Zərdab gəncləri
Heydər Əliyev ideyalarına sadiqdirlər
Zərdabda “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir. Tədbir Zərdab Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin və “Azad Azərbaycan” telekanalının birgə layihəsi əsasında həyata keçirilmişdir.
Konfransda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Jalə Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, gənc həkim Şəfa Qocayeva, hazırda ABŞ-da təhsil alan Əminə Teymurova və başqaları çıxış etmişlər. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin həmişəyaşar ideya və əməllərinin, zəngin və tükənməz irsinin, o cümlədən azərbaycançılıq məfkurəsinin Zərdab gənclərinin də həyatında müstəsna rolu olmuşdur.
Bu gün rayonun ictimai-siyasi, iqtisadi-sosial həyatında əldə edilmiş parlaq və dinamik inkişafda gənclərin həlledici rolu var. Hazırda rayon əhalisinin 30 faizindən çoxu gənclərdir. Rayon icra hakimiyyəti aparatında çalışanların da 60 faizini gənclər təşkil edir. Təhsil, səhiyyə, mədəniyyət və başqa sahələrdə də gənclər irəli çəkilir, onlara böyük etimad göstərilir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Zərdabda da son illər böyük quruculuq- abadlıq işləri həyata keçrilmişdir. Təkcə son illərdə 16 yeni məktəb, 1 uşaq bağçası, 10-dan çox inzibati bina tikilib istifadəyə verilmişdir. Hazırda 3 məktəb binasının tikintisi başa çatmaq üzrədir, yaxın günlərdə isə polis şöbəsi üçün tikilmiş binanın açılışı olacaqdır.
Ölkə Prezidenti İlham Əliyev 2011 və 2012-ci illərdə 2 dəfə rayonda olmuş, rayon ictimayyətinin nümayəndələri ilə görüşmüş, Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyasi Zərdab rayon təşkilatının inzibati binasının, Ağsu rayonundan 72 kilometr məsafədən çəkilən içməli su xəttinin, Gənclər Mərkəzinin açılışında iştirak etmiş, yeni tikilmiş Veteranlar evi ilə tanış olmuşdur.
Ümumiyyətlə, təkcə 2012-ci ildə Prezident Zərdab və zərdablılarla bağlı 10 sərəncam imzalamışdır.
Ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi-2011-2015-ci illərdə” Dövlət Proqramı Zərdabda da uğurla həyata keçirilir. Bu tədbirlər gənclərin fəallığının artırılmasına böyük kömək etmişdir. Onlar artıq rayonun ictimai-mədəni həyatında, respublika və beynəlxalq aləmdə keçrilən tədbirlərdə fəal iştirak edirlər.
Konfransdan daha sonra bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin gənclərin vətənpərvərlik tərbiyəsini gücləndirmək sahəsində qarşıya qoyduğu vəzifələr rayonda uğurla həyata keçirilir. Xüsusilə gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayan təbbirlərin keçirilməsinə diqqət xeyli artmışdır. Onlar vaxtaşırı “N” saylı hərbi hissəyə gedir, əsgərlərlə görüşür, konsert proqramı ilə çıxış edirlər. Milli Qəhrəman Mübariz İbrahimovun məzarı, Şəhidlər Xiyabanı, Quba kütləvi məzarlığı, ölkəmizin görkəmli və tarixi yerləri tez-tez rayon gəncləri tərəfindən ziyarət olunur. Vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə Böyük Vətən müharibəsi veteranları, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları ilə görüşlər müntəzəm xarakter daşıyır. Yeni tikilən məktəblər, gənclərə yaradılan şərait təhsil sahəsində yeni nailiyyətlərin qazanılmasına zəmin yaratmışdır. Əgər 2007-ci ildə rayon üzrə cəmi 47 nəfər məzun ali məktəbə qəbul olmuşdursa, 2012 -ci ildə bu göstərici 102 nəfər olmuşdur. 1 nəfər məzun 2011-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür. Üç məktəb son 3 ildə Prezidentin sərancamı ilə “İlin ən yaxşı təhsil müəssisəsi” adına layiq görülmüşdür.
Rayonda geniş vüsət alan məktəb tikintisinə görə zərdablılar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər. Son illərdə rayon idmançıları da yüksək nailiyyətlər əldə etmişlər. Onlar nəinki respublika, hətta Avropa və dünya çempionatlarında uğurlu nəticələr qazanmışlar. Beynəlxalq turnirlərdə 15 qızıl, 5 gümüş, 6 bürünc, respublika çempionatlarında 13 qızıl, 5 gümüş, və 4 bürünc medal qazanan idmançılar ölkəmizin idman şərəfini ləyaqətlə qorumuşlar. Hər il rayonda idman bayramının keçirilməsi artıq bir ənənəyə çevrilmişdir.
Sonda qeyd olunmuşdur ki, bugünkü tədbir, şübhəsiz ki, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynamaqla, yüksək əhval-ruhiyyə yaradacaq, onların ictimai-siyasi həyatında fəallığını daha da artıracaqdır. Heydər Əliyev adına parkda respublika incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil edilmişdir.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2013.- 19 iyun.- S. 8.