“Freedom House” erməni lobbisinin ruporuna çevrilmişdir

 

Ölkəmizə münasibətdə “Freedom House” qədər “çevik  ikinci bir təşkilat tapmaq mümkün deyil.  Maraqlıdır ki,  bu “çeviklik” həmişə mənfi mənada özünü büruzə verir və istənilən halda Azərbaycan Respublikasının və cəmiyyətinin maraqlarının əleyhinə istiqamətlənir. Sanki kimsə işini-gücünü atıb,  mənzil qərargahı Birləşmiş Ştatlarda yerləşən bu təşkilat  adından qondarma bəyanatlar, hesabatlar yayır. Təbii ki, bütün bunlar qərəzli olması ilə seçilir. “Freedom House”un  yaydığı son hesabat da məhz bu qəbildəndir.

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan kimi – istənilən məqsədə çatmaq üçün elmi şəkildə əsaslandırılmış, son nəticələri əvvəlcədən məlum olan dövlət proqramları ilə fəaliyyət göstərən ölkələrdə tərəqqi, inkişaf və nailiyyət məhz gözlənilən səviyyədə olur. Postsovet məkanının politoloq və ekspertləri haqlı olaraq etiraf edirlər ki, Azərbaycanda istənilən sahəni inkişaf etdirmək üçün xüsusi proqramlar icra olunur, mükəmməl qanunlar  vətəndaş cəmiyyətinin formalaşmasına, ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrinin inkişafı üçün əsaslı baza rolunu oynayır.  Təsadüfi deyil ki, bu günlərdə Milli Məclis “İctimai iştirakçılıq haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Bu qanuna kim baxsa, burada vətəndaş cəmiyyətinin tam şəkildə maraqlarının hüquqi baxımdan yüksək səviyyədə təmin edildiyini görə bilər. Bundan əvvəl də bir sıra qanunlar qəbul edilmişdir. Prezidentimizin bir çox sərəncam və fərmanları, Nazirlər Kabinetinin ayrı-ayrı qərarları vardır. Bunlar Azərbaycanda vətəndaş cəmiyyətinin müasir dünyanın yüksək meyarlarına cavab verəcək şəkildə formalaşmasına şərait yaradır. Bəlkə də buna görədir ki, bir sıra tanınmış siyasətçilər, beynəlxalq ekspertlər öz açıqlamalarında  bəyan edirlər ki, Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əldə etdiyi uğurlara görə  MDB məkanında ön sıralarda yer alır. Çünki, ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirən və onu mökəmləndirən həm qanunvericilik bazası var, həm də Azərbaycan hökuməti büdcədən vətəndaş cəmiyyətinin inkişafı üçün xüsusi vəsait ayırır, müxtəlif qrantlar verir. Bu isə öz növbəsində inkişafa stimul verir.

Bütün bunları ona görə vurğulayırıq ki, müşahidələrimizə əsasən son dövrlər  Qərbdəki bəzi  təsisatlar çox zaman insan hüquqları və demokratiya məsələlərini daha çox şişirdilmiş, təhrif olunmuş şəkildə səsləndirir, müxtəlif bəyanatlar verir, qərarlar qəbul edirlər. Avropa Parlamentinin bəzi qərarları, Avropa Şurasında “siyasi məhbus” məsələsi ilə bağlı cəhdlər, “Freedom House”un reallıqdan uzaq olan sərsəm hesabatları və sair buna sübutdur. Bu cür yanaşma bizim Qərbin demokratiya və insan hüquqlarına dair mövcud meyarlara əsaslanan dəyərlərinə olan inamımıza  xələl gətirməsə də, müşahidə edirik ki, bəzi digər ölkələrdə insan hüquqları və demokratiya, vətəndaş cəmiyyəti məsələlərində vəziyyət qat-qat problemlidir. Məsələn, buraya Ermənistanı, vaxtilə Gürcüstanda, Ukraynada, Şərqi Avropa ölkələrində baş verən hadisələri daxil etmək olar. Elə Avropanın mərkəzi ölkələrində də bu sahədə ciddi problemlər yaşanır. Amma həmin ölkələrdəki vəziyyətə beynəlxalq qurumlar tərəfindən reaksiyalar bizdəki qədər deyil.

Budur, “Freedom House” beynəlxalq qeyri-hökumət təşkilatı yaydığı “Keçid dövrü ölkələri-2013" adlı hesabatında Azərbaycanı vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edib. Yəni təşkilat növbəti dəfə öz ampluasında olduğunu sübut edib, ənənəsinə sadiqliyini təsdiqləyib. Əgər istənilən hesabat reallıqdan çox-çox uzaqdırsa, onda buna nə ad vermək olar? Qərəzli və ya düşmən münasibəti, yoxsa hansısa bir dairənin və ya dairələrin ardıcıl sifarişi? Bəlkə, kimlərsə ”Azadlıq evi" ni  (“Freedom House”u)  “kirayələyibdir”? Bu “kimsələrin” erməni lobbisinin fəalları olması ehtimalı varmı?  Əslində,  Freedom House”nun  yaydığı hesabatlarda Azərbaycana qarşı daim qərəzli mövqe nümayiş etdirilməsi, hətta  “səbəbsiz düşmənçilik”  mövqeyi sərgilənməsi  bütün bu sualları cavablandırır.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı da diqqəti məhz bu məqama çəkərək qeyd edir ki, bütün araşdırmalar “Freedom House” təşkilatının müxtəlif qurumların sifarişini yerinə yetirdiyini göstərir: “Bu qurumun maliyyə qaynaqlarına baxın, bu qurumun idarə edilməsinə diqqət yetirin. Bütün araşdırmalar göstərir ki, bu qurum demək olar ki, müəyyən maliyyə qurumlarının sifarişini yerinə yetirir”. Mübariz Qurbanlı qeyd edir ki, ayrı-ayrı qurumlar var ki, onların dünyanın müəyyən bölgələrində məqsədləri olur və məqsədlərinə nail olmaq üçün demokratiya adından bir pərdə kimi, bir vasitə kimi istifadə edirlər.  “Freedom House” da bu prosesdə alət rolunu oynayır. Ona görə də “Freedom House”un hesabatları birmənalı olaraq qərəzlidir. Biz dəfələrlə adını beynəlxalq qurum qoyan və əslində müxtəlif maliyyə mərkəzlərinin və ya dairələrin sifarişini yerinə yetirən bəzi təşkilatlar barədə fikirlərimizi demişik. Bunlardan biri də “Freedom House”dur. Bu təşkilat “Azad ev” mənasını versə də, sözün həqiqi mənasında özü azad deyil. YAP icra katibinin müavini hesab edir ki, “Freedom House” yalnız Azərbaycana qarşı qərəzli deyil, başqa ölkələrə qarşı da qərəzlidir: “O ki qaldı onun postsovet məkanındakı ölkələri təsbit etməsi və burada Azərbaycanı hansısa göstəricilərə görə geridə, arxa planda göstərməyə cəhd etməsi, əlbəttə, qəbul edilən deyil, bunu məqbul saymırıq, bunu tam qərəzli hesab edirik və bildirmək istəyirəm ki, ”Freedom House”un ekspertləri diqqət yetirsəydilər, Azərbaycanın keçid mərhələsini arxada qoyduğunu çoxdan görmüş olardılar”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə də “Freedom House”un  “Keçid dövrü ölkələri-2013” adlı hesabatında Azərbaycanı vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə göstərməsini qərəzli münasibət olduğunu deyir. O qeyd edir ki, bir qrup xarici ölkə QHT-ləri var ki, onları Azərbaycanda baş verən inkişaf prosesləri qətiyyən maraqlandırmır. Həmin təşkilatlar əzəldən ölkəmizlə bağlı qərəzli mövqedədirlər və buna müvafiq hesabat hazırlayırlar. Bunlardan biri də ”Freedom House" təşkilatıdır . Qurumun hər il hazırladığı hesabatda yalnız il rəqəmi dəyişir. Azərbaycan öz müstəqillik illərində demokratik Konstitusiyasını qəbul etdi və bir-birinin ardınca demokratik seçkilər həyata keçirdi. Ölkəmiz insan hüquq və azadlıqlarını nəinki elan etdi, hətta onu qəbul etdi. Bu gün ölkəmizdə söz, mətbuat azadlığı var və iqtisadi vəziyyət kifayət qədər güclənib. Azərbaycanda bu müddət ərzində cəmiyyətin ayrı-ayrı dövlət orqanları üzərində ictimai nəzarət formaları qəbul edilib: “Amma nədənsə bütün bunları ”Freedom House" kimi beynəlxalq təşkilatlar görməməzliyə vurur. Hesab edirəm ki, həmin təşkilat sadəcə olaraq bunları görmək istəmir. Bunun arxasında isə kimin və nəyin dayandığını ancaq təsəvvür etmək olar. Bu baxımdan düşünürəm ki, “Freedom House”un növbəti dəfə Azərbaycanla bağlı qara rəngdə verilən hesabatı tamamilə gözlənilən idi".

Azərbaycan demokratiyaya, vətəndaş cəmiyyətinin güclənməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə sadiqdir. Prezidentimiz İlham Əliyev hər zaman çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir. İnsan hüquq və azadlıqlarının qorunması, demokratik inkişafın sürətləndirilməsi dövlətin həyata keçirdiyi siyasətin əsasında dayanan başlıca vəzifələrdir. Bu prosesi daha da sürətləndirmək üçün Konstitusiyamızın qəbulundan ötən dövr ərzində ali qanunumuza iki dəfə əlavə və dəyişikliklərin edilməsi üçün referendum keçirilməsi də deyilənlərin təsdiqidir. İnsan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir.

Sonda qeyd etmək istərdik ki, dünyada insan haqlarının keşikçisi kimi çıxış edən bir təşkilat hamıya eyni gözlə baxmalı, obyektiv olmalıdır. Ermənistanda hakimiyyətdə olan terrorçu-kriminal qruplaşmaların öz ölkələrində törətdikləri siyasi qətlləri, burada insan hüquq və azadlıqlarının ayaqlar altına atılmasını “görməzlikdən gələn” bəzi beynəlxalq qurumlar  Azərbaycana çatanda sussalar yaxşıdır. Çünki hər dəfə qeyri-obyektiv hesabatlarla çıxış edəndə bir daha özlərini ifşa edir, kimlərin sifarişlərini yerinə yetirdikləri ortaya çıxır. Məlum olur ki, Azərbaycanın beynəlxalq aləmdəki artan nüfuzu qarşısında nə edəcəyini bilməyən erməni lobbisi ümidini “Freedom House” kimi kirayəyə verilən “Azadlıq evi”nin hesabatlarına bağlayır ki, bəlkə bununla ölkəmizin imicinə zərbə vura bilsinlər. Ancaq yanılırlar. Nə dünya əvvəlki dünyadır, nə də Azərbaycan əvvəlki Azərbaycandır. Biz bu gün ölkəmiz barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq imkanlarına malikik. Respublikamızın gündən-günə artan gücü və Qərbdə formalaşan, mütəşəkkil qüvvəyə çevrilən Azərbaycan diasporu yalan məlumatların yayılmasının qarşısını almaq gücünə malikdir.

 

Rauf  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2013.- 20 iyun.- S. 4.