Suraxanıda “Dahi azərbaycanlı” sənədli televiziya filminin təqdimatı

 

15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmiş, küçələrdən birinə “15 iyun” adı verilmiş,  bütün qəsəbələrdə bayram konsertləri nəzərdə tutulmuşdur.

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində isə Azərbaycan Milli Elmlər Akademiyası, A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, rayon icra hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə  Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktiki konfrans və “Dahi azərbaycanlı” sənədli televiziya filminin təqdimatı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov konfransda bildirmişdir ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi bu dahi şəxsiyyətin, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Ümummilli liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, qanunsuzluqların, kütləvi iğtişaşların qarşısı alındı. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəsin imzalanmasına nail olundu. Bu böyük qayıdış Azərbaycanda dövlət quruculuğunun sürətlənməsinə səbəb oldu, dövlətçiliyimizi və suverenliyimizi qoruya bilən ordu formalaşdı, iqtisadiyyatın inkişafı, ictimai asayişin və sabitliyin bərpası təmin olundu.

Konfransda “Heydər Əliyev Azərbaycan xalqının Qurtuluş mübarizəsinin qalibidir”  mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı Yaqub Mahmudov bildirdi ki,  Heydər Əliyevin həyat tarixçəsini, dövlət başçısı kimi fəaliyyət dövrünü vərəqləsək Azərbaycan xalqına misilsiz xidmətinin parlaq nümunələri gözlərimiz önündə canlanar. Azərbaycan xalqı üçün Heydər Əliyev dahi və əvəzolunmaz nadir tarixi şəxsiyyətdir.

Tədbirdə, eyni zamanda, bir qrup rayon fəalına YAP Suraxanı rayon təşkilatının  fəxri fərmanı verildi və bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olundu.

 

Xalq qəzeti.- 2013.- 19 iyun.- S. 7.