15 iyun – xaosun
sonu, milli qurtuluşun başlanğıcı
(əvvəli qəzetin
15 iyun 2013-cü il tarixli sayında)
Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici əhəmiyətə malik oldu, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-ci il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.
Bu gün ölkənin təsdiq edilmiş
enerji ehtiyatları 1,5-2 milyard tondan artıq neft və 2,6
trilyon kubmetr qazdan ibarətdir və 7 kəmərlə Avropa və
dünya bazarlarına çatdırılır. Bunlardan
3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri)
4-ü isə qaz ( Türkiyə,
Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir.
Bunların içərisində Heydər
Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC)
neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz
boru kəmərlərinin istifadəyə verilməsi həm
regional, həm də Avropanın enerji təhlükəsizliyi
baxımından xüsusi əhəmiyyiyyət kəsb
etmişdir. BTC sutkada 1 milyon barrel, ildə 50 milyon ton neftin
ixracını həyata keçirir. BTƏ boru kəməri
ilə isə ildə 25 milyard kubmetr qaz ixrac edilir. Təkcə
“Şahdəniz” yatağında təsdiqlənmiş qaz
yataqları 1,2 trilyon kubmetr təşkil
edir. Təxminən, “Ümid” yatağında 200 milyard kubmetr,
“Babək” yatağında 400 milyard kubmetr, “Abşeron” blokunda
aşkar edilmiş yeni
böyük qaz yatağında isə 350 milyard kubmetrə bərabər
qaz ehtiyatı vardır. Hazırda neft-qaz
sektoruna qoyulan investisiyalar 50 milyard dollar səviyyəsindədir.
Bütövlükdə 1995-ci ildən ölkə
iqtisadiyyatına 120 milyard dollar investisiya qoyulmuşdur. Bu reallıqlar fonunda Azərbaycan dövləti
qarşısında ya yeni qaz bazarlarına
çıxış yolları axtarmaq, ya da ənənəvi
istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi
durur. Elə bu vəzifədən irəli
gələrək 2011-ci ilin yanvar ayında Azərbaycan ilə
Avropa İttifaqı arasında “Cənub” nəqliyyat dəhlizi
haqqında bəyannamə imzalanmışdır.
Qeyd edilən
istiqamətdə növbəti mühüm addım olaraq
2011-ci ilin 25 oktyabr tarixində İzmirdə ARDNŞ, BP-Azərbaycan
və Türkiyənin “BOTAŞ” şirkəti “Şahdəniz”
yatağının ikinci mərhələsində
hasil olunan qazın Avropa bazarlarına
çıxışını təmin edəcək
sazişlər paketi imzalamışdır. Paketə 25 sənəd,
o cümlədən “Şahdəniz-2" mərhələsindən
sonra Azərbaycan qazının Türkiyə üçün
qiyməti, 2017-ci ildən sonra bu yataqdan Türkiyəyə qaz
tədarükünün həcmi, Türkiyə ərazisindən
nəql olunacaq Azərbaycan qazının tranzit sazişi və
digər razılaşmalar daxildir. Bununla da uzun
illərdir Avropanın enerji siyasətində ciddi müzakirə
olunan Azərbaycan qazının dünya bazarlarına
çıxışı istiqamətində olduqca əhəmiyyətli
addım atılmışdır. Görülən bu
işlərin məntiqi nəticəsi olaraq ötən ilin
iyun ayında TANAP layihəsinə start verilmişdir. Prezident İlham Əliyev bu layihəni öz əhəmiyyətinə
görə tarixi layihə kimi dəyərləndirmişdir.
Dövlət başçısı qeyd etmişdir ki, ən
azı son yeddi il ərzində bu məsələ
ilə bağlı müzakirələr gedir, ancaq nəticə
yox idi. Belə olan halda biz qərara gəldik ki,
bu sahədə də Azərbaycan liderliyi üzərinə
götürməlidir. Necə ki,
1990-cı illərin ortalarında Azərbaycan
Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası ilə bağlı
liderliyi, bütün məsuliyyəti və öhdəlikləri
öz üzərinə götürmüşdür. Biz
gördük ki, əgər bu sahədə də liderliyi
üzərimizə götürməsək, bu
danışıqlar hələ bəlkə bir on il də heç bir nəticəsiz davam edəcəkdir.
Qısa müddət ərzində türkiyəli
tərəfdaşlarımızla bu məsələ ilə
bağlı müzakirələr, danışıqlar
aparıldı. Layihəyə ad verildi -
TANAP, Trans-Anadolu Qaz Kəməri. Bütün
məsələlər həllini tapdıqdan sonra İstanbul
şəhərində gözəl mərasim keçirildi və
TANAP ilə bağlı bütün sənədlər
imzalandı. Yəni, bu layihəyə start
verildi. Bir daha vurğulamaq istəyirəm
ki, bu layihə sırf Azərbaycan-Türkiyə layihəsidir.
Pay bölgüsü 80 faiz Azərbaycan, 20 faiz Türkiyə tərəfinə
çatacaqdır. Pay bölgüsü bu əsasda
aparılmışdır. Bu pay
bölgüsü, eyni zamanda, maliyyə öhdəliyini
göstərir. Yəni, biz hazırıq ki,
layihənin 80 faizinin maliyyəsini özümüz təmin edək.
Eyni zamanda, mən bunu elan etmişəm, bu gün də demək
istəyirəm ki, bu layihə tərəfdaşlar
üçün, bizim üçün dost olan şirkətlər,
Azərbaycanda uzun illər fəaliyyət göstərən
şirkətlər üçün də
açıqdır. Əgər hər hansı
bir şirkət bu layihədə səhmdar, investor kimi
iştirak etmək istəyərsə, biz buna müsbət
baxacağıq. Əlbəttə, biz qərar
verəcəyik ki, hansı şirkətlər bu layihədə
iştirak edə bilər.
Ulu
öndər Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident
İlham Əliyevin uğurla davam etdirdiyi “yeni neft
diplomatiyası”nın möhtəşəm nailiyyətlərinin
yuxarıdakı təqdimatı sübut edir ki, Azərbaycan
bütün sferalarda, xüsusilə də enerji sahəsində
regionun həlledici aktoruna çevrilmişdir.
Azərbaycan qısa zaman kəsiyində demokratik
inkişaf yolunda da ciddi uğurlara imza atdı. Ümummilli lider Heydər
Əliyevin təşəbbüsi və siyasi iradəsinin nəticəsi
olaraq qəbul edilmiş 1995-ci il
Konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər
ölkımizdə hüquqi dövlət quruculuğu və vətəndaş
cəmiyyətinin formalaşması prosesində müstəsna
rol oynamışdır. Ölkəmizdə milli
qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının etibarlı
təminat mexanizmlərinin formalaşdırılması və
xüsusilə də siyasi-hüquqi sistemin
liberallaşdırılması istiqamətində kompleks tədbirlər
həyata keçirilmişdir.
Məhz bu möhkəm özül əsasında ölkəmizdə
şəxsiyyətin azadlığı və
toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi
qorunmuş, çoxpartiyalı sistem üçün əsaslar
yaradıldılmış, siyasi plüralizm, vicdan və etiqad
azadlığı, azlıqların hüquqları, qanun
qarşısında bərabərlik təmin edilmişdir. Bundan savayı, Konstitusiya Məhkəməsi,
üçpilləli məhkəmə sistemi, məhkəmələrin
müstəqilliyi və prosedur qaydalarının şəffaflaşdırılması
təmin edilmiş, on minlərlə insan amnistiya edilmiş və
böyük sayda məhkum bağışlanmış, senzura
ləğv edilmiş, KİV-in azadlığı və QHT-lərin
sərbəst fəaliyyəti təmin edilmişdir.
Bu prosesdə—demokratik
dövlət quruculuğu istiqamətində ümummilli liderin
miras qoyduğu irsin öyrənilməsi, təbliği və
tətbiqində Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət
kəsb edir. Başqa sözlə, ulu öndərin
irsinin öyrənilməsi istiqamətində irimiqyaslı
proqramların həyata keçirilməsini dəstəkləmək,
Azərbaycan xalqının rifahının yüksəldilməsinə
yönəldilmiş təşəbbüsləri himayə
etmək, ölkədə elm, təhsil, mədəniyyət,
səhiyyə və idmanın inkişafını təmin edən
layihələrə yardımçı olmaq, milli-mənəvi
dəyərlərə sadiq gənclərin yetişdirilməsinə
və digər mühüm vəzifələrin yerinə
yetirilməsinə nail olmaq ölkənin birinci
xanımının rəhbərlik etdiyi təşkilatın
genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini
təşkil edir və geniş ictimaiyyət tərəfindən
olduqca yüksək dəyərləndirilir.
Azərbaycan xalqı artıq 10 ilə yaxındır ki,
qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin
cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx
və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız
Heydər Əliyevin fiziki itkisindən nə qədər
çox kədərlənsə də, təskinliyini onda
tapır ki, bu gün ulu öndərin şah əsəri olan
müstəqil Azərbaycan etibarlı əllərdədir,
davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından
“Ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın
bugünkü və gələcək inkişafının təminatçısıdır.
O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə
daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan son 10 il ərzində özünün
milli dövlət quruculuğu və idarəçiliyinin
növbəti şərəfli mərhələsini yaşayır. Son 10 ildə ölkəmiz
öz müstəqilliyini daha da möhkəmləndirmiş,
sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində
çox böyük uğurlara imza atmışdır. Faktların və arqumentlərin dili ilə desək,
bu illər ərzində ölkə iqtisadiyyatı 300 faiz, sənaye
istehsalı da 300 faiz artmışdır. Həmin
müddətdə 1 milyon 100 min yeni iş yeri
açılmışdır. İşsizliyin səviyyəsi
təqribən 5,2 faizə bərabərdir.
Müqayisə üçün qeyd edək ki,
bir sıra inkişaf etmiş dövlətlərdə bu
göstərici 15-20 faiz səviyyəsindədir. Yoxsulluq 5 dəfə—500 faiz azalmışdır və
hazırda 6 faiz təşkil edir. Büdcə
xərcləri təxminən 20 dəfə
artmışdır. Ölkəmizin strateji
valyuta ehtiyatları 48 milyard dollara çatmışdır.
Azərbaycan Dövlət Neft Fondunun aktivləri
32 milyard dollara bərabərdir. Xarici
borcumuz ümumi daxili məhsulun təxminən 7 faizini təşkil
edir ki, bu da olduqca yaxşı göstəricidir. Son 10 ildə ölkə iqtisadiyyatına 140 milyard
dollardan artıq investisiya qoyulmuşdur.
Bu gün
Prezident İlham Əliyevin rəhbərliyi altında həllini
gözləyən istənilən dövlət əhəmiyyətli
məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar
uğurla icra edilir. Belə Dövlət Proqramlarından “Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi
inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)”,
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Programı (2004-2008-ci illər)”) ,
“Azərbaycan Respublikasının məşğulluq
strategiyası” (2006-2015-ci illər)", “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı”, “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli strategiyanın həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planı (2007-2011-ci illər”,
“2009-2013-cü illərdə Azərbaycan Respublikasının
ali təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı”, “Bakı və Bakıətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2011-2013-cü illər)”, “Azərbaycan Respublikasında Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə
2011-2015-ci illər üçün Dövlət Proqramı” və
s. qeyd etmək olar. Ümumən, Azərbaycanda
belə məqsədyönlü proqramların sayı təqribən
50-yə yaxındır.
Bu gün
Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizini və
demoqrafiyasının 65 faizini təmsil edən
modernləşdirilmiş Azərbaycan tədricən Avropa
geoiqtisadiyyatının və regional geosiyasətin intellektual və
informasiya mərkəzinə, onun mühüm tərkib hissəsinə
transformasiya olunur. Təsadüfi deyildir ki, beynəlxalq
təşkilatların reytinq cədvəllərində Azərbaycanın
mövqeyi yüksək olaraq qalmaqdadır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan
iqtisadiyyatı öz rəqabət qabiliyyətinə görə
dünyada 46-cı, MDB məkanında isə birinci ölkə
olaraq təqdim olunmuşdur. Ölkəmiz
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və
hazırlığına görə də MDB məkanında
birinci mövqedədir. Azərbaycan kosmik
dövlətlər ailəsinin üzvü olmuşdur. BMT-nin hesabatına görə, insan inkişafı
indeksinə istiqamətində də ən böyük
sıçrayışı məhz Azərbaycan etmişdir.
Böyük Britaniyanın nüfuzlu HSBC bankının “2050-ci
ildə dünyanın ən böyük 100 iqtisadiyyatı”
adlı proqnozuna əsasən, 2050-ci ildə dünyanın ən
böyük iqtisadiyyatları siyahısına indiki MDB-dən
yalnız 7 ölkə düşə biləcəkdir. Bu, Rusiya (15-ci yer), Ukrayna (40), Özbəkistan (50),
Qazaxıstan (53), Azərbaycan (65), Belarus (75) və Türkmənistandır
(86). Gürcüstan, Ermənistan, Moldova,
Qırğızıstan və Tacikistan isə bu siyahıya
düşməmişdir.
Azərbaycan rəhbərliyi ölkəni artıq 2021-ci
ilə—müstəqilliyin bərpa edilməsinin 30-cu
ildönümünə qədər vətəndaşların
yaşayışı üçün daha firavan məkana
çevirməyi qarşısına məqsəd qoymuşdur. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, bu, “ölkəmizin daha
yaxşı olması, insanların daha yaxşı
yaşaması, Azərbaycanın şöhrətinin
artması” üçün ediləcəkdir.
Heç şübhəsiz, dövlət idarəçiliyi
və onun müxtəlif istiqamətləri üzrə əldə
edilən bu uğurlar Ermənistanın ölkəmizə
qarşı xarici havadarlarının dəstəyi ilə həyata
keçirdiyi işğalçılıq siyasəti
olmasaydı, daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm
tarixi həqiqətə, həm də beynəlxalq hüquq
normalarına əsaslanır. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi
bütövlüyü danışıqların predmeti
olmayıb və heç zaman da olmayacaqdır. Danışıqlar prosesində konkret nəticə
olmasa da, son aylar ərzində beynəlxalq vasitəçilərin
münaqişə ətrafında formalaşmış
status-kvonun dəyişdirilməsinin vacibliyi ilə
bağlı davamlı bəyanatlar səsləndirməsi təqdirəlayiq
haldır. Münaqişə dondurulmuş
münaqişə deyil və status-kvonun dəyişdirilməsi
ilk növbədə Azərbaycan torpaqlarının
işğaldan azad edilməsini tələb edir və
münaqişənin həlli yolu yalnız bundan keçir.
Cənab Prezidentin təbirincə desək,
iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə
hərbi güc münaqişənin tezliklə həll
olunması üçün öz rolunu oynayır və
oynayacaqdır.
20 il əvvəl Azərbaycan beynəlxalq koordinatlar
sisteminin subyekti idisə, indi onun fəal aktoruna
çevrilmişdir. Azərbaycan bu gün
bölgədə və dünyada etibarlı tərəfdaş,
dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan
Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT
TŞ-ya 2012-2013-cü illər üzrə qeyri-daimi üzv
seçilməsi bu həqiqəti bir daha təsdiqləmişdir.
155 ölkənin Azərbaycanın lehinə səs verməsi əslində
dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin
ifadəsidir, respublikamızın həm regionda, həm də
beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən
beynəlxalq proseslərdə yaxından iştirakının
və eyni zamanda, sülhün və əmin-amanlığın
bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.
Beynəlxalq arenada qazanılan bu möhtəşəm
uğurun əsasında ümummilli lider Heydər Əliyevin
müəyyən etdiyi balanslı və çevik xarici siyasət
strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə
alınmaqla Prezident İlham Əliyev tərəfindən
novatorcasına davam etdirilməsi kursu dayanır.
Elman
NƏSİROV,
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun
direktoru, siyasi elmlər doktoru
Xalq qəzeti.- 2013.- 19 iyun.- S. 4.