“Zəngəzur toponimləri” kitabı təqdim olundu

 

İyunun 19-da  Milli Məclisin deputatı, Milli Məclisin toponim komissiyasının üzvü, şair-publisist  Musa Urudun “Zəngəzur toponimləri” kitabının “Park İNN” otelində təqdimatı keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri, alimlər, QHT təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP icra katibinin müavini Mübariz Qurbanlı dedi: – Qərbi Azərbaycanın tarixinə baxsaq görərik ki, oradakı yer adlarının 90 faizi türkcədir. Bu yerlər bizim qədim torpaqlarımızdır, azərbaycanlıların qədimdən üzü bəri məskunlaşdıqları ərazilərdir. Uzun illər oranı öz torpaqğımız kimi xatırlamağı bizə qadağan etmişdilər, tariximizi saxtalaşdırmışdılar. Vaxtilə ulu öndərimiz Heydər Əliyev xalqımızın gələcəyi ilə bağlı verdiyi təlimatlarda deyirdi: Biz öz müstəqilliyimizi bərpa etdik, bundan sonra çalışmalıyıq ki, tariximizin də müstəqilliyini bərpa edək.” Bu, bir həqiqətdir ki, milli tarixi yaddaşımızın bərpası üçün, ilk növbədə bizə məxsus olan həqiqətləri olduğu kimi, öyrənməli və öyrətməliyik. Azərbaycanlıların Ermənistandan sonuncu deportasiyasının 25 ili tamam olur. Biz bu məsələni daim diqqətdə saxlayırıq. Eyni zamanda, bu faktı beynəlxalq səviyyədə qaldırmaq üçün aparırıq. Musa Urudun bu kitabının özü bizim əlimizdə bir faktdır.

M.Qurbanlı əlavə etdi ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə İrəvan xanlığı ilə bağlı tezislər səsləndirmişdir.

Mübariz Qurbanlının çıxışından sonra “ Zəngəzur toponimləri” adlı film nümayiş etdirildi. Sonra tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov dedi ki, bu əsər tariximizin gələcək nəsillərə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Xalqımız, cəmiyyətimiz, övladlarımız daim axtarışda olmalı və öz tarixi torpaqlarımıza qayıtmaq haqqında düşünməlidir. Musa Urudun müəllifi olduğu kitab bu baxımdan olduqca əhəmiyyətli vəsaitdir. Əminəm ki, tezliklə biz əzəli torpağımız olan Dağlıq Qarabağı eləcə də digər ərazilərimizi erməni işğalçılarının tapdağı altından azad edəcəyik. Azərbaycanın ildən-ilə qüdrətlənməsi, iqtisadi imkanlarının getdikcə artması hesab edirəm ki, bunu daha da tezləşdirəcək. Kitab özlüyündə çox dəyərlidir. Zəngəzuru görməyən hər bir insan bu kitab vasitəsilə həmin bölgə haqqında ətraflı məlumat əldə edəcəkdir”.

Daha sonra millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı, AMEA-nın müxbir üzvü Vəli Əliyev , YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Milli Məclisin şöbə müdiri Ədilə Abbasova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və digərləri çıxış edərək kitab haqqında xoş sözlərini və təbriklərini bildirdilər.

Sonda müəllif təqdimatda iştirak edən qonaqlara öz təşəkkürünü bildirdibu kitabı yazma səbəblərindən söhbət açaraq dedi: “Bu kitab tarixi torpağımız olan Zəngəzur mahalının 838 toponiminin ətraflı izahından ibarətdir. Kitabda müasir eranın əvvəllərindən çağdaş günümüzə qədər ki, mənbələr, sənədlər, elmi ədəbiyyat və tarixi, etimologiyası, bölgənin mədəni-etnoqrafik mənzərəsi ətraflı tədqiq edilmiş, bu qədim türk torpaqlarında yaşayan insanların həyatı, məişəti və mübarizəsi toponimlərin dili ilə oxuculara çatdırılmışdır.”

Musa Urud  çıxışında kitabda topomorfantların izahını verərkən paralellər apardığını, oxşar və ziddiyyətli versiyaları müqayisə etdiyini, bölgəni yaxşı tanıyan alimlər, ziyalılarla məsləhətləşdiyini, elmi, tarixi məntiqi əsaslara söykənməyə çalışdığını vurğuladı.

Onu da qeyd edək ki, Musa Urudun müəllifi olduğu və nəfis tərtibatla nəşr etdirdiyi “Zəngəzur toponimləri” kitabı 399 səhifədən ibarət ensiklopedik üslublu, zəngin elmi-tarixi informasiyalara söykənən sorğu kitabıdır. Alim kitabın hazırlanmasında bütövlükdə 90 mənbədən yararlanmışdır. Kitabda Zəngəzur qəzasına aid 1903-cü ilə məxsus Qafqazın hərbi-topoqrafik xəritəsi və regiona aid digər xəritələr təqdim olunmuşdur.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2013.- 20 iyun.- S. 4.