dövlət İnvestisiya Proqramında və Neft Fondunun investisiya layihələrində bu sahəyə kifayət qədər böyük məbləğ ayrılır. Sadəcə olaraq, bütün işlər yüksək keyfiyyətlə və vaxtında aparılmalıdır ”

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda, regionlara səfərləri zamanı etdiyi çıxışlarında dövlət başçısı hər zaman ölkədə meliorasiya və su təsərrüfatının inkişafına ciddi önəm verir.

Möhtərəm Prezidentimiz tərəfindən  ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət  bizi daha səylə  işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.

Dövlətimizin və onun başçısı  cənab İlham Əliyevin diqqət və qayğısına cavab olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  çoxminli kollektivi qarşılarına qoyulmuş vəzifələri uğurla yerinə yetirmək üçün bundan sonra  daha  səylə çalışacaqlar.

 

 

  ƏHMƏD ƏHMƏDZADƏ,

 Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri

 

Xalq qəzeti.- 2013.- 4 iyun.- S. 3-4.