Bir günün min qayğısı
Azərbaycan Prezidenti cənab İlham
Əliyevin diqqət və qayğısı nəticəsində Goranboy öz
inkişafının yeni mərhələsinə
qədəm qoymuşdur
Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quluyev maraqlı və zəngin həyat yolu keçib. Operativ, çevik iş üslubuna malikdir. Görünür, elə ona görə də onunla kabinent söhbətimiz baş tutmadı. Köməkçi dedi ki, indicə çıxdı. Sonra da başçının gedəcəyi ünvanları sadaladı. Sözün düzü, təəccübləndik:
– Elə isə axşama qədər çətin qayıdar, – dedim. – Bəlkə sabah gəlim?
Köməkçi səmimiyyətlə gülümsədi:
— Sabah da belə olacaq.
Təəccübüm əbəs yerə deyildi. Ona görə ki, icra başçısının gedəcəyi ünvanlar şəhərin, demək olar ki, bütün küçə və prospektlərini, tikinti - abadlıq işləri aparılan obyektləri, eyni zamanda, ən ucqar kəndləri əhatə edirdi.
Jurnalist marağı üstün gəldi. “Hər halda hardasa rastlaşacağıq” — deyə yola düşdüm. Yaxşı ki, çox vaxt itirmədim. Çünki icra başçısı kabinetdən çıxan kimi xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev Mərkəzinin tikintisinə gəlmişdi. Bu heç də təsadüfi deyil. Müasir və milli arxitektura elementləri ilə zəngin olan bu binanın tikintisində iş sürətlə aparılır. Vaxtında və keyfiyyətlə təhvil verilməlidir. Deməli, gündəlik diqqət və nəzarət vacibdir. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə üzbəüzdə yerləşən bu üçmərtəbəli binanın tikintisi artıq başa çatmaq üzrədir.
İcra başçısı işin gedişi ilə yaxından maraqlanır, müvafiq məsləhət və tövsiyələrini verir, ortaya çıxan xırda-para çətinlik və çatışmazlıqları dərhal aradan qaldırmaq üçün əlaqədar, cavabdeh şəxslərə tapşırıqlar verirdi. Bəli yaxın vaxtlarda şəhərin axarlı-baxarlı yerində daha bir əzəmətli bina – Heydər Əliyev Mərkəzi istifadəyə veriləcəkdir.
Nizaməddin Quliyev daxili qürur və məmnunluq hissi ilə bayaqkı söhbətini davam etdirir:
– Ulu öndər Heydər Əliyevin hamımıza nümunə olan şərəfli həyatı, mübarizə və qələbələrlə dolu ömür yolu, dərin zəkası, bütün dünyada heyrət doğuran parlaq şəxsiyyəti, ölməz, həmişəyaşar ideya və əməlləri bizim hamımıza zəngin xəzinə, bitib-tükənməyən sərvət, nümunə və məktəbdir. Deməli, bu zəngin xəzinədən hər gün hər, an öyrənməliyik. Ona görə də hər cür imkan və şəraitə malik, ən müasir avadanlıqlarla təchiz ediləcək belə bir mərkəzin tikintisinə başladıq. Heç şübhəsiz, bu ünvan rayon sakinlərinin, eləcə də qonaqların ən müqəddəs ziyarət yerinə çevriləcəkdir.
Son illər Goranboy şəhəri bütün istiqamətlərə doğru xeyli böyümüş, yeni müasir binalar tikilmiş, küçələr, səkilər, yaşıllıq zolaqları salınmışdır. İcra başçısını isə daha çox şəhərin Goran istiqamətində görülən işlərin gedişi maraqlandırırdı. Əvvəlcə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri üçün inşa edilən 54 mənzilli yaşayış evinin tikintisinə baş çəkdik. İş icraçısı və fəhlələrlə söhbətdən aydın oldu ki, yaşayış binası nəzərdə tutulmuş vaxtda istifadəyə veriləcəkdir. Nizami Gəncəvi adına park da şəhərin bu hissəsindədir. Daha doğrusu, hazırda parkın 2,2 hektar sahəsi olan ikinci hissəsində tikinti işləri aparılır.
Onu da əlavə edək ki, burada və şəhərin digər ərazilərində salınmış yaşıllıq zolaqlarında 22 mindən çox ağac və gül kolu əkilmişdir. Bu günlərdə tikintisi başa çatdırılmış qaz istismarı və su-kanal idarələrinin inzibati binaları da şəhərin bu hissəsindədir. Ümumiyyətlə, son illər aparılan genişmiqyaslı tikinti-abadlıq işləri nəticəsində Heydər Əliyev prospekti daha da genişləndirilmişdir.
Növbəti ünvana getməmişdən əvvəl icra başçısı narahatlıqla saatına baxdı. Sonra da:
– Gecikirik, – deyə maşına əyləşdi.
Yolumuz Quşçular kəndinədir. Öyrəndik ki, tərtib edilmiş qrafikə əsasən rayon icra hakimiyyətinin başçısının növbəti səyyar qəbulu məhz həmin kənddədir. Səyyar qəbulda hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. Açıq, işgüzar formada, səmimi fikir mübadiləsi və diskussiya şəraitində keçən qəbulun təfərrüatları barədə bir qədər sonra ətraflı söhbət açacağıq. Ancaq indi deyəcəyimiz mətləb ondan ibarətdir ki, səyyar qəbulun keçirildiyi zal olduqca simvolik idi. Məsələ burasındadır ki, təxminən bir il bundan əvvəl Quşçular kəndində keçirilən səyyar qəbulda kənd sakinləri yeni məktəb binasının tikintisinə ciddi ehtiyac olduğunu bildirmişdilər. Olduqca fərəhlidir ki, həmin qəbulda irəli sürülən bir çox digər məsələlər kimi məktəb tikintisi də öz müsbət həllini tapmışdır. Belə ki, qısa müddət ərzində burada 180 yerlik müasir məktəb binası tikilib istifadəyə verilmişdir. Bugünkü qəbul da məhz həmin məktəbin akt zalında keçirilirdi.
Bax, bu yerdə möhkəm icra intizamından, deyilən sözün, irəli sürülən fikir və mülahizələrin vaxtında və uğurla yerinə yetirilməsindən məmnunluqla danışmağa dəyər. Heç də təsadüfi deyildir ki, səyyar qəbulda çıxış edənlər ən əvvəl yaradılmış belə gözəl şərait üçün ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirirdilər.
Görüşün hamı tərəfindən razılıqla qarşılanan ibrətamiz cəhətlərindən biri də o idi ki, qaldırılan məsələlər, təklif, irad və arzular konkret xarakter daşıyırdı, iddiaçı və cavabdeh şəxs arasında maraqlı dialoq yaranırdı. Biz belə məqamların bir neçəsini cib dəftərçəmizə qeyd etmişik.
Hamaya Abdullayeva:
– Biz kənd adamlarının çörəyi, dolanışığı torpaqdandır. Ancaq bir məsələdə çətinliyimiz var. Su sarıdan korluq çəkirik. Ümidimiz artezianlara, bir də təbiətə, yağışadır. Neçə vaxtdır ki, nə yağış yağır, nə də artezian işləyir.
İcra başçısı :
– İdarə müdiri burdadırmı? Məsələyə aydınlıq gətirin.
Akif İbrahimov – Subartezian Quyularının İstismarı İdarəsinin rəisi:
— Məlumat düzgün deyil. Artezianların hamısı işləyir. İstəsəniz kollektiv baxış da təşkil edə bilərik.
Sevda Həmidova:
– Mən bura sahədən, iş üstündən gəlmişəm. Həqiqətən,artezian işləmir.
İcra başçısı:
– Aqrar məsələlər üzrə müavin, idarə müdiri və kənd icra nümayəndəsi birlikdə yerlərdə olun, vəziyyəti araşdırın. Axşama qədər hər şey qaydasında olmalıdır. Burada mübahisə etməkdənsə, məsələnin kökünü yerində araşdırmaq lazımdır.
Zoya Hüseynova:
– Təəssüf ki, kəndimizdəki tibb məntəqəsinin ancaq adı var. Müvafiq bina olmadığından tibb işçiləri məcbur olub şəxsi evlərdə fəaliyyət göstərirlər. Belə vəziyyət nə vaxtadək davam edəcək?
İcra başçısı:
– Mərkəzi xəstəxananın baş həkimi bu barədə nə deyə bilər? Axı biz keçən dəfə bu barədə əlaqədar respublika təşkilatları ilə danışmışıq. İşlərin gedişi nə vəziyyətdədir?
İlqar Musayev, Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini:
– Səhiyyə Nazirliyi ilə əlaqə saxlamışıq. Bu günlərdə Quşçular kəndində tibb məntəqəsi üçün ayrıca binanın tikintisinə başlanılacaqdır.
Qafar Qafarov:
– Quşçular kəndi son illər xeyli böyüyüb, yeni binalar tikilib, yaşayış massivi salınıb. Ancaq təəssüf ki, həmin ərazilərdə elektrik xəttlərinin çəklişi bərbad vəziyyətdədir. Dirəklərin çoxu qəza vəziyyətindədir.
İcra başçısı:
– Bu barədə əvvəllər də elektrik şəbəkəsinin rəhbərliyi ilə ciddi söhbətimiz olub. Ancaq gördüyünüz kimi məsələ hələ də həll olunmayıb. Səbəbini bilmək hamımız üçün maraqlı olardı.
Yunis İsmayılov, Paylayıcı Elektrik Şəbəkəsinin nümayəndəsi:
– Gecikmənin yeganə səbəbi material çatışmazlığıdır. Ancaq bu günlərdə həmin məsələ öz müsbət həllini tapıb. Uzağı iki günə dayaqların və naqillərin dəyişdirilməsinə başlayacağıq. Bu barədə icra nümayəndəsinə və kənd bələdiyyəsinə də məlumat vermişik.
Arzu və təkliflər, çıxışlar davam edir. Kənd sakinləri ötən səyyar qəbuldan keçən müddət ərzində görülüb başa çatdırılmış işlərdən böyük razılıq hissi ilə danışmaqla bərabər, hələ də həllini gözləyən vacib məsələlərdən, sosial qayğılardan, gündəlik işlərdən söhbət açırdılar. Əlbəttə, onların hamısı Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri tərəfindən dəqiq qeyd edilir, ümumiləşdirilir, icra müddəti göstərilirdi.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quluyev səyyar qəbulu yekunlaşdırdı, ötən görüşdən sonra görülmüş işləri bir daha yada saldı, irəli sürülən təklif və qeydlərə öz münasibətini bildirdi:
– Ən əvvəl dediyiniz xoş sözlərə görə təşəkkürümü bildirirəm. Bu sözlər, ilk növbədə, respublika Prezidenti İlham Əliyevin ünvanınadır. Ona görə ki, bütün bu işlər ölkə başçısının gündəlik diqqət və qayğısı nəticəsində görülüb, başa çatdırılmışdır. Respublikamızın bütün bölgələri kimi, Goranboy rayonu da son illər əsl inkişaf və yüksəliş yolu keçmiş, genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılmışdır. O da fərəhlidir ki, başlanmış tikinti-abadlıq işləri bu gün də eyni sürət və keyfiyyətlə davam etdirilir.
Digər tərəfdən, sizinlə görüşmək, arzu, təklif və qeydlərinizlə bilavasitə tanış olmaq bizim vəzifəmişdir. Biz bundan sonra da yerlərdə sakinlərlə belə görüş və söhbətləri, səyyar qəbulları davam etdirəcəyik. İndi gəlin, irəli sürdüyünüz təklif və qeydlərinizi təhlil edək. Sözsüz ki, rayon icra hakimiyyətində həmin məsələlər qruplaşdırılacaq, sistemə salınacaq, icra müddəti və bu işə məsul olan şəxslər müəyyənləşdiriləcəkdir. İndiki halda isə deyək ki, qaldırdığımız məsələlərdə haqlısınız və güman edirəm ki, yaxın vaxtlarda öz müsbət həllini tapacaqdır.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quluyevin Quşçular kəndində keçirilən səyyar qəbulu, bax belə bir işgüzar şəraitdə — açıq, səmimi söhbət və dialoqla, yüksək əhval-ruhiyyə ilə başa çatdı. Əsas cəhət odur ki, kənd sakinləri burada qaldırılan vacib sosial məsələlərin həllinə dərin inam və ümid bəsləyirdilər.
Ümumiyyətlə, deyək ki, yerlərdə keçirilən səyyar qəbullar, görüş və söhbətlər Goranboy Rayon İcra Hakimiyyətinin iş üslub və metodlarında, təşkilat-idarəetmə məsələlərində xüsusi yer tutur. İnsan amili, əhalinin vacib sosial ehtiyaclarının daha etibarlı təminatı sahəsində də burada ardıcıl, sistemli iş qurulmuş, konkret vəzifələr müəyyən olunmuş, möhkəm icra intizamı yaradılmışdır. Rayon icra hakimiyyətində bütün sahələrdə olduğu kimi, ərizə və şikayətlərə baxılması, vətəndaşların qəbulu, yerlərdə keçirilən görüş və söhbətlər istiqamətində də geniş tədbirlər planı təsdiq edilmişdir. Əsas diqqət ona yönəldilmişdir ki, əhalini narahat edən vacib məsələlər, ciddi sosial ehtiyaclar yerindəcə həll olunsun, təkrar şikayətlərə yol verilməsin.
Qarşıda duran vəzifələrin həllinə belə kompleks münasibət, insan amili, onun vacib sosial ehtiyaclarının dolğun yerinə yetirilməsi isə öz növbəsində iqtisadi yüksəlişə, tikinti-abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə, sosial məsələlərin uğurlu həllinə səbəb olmuşdur.
Ən əvvəl qeyd edək ki, son illər rayon üzrə ümumi məhsul istehsalı artmış, bütün sahələrdə dinamik inkişaf təmin edilmişdir. Cari ilin ötən ayları ərzində rayonda aparılan tikinti-abadlıq və quruculuq işlərinin həcmi daha da genişləndirilmişdir. Goranboy şəhərinə Gəncə istiqamətindən girişdə divarlar bəzək daşları ilə üzlənmiş, ərazi abadlaşdırılmışdır.
Hazırda Heydər Əliyev prospektində S.Civəzadə, C.Cabbarlı, R.Rza, V.Bayramov, Goran — Goranboy yolunun İrəvanlı kəndi hissəsində yeni divarların tikintisi davam etdirilir, divarlara üzlük daş vurulur. Divarlarda xüsusi işıqlandırma işləri aparılır ki, bu da şəhərin gecə görüntüsünə xüsusi gözəllik gətirir.
R.Mustafayev və C.Cabbarlı küçələrində ikitərəfli yolun tikintisi davam etdirilir, işıqlandırma dayaqları qoyulur. Qızıhacılı qəsəbəsindən Goranboy şəhərinə girişdə avtomobil yolu boyunca hasarların tikintisi davam etdirilir. Böyük Vətən müharibəsində və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış Xatirə Kompleksi əsaslı şəkildə yenidən qurulur, yeni bazarın tikintisi aparılır, müasir çörək zavodu tikilir.
480 yerlik Fəxralı kənd tam orta məktəbin yeni binası istifadəyə verilimişdir. Xınalı, Qarasuçu, Yenikənd tam orta, Goran qəsəbə ümumi orta və Təklə kənd ibtidai məktəblərinin tikintisi üçün sənədləşdirmə işləri başa çatdırılmışdır. Yaxın vaxtlarda Olimpiya İdman Kompleksinin tikintisinə başlanılacaqdır.
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Goranboy şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” lahiyəsi bu ilin sonunadək başa çatacaqdır. Lahiyə çərçivəsində 45,2 km Murov - Goranboy su kəməri, 109,6 km şəhərdaxili su xətti, 81,7 km kanalizasiya xəttinin çəkilişi artıq başa çatmışdır. Səfikürd kəndində hər birinin tutumu 1000 kubmetr olan su anbarının ikisi sınaqdan çıxarılmışdır. Üçüncü su anbarının inşası isə hazırda davam etdirilir. Yuxarı Ballıqaya kəndində Qaraçay üzərində su bəndinin tikintisi başa çatmışdır.
Nadirkənd və Səmədabad kəndlərində giriş qapıları inşa edilmiş, Balakürd kəndində uşaq baxçası əsaslı təmir olunmuşdur. Səfikürd, Balakürd və Yeniyol kəndlərində yol kənarlarında müasir işıqlandırma sistemi quraşdırılmışdır. Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən “Qala kompleksi”ndə işlər davam etdirilir. Beş kəndə təbii qaz çəkilişi aparılır.
Təmas xəttində yerləşən Tap Qaraqoyunlu və Tap kəndlərinin problemlərinin həlli daim diqqət mərkəzindədir. Belə ki, bu il əlavə olaraq 500 metr mühafizə divarının tikintisi, Murov magistral su xəttindən kəndə 17 km uzunluğunda su xəttinin çəkilişi həyata keçiriləcəkdir. Artıq su anbarının tikintisinə başlanılmışdır.
Göründüyü kimi, inkişaf və irəliləyiş bütün sahələri əhatə etmiş, ardıcıl və sistemli xarakter daşımışdır. Əsas cəhət odur ki, ilk günlərdən başlanmış genişmiqyaslı tikinti-quruculuq işlərinin sürət və keyfiyyəti gündən-günə artır, bütün yaşayış məntəqələrini əhatə edir.
Biz bu yazı üzərində işləyərkən rayonun əksər idarə, müəssisə və təşkilatlarında olduq, kəndlərə getdik. Ağsaqqallarla, ziyalılarla, gənclərlə söhbət etdik. Gördüklərimizə, eşitdiklərimizə və şahidi olduqlarımıza əsaslanaraq deyə bilərik ki, bu gün Goranboyda yüksək mütəşəkkillik, sağlam mənəvi-psixoloji mühit, yaradıcı və təşəbbüskar ab-hava var. Goranboylular əldə edilmiş bütün bu böyük uğurlar, yaradılan hərtərəfli şərait üçün, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirir, onun qətiyyətli və uzaqgörən daxili və xarici siyasət xəttini ürəkdən dəsdəklədiklərini və müdafiə etdiklərini bəyan etdilər.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2013.- 21 iyun.- S. 6.