Qəhrəman jurnalistin ölməz xatirəsi

 

Azərbaycanın ilk milli qəhrəmanlarından olan Kazımağa Möhsün oğlu Kərimov 1 sentyabr 1951-ci ildə Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarını düzgün tərbiyələndirmək, onları xalqına-milllətinə layiqli övladlar olaraq böyütmək olmuşdur. Çətin də olsa Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaratmışdılar.

 Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitirdikdən sonra ali təhsil almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirir. Kazımağa beş il müddətində təhsil aldığı universitetin bütün ictimai işlərində fəal iştirak edirdövri mətbuatda tez-tez qələmini sınayırdı. Kazımağanın həmin zamanlar ağlına belə gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Çünki Kazımağa son dərəcə peşəsinə bağlı bir insan idi. Görünür, bu da Kazımağanın taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş.

Kazımağa xarakter etibarı ilə də fərqli bir insan idi. İlk baxışdan nə qədər zəhmli görünsə də, daxilən çox səmimi, mehribanheç zaman kimsədən köməyini əsirgəməyən bir insan idi. İkiüzlülükdən, riyakarlıqdan uzaq olan bu insan ən xırda haqzılığa, ədalətsizliyə belə dözə bilmir və səsini ucaldırdı. Onu həmyaşıdlarından fərqləndirən əsas xüsusiyyət isə son dərəcə uzaqgörən olması, ətrafda cərəyan edən hadisələri özünəməxsus şəkildə analiz edərək düzgün qərarlar çıxarması idi. Kazımağanın bu xarakteri, tələbəlik illərində müəllimi olmuş Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi, yazıçı-publisist Qulu Xəlilovun xatirələrində də öz əksini tapmışdı. Yazıçı Kazımağada olan bu xarakteri adında olanağasözü ilə uyğunlaşdırmışdı.

Universiteti bitirdikdən sonra Kazımağa bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışmışdır.

1988-ci ildə doğma Vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Evini, ailəsini və hər zaman uca tutduğu peşəsini arxada qoyaraq cəbhə bölgəsinə yollandı. Kazımağanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranbaydan keçdi. Özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant kimi doğma torpaqlarımızın müdafiəsinə qalxdı.

Döyüş yolu Goranboydan keçən Kazımağa doğma Qubadlını da unutmadı. III özünümüdafiə batalyonun formalaşmasında yaxından iştirak etdi. Kazımağa yeni yaradılan batalyonun silah-sursat, hərbi texnika ilə təmin edilməsi üçün əlindən gələni əsirgəmədi.

Hərbi geyim Kazımağanın boy-buxununa nə qədər yaraşsa da o, xasiyyətcə hərbiçilikdən çox uzaq bir insan idi. Ağlına belə gəlməzdi ki,  vaxtsa əlinə silah alacaq, nişan alıb adam öldürəcək.

Kazımağada Vətənə, torpağa məhəbbət təsadüfi deyildi. O, XIX əsrin ikinci yarısında Sankt-Peterburq şəhərində Ali Hərbi məktəbi bitirmiş və 1918-1920-ci illərdə Ermənistan–Azərbaycan müharibəsi zamanı doğma torpaqlarımızın müdafiəsinə qalxmış Zəngəzur mahalının tanınmış bəylərindən olan İsmayıl bəyin nəvəsi idi.

Kazımağa döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tapqaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edən Kazımağa  bu sınaqdan alnıaçıq çıxmışdır. Bu uğurlarla kifayətlənməyən Kazımağa komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu, düşmən tapdağı altında olan keçmiş Şamuyankənd rayonunun azad olunması olur. Bu, Kazımağanın iştirak etdiyi sonuncu əməliyyat olur.

 

1992-ci ilin 12-13 iyununda keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Əsgər və zabitlərdə ruh düşgünlüyünün yarandığını hiss edən Kazımağa döyüşü davam etdirmək əmri verir. Elə həmin tarix Şamuyankənd rayonunun azad olması günü kimi Azərbaycan tarixinə həkk olur.

Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa  sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. Ayağından yaralanan Kazımağa “yaxşı ki, yazan əlim vardeyir. “Dağ boydabir insanın ayağından aldığı yara ilə dünyasını dəyişəcəyini güman belə etmirdilər. Ancaq amansız ölüm Kazımağanı sevənlərə onsuz necə yaşayacaqlarını da öyrətdi. Kazımağa 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı.

Kazımağa Kərimova ölümündən bir həftə sonra Azərbaycanın ilk Milli Qəhrəmanı fəxri adı verildi. Bu ada layiq görülən Kazımağa ilk jurnalist idi ki, belə bir fəxri ada layiq görülmüşdür.

Kazımağa Kərimovun adının əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində adına küçə verildi. Goranboy rayonunda büstü qoyuldu. Qubadlı rayon Balasoltanlı kənd orta məktəbi və Goranboy rayon Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır.

Son dəfə Bakı şəhərində tələbə yoldaşları və qələm dostları ilə görüşən Kazımağa onlara yaxın zamanlarda Qarabağ müharibəsində dönüşün təməlinin məhz Goranboy cəbhəsində qoyulacağını söyləyir və düşmən tapdağı altında olan bütün torpaqlarımız azad olduqdan sonra qələmini yenidən əlinə alacağına, onlarla çiyin-çiyinə çalışacağına söz verir. Yoldaşları ilə sağollaşan Kazımağa növbəti dəfə Bakıya iyun ayının 16-da gələcəyini söyləyir və görüş yeri “Şəhidlər Xiyabanı” seçilir. Həmin tarixdə Kazımağa ilə görüşmək üçün “Şəhidlər Xiyabanı”na gələn yoldaşları gözləmədikləri bir mənzərə ilə rastlaşırlar. Çünki kələn Kazımağanın özü deyil, cansız bədəni idi. Kazımağa bu dəfə onu sevənlərin çiynində son mənzilə yola salınırdı.

Kazımağanın vaxtsız ölümü ilə nəinki onun doğmaları, eləcə də tələbə yoldaşları, qələm dostları da barışa bilmirlər. Zaman-zaman dövri mətbuatda Kazımağa ilə bağlı xatirələrini bölüşürlər. Bu, Kazımağanın ölümündən illər keçsə də onun xatirələrdə hələ də yaşadığını göstərir.

Kazımağanın xarakterinə, düşüncəsinə yaxından bələd olan bir insan olaraq qeyd etmək istəyirəm ki, bu gün onun ruhu şad deyil. Çünki canını Vətən yolunda, torpaq yolunda qurban verən Kazımağanın doğulub boya-başa çatdığı doğma Qubadlısı düşmən tapdağındadır.

Kazımağanın və onun kimi doğma torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canlarını qurban verən Azərbaycanın mərd oğul və qızlarının ruhları yalnız düşmən tapdağında olan torpaqlarımız azad olduqdan sonra şad olacaqdır.

 

Şəfəq XANLARQIZI

 

Xalq qəzeti.- 2013.- 15 iyun.- S. 11.