Nəqliyyat və
loqistika sərgisi beynəlxalq əməkdaşlığa
təkan verir
Azərbaycanda infrastrukturun inkişafına şərait yaradan və tranzit yüklərin ölkəmizin ərazisindən istifadə etməklə cəlb olunması imkanlarının nümayişinə xidmət edən beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” sərgisi Qafqazda mühüm nəqliyyat forumu hesab olunur. Bu sərgi təsis edildiyi vaxtdan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və “TRASEKA” (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsi ilə sıx əməkdaşlıq edir.
Bakı Sərgi Mərkəzində 12-ci beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” sərgisi öz işinə başladı. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov bildirdi ki, 12-ci beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi əlamətdar bir dövrə–xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışının 20-ci ildönümünün qeyd olunduğu günlərə düşür. Məhz ulu öndərin xalqın təkidli xahişi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə ictimai-siyasi sabitlik bərpa olunmuş, iqtisadiyyatın bütün sahələrində dirçəliş baş vermişdir. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran natiq qeyd etdi ki, ölkəmizin yol-nəqliyyat infrastrukturu da bu nailiyyətlər fonunda özünün sürətli inkişaf dövrünü yaşayır. Beynəlxalq nəqliyyat qovşaqlarının üzərində yerləşən Azərbaycan daşımaçılıq sahəsində mühüm beynəlxalq tərəfdaşdır. Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının başa çatdırılması isə bu əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəkdir.
Qeyd olundu ki, regionda ən əhəmiyyətli nəqliyyat forumu olan bu sərgi Azərbaycanın nəqliyyat-tranzit potensialından səmərəli istifadə olunmasına, nəqliyyat mütəxəssisləri arasında məhsuldar əməkdaşlıq əlaqələrinin qurulmasına mühüm töhfə verəcəkdir. M.Pənahov bu beynəlxalq sərginin işgüzar danışıqların aparılmasına və qarşılıqlı faydalı müqavilələrin imzalanmasına, bölgə infrastrukturunun gələcək inkişafı üçün münbit şəraitin yaradılmasına, satış bazarlarının genişləndirilməsinə və birgə müəssisələrin təsis olunmasına, eləcə də ölkənin yol-tikinti bazarında sərmayə layihələrinin, müasir texnika və avadanlığın daha geniş istifadəsinin təşviqinə kömək göstərəcəyini diqqətə çatdırdı.
Sərginin təşkilatçısı olan “ITE Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirdi ki, artıq 12 ildir ki, adıçəkilən sərgi Azərbaycanın nəqliyyat-tranzit potensialından səmərəli istifadə olunmasına öz töhfəsini verməklə yanaşı, regionda nəqliyyat sənayesi mütəxəssisləri arasında səmərəli əməkdaşlığa da kömək edir.
Sonra sərginin açılışını bildirən rəmzi lent kəsildi.
Xatırladaq ki, sərgiyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“AZPROMO”) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstək göstərilir. Builki sərginin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərginin rəsmi otelləri qismində “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Poynt Hotel” mehmanxanaları, rəsmi turoperatoru qismində isə “Greenwich Travel Club” şirkəti çıxış edirlər. Sərginin təşkilatçıları “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkətidir.
Builki sərgi dünyanın 19 ölkəsinin 100-dək şirkətini bir araya gətirərək ötən il illə müqayisədə ekspozisiya meydançasını 20 faiz genişləndirmişdir.
Onu da qeyd etmək lazımdır ki, iştirakçıların təxminən 40 faizi “Trans Saspian” sərgisində öz məhsul və xidmətlərini ilk dəfə təqdim edən şirkətlərdir. Builki tədbirdə iştirakçıların ümumi sayının 50 faizini təşkil edən xarici eksponentlərin fəal iştirakı da diqqəti cəlb edirdi. Onların sırasına Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyadan olan şirkətlər daxildir. İsveç və Rumıniya sərgidə debüt edən iştirakçı ölkələrdir. Latviya milli stendi isə ardıcıl olaraq üçüncü ildir ki, sərgidə iştirak edir. Kommersiya təşkilatları ilə yanaşı, sərgidə, həmçinin Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti kimi ölkəmizin dövlət nəqliyyat strukturları da iştirak edirlər.
Məlum olduğu kimi, hazırda Azərbaycanın nəqliyyat sektorunda bir çox yeni layihələr həyata keçirilir. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakıda yeni hava limanı, Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının və yeni gəmiqayırma zavodunun inşası kimi layihələri xüsusilə qeyd etmək olar. Xatırladaq ki, həmin layihələr ölkənin artan potensialına və Azərbaycanın getdikcə güclənməsinə xidmət edir. Elə bütün bu perspektivli istiqamətlər builki sərginin ekspozisiyasında öz əksini tapır. Belə ki, sərgidə dəmiryol və avtomobil yolu nəqliyyatı, dəniz və quru ilə daşımalar, limanlar və liman avadanlıqları, neftin nəqli, habelə informasiya sistemləri, naviqasiya və monitorinq sistemləri kimi bölümlər sərgidə geniş şəkildə təqdim olunur.
Daşıma sektorunu Gürcüstan, Rusiya və Azərbaycandan olan şirkətlər təqdim edirlər, bu il müsbət dinamika nümayiş etdirən “Gəmiqayırma və gəmilərin təmiri” bölümü isə İsveç, Ukrayna və Azərbaycandan olan şirkətlər tərəfindən təqdim olunur. Sonda o da qeyd olundu ki, “Trans Saspian” sərgisi ölkə üçün mühüm strateji layihə olaraq təcrübə mübadiləsi, bazarın qiymətləndirilməsi, işgüzar görüşlərin keçirilməsi və yeni işgüzar əlaqələrin yaradılması üçün unikal imkanlar yaradacaq.
Sərgidə nəqliyyat sahəsində əldə olunan son nailiyyətlər, yerli və xarici şirkətlərin ən üstün texnologiya və avadanlıqları nümayiş etdirilirdi. Burada həmçinin dəmiryol nəqliyyatı, yüklərin avtomobil yolu və dənizlə daşınması, eləcə də neftin nəqli kimi sektorlar da geniş təqdim olunur. Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna və Belarus şirkətlərinin yükdaşıma ilə bağlı təqdimatları da sərgi işrirakçılarının xüsusi marağına səbəb oldu.
Xatırladaq ki, 12-ci beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” sərgisi iyunun 15-dək davam edəcək.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 15 iyun.- S. 7.