Binəqədililər ulu öndərin misilsiz xidmətlərini böyük qədirbilənliklə daim uca tuturlar

 

Müasir Azərbaycan dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən sayılan tarixi Qurtuluşdan ötən illər müstəqil Azərbaycanın çiçəklənmə və yüksək inkişaf dövrü kimi xarakterizə olunur. Məhz 1993-cü ilin təlatümlü iyun günlərində ölkəmiz parçalanmaq, dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşəndə müdrik xalqımız düzgün qərar qəbul edərək yeganə ümidi, xilaskarı olan Heydər Əliyevi təkidlə paytaxta dəvət etdi.

Canından da artıq sevdiyi Vətəninin, xalqının həmin  çətin günlərində bu dəvəti qəbul edərək hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən birdəfəlik xilas etdi. İndi üstündən illər ötməsinə baxmayaraq, qədirbilən xalqımız bu əlamətdar tarixi böyük bayram təntənəsi ilə qeyd edir, müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyev şəxsiyyətinə olan sonsuz məhəbbət və ehtiramlarını bildirir.

Bayram münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən toplantıda da bu barədə ətraflı danışıldı. Tədbir bayrama həsr olunmuş filmin nümayişi ilə başlandı. Sonra ümummilli liderimizin xalqımız qarşısındakı tarixi xidmətləri minnətdarlıqla xatırlandı, ulu öndərin xatirəsi dərin ehtiramla yad olundu. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov  dövlətçiliyimizin tarixində ən müdhiş dövr sayılan 1993-cü ilin iyun günlərinin siyasi mənzərəsini xarakterizə edərək həmin çətin, məsuliyyətli anlarda xalqımızın düşünülmüş qərarı nəticəsində böyük xilaskar Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə Azərbaycanın qurtuluşunun başlandığını diqqətə çatdırdı.

“Heydər Əliyev Azərbaycanı azərbaycanlılara qaytardı”, - deyən X. İsgəndərov bildirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı üçün elə möhkəm təməllər qoymuşdur ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizi həmin təməllər üzərində bütün sahələrdə sürətlə inkişaf etdirir, əbədi tərəqqiyə qovuşdurur.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək göstərdi ki, Azərbaycanın Qurtuluş epopeyasının müəllifi olan ulu öndər Hedər Əliyevin ağlı, zəkası sayəsində xalqımız 1993-cü ilin təlatümlü günlərindən, çətin sınaqdan şərəflə çıxdı.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Eldar İbrahimov ulu öndər Heydər Əliyevə olan ümumxalq məhəbbətindən, dərin və sonsuz inamdan söhbət açdı. Qeyd olundu ki, AXC-Müsavat, eləcə də ondan əvvəlki siyasi hakimiyyətlərin Heydər Əliyevə olan biganə, soyuq münasibətlərinə baxmayaraq, xalq bu böyük şəxsiyyətə həmişə xilaskar kimi baxmışdır. Elə 1993-cü il iyunun 9-da xalqın çətin günlərində ona arxa, həyan durmaq üçün paytaxta üz tutan Heydər Əliyevin gəlişi ilə Azərbaycanın qurtuluşu başlandı. İyunun 15-də Azərbaycan Respublikasının üzərində xoşbəxtlik günəşinin doğduğunu diqqətə çatdıran natiq bildirdi ki, Heydər Əliyevin siyasi hakimiyyətə tarixi qayıdışı torpaqları itirilmiş, əhalisi qaçqın düşmüş, daxili hərc-mərclikdən, səriştəsiz rəhbərliyin naşı siyasətindən cana doymuş bir millətin daxili dünyasında ümid çırağı yandırdı.

Milli Məclisin deputatı Rafael Cəbrayılov  1993-cü ilin iyun hadisələri zamanı hərc-mərcliyi, yaranmış ağır vəziyyəti xatırladaraq, yalnız ümummilli liderin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sabitliyin bərqərar olunmasından söz açdı. Natiq dünya şöhrətli siyasi xadimin zəngin dövlət idarəçiliyi təcrübəsindən danışdı, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, respublikamızın dünya birliyinə inteqrasiyasında müstəsna rolunu diqqətə çatdırdı.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 15 iyun.- S. 5.