Mingəçevir
Turizm Kolleci Qurtuluş Gününü
təntənə ilə qeyd etdi
Mingəçevir Turizm Kollecində 15 iyun Qurtuluş Günü hər il xüsusi təntənə ilə qeyd olunur. Bu il də bu əlamətdar tarixin yüksək səviyyədə qeyd edilməsi üçün xüsusi hazırlıqlar aparılmışdı. İyunun 13-də kollecin əsas tədris binasının qarşısındakı ərazidə Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirildi.
Əvvəlcə tədbir iştirakçılarının canlı ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Tədbirin aparıcılığını həyata keçirən tələbələr Alagöz Mirzəyeva və Şirinalı Salikov bayram şənliyinin iştirakçılarını salamladıqdan sonra təbrik nitqi üçün söz kollecin direktoru, professor Əyyub Əyyubova verildi. Əyyub müəllim müstəqilliyimizin ilk illərində mövcud olmuş siyasi şəraiti yada saldı, həmin dövrdə ölkənin xilaskar bir qurtuluş hərəkatına ehtiyacı olduğunu bildirdi. Xüsusilə də 1993-cü ildə yaranmış vəziyyət, dövlət rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində vətəndaş müharibəsi təhlükəsinin meydana çıxdığını xatırlatdı.
Proffessor Əyyubov məhz ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidməti sayəsində ölkəmizin bəlalar burulğanından xilas olaraq sürətlə inkişaf və çiçəklənmə yoluna qədəm qoyduğunu vurğuladı. Əyyub müəllim qeyd etdi ki, Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəni yeni-yeni uğurlara doğru aparır.
Təbrik nitqindən sonra kollecin bədii özfəaliyyət qrupu üzvlərinin ifasında musiqi nömrələri bir-birini əvəz etdi. Hüseyn və Aydanın ifasında səslənən vətənpərvərlik nəğmələri, Aytənin səsləndirdiyi şux estrada mahnısı maraqla qarşılandı.
Tələbə gənclərin ümumrespublika müsabiqəsinin iştirakçıları olan Elşad və Polladın dueti də tədbirə rəng qatdı. Leyla və Aysel isə dövlətçiliyə həsr olunmuş maraqlı şeir parçalarını səsləndirdilər.
Tədbirin sonunda kollecin direktoru, proffessor Əyyub Əyyubov ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə fəal iştirak etmiş bir qrup tələbəyə fəxri fərmanlar təqdim etdi.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 19 iyun.- S. 8.