Paytaxtın
içməli su sektorunda
yeni infrastruktur
yaradılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə kompleks tədbirlər həyata keçirir. Bu baxımdan Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təminatının yaxşılaşdırılması üçün yeni infrastruktur yaradılır. Xatırladaq ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda bununla bağlı konkret tədbirlər nəzərdə tutulmuşdur.
Adıçəkilən proqram çərçivəsində ən böyük layihələrdən sayılan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası sürətlə davam etdirilir. Magistral xəttin Ceyranbatan sutəmizləyici qurğular kompleksindən Qala qəsəbəsinədək olan 61 kilometrlik hissəsinin 33 kilometrində işlər artıq yekunlaşmışdır.
Hazırda kəmərin qalan hissəsində qaynaq və boruların xəndəyə düzülməsi işləri həyata keçirilir. Bundan əlavə, içməli suyun özüaxımlı rejimdə nəqlini həyata keçirmək məqsədilə Abşeron rayonu ərazisində “+118 Atyalı” su anbarı inşa edilir. Artıq Ceyranbatan sutəmizləyici qurğular kompleksindən həmin anbara qədər diametri 1620 millimetr, uzunluğu 11 kilometr olan xəttin tikintisi yekunlaşmaq üzrədir. Magistral xəttin Ceyranbatan sutəmizləyici qurğular kompleksindən Qala qəsəbəsinədək olan hissəsinin tikintisi isə cari ilin avqust ayında tamamlanacaq və bu istiqamətdə yaşayış məntəqələrinə içməli suyun verilməsi təmin ediləcəkdir.
Yeri gəlmişkən, işlərin keyfiyyətlə və vaxtında icrasını təmin etmək məqsədilə magistral xəttin tikintisində qabaqcıl texnologiyalardan istifadə olunur. Belə ki, Azərbaycanda ilk dəfə olaraq magistral xəttin çəkilişi avtomatik qaynaq aparatları vasitəsilə aparılır. Ənənəvi qaynaq vasitələrindən fərqli olaraq avtomatik qaynaq aparatı robot idarəetmə sistemi ilə təchiz olunmuşdur. Bu aparatların köməyilə qaynaq işləri, demək olar ki, insan əməyi olmadan həyata keçirilir. Həmin avadanlıqlar vasitəsilə boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Üstəlik, yeni texnologiyaların tətbiqi nəticəsində qaynaq işləri daha sürətlə (adi qaynaqla müqayisədə 4-5 dəfə tez ) və keyfiyyətlə icra olunur.
Hazırda inkişaf etmiş ölkələrdə bu aparatlardan neft-qaz və su kəmərlərinin tikintisində geniş istifadə olunur. Belə qaynaq aparatı magistral su xəttinin tikintisinin vaxtından əvvəl başa çatdırılmasına imkan verəcək.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 21 iyun.- S. 2.