Bakıda beynəlxalq
əməkdaşlıq sərgisi öz
işinə başlayır
Bu gün Bakıda dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən tanınmış şirkətlərinin iştirakı ilə keçirilən ənənəvi “Xəzər nef-qaz, neftayırma və neft kimyası sərgi və konfransı” öz işinə başlayır. Xatırladaq ki, Xəzəryanı regionun neft-qaz sektoru üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bu beynəlxalq tədbir neft və milyonlar səltənəti olan Bakı şəhərində ilk dəfə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir. Bu möhtəşəm tədbir dünyanın əsas iqtisadi dairələrinin, neft-qaz sektorunda çalışan transmilli şirkətlərinin diqqətini Xəzər regionunun, xüsusən də qədim neft diyarı kimi tanınan Azərbaycanın karbohidrogen ehtiyatlarına, burada reallaşdırılan iri neft və qaz layihələrinə yönəltmək baxımından müstəsna rol oynayır.
Beynəlxalq “Xəzər neft-qaz
sərgi və konfransı” bu sahədə
fəaliyyət göstərən şirkətlər üçün, bir növ, hesabat xarakteri daşıyır. Adıçəkilən
tədbirin böyük şöhrət
qazanmasının başlıca səbəblərindən biri də dünya neft-qaz hasilatı sənayesinin beşiyi
sayılan Azərbaycanın bu sahədəki
zəngin ənənələri, ölkə rəhbərliyinin
sərgiyə, həmçinin neft sektorunun inkişafına göstərdiyi
qayğı və diqqətdir. Bu və
digər məsələlər barədə 20-ci “Xəzər
neft-qaz, neftayırma və neft
kimyası” sərgi və konfransa həsr olunmuş dünənki mətbuat
konfransında ətraflı məlumat verildi.
Böyük Britaniyanın “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon bildirdi ki, Xəzəryanı regionu üzrə neft-qaz sahəsində ən böyük tədbir sayılan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən beynəlxalq “Xəzər neft və qaz, neftayırma və neft kimyası” sərgi və konfransı iyun ayının 4-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Qeyd olundu ki, bu il “Xəzər neft və qaz” sərgisinin yubileyi əlamətdar bir tarixə - sərginin banisi və təşəbbüskarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə eyni dövrə təsadüf edir. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilmişdir. Həmin vaxtdan etibarən sərgi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir. Sərgi və konfransın iştirakçıları siyahısında dünyanın neft və energetika sektorunun aparıcı şirkətlərinin yer aldığını diqqətə çatdıran E. Stroon bildirdi ki, ötən illər ərzində bu mötəbər tədbirdə dünyanın 70-dən çox ölkəsindən 5600 şirkət iştirak etmişdir. 22 şirkət isə keçirilən bütün sərgi və konfransların daimi iştirakçısı statusunu qazanmışdır. Qeyd olundu ki, sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi bu tədbirin yüksək statusunu daha da möhkəmləndirir. Natiq yüksək diqqət və qayğıya görə Azərbaycan dövlətinin, eləcə də Sənaye və Energetika Nazirliyi və Dövlət Neft Şirkətinin rəhbərliklərinə təşəkkürünü bildirdi.
Sərginin
meneceri Tofiq Kərimov isə bildirdi ki, builki tədbirdə
neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi
ilə məşğul olan, habelə servis xidmətləri
göstərən 28 ölkədən
386 şirkət iştirak edəcək. Qeyd
olundu ki, yubiley sərgisi Bakı Ekspo
Mərkəzinin 3 pavilyonunda, eləcə
də komplekslə yanaşı, açıq meydançada
keçiriləcək. Almaniya, Çin, Rusiya, Türkiyə
və Böyük Britaniya
isə sərgidə öz milli qrupları ilə təmsil olunacaqlar. Ötən il ilə
müqayisədə sərgi meydançalarının həcminin
22 faiz, eksponatların ümumi
sayının isə 25 faiz artdığını bildirən
T. Kərimov qeyd etdi ki, yeni şirkətlərin Azərbaycan
bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20 faizini təşkil etməsi sərgiyə olan
beynəlxalq marağın məntiqi nəticəsidir.
Yeri
gəlmişkən, 20-ci yubiley sərgi və konfransı bir
sıra yenilikləri ilə də yaddaqalan olacaqdır. Belə
ki, bu il
Azərbaycanda mühüm neft-qaz
hasilatı və ixracı layihələrinin operatoru
olan bp şirkəti tədbirdə
“Alıcı ilə tanış ol” adlı
xüsusi pavilyonla təmsil
olunacaq. Bu barədə jurnalistlərə məlumat verən bp-nin Azərbaycan, Gürcüstan
və Türkiyə regionu xarici
əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirdi ki, sayca ikinci
dəfə təşkil olunan bu aksiya yerli
şirkətlərə iri neft-qaz işlənməsi və ixracı layihələrində
daha çox iştirak payı əldə etmək
imkanı yaratmaq məqsədi
daşıyır. Sərgi boyu davam edəcək bu tədbirə
isə bu gündən start
veriləcək.
Daha sonra “Xəzər neft-qaz konfransı”nın meneceri Nigar Muradxanlı iyunun 5-də öz işinə başlayacaq ənənəvi konfrans barədə media nümayəndələrinə ətraflı məlumat verdi. Qeyd olundu ki, bu il tədbir ilk dəfə olaraq “Cumeirah Bilgah Beajh Hotel” mehmanxanasında keçiriləcək. Konfransda “Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu”, “Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq”, “Geoloji tədqiqat və Azərbaycanın karbohidrogen ehtiyatları potensialının genişləndirilməsi”, “Yataqların işlənilməsi üzrə əsas layihələr: şelf infrastrukturları üzrə innovasiyalar”, “Azərbaycanda neft-kimya və neft emalı potensialının inkişafı” və “Maye qazların inkişafı, emalı və nəqli sahəsində yeni təmayüllər” və. s məruzələr dinləniləcək. Bununla yanaşı, tədbir çərçivəsində keçiriləcək 3-cü beynəlxalq energetika və alternativ enerji sərgisi də öz aktuallığına görə xüsusi marağa səbəb olacaq.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 4 iyun.- S. 5.