Pirallahıda bayram tədbiri

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli  Qanunla Pirallahı, ÇilovNeft Daşları qəsəbələri daxil olmaqla Bakı şəhər inzibati ərazi vahidi tərkibində yaradılmış Pirallahı rayonunda baş plana uyğun olaraq abadlıq və yenidənqurma işləri Milli Qurtuluş Günü ərəfəsində də artan templərlə davam etdirilmişdir.

Tikintisinə hələ ötən il başlanmış Qala-Pirallahı avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işlərinə başlanılmışdır. Ümumi uzunluğu 21,7 kilometr təşkil edən yolun 7 kilometri altı, 14,7 kilometri isə dörd hərəkət zolağından ibarət olacaqdır. Hazırda yolda torpaq-qazma işləri ilə yanaşı, yatağın hazırlanması işləri gedir. Bu  işlərin 2014-cü ildə başa çatdırılması planlaşdırılmışdır.

Qəsəbədəki Böyük Vətən müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılmış, əvvəllər diqqətdən kənarda qalan abidə Pirallahının mərkəzi hissəsinə köçürülərək bərpa edilmişdir.  Pirallahı qəsəbəsinin mərkəzində yerləşən və uşaqların asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə salınan “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının inşası sürətlə davam edir.

Pirallahı Rayon İcra Hakimiyyəti aparatının  15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirdiyi tədbirdə bütün bunlar barədə ətraflı söhbət açıldı.  Bayrama həsr olunmuş tədbirlərə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin bayramsayağı bəzədilmiş böyük iclas zalında keçirilən konfransla start verildi. 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş konfrans Dövlət himninin səslənməsi ilə açıq elan edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın keçdiyi inkişaf mərhələlərinə nəzər salındı. Vurğulandı ki, Heydər Əliyev qətiyyətinin və  müdrikliyinin bəhrəsi olaraq Azərbaycan fəlakətlərdən, xaosdan geniş inkişaf yoluna çıxdı və  Prezident İlham Əliyevin rəhbərliyi altında sabitliyin təmin olunduğu, iqtisadiyyatı sürətlə inkişaf edən, dünyada rolu durmadan artan bir ölkə kimi özünü təsdiq etdi.

Pirallahı ictimaiyyəti adından çıxış edən 168 ¹-li orta məktəbin dil-ədəbiyyat müəllimi Sevda Alxazova, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Nazilə Abdullazadə, “AbşeronneftNQÇİ-nin şöbə rəisi Şamil Kazımov  və digərləri çıxış edərək ölkəmizin bugünkü həqiqətləri, xalqımızın rifahının yaxşılaşdırılması, bütövlükdə Azərbaycanın nurlu gələcəyi üçün yaradılan imkanlardan fərəhlə söhbət açdılar. Tədbirin  sonunda “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar sənədli film nümayiş olundu. Daha sonra rayonun “Gənclər Parkı”nda tanınmış incəsənət ustalarının konserti oldu.

 

Ə.BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 20 iyun.- S. 6.