Azərbaycan-Rusiya
gömrük xidmətləri nümayəndələrinin
işçi qrupunun görüşü keçirilmişdir
İyunun 19-da Rusiya Federasiyası və Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən “Məhərrəmkənd” sərhəd keçid məntəqəsinin inzibati binasında Azərbaycan-Rusiya gömrük xidmətləri nümayəndələrinin işçi qrupunun görüşü keçirilmişdir.
Görüşdə Rusiya Federasiyasını Şimali Qafqaz Gömrük İdarəsinin Gömrük nəzarətinin təşkili xidmətinin rəisi Dmitriy Ştenberqin, Azərbaycan Respublikasını isə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəisi Sahib Axundovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil etmişdir. Səmimilik şəraitində keçən görüşdə Rusiya Federasiyasının “Yaraq-Qazmalar” və Azərbaycan Respublikasının “Samur” sərhəd gömrük buraxılış məntəqələrindən keçən sərnişinlərin və nəqliyyat vasitələrinin hərəkətində yaranan problemlərin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır. Daha sonra, görüşdə kənd təsərrüfatı məhsullarının ixracı ilə əlaqədar məsələlərə də toxunulmuş, Azərbaycan tərəfi, xüsusilə tez xarab olan bu cür məhsulların qonşu ölkəyə növbədənkənar, maneəsiz ixracının zəruriliyini bildirmiş, qarşıya çıxacaq hər hansı problemin dərhal, yerindəcə həlli ilə bağlı müvafiq təkliflərini irəli sürmüşdür. Rusiya tərəfi isə, öz növbəsində qaldırılan məsələnin aktuallığını nəzərə alaraq bu istiqamətdə konkret tədbirlərin həyata keçiriləcəyini vurğulamışdır.
İ.NİZAMİOĞLU
Xalq qəzeti.- 2013.- 22 iyun.- S. 6.