Berlində Respublika Günü qeyd edilmişdir

 

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) 28 MayRespublika Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri açan AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmailova 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat vermişdir. O, 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iqtisadi və sosial sahələrdə qazandığı uğurlar, eləcə də siyasi aləmdə mövqeyinin getdikcə güclənməsindən danışmışdır.

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev ölkəmizin tarixi və müasir dövrdəki inkişafına dair “Azərbaycan - tarix və müasirlik” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlardan danışılmışdır. O, Azərbaycanın bu illərdə əldə etdiyi nailiyyətlər, ölkə rəhbərliyinin tarixin araşdırılmasına, mədəniyyətin və milli ənənələrin qorunub saxlanmasına verdiyi əhəmiyyət və respublikamızın xarici ölkələrlə, xüsusən də Almaniya ilə qurduğu mədəni-iqtisadi əlaqələrdə qazandığı uğurlar haqqında ətraflı məlumat vermişdir.

Digər çıxışlarda da Respublika Gününün əhəmiyyətindən, eləcə də Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətindən danışılmışdır.

Sonra Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsərinin motivləri əsasında Elçinin ssenari üzrə rejissor Ramiz Fətəliyevin çəkdiyi “Hökmdarın taleyi” bədii filmi nümayiş etdirilmişdir.

Filmin nümayişindən sonra xatirə şəkilləri çəkdirilmiş, ziyafət verilmiş və iştirakçılarla fikir mübadiləsi aparılmışdır.

 

Vüqar SEYİDOV

 

Xalq qəzeti.- 2013.- 4 iyun.- S. 7.