Hüquq müdafiəçisi Novella Cəfəroğlu: Keçmiş
Sovet ölkələri arasında ən
yaxşı durumda olan
Azərbaycandır
Yalan üzərində köklənmiş
“hesabatlar” ölkəmizin beynəlxalq
aləmdə artan reytinqinə xələl
gətirə bilməz
Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması və tədricən dünya birliyində söz sahibinə çevrilməsi ermənipərəst qüvvələri ciddi narahat edir. Onlar ölkəmizdəki muzdlu nökərlərinin yalan və qərəzli məlumatları əsasında ikiüzlü siyasət yeridən bəzi beynəlxalq təşkilatlar vasitəsilə yalan və böhtanla dolu hesabalar hazırlayaraq çaşqınlıq yaratmaq istəyirlər.
Bu ilin payızında keçiriləcək prezident seçkiləri ərəfəsində daha da fəallaşan belə üzdəniraq təşkilatlar öz “hesabatlarında” ölkəmizin ünvanına böhtanlar yağdırır və Azərbaycanda demokratik proseslərin inkişafını ört - basdır etməyə çalışırlar. “Freedom House”, “Human Rights Watch” və digər beynəlxalq təşkilatlar özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim etsələr də, əslində onlar yalan və böhtanı özlərinin biznes sahəsinə çeviriblər.
Bəzi QHT-lərin “hesabatlarında” ölkəmiz haqqında olduqca təzadlı rəqəmlər öz əksini tapır. Adlarını “hüquq müdafiəçiləri” qoyanlar, həmçinin bir sıra qeyri - hökumət təşkilatları Azərbaycanda “siyasi məhbus istehsalı” ilə məşğuldurlar. Bu, artıq onların gəlir mənbəyinə çevrilib. Təəssüf ki, bəzi nüfuzlu qurumlar da belə “hesabatlara”, böhtan və yalanlara, heç bir əsası olmayan iddialara istinad edərək, Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyəti məqsədli şəkildə təhrif etməyə çalışırlar. Azərbaycanda insan hüquqlarının qorunmasının vəziyyətinə dair subyektiv mülahizələr və əsassız iddialar qəbuledilməzdir.
Bu günlərdə “Freedom House” təşkilatı ölkəmiz haqqında daha bir qərəzli “hesabat” hazırlayıb. Onu da qeyd edək ki, bu təşkilatın ölkəmiz haqqında əvvəllər də təqdim etdiyi “ hesabatların” böhtan və yalan əsasında hazırlandığı sübuta yetirilib. Qeyd edək ki, “Freedom House” təşkilatı “Keçid dövrü ölkələri-2013” adlı daha bir ”hesabat" təqdim edib. Böhtançı təşkilatın növbəti hesabatında Azərbaycan da daxil olmaqla, Avrasiya regionunun keçmiş sovet ölkələrindəki vəziyyət təhlil olunub. Sən demə, “Freedom House” təşkilatını Aərbaycanda vətəndaş cəmiyyətinin inkişafı çox ciddi “narahat edibmiş”. Ona görə də heç bir araşdırma və rəy sorgusu aparmadan “hesabat” hazırlayıblar. Onlara “faktları” isə Azərbaycanın inkişafını gözü götürməyən dairələr və “sapı özümüzdən olan baltalar” ötürüblər. Neçə vaxtdır ki, xarici düşmənlərimizin çirkli pulları hesabına Azərbaycanda ictimai - siyasi sabitliyi pozmağa can atan, guya, ölkəmizdə insan hüquq və azdlıqlarının pozulmasını “sübut ”etməyə" çalışan və bununla da beynəlxalq aləmin diqqətini respublikamıza cəlb etmək istəyən dağıdıcı müxalifət “Freedom House” kimi böhtançı bir təşkilatı gündüzlər çıraqla axtarırdılar. Belə xəyanətkarlar həmin təşkilata donoslar ötürərək ölkəmiz haqqında növbəti “hesabat” hazırlatdırıblar.
Vətəndaş cəmiyyəti - demokratiya şəraitində vətəndaşların hüquqi, iqtisadi, siyasi və mədəni azadlığı olan insan birliyidir. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkəmiz vətəndaş cəmiyyəti quruculuğunda nəinki yerli tərəfdaşlar, həmçinin beynəlxalq əməkdaşların bütün imkanlarından həmişə istifadə etməyə hazır olduğunu bildirib. Bu, həm də dövlətimizin siyasi iradəsinin ortada olduğunu göstərir. Vətəndaş cəmiyyəti dedikdə hər hansı bir cəmiyyətin formalaşmasında, fəaliyyətində vətəndaşların fəal rol oynadığı, öz imkanlarını gerçəkləşdirə bildiyi bir cəmiyyət başa düşülür. Belə cəmiyyətdə sərbəst, azad insanlar könüllülük əsasında yaranmış birliklər, assosiasiyalar - müxtəlif tipli ictimai təşkilatlar dövlətin birbaşa müdaxiləsi olmadan, cəmiyyətin tələblərinə, qayğılarına uyğun olaraq fəaliyyət göstərirlər.
Azərbaycan açıq və demokratik bir ölkədir və respublikamız həmişə beynəlxalq əməkdaşlığa maraqlı olub. Eyni zamanda, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi, Azərbaycanda tətbiq edilməsi də daim diqqət mərkəzində saxlanılıb. Son illər həyata keçirilən islahatlar, QHT- lərin inkişafına dövlət dəstəyi, gəncliyin inkişafı ilə əlaqədar qəbul edilən dövlət proqramları, ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətdə harmonik və sabit inkişafın təmini, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin inkişafı, dəstəklənməsi cəmiyyətin əsas hədəf və vəzifələrindən biri hesab edilir. Bundan başqa, sosial, mədəni, mənəvi və əlbəttə ki, ictimai-siyasi münasibətləri də qeyd etmək yerinə düşər. Bu gün ölkəmizdə qeyd edilən bütün bu münasibətlər sahəsində ictimai təşkilatlar fəaliyyət göstərirlər. Azərbaycan vətəndaşları heç bir süni maneələrlə qarşılaşmadan müxtəlif təşkilatlar yaradır və ya fəaliyyət göstərirlər. Bununla da öz maraqları və azadlıqlarını təmin etməyə çalışırlar. Bu isə artıq Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdığının, onun inkişaf prosesinin getdiyinin göstəricisidir.
Azərbaycanda bu gün çoxlu sayda Qeyri-Hökümət Təşkilatları (QHT) fəaliyyət göstərir. Onlar vaxtaşırı hesabatlarla çıxış edir, müxtəlif təkliflər irəli sürür və layihələr təqdim etməklə dövlət tərəfindən maliyyə dəstəyi alırlar. Bütün bunlar “Freedom House” təşkilatının növbəti “hesabatının” da qərəzli olmasından xəbər verir.
“Freedom House” təşkilatının “Keçid dövrü ölkələri-2013” adlı ”hesabatında” ölkəmiz haqqında böhtan xarakterli “faktlar” ciddi etirazlarla qarşılanıb. Hesabatda regionun 12 ölkəsindən 5-də insan haqları və vətəndaş cəmiyyəti üçün həyəcanlı vəziyyət hökm sürdüyü bildirilib. Bura Azərbaycan da daxildir. Azərbaycan, Belarus, Türkmənistan, Özbəkistan və Tacikistan “Vətəndaş cəmiyyəti” göstəricisinə görə ən aşağı reytinq alıblar. Elə ilk etiraz müsavatçı hüquq müdafiəçisi Novella Cəfəroğlundan gəldi. O, “Freedom House” təşkilatını sərt şəkildə tənqid edərək deyib ki,"Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik.Azərbaycan dövləti haqqında bu fikirləri demək mənə çox pis təsir edir".
N.Cəfəroğlu bildirib ki, Ermənistanda, Gürcüstanda, Rusiyada, Ukraynada vəziyyət Azərbaycandan daha acınacaqlıdır: “Ermənistanda 500 min insan ölkədən qaçır, prezident seçkilərində namizədi güllələyirlər. Gürcüstanda son zamanlarda baş verənlər göz qabağındadır. Ukranyada baş nazir Yuliya Timoşenko, jurnalistlər həbs olunur. Bu ölkələr həmin siyahıda yer almır. Amma Azərbaycanı son beş ölkə sırasına salırlar. Dövlətimiz haqqında bu fikirlərin səsləndirilməsi və haqsız araşdırmalar aparılaraq belə hesabatların ictimaiyyətə təqdim olunması mənə pis təsir edir. Keçmiş sovet ölkələri arasında ən yaxşı durumda olan Azərbaycandır. Keçmiş sovet ölkələri bir kənara qalsın. Araşdırma aparılarkən ölkələrdə olan vəziyyətlər düzgün qiymətləndirilməlidir. Necə olur ki, Azərbaycanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda insan haqları pozulur, digər ölkələrdə pozulmur? Belə hesabat olmaz. “Freedom House” təşkilatı qələt eləyib”.
İşgəncələr Əleyhinə Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov da “Freedom House” təşkilatının Azərbaycanla bağlı hesabatına münasibət bildirərkən bunu qərəzli adlandırıb. Onun qənaətinə görə, Azərbaycanda vəziyyətin Ermənistandan və Gürcüstandan pis olması iddiası düzgün deyil. E.Behbudov deyib ki,bu, qərəzli bir mövqedir. Beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzi yalnız bu sahədə deyil. Bizim Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanası var. Azərbaycanın bəzi hüquq müdafiəçiləri çox canfəşanlıq edirlər ki, bu təcridxana bağlansın. Bu məsələni beynəlxalq təşkilatlar da qaldırıb. Mən bunun əleyhinə çıxış etdim. Dedim ki, bütün demokratik dövlətlərin xüsusi xidmət orqanlarının saxlanma yeri var. Niyə Azərbaycanda olmamalıdır?! Ermənistanda da var. BMT-nin nümayəndəsi cavab verdi ki, onlarda vəziyyət daha pisdir. Amma görürsünüz ki, onlardan yox, Azərbaycandan tələb edirlər. Çünki beynəlxalq birlik Azərbaycana qərəzli yanaşır.
Hüquq müdafiəçisi ölkəmiz haqqında yanlış, yalan və böhtan xarakterli məlumatların həmin təşkilatların Azərbaycanda əməkdaşlıq etdikləri hüquq müdafiəçiləri tərəfindən ötürüldüyünü bildirib. O deyib ki, bu il beynəlxalq təşkilatların qərəzli mövqeyi daha da arta bilər. Çünki bəzi Azərbaycanı sevməyən təşkilatlar çalışırlar ki, nəyin bahasına olursa-olsun, prezident seçkisi ərəfəsində Azərbaycanda qarışıqlıq yaratsınlar. Bu il ölkədə prezident seçkisi olduğundan bundan istifadə edib sabitliyi pozmaq istəyirlər.
Bir sıra radikal müxalifət nümayəndələri “Freedom House” təşkilatının ökəmiz haqqında qərəzli “hesabatı”na etiraz bildirən hüquq müdafiəçilərini satqınçılıqda ittiham ediblər. Belə antimilli ünsürlərə elə gəlir ki, Vətəni, xalqı, milləti müdafiə etmək satqınçılıqdır. Axı, belələrinin özlərinin mayaları xəyanətkarlıqdan, satqınçılıqdan tutlub.Məsələn, Amerikada yaşayan Ramiz Yunus adlı birisi hüquq müdafiəçisi Novella Cəfər oğlunun ünvanına təhqiramiz ifadələr işlədib. Ona görə ki, N.Cəfərooğlu Vətəninə atılan böhtanla razılaşmayıb. Əslində Ramiz Yunus kimi üzüdönüklər, ermənilərin sifarişlərini yerinə yetirməklə məşğul olan xəyanətkarların xisləti hamımıza yaxşı məlumdur. Amerikada oturub Azərbaycanın “qayğısını çəkən” bu antimilli ünsür hamımızın ermənipərəst kimi tanıdığımız əldəqayırma hüquq müdafiəçisi Leyla Yunusun qayınatasıdır. Novella Cəfəroğlunun dedyi kimi Ramiz Yunus kimi gədələr və onun gəlini Leyla Yunus Azərbaycanı heç vaxt sevməyiblər.
“Freedom House” kimi böhtançı bir təşkilatın qərəzli hesabatı Azərbaycanın beynəlxalq aləmdə artan reytinqinə heç bir təsir göstərməyəcək. Erməni lobbisinin sifarişlərini yerinə yetirən belə böhtançı təşkilatlar yalan üzərində köklənmiş “hesabatları” ilə özlərini biabır edirlər. Bir də ki islanmışın yağışdan nə qorxusu?
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 21 iyun.- S. 5.