Şəmkir,
Heydər Əliyev prospekti
Şəmkirdə gedən işlərlə yaxından tanış olmaq, onun miqyasını, sürətini, milli-memarlıq xüsusiyyətlərini öyrənmək üçün təkcə Heydər Əliyev prospektinə baş çəkmək kifayətdir. Bu prospekt bir neçə il qabaq belə deyildi. Bakı-Qazax magistral avtomobil yolundan başlayaraq şəhərin mərkəzinə və əks istiqamətdə prospekt tamamilə yenidən qurulmuş, 5 min metr məsafəyə Avropa standartlarına uyğun yeni bardürlər düzülmüş, səkilərə üzlük tamet daşları döşənmiş, yollara asfalt beton örtüyü salınmışdır.
Prospektdə inzibati binaları da barmaqla saymaq
olardı. Amma son vaxtlar “Atabank” ASC-nin, Daşınmaz Əmlakın Dövlət
Reyestr Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, “Azpetrol” YDM-nin, 14 saylı vergilər və maliyyə idarələrinin, əhalinin
sosial müdafiə mərkəzinin, rayon məhkəməsinin, polis şöbəsinin
və digər inzibati binaların tikilməsi, bir çoxlarının tamamilə
yenidən qurulması
prospektin görkəmini
xeyli dəyişdirmişdir.
Bundan başqa, prospektdəki 4 ədəd beşmərtəbəli
yaşayış binası
əsaslı şəkildə
təmir olunmuş, onların dam örtükləri
və fasadları yenidən qurulmuşdur.
Binaların sakinləri hərdən
zarafatla deyirlər ki, öz yaşadığımız
binanı bəzən
tapa bilmirik. O qədər gözəl, cazibədar olub ki, baxdıqca doymaq olmur. Burada inşa
olunan doqquzmərtəbəli
yaşayış binası
da uzaqdan diqqəti cəlb edir. Bina istifadəyə, demək olar ki, hazırdır və prospektə xüsusi gözəllik, əzəmət gətirir.
Maraqlıdır ki, prospektdə son vaxtlar inşa olunan obyektlər ümumi ansambla uyğunlaşdırılır, milli-memarlıq baxımından
bir kompozisiya şəklində tamamlanır. Budur, ümumi ərazisi 14,5 hektar olan
Heydər Əliyev Mərkəzi. Son tamamlama işlərinin gedişini biz də izləyirik. Mərkəzin ətrafında fəvvarələr,
dekorativ hovuzlar, göllər yaradılır.
Xüsusi zövqlə hazırlanmış
layihə əsasında
abadlıq və yaşıllıq işləri
davam etdirilir.
Elə prospektin
özündə əzəmətli
Bayraq meydanı uzaqdan diqqəti cəlb edir. İntellektual Gənclər Mərkəzinin
isə tikintisi başa çatmaq üzrədir. Gözəlliyi, orijinallığı ilə
tayı-bərabəri yoxdur.
Tezliklə öz qapılarını
Şəmkir gənclərinin
üzünə açacaqdır.
Rayon icra hakimiyyəti
başçısı aparatının
memarlıq və tikinti şöbəsinin müdiri R.Rəhimov deyir ki, Heydər
Əliyev prospekti və burada salınmış park şəmkirlilərin
əsl istirahət guşələrindən birinə
çevrilib. Yaxın günlərdə burada işlər tamamilə başa çatdırılacaqdır. Ümumiyyətlə, Şəmkir şəhərindəki
digər obyektlərdə,
küçə və
xiyabanlarda, parklarda işlərə yekun vurulduqdan sonra bu yerləri tanımaq olmayacaq.
Şöbə müdirinin sözlərinə
qüvvət olaraq qeyd edək ki, Şəmkirin prospekt və küçələri, parkları,
tarixi abidələri,
məktəb, səhiyyə,
mədəniyyət ocaqları,
fərdi binaları və digər tikililəri son vaxtlar o qədər gözəlləşdirilib
ki, adam bəzən özünü
burada ən inkişaf etmiş şəhərlərdəki kimi
hiss edir. İndi görün işlər tamamlandıqdan sonra Şəmkir necə füsunkar olacaqdır!
Hazırda şəhərin mərkəzindəki
küçələrdə 400-ə yaxın yaşayış
evi alman memarlığı üslubunda
bərpa olunur, onların dam örtükləri,
fasadları, açıq
eyvanları, zirzəmiləri
əsaslı şəkildə
yenidən qurulur, küçə divarları
və səkilər xüsusi dizaynla təmir olunur, su axarları və bardürlər dəyişdirilir, yollara yeni asfalt-beton örtüyü salınır.
Rayon rəhbərliyinin Şəmkirin tarixinə belə isti münasibət göstərməsi
təqdirəlayiq haldır. Əslində, Şəmkir şəhərinin
adı eyni adlı qədim qala ilə bağlıdır.
Bu qalanın xarabalıqları
şəhərdən 20 kilometr
şərqdə, Muxtariyyət
kəndinin yaxınlığındadır.
Orta əsrlərdə Şəmkir
adı ilə tanınmış bu şəhər Kiçik
Qafqaz ərazisindən
axan böyük Şəmkir çayının
sahilində yerləşir.
O vaxtlar şəhərin
ərazisi cəmi 20 hektara yaxın idi. Şəhərin sərvətləri əcnəbi tacirləri və yadelli işğalçıları həmişə
özünə cəlb
edib. Şəhər
növbəti dəfə
dağıldıqdan sonra
salamat qalmış çox az
sayda sakin Şəmkiri tərk etmiş və əvvəlki yaşayış
məntəqəsindən 9-10 kilometr aralıda məskunlaşmışdır.
Yuxarıda “alman evi” sözünü
təsadüfən işlətmədik. Əslində, indiki Şəmkir şəhərinin əsası
1818-ci ildə buraya köçürülmüş almanlar tərəfindən
qoyulub. Başqa sözlə, düz 195 il qabaq iyun
ayında Tiflisdən Azərbaycanın Yelizavetpol
(indiki Gəncə) qəzasına köçən
194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında
Yelenendorf (indiki Göygöl) rayonu və Annenfeld adlı iki koloniya
saldılar. 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində
olduğu üçün
koloniyanın adı dəyişdirilərək “Annino”
qoyuldu.
Bu keçmiş tarixi
qısaca şərh etməkdə məqsədimiz
odur ki, Şəmkirdə alman ənənəsi, tarixi memarlıq abidələri,
hətta məişəti,
adət-ənənənləri bu günə qədər gəlib çıxıb və onu yaşatmaq, bərpa etmək çox böyük xeyirxahlıq işidir, əsl beynəlmiləlçilik
nümunəsidir.
Ayrı-ayrı küçələrdə, o cümlədən,
Səməd Vurğun
küçəsində bərpa
olunan evlərə baş çəkirik. Binaların çardaqları,
əvvəllər olduğu
kimi, taxtadan, özü də xüsusi naxışlar vurulmaqla bərpa edilir. Evlərin darvazaları da
xüsusi ağac materialından, yerli ustalar tərəfindən
düzəldilib. Həyət-bağçada
səliqə-səhman yaradılıb,
tarixi zirzəmilərə
kimi əl gəzdirilib.
Sakinlər yaşadıqları evlərin
təmənnasız şəkildə
bu vəziyyətə
gətirilməsindən çox
sevinirlər və hədsiz razılıqlarını
bildirirlər. Ölkə Prezidentinin belə
diqqəti və qayğısı onları
çox təsirləndirib.
...Bir neçə ay qabaq maşınların və piyadaların çətinliklə keçdikləri
küçə və
yollar, səkilər artıq qaydaya düşür, çalalar
doldurulur, asfalt salınır, bardürlər
düzülür, ağac,
gül-çiçək kolları
basdırılır. Ölkə Prezidentinin
birbaşa göstərişi
və respublika Nazirlər Kabinetinin müvafiq sərəncamına
uyğun olaraq Şəmkirin su və kanalizasiya xəttinin yenidən qurulması şəhərdə
belə bir vəziyyət yaratmışdı.
Amma heç kim narahat
olmur, gileylənmirdi. Bildirdilər
ki, bu, onların
məişət şəraitinin
yaxşılaşdırılması üçündür. İndi çətinliklər,
demək olar ki, arxada qalıb.
Bu günədək şəhərdə
72 kilometr uzunluğunda
kanalizasiya xətti və 39 kilometr uzunluğunda içməli
su xətti çəkilib, ümumi su tutumu 11 min kubmetr olan 4 su anbarının tikintisi başa çatdırılıb. Şəhərin qərb hissəsində işlər davam etdirilir və təmizləyici qurğunun
tikintisi aparılır.
Əslində, Şəmkirdə çox
böyük, faydalı
bir iş başa çatmaq üzrədir. Rayon icra hakimiyyətinin başçısı Nazim
Veysov başda olmaqla idarə, müəssisə və təşkilatların rəhbərləri
səhərin gözü
açılmamışdan gecə yarısınadək
küçə və
məhəllələrdədir, park və xiyabanlarda, tikinti obyektlərindədir.
Nazim müəllim deyir ki, başqa
cür ola
da bilməz. Axı, ölkə başçısı
cənab İlham Əliyev Şəmkirə
xüsusi diqqət, qayğı, etimad göstərib. Gərək bu
etimadı doğruldaq.
Şəmkirdə olarkən Heydər
Əliyev prospektində
və ona yaxın küçələrdə
gördüklərimizin bəzi
epizodlarını çəkdik.
Məqsədimiz əhalisinin
sayı 200 min nəfəri
keçən bir rayonda hazırda gedən işlərlə
oxucuları tanış
etmək oldu.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2013.- 20 iyun.- S. 6.