Kulturologiya,
mədəniyyətlərin dialoqu və
beynəlxalq əməkdaşlıq
Kulturologiya insanın yeni inkişaf qanunauyğunluqları və imkanlarını dərk etmək və açmaq xüsusiyyətinə malikdir. Dünyanın aparıcı alimləri etiraf edirlər ki, bu gün fənlərarası tədqiqat müasir elmin inkişaf əsaslarından biri olmaqdadır. Son illərdə iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı işlərinin əksəriyyətinin, əsasən, kulturoloji xarakter daşıması buna sübut ola bilər.
Atatürk Mərkəzində Kulturologiya, mədəniyyətlərin dialoqu və beynəlxalq əməkdaşlıq mövzusunda kulturoloji seminarı keçirildi. Seminarı Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) və Azərbaycan Kulturoloqlar Cəmiyyəti Atatürk Mərkəzi ilə birlikdə təşkil etmişdilər.
Seminarda YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru, Avropa-Asiya Beynəlxalq Humanitar Akademiyasının prezidenti, akademik Engel Tahirov kulturoloji məruzə ilə çıxış etdi. O, müasir dünyada ruhi mədəniyyətin və kulturologiyanın yüksək missiyası, başçılıq etdiyi qurumların fəaliyyəti haqqında danışdı. Akademik həmçinin professor Fuad Məmmədovun dünya kulturoloji elminə, mədəniyyətlərin dialoqu və xalqlar arasında mədəni əməkdaşlığın inkişafına verdiyi töhfəni çox yüksək qiymətləndirdi.
Professor Fuad Məmmədova Avropa-Asiya Beynəlxalq Humanitar Akademiyasının diplomu və Akademikin fəxri lenti təqdim edildi. Diplom və Akademikin fəxri lenti və mantiyası, hüquq sahəsində fəlsəfə doktoru, beynəlxalq əməkdaşlıq proqramları əlaqələndiricisi Renat İlyazova da təqdim edildi.
Simurq AMA-nın birinci vitse-prezidenti, AMEA-nın akademiki Maqsud Əliyev YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru, Avropa-Asiya Beynəlxalq Humanitar Akademiyasının prezidenti, professor Engel Tahirova kulturologiya elminin inkişafına verdiyi töhfəyə və Azərbaycan və Rusiya Federasiyası Tatarstan Respublikasının təhsil, elm və mədəniyyət xadimləri arasında humanitar əməkdaşlığa görə Simurq beynəlxalq medalını təqdim etdi.
Eyni zamanda, Azərbaycanda ruhi mədəniyyətin inkişafına verdiyi töhfəyə və Azərbaycan və Rusiya Federasiyası Tatarıstan Respublikasının xalqları arasında humanitar əməkdaşlığa görə Tatarıstanın Azərbaycandakı keçmiş səfiri Rəfael İlyazov SimurqAMA-nın fəxri üzvü Diplomu ilə təltif edildi. Elə həmin gün Simurq AMA ilə YUNESKO-nun Sülh mədəniyyəti İnstitutu arasında əməkdaşlıq haqqında razılaşma imzalandı.
Seminarın işində akademik Maqsud Əliyev, Azərbaycan professorlar-Nəriman Həsənzadə, Namiq Axundov, Ramiz İsgəndərov, Əsədulla Qurbanov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov, Azərbaycanın xalq rəssamları - Ağaəli İbrahimov və Arif Hüseynov, Azərbaycanın xalq artisti Vasif Babayev, Azərbaycanın əməkdar müəllimi Tahir Behbudov, alimlər, politoloqlar, şairlər, qeyri-hökumət təşkilatları rəhbərləri, gənclər, jurnalistlər və Azərbaycan ziyalılarının digər nümayəndələri iştirak edirdilər.
Hörmətli qonaqların və təltif edilənlərin şərəfinə istedadlı skripkaçı Töhfə Babayeva Azərbaycan və Avropa müəlliflərinin əsərlərini ifa etdi.
A.SADIQOĞLU
Xalq qəzeti.- 2013.- 21 iyun.- S. 4.