Haqqın və ədalətin
qələbəsi ilə başa çatmış dəhşətli
müharibə
22 iyun
1941-ci il. Bu tarix
keçmiş Sovet İttifaqı ölkələri
üçün böyük fəlakətlərin, mərhumiyyətlərin,
kütləvi qətllərin, əzab-əziyyətlərin başlanğıc
tarixi kimi yaddaşlarda yaşayır. Məhz həmin
gün faşist Almaniyası beynəlxalq münasibətlər
sistemini darmadağın edən addım ataraq hücum etməmək
haqqında müqaviləni birtərəfli qaydada pozdu və
Sovet İttifaqına hücum etdi. Rumıniya,
İtaliya, bir neçə gün sonra isə Macarıstan,
Slovakiya və Finlandiya Almaniya tərəfindən müharibəyə
qoşuldular. Beləliklə, 4 il davam edən Böyük Vətən
Müharibəsi başlandı.
Əslində, bu savaş, necə deyərlər,
İkinci Dünya müharibəsinin tərkib hissəsi idi. Belə ki,
Birinci Dünya müharibəsindən ötən dövr ərzində
dünya nizamı yenidən formalaşmağa
başlamışdı. Məğlub
dövlətlərlə qaliblər arasındakı gizli
“diplomatik qarşıdurmalar”, yeni müttəfiqlik
arayışları və dünyanın yenidən
bölüşdürülməsi istiqamətində əndazəni
aşan iddialar növbəti genişmiqyaslı müharibəyə
zəmin hazırlayırdı. Bir sıra məsələlərdə
ortaq məxrəcə gələn Almaniya, İtaliya və
Yaponiya isə hərbi
təcavüzkarlıq yolu tutmuş və ölkələri
işğal edərək burada ağalıq qurmaq iddiasına
düşmüşdülər. Bu məsələdə
Adolf Hitlerin “dünya
ağalığı” iddiası da mühüm rol
oynayırdı. O,
“Mənim mübarizəm” adlı əsərində
özünün dağıdıcı faşist
ideologiyasını ortaya qoymuş, Almaniya kimi qüdrətli
bir ölkəni bu ideologiyanın əsirinə
çevirmişdi. Sarsaq düşüncələrini həyata
keçirmək məqsədilə ardıcıl iş aparan
Hitler və onun komandası hədəfinə çatmaq üçün tarixin
bütün dövrlərində məqbul hesab edilməyən
hər bir iyrənc vasitədən istifadə etdilər.
Təkbaşına
Almaniyanın məqsədinə nail ola
bilməyəcəyini anlayan Adolf Hitler müttəfiq
axtarışına çıxaraq özünə “strateji-hərbi
tərəfdaşlar” tapmağa başladı. 1936-cı ilin
oktyabrında Almaniya və İtaliya müttəfiqlik
haqqında saziş, noyabr ayında isə Almaniya və Yaponiya
“Antikomintern paktı”nı imzaladılar. 1937-ci ildə İtaliya da bu pakta qoşuldu.
1938-ci ilin martında Almaniya Avstriyanı tutdu, 1939-cu il martın 15-də isə faşist
qoşunları Praqaya daxil olaraq Çexoslovakiyanın müstəqilliyinə
son qoydu. Çexoslavakiyanın işğalından sonra hər
kəs əmin oldu ki, hücum etməmək haqqında
İngiltərə-Almaniya, Fransa-Almaniya paktı Hitlerə yalnız manevr
imkanlarını genişləndirmək üçün
lazım imiş...
Bütün hərbi-siyasi prosesləri daim nəzarətində
saxlayan faşist diktatorun əsas məqsədi isə insan və
təbii resurlarla çox zəngin olan, geniş ərazisi ilə
dünyanın altıda birini əhatə edən SSRİ-ni
işğal etmək idi. Bunun üçün əvvəlcə Qərbi
Avropa dövlətlərini zəbt edərək onların
bütün resurslarını SSRİ əleyhinə
müharibədə istifadə etmək niyyətini güdən
Hitler daha bir hiyləgərliyə əl atdı — 1939-cu ilin
avqustunda hücum etməmək haqqında müqavilə
imzalamaq təklifi ilə SSRİ-yə müraciət etdi.
SSRİ vahid antisovet cəbhə yaranmasına
imkan verməmək və ölkənin müdafiəsini
gücləndirmək imkanı qazanmaq məqsədi ilə bu
təklifi qəbul etdi. Bu müqavilə 1939-cu il avqustun 23-də Moskvada imzalandı. 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşa
üzərinə hücumu ilə İkinci Dünya müharibəsi
başlandı. Sentyabrın 3-də İngiltərə
və Fransa Almaniyaya müharibə elan etdilər.
İşğalçılıq hərəkətlərini
davam etdirən Berlin Sovet İttifaqının öz vədinə
sadiq qalacağından əmin idi...
Tarixi mənbələrdə
də qeyd edildiyi kimi, 1941-ci ilin ortalarına yaxın Almaniya
silahlı qüvvələrinin sayı 7,3
milyona, SSRİ Silahlı Qüvvələrinin sayı 5,7
milyon nəfərə çatmışdı. Polşa
işğal olunduqdan sonra Almaniya artıq SSRİ-nin sərhədinə
çatmışdı və burada 153 alman diviziyası cəmləşmiş,
müttəfiqlərin də 37 diviziyası həmin əraziyə
dislokasiya edilmişdi. SSRİ isə qərb sərhədinə
3, 1 milyon nəfərlik 186 diviziya, 47,2 min top və minomyot,
12,8 min tank, 7,5 min təyyarə toplamışdı. Almaniyanın hücum etməyəcəyi qənaətində
olan Sovet rəhbərliyi sərhəddəki hərbi birləşmələrini
döyüş hazırlığı vəziyyətində
saxlamır, maddi-texniki təminatına lazımi diqqət
göstərmirdi. Bunun müqabilinbdə kifayət qədər
daha yaxşı təchiz olunmuş alman qoşunları və
hücuma hazır vəziyyətə gətirilmiş döyüş texnikası həm
də göstəriciləri baxımından üstün
imkanlara malik idilər.
Hitler
SSRİ-ni Almaniyanın dünya ağalığı yolunda
başlıca maneə kimi görür və bəyan edirdi ki,
qarşıdakı müharibədə söhbət yalnız
məhv etməkdən gedəcək: “Bu müharibə Qərbdəkindən
kəskin surətdə fərqlənəcək. Şərqdə qəddarlıq gələcək
naminə xeyir əməl olacaq”. Hitlerin necə qəddar,
qaniçən, vəhşi olduğunu daha yaxşı anlamaq
üçün onun bu cümlələrinə də diqqət
yetirmək yaxşı olardı. O deyirdi: “Biz əhalini
qırmalıyıq - bu, bizim alman əhalisini mühafizə
etmək missiyamıza daxildir. Biz əhalini
qırmaq texnikamızı təkmilləşdirməli
olacağıq. Mən həşarat kimi
artan aşağı irqə mənsub adamları məhv etmək
hüququna malikəm”.
1940-cı
il dekabrın 18-də Hitler “Barbarossa”
adı almış hücum planını 21 nömrəli
direktivlə təsdiq etdi. Bu plana uyğun olaraq
faşist Almaniyasının bəzi qurumları “cəza tədbirləri
planı” hazırladılar. Məsələn, SS və
polis idarəsinin hazırladığı “Ost” (“Şərq”)
planına görə polyakların 80-85 faizi, qərbi
ukraynalıların 65 faizi, belarusların 75 faizi öz
torpaqlarından sürgün olunmalı, rusların əksəriyyəti
isə yaradılmış xüsusi komandalar tərəfindən
məhv edilməli idi. Hitler Almaniyası məhz
bu niyyətlərini həyata keçirmək, yeni ərazilər
zəbt etmək, insanları qula çevirmək məqsədiylə
22 iyun 1941-ci ildə Sovet İttifaqına hücum etdi.
Böyük Vətən Müharibəsinin ilk günlərində
soyuqqanlılığını itirən Sovet hərbi
komandanlığı yaranmış vəziyyəti
düzgün təhlil edə bilmirdi. Bir-birinin ardınca
uğursuz müdafiə və hücum planları
hazırlanır və bütün bunlar nəticədə
daha böyük məğlubiyyətlərə səbəb
oldu. Almanlar
isə həqiqətən də ildırımsürətli
müharibəyə başlamışdılar. Belə ki, müharibənin üçüncü
günü artıq Moskvada hava həyacanı siqnalı verilirdi.
Alman təyyarələri Moskva üzərində
kəşfiyyat uçuşuna başlamışdılar.
1 ay sonra isə Moskva üzərinə artıq
ilk faşist bombaları atılırdı. İyulun 22-də faşist təyyarələri 6
saat ərzində dayanmadan paytaxtı bombaladılar.
Sovet
İttifaqı müharibədə çox böyük itkilər
verdi. Ərazisinin qərb
hissəsi düşmənin əlinə keçdi. Lakin 1943-cü ildən başlayaraq Sovet
qoşunlarının əks hücumu alman faşistlərinin
hücumunu dayandırdı. Hitler ordusunun
işğal etdiyi ərazilər tədricən geri
qaytarıldı. Sovet-alman cəbhəsində
Hitler ordusunun darmadağın edilməsi faşist blokunun
daxilində böhranı dərinləşdirdi və
antihitler koalisiyasını möhkəmləndirdi. 1943-cü ildə keçirilmiş Tehran
konfransında Avropada ikinci cəbhəni 1944-cü ilin
mayında açmaq haqqında qəti qərar qəbul edildi.
Bundan sonra baş verən hadisələr Hitler
ordusunun acınacaqlı məğlubiyyətləri ilə
yadda qaldı. 1945-ci il mayın 9-u faşist Almaniyasının,
Hitler hegemonluğunun sonu kimi əbədi olaraq tarixə həkk
olundu. Dünya tarixində baş vermiş ən
ağır müharibə hesab edilən Böyük Vətən
Müharibəsində təqribən 20 milyon SSRİ vətəndaşının
həyatına son qoyulub. Müharibə nəticəsində
Almaniya 7 milyon, onun müttəfiqləri isə 806 min nəfər
itirib. Bu itki İkinci Dünya müharibəsində
insan itkisinin 40 faizini təşkil edir.
SSRİ-nin
digər xalqları ilə çiyin-çiyinə
alman-faşist işğalçılarına qarşı
böyük şücaət, mərdlik, qəhrəmanlıq
göstərən Azərbaycan xalqının da itkiləri az olmayıb: Cəbhəyə yola düşən
640 mindən çox Azərbaycan
döyüşçüsünün yarısı müharibədə
qəhrəmanlıqla həlak oldu. Böyük
Vətən Müharibəsi illərində Azərbaycandan
olan çağırışçılardan və
könüllülərdən
formalaşdırılmış 77-ci, 223-cü, 336-cı,
402-ci və 416-cı atıcı diviziyalar misilsiz qəhrəmanlıq
nümunələri göstərdilər. Berlin
əməliyyatı zamanı Berlinə daxil olan ilk 5 diviziyadan
biri 416-cı Azərbaycan milli diviziyası idi. Azərbaycandan
olan 123 əsgər və zabit Böyük Vətən
Müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlıq
nümunələrinə görə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görüldü. Respublikanın neftçiləri gecə-gündüz
ağır zəhmətə qatlaşaraq müharibə illərində
ölkəyə 75 milyon ton neft verdilər. SSRİ-də istehsal edilən neftin 70 faizdən
çoxunu, benzinin 92 faizdən çoxunu Azərbaycan verirdi.
Faşist
Almaniyasının süqutundan dərhal sonra bir araya gələn
mütərəqqi siyasətçilər dünyanı
müharibə və münaqişələrdən xilas etmək,
bu qəbildən olan hadisələrin təkrar
olunmasının qarşısını almaq üçün
Birləşmiş Millətlər Təşkilatı adlı
mötəbər bir təşkilat yaratdılar. Bu, dünyada sülh missiyasının yerinə
yetirilməsi, haqqın-ədalətin bərpa olunması
üçün vacib bir addım idi. Həmin
dövrdən bugünədək BMT uğurla fəaliyyət
göstərdi. Böyük gizliliklə
faşizmi özünün əsas ideologiyası kimi qəbul
edən Ermənistan Respublikasının hərbi birləşmələri
Azərbaycan ərazilərinin işğal etdiyi günlərdə
BMT Təhlükəsizlik Şurası 4 mühüm qətnamə
qəbul etdi. Çox təəssüf ki,
həmin qətnamələr bu gün də icra olunmur. Həmin
sənədlərin icra edilməməsi nəticəsində
bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal
altında saxlanılır, bir milyon iki yüz min
soydaşımız qaçqın və köçkün həyatı
yaşayır, yüzlərlə tarixi-mədəni abidələrimiz,
sosial obyektlərimiz, minlərlə
soydaşlarımızın qurub-yaratdığı ev-eşik
və sair eynilə Böyük Vətən Müharibəsində
olduğu kimi talan olunub, qarət edilib, yandırılıb,
dinc sakinləri kütləvi şəkildə qətlə
yetirilib, əsir götürülərək olmazın işgəncələrə
məruz qoyulub. Təəssüf ki, bu gün
dünya birliyi ötən əsrin qırxıncı illərində,
hələ BMT kimi mötəbər bir qurumun mövcud
olmadığı illərdə nümayiş etdirdiyi qətiyyəti,
mütəşəkkilliyi və prinsipiallığı ortaya
qoymur.
Düzdür, faşist Almaniyası ilə əldəqayırma, forpost dövlət olan Ermənistanı, eləcə də Sovet İttifaqı ilə Azərbaycanı müqayisə etməyimiz o qədər də yerinə düşmür. Çünki almanların öz torpaqları, öz dövlətləri var idi. Ermənilər isə qədim Azərbaycan torpaqlarında havadarlarının köməyi ilə uydurma bir dövlət “qurublar”. SSRİ ilə Azərbaycanın müqayisəsi də mümkün deyil. Ancaq söhbət ondan gedir ki, bugünkü gənc müstəqil Azərbaycan Respublikası 1941-1945-ci illərdə faşizm üzərində qələbənin təmin olunmasında misilsiz xidmətləri olan bir dövlətdir. İndi özü faşizmin işğalçılıq siyasəti ilə üz-üzədir. Azərbaycan xalqı Böyük Vətən Müharibəsində özünün yüz minlərlə ən mübariz övladlarını qurban verib, qələbənin təmin olunmasında Bakı neftinin oynadığı rolu nəinki SSRİ siyasətçiləri və beynəlxalq aləmdəki dostlarımız, eləcə də, faşist Almaniyasının rəsmiləri çəkinmədən etiraf edirdilər. Bu gün isə həmin xalq erməni faşizminə qarşı apardığı ədalətli mübarizədə dünyanın bir çox siyasətçilərinin ikili standartının şahidi olur. Bütün dünya - istər Rusiya, istər digər Avropa və Asiya ölkələri, istərsə ABŞ ölkəmizin keçmişdə oynadığı bu mühüm rolu və bu gün insanlıq naminə Cənubi Qafqazda həyata keçirdiyi sülh missiyasını yüksək qiymətləndirməli, beynəlxalq hüquq normaları çərçivəsində erməni faşizmi ilə mübarizədə haqlı mövqeyimizi dəstəkləməlidirlər. Yoxsa, dünyada pozulan haqq-ədalət nizamı yeni və daha dəhşətli problemlərin ortaya çıxmasına rəvac verə bilər.
Rauf
KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 22 iyun.- S. 9.