LERİK: əhali ilə görüşlərin əməli nəticələri fərəhlidir

 

Hər görüş bir yaxınlıq, bir körpü, bir başlanğıcdır. Görüşlər tərəflər arasında ünsiyyəti artırır, ortaq məxrəc yaradır, buya digər məsələnin həllini sürətləndirir. Başlıcası isə qarşılıqlı inamı gücləndirir. Lerik rayon rəhbərliyinin hər həftə yerlərdə əhali ilə işgüzar görüşlər keçirməsi də məhz bu amillə bağlıdır. Dağlar diyarında vətəndaşların səyyar qəbulu, onları maraqlandıran məsələlərə yerindəcə işıq tutulması artıq gözəl ənənə halını alıb.

İcra hakimiyyətinin başçısı Rövşən Bağırov bizimlə söhbətində bildirdi ki, əslində, əhali ilə müntəzəm görüşlərin keçirilməsi ənənəsini möhtərəm Prezidentimiz cənab İlham Əliyev qoymuşdur. “Dövlətimizin başçısı vaxtaşırı bölgələrə səfərlər etməklə, ictimaiyyət nümayəndələri ilə görüşməklə, həmçinin sosial-mədəni obyektlərin açılışını həyata keçirməklə xalqa nə qədər yaxın olduğunu, idarəetmə siyasətinin insan amilinə nə dərəcədə əsaslandığını bir daha göstərmiş olur. Belə görüşlər sadə camaatın yaddaşından silinmir, adamların rəhbərliyə inamını daha da gücləndirir. Bizbu mühüm amilə daim önəm veririk. Tez-tez kəndlərdə, ən ucqar yaşayış məntəqələrində görüşlər, səyyar qəbullar keçirməklə ənənəni davam etdiririk. Beləliklə, həm real həyatın nəbzini tutur, həm də daha vacib məsələlərin tezliklə həllinə nail olmağa çalışırıq”.

Qeyd etmək yerinə düşər ki, Lerikdə həyata keçirilən abadlıq-quruculuq işlərinin böyük bir qismi məhz yerlərdə əhali ilə keçirilən görüşlərdə səslənən təkliflərin nəticəsi sayıla bilər. Çünki həmin görüşlərdə qaldırılan məsələlərin az bir qismi şəxsi xarakterli olur, icra başçısı görüşlərə idarə və təşkilat rəhbərləri ilə bərabər getdiyi üçün qaldırılan şəxsi məsələlər dərhal həll edilir. Adamlar əsasən ümumi problemləri qaldırır, doğma yurdun daha gözəl və abad olması üçün təkliflər verirlər. Bu məsələlər də öyrənilib cari fəaliyyət planlarına daxil edilir, ciddi nəzarətdə saxlanır və yubadılmadan həllini tapır.

Onu da deyək ki, Rövşən Bağırov Lerikdə çalışdığı müddətdə hər bir yaşayış məntəqəsində artıq dəfələrlə səyyar qəbullar keçirib. Deməli, ondan ötrü hər növbəti görüş həm də daha öncə qaldırılmış məsələlərin həlli ilə bağlı hesabat xarakteri daşıyır. Əgər verilən vədlər yerinə yetirilibsə, nəticəyə nail olunubsa, növbəti dəfə də həmin ünvana könül rahatlığı ilə getmək olar. Lerikin kəndlərində əhali ilə təkrar görüşlərin davamlı olması belə bir qənaət yaradır ki, bu baxımdan, necə deyərlər, alın açıqdır. Görüşlərə həvəslə gedilir: danışmalı sözvar, göstərməli də.

İndi də həmin işlər barədə. Tikintisinə 2012-ci ildə başlanmış Durğan, Nüvədi və Zəriküməco kəndlərində 80 şagird yerlik, Molalan, Livədirgə, Bibiyanı və Nücü kəndlərində isə 180 şagird yerlik orta məktəb binalarının tikintisi davam etdirilir. Yeni binaların qarşıdakı tədris ili ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulur. Buna paralel olaraq rayonun Vizəzəmin, Pirasora, Anbu, Əvilə və Boykəndil kəndlərində 180 şagird yerlik, Mistan kəndində isə 80 şagird yerlik yeni orta məktəblərin inşası, Mastayıl və Nuravudda mövcud orta məktəb binalarının əsaslı təmiri planlaşdırılır. Həmin məktəblərin ilin sonuna kimi tikilib təhvil verilməsi planlaşdırılır.

Lerik şəhərinin sakinləri ilə görüşlərin nəticəsi olaraq rayon mərkəzində xeyli abadlıq tədbiri həyata keçirilmişdir. Perspektivdə də xeyli var. C.Cabbarlı, M.F.Axundov, V.MüslümovH.Aslanov küçələrində dəyəri 640 min manat olmaqla 2960 kubmetr qum-çınqıl qatışığı səpilərək, 14460 kvadratmetr sahəyə, kəndlərarası yollarda isə 5900 kvadratmetr sahəyə asfalt-beton örtüyü çəkiləcək. Şəhərin abadlaşdırılması davam etdirilərək 2140 kvadratmetr məhəccər divarı tikiləcək, 3150 kvadratmetr sahədə divarlar  yeni ağlay plitələrlə üzlənəcək. Piyadaların rahat hərəkəti üçün yeni səkilər salınacaq, küçə və yolların, parkların işıqlandırılması məqsədilə 120 ədəd yeni, müasir elektrik dirəyi quraşdırılacaq. Abadlaşdırma işlərinə 540 min manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tikintisinə 2012-ci ildə başlanmış, uzunluğu 26,4 kilometr, dəyəri 11688 min manat olan Lerik-Qosmaliyan-Kəlvəz avtomobil yolunun tikintisi davam edir. Artıq yolun 7 kilometr hissəsində eni 6 metr olmaqla ikiqat asfalt-beton örtüyü qoyulub. Yolun qalan hissəsində torpaq yatağının düzəldilməsi və yol örtüyünün hazırlanması işləri, körpüsuötürücü qurğuların tikintisi aparılır. Yolun bu ilin iyul-avqust aylarında tam şəkildə istismara verilməsi planlaşdırılır.

“Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya şəbəkəsinin qurulması” layihəsinin dəyəri 29 milyon manatdır. Bu sahədə işlər cədvələ uyğun davam etdirilir, ilin sonuna kimi içməli su təchizatı sisteminin başa çatdırılması, kanalizasiya şəbəkəsinin qurulmasında isə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Dövlət Proqramının icrasının təmin olunması məqsədilə Lerikdə inşa olunan 5 bloklu, gücü 16,5 meqavat olan modul tipli elektrik stansiyasında işlərin başa çatdırılması və  obyektin sentyabr-oktyabr aylarında  istismara verilməsi planlaşdırılır.

Əhalinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının yerli istehsal hesabına təmin olunması məqsədilə rayonun Piran kəndi ərazisində illik istehsal gücü sutkada 50 ton olan broyler istehsal kompleksi tikilir. Obyekt avqust ayında istismara veriləcək. Kompleksin tərkibinə inkubator, quş əti istehsalı, kəsim və qablaşdırma sexləri daxildir.

Bu yaxınlarda icra hakimiyyəti başçısının hüquq-mühafizə orqanları, rayonun əsas idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Çayrud kəndində səyyar görüş-qəbulu keçirilmişdir. Bu tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov da iştirak etmişdir.

Görüş-qəbula 126 nəfər qatılmışdır. Vətəndaşlar tərəfindən 14 rəy və təklif irəli sürülmüşdür. Vətəndaşın işlə təmin olunması, pay torpaqlarında mal-qaranın qanunsuz otarılması, ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı müraciətlər operativ şəkildə həll edilmişdir. Elektrik xətlərinin təmir-bərpası, həkim briqadalarının kəndə göndərilməsi, qaz xətlərindən istifadə qaydaları, pensiyanın düzgün hesablanması, Çayrud kəndinə gedən yolun təmiri kimi təkliflərin icrası istiqamətində hazırda aparılır.

Sakinlərin müraciətləri üzrə kənddə bankomatın quraşdırılması, mədəniyyət evi, poçt şöbəsi, nümayəndəlik üçün yeni binaların və körpünün tikintisi, xəstəxananın ixtisaslı həkimlə təmin edilməsi ilə bağlı respublika təşkilatları qarşısında vəsatət qaldırılmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayonun Çayrud, Xəlifəkənd, Tatoni, Mistan, Pirzora və Digovdərə kəndlərinə təbii qaz verilmişdir. Bu münasibətlə mərasim də elə Çayrudda təşkil olunmuşdu. Tədbirdə icra hakimiyyətinin başçısı Rövşən Bağırov, “Azəriqaz” İstehsalat Birliyi Tikinti Departamentinin rəis müavini Kamran Cəfərov, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak edirdilər.

Ərazi dairəsi üzrə nümayəndə Xanlar Həmidov yeni qaz xəttinin əhalinin istifadəsinə verilməsini unudulmaz hadisə adlandırmışdır. Ağsaqqallar bu qayğıya görə ölkə rəhbərliyinə razılıqlarını ifadə etmişlər. K.Cəfərov bildirmişdir ki, hazırda respublikamızın şəhər və rayonlarının tam əksəriyyəti təbii qazla təchiz olunmuşdur. Ucqar dağ kəndlərinə də qaz xətlərinin çəkilişi ölkəmizin iqtisadi qüdrətindən soraq verir.

R.Bağırov dedi ki, 2006-cı ildən etibarən dağlar diyarına qaz çəkilir. İlk növbədə Lerik şəhəri tam qazlaşdırılmışdır. Bu istiqamətdə görülən işlər ayrı-ayrı kəndlərdə də davam etdirilir. Artıq rayonun 20 kəndi tamamilə qazlaşdırılmışdır. Bu da camaatın böyük sevincinə səbəb olmuşdur. Mərasimdə şəhid ailələrindən olan abonentlərə qaz sobaları hədiyyə edilmişdir.

Ötən ay həmçinin 8 kəndi özündə birləşdirən, 5 minə yaxın əhalisi olan Livədirqə kənd inzibati ərazi dairəsi sakinlərinin arzusu nəzərə alınaraq iş adamının yaxından köməkliyi ilə əraziyə gedən yolun üzərində iki körpü inşa edilmişdir. Alaşar çayının üzərində inşa edilən körpünün uzunluğu 14, eni 6 metr, Livədirqə kəndi ərazisindən keçən çayın üzərində qurulan körpününsə uzunluğu 12, eni 6 metrdir. Hər iki körpü dəmir-beton konstruksiyadan istifadə edilməklə tikilmişdir. Körpülərin açılış mərasimində RİH başçısı R.Bağırov, Milli Məclisin üzvü İ.Məmmədov və digər rəsmilər iştirak etmişlər. Sakinlər sevinc hisslərini bölüşmüş, hədsiz minnətdarlıqlarını bildirmişlər.

Ümumiyyətlə, rayonda vətəndaşların qəbulu intensiv xarakter daşıyır. RİH-də hər həftə onlar qəbul edilib dinlənilir, müraciətləri ilə bağlı müvafiq tədbirlər görülür. Üstəgəl səyyar qəbullar. 2013-cü ilin əvvəlindən  rayon icra hakimiyyətinin başçısı  20-dək səyyar qəbul-görüş keçirmişdir. Həmin qəbullarda  1600-ə qədər sakin iştirak etmiş, 200 nəfər müxtəlif təklif və problemlər qaldırmışdır. Qaldırılan məsələlərdən dörddə-üçü müsbət həllini tapmış, 42-si isə icra edilməkdədir.

Vətəndaş müraciətlərinə daim həssaslıqla yanaşılan Lerik rayonunda ictimai-siyasi sabitliyin möhkəmliyi, əhalinin sosial qayğılarının ard-arda həllini tapması qarşıdakı dövrdə həyatın bütün sahələrində daha böyük uğurlara imza atılacağını müjdələyir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 4 iyun.- S. 11.