Milli Qurtuluş
Günü silsilə tədbirlərlə qeyd olundu
İyunun 14-də Milli Qurtuluş Günü Balakəndə bir sıra silsilə tədbirlərlə qeyd olundu.
İlk öncə Balakən Rayon İcra Hakimiyyətinin aparat işçiləri, rayon hüquq-mühafizə orqanlarının ,idarə ,müəssisə və təşkilatların, eləcə də ictimaiyyətin nümayəndələri ulu öndər Heydər Əliyevin onun adını daşıyan Mədəniyyət və İstirahət parkının ən uca zirvəsində ucaldılmış möhtəşəm abidəsi önünə tər çiçək dəstələri qoydular.
Bayram tədbiri şəhərin avtovağzal ərazisində çox gözəl, zövqləri oxşayan seyrangahın açılışı ilə davam etdi. Seyrangahın açılışını edən rayon rəhbəri İslam Rzayev rəmzi qırmızı lenti kəsdikdən sonra sakinlər qarşısındakı çıxışı zamanı dedi: “— Balakənin girişində — Heydər Əliyev prospektində sakinlərin mədəni istirahəti üçün yaradılmış bu seyrangah Balakənin gözəlliyini daha da artırır. Bu seyrangahın Milli Qurtuluş Gününün 20 illiyi ərəfəsində açılması daha yaddaqalan hadisədir. Yaradılan bu gözəllik Azərbaycan vətəndaşı üçündür. Biz ulu öndərə minnətdarıq ki, ölkəmiz günü-gündən çiçəklənir, onun ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Balakəndəki inkişaf da milli qurtuluşumuzun bəhrəsidir. Bu bayram münasibəti ilə bütün balakənliləri, xalqımızı təbrik edir, hamıya xoş gələcək arzulayıram.
Ağsaqqal Fuad Səlimov çıxış edərək son 2-3 ildə Balakəndə gedən quruculuq işlərinin də ulu öndərin uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirdi və yaşlı nəslin nümayəndəsi kimi hər kəsi Prezident İlham Əliyev ətrafında sıx birləşdirməyə çağırdı.
Sonra 15 iyun -Milli Qurtuluş Gününə həsr olunmuş tədbir dördulduzlu “Qubek” otelində davam etdirildi.
Milli Qurtuluş Gününə həsr olunmuş konfransı rayon icra hakimiyyətinin başçısı cənab İslam Rzayev açıq elan etdi. Dövlət himnimiz səsləndi. Məruzə ilə çıxış edən rayon rəhbəri qeyd etdi ki,bu gün çox əlamətdar bir hadisəni — 15 iyun Milli Qurtuluş Gününün 20 illiyini böyük təntənə ilə bayram edirik. Hər kəsə ən xoş arzularını bildirən rayon rəhbəri qeyd etdi ki, 15 iyun 1993-cü il tariximizə qızıl hərflərlə yazılmış bir gündür. Bu gün təkcə ulu öndərin yalnız hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş və özünütəsdiq tarixidir. Bu tarixi qayıdış Azərbaycanın varlığını,müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etmişdir. Bu gün rayonumuzda həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri, rayonun bağdan-başa qazlaşdırılması, yeni-yeni məktəblərin tikintisi və iş yerlərinin açılması milli qurtuluşun bəhrəsidir.
Məruzə ətrafında rayon prokuroru Həsən Mirzəyev, Nizami adına şəhər 1 saylı tam orta məktəbin müəllimi Mehparə Quliyeva, Qaravəli kənd tam orta məktəbin müəllimi Cavanşir Alqayev, “Balakən” qəzetinin redaktoru Mürsəl Mikayılov və YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Səbuhi Alqayev çıxış etdilər.
Konfransa rayon rəhbəri İslam Rzayev yekun vurmuşdur.
Həmin gün axşam Mədəniyyət və İstirahət parkında Milli Qurtuluş Gününə həsr edilmiş bayram konserti təşkil edilmiş, yerli incəsənət ustalarının çıxışları dinlənilmişdir.
İlqar
HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 19 iyun.- S. 4.