Erməni terrorizmi okeanın o tayında

 

Dünyanın çox yerində olduğu kimi okeanın o tayında da erməni terrorizmi özünün böyük şəbəkəsinə malikdir. Erməni diaspor və lobbi təşkilatlarının dəstəyi ilə fəaliyyət göstərən terror qrupları müxtəlif vaxtlarda “düşmən” elan etdiyi Türkiyənin vətəndaşlarına qarşı amansız sui-qəsdlər törətmiş, partlayışlar və hücumlar təşkil etmişdir. Bir çoxları erməni terrorunun “marşrut” xəritəsinin Avropa olduğunu düşünsə də hadisələr onu deməyə əsas verir ki, sən demə erməni terrorunun əsas zərbə qüvvəsi okeanın o tayında hazırlanmaqla istər orada, istərsə də digər ölkələrdə fəaliyyət göstərir. Təkcə XX  əsrin son onilliklərini götürsək ermənilərin ABŞ-da kifayət qədər terror və digər quldur əməllərinin xronologiyasına rast gələrik.

Bu gün dünyanın super dövləti hesab edilən və okeanın o tayında yerləşən ABŞ-ın qardaş Türkiyə ilə yaxın strateji müttəfiqliyi hər kəsə bəllidir. Hətta müttəfiqlik o səviyyədədir ki, bu iki dövlət müştərək şəkildə hərbi əməliyyətlarda belə iştirak edir və bir sıra ümumi maraqlarını birgə müdafiə edirlər. Lakin tarixə qısa nəzər salsaq görərik ki, Birinci Dünya müharibəsində və ondan sonra təqribən 5 il müddətinə qədər bu dövlətlərin münasibətləri nəinki mövcud deyildi, hətta olduqca mənfi idi. Doğrudur, bu iki dövlət arasında heç bir hərbi əməliyyat baş verməsə də bir-birinə düşmən bloklarda olmaları münasibətləri sıfıra endirmişdi. Yalnız 1923-cü ildə Lozanna sülh müqaviləsindən sonra ABŞ-la Türkiyə arasında bir sıra sahələrdə dostluq və əməkdaşlıq razılaşması imzalandı və bundan sonra iki dövlət arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Lakin elə həmin dövrdə ABŞ-da erməni lobbisinin və cinayətkar qruplaşmanın təhriki və dəstəyi ilə antitürk şüarlar səsləndirilir və “Lozanna əməkdaşlığına yox” ilə kampaniya aparılırdı. Hətta Türkiyə Respublikasının ABŞ-da ilk səfiri təyin olunan Əhməd Muxtar bəy diplomatik fəaliyyətinin ilk günlərindəcə erməni quldurlarının təhdidi və lobbinin təzyiqi ilə üzləşir. “Ermənistanın Azadlığı Uğrunda Amerikan Komitəsi” və “Lozanna Müqaviləsinə Qarşı Amerikan Komitəsi” adlı qurumlar Türkiyəni düşmən dövlət elan etməklə, türk vətəndaşların həyatına da təhlükə yaradırdılar. Qaragüruhun başında duranlar ermənilərə satılmış amerikalı siyasətçilər James W. Gerard, Henry Morgenthau və erməni Vahan Kardaşyan və digərləri idilər.

Amerikada vəhşi bir türk imici formalaşdırmağı hədəf götürən erməni lobbisinin ilhamvericiləri sayılan erməni ideoloqları və terror aktlarını dəstəkləyənlər istəklərinə çatmasalar da terror əməllərini davam etdirir. Vaxtilə türklərə qarşı “Nemezis” adlı terror hərəkatının əsas təşkilatçılarından və rəhbərlərindən olan erməni yazıçısı Şaan Natali  özünün “Türklər və biz”, “Ankaradan Bakıyacan türkçülük” və başqa əsərlərində erməniləri türklərə qarşı nifrət ruhunda “tərbiyə” edir və onların quldur əməllərinə haqq qazandırırdı. 1983-cü ildə Massaçusets ştatının (ABŞ) Vottertaun şəhərində ölən Ş.Natali ABŞ-da erməni məsələsini qabardan əsas qaynaqlardan biri olur.

Ş.Natalidən başqa erməni terror və mafiya qruplaşmalarına hələ 1905-ci ildə Bakı qubernatoru Nakaşidzeyə  sui-qəsd edən Ermənistanın dövlət və hərbi xadimi, general Dro kimi tanınan Drastamat Kanayan da rəhbərlik edir. O, ABŞ - da “erməni məsələsi”ni gündəmə gətirən, erməniləri türklərə qarşı terror hərəkətlərinə sövq edən aparıcı şəxlərdən biri sayılırdı. Bundan əlavə, “Daşnaksütyun”un əsas simalarından biri Armen Qaronun ABŞ-da erməni terror mafiyasının yaranmasında böyük rolu olmuşdur. Armen Qaro Ermənistan daşnak hökumətinin ABŞ-dakı ilk səfiri idi. Ümumiyyətlə, ABŞ-dakı erməni lobbisinin himayəsi ilə terrorçular bu ölkəyə gəlmiş və çoxları burada həyatlarını başa vurmuşlar. Müəyyən dövrlərdə erməni lobbisinin təsir imkanlarına malik olması bu terrorçuların xislətlərindən xəbərsiz qalması ilə nəticələnmişdir. Belələrindən biri də vaxtılə Osmanlı dövlətinin sədr-əzəmi olmuş Tələt paşanı qətlə yetirən terrorçu Soqomon Teyleryandır. O, ömrünün sonuna kimi ABŞ-da yaşamış və erməni quldur birləşmələrinin formalaşdırılmasında fəallıq göstərmişdir. Ölümündən sonra Kaliforniyada bu cinayətkarın dəbdəbəli qəbirüstü abidəsi ucaldılmış və bura Amerika Erməni Milli Komitəsinin əsas toplantı məkanlarından birinə çevrilmişdir.

Ən maraqlı cəhət odur ki, ermənilərin terror əməllərini araşdırdıqda, qatillərin əksəriyyətinin erməni “ziyalıları”ndan təşkil olunduğu üzə çıxır. Erməni xalqını məzlum, zavallı, əzilən bir xalq kimi qələmə verən bu “ziyalı” təbəqənin nümayəndələri daim qarşıdurma yaratmağa cəhd göstərmiş və bu işdə onların tapşırıqlarını icra edəcək münasib ermənini tapmayanda,  qatillik missiyasını öz üzərilərinə götürmüşlər. Belələrindən biri də Türkiyəyə qarşı ölümlə müşayiət olunan ilk qanlı terror aktını həyata keçirən  Qurgen Yanikyandır. Q.Yanikyan Birinci Dünya müharibəsindən sonra ABŞ-a köçmüş və mühəndis, eyni zamanda, yazıçı kimi fəaliyyət göstərmişdir. 1973-cü il yanvarın 27-də  77 yaşlı Q. Yanikyan  Santa Barbara şəhərində yerləşən “Baltimor” otelində Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydar və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar otelə gəldikdə Yanikyan əlindəki tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanikyan öz cinayəti barədə bunları demişdi: “Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər”.

Bu hadisədən sonra ABŞ-da və digər ölkələrdə erməni terroru daha da ardıcıl xarakter alır və çoxlu dinc insanın ölümü ilə nəticələnir. 1980-ci ilin oktyabrın 12-də   ABŞ-ın Nyu-York şəhərində “Türkiyə” mehmanxanası qarşısında  avtomobilə qoyulmuş bomba partladılır. Partlayış nəticəsində 4 amerikalı həlak olur, qonşu binalara xeyli ziyan dəyir. CSAQ qrupu kütləvi informasiya vasitələrinin nümayəndələrinə zəng vuraraq partlayışın onlar tərəfindən törədildiyini bildirir. Bundan iki il sonra yanvarın 28-də Kaliforniya ştatında, Los-Anceles şəhərində Türkiyə konsulu Kamal Arkan işə gedərkən iki terrorçu tərəfindən qətlə yetirilir. Qatillərdən biri 19 yaşlı Livan mühaciri Xamtiq Sosunyan həbs edilir, sonra mühakimə olunaraq ömürlük həbs cəzası alır. Onun cinayət yoldaşı Krikor Saliba isə Livana qaçır. Bu dəfə də qətlə görə məsuliyyəti erməni təşkilatı CSAQ öz üzərinə götürür.

1982-ci il mayın 4-də ABŞ-ın Massaçusets ştatında Türkiyənin Bostondakı fəxri konsulu Orxan Gündüz şəxsi avtomobilində erməni terrorçusu tərəfindən qətlə yetirilir. Bu terror ABŞ ictimaiyyətində də geniş narahatlıq yaratmış və o zamankı Prezident Ronald Reyqan cinayəti törədən şəxsləri tapmağı tapşırsa da, heç bir nəticə əldə olunmamışdır. Onu da qeyd edək ki, bu hadisədən cəmi iki ay əvvəl martın 22-də Orxan Gündüzün ofisi partladılmış, özü isə ağır yaralanmışdı. Hadisənin sonrakı inkişafından da görürük ki, fəxri konsulun ağır yaralanması, konsulluq binasının partladılması erməni terrorçularına kifayət etməmiş, onun qətli üçün qarşılarına qoyduqları iyrənc məqsədi  iki ay sonra həyata keçirmişlər. 1982-ci il avqustun 27-də Kanadanın Ottava şəhərində Türkiyə səfirliyinin hərbi attaşesi, polkovnik Atilla Altıkat şəhərin küçələrindən birində qırmızı işıqda dayanarkən atəşə tutulur və qətlə yetirilir. ABŞ-da olduğu kimi, burada da qətlə görə məsuliyyəti CSAQ erməni terror qrupu öz üzərinə götürür. Həmin şəhərdə 1985-ci ildə  üç erməni terrorçu Türkiyənin Kanadadakı səfirliyini atəşə tutur. Atışma zamanı “Pinkerton” federal təhlükəsizlik xidmətinin əməkdaşları öldürülür. Bu azmış kimi terrorçular əsas qapını partladaraq səfirliyin binasına soxulur və girov götürürlər. Səfir Cosqun Kirsə özünü ikinci mərtəbənin pəncərəsindən ata bilir. Erməni inqilab ordusu terror təşkilatına mənsub olan terrorçular polis tərəfindən yaxalanır və məhkəməyə verilir.

1957-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olmuş və erməni terrorizminin əsas simalarından biri olan Monte Melkonyan da ilk quldur təcrübələrini məhz okeanın o tayında mənimsəmiş və dünyanın bir sıra ölkəsində, o cümlədən Fransada və Türkiyədə insan tələfatı ilə nəticələnən terror aktları həyata keçirmişdir. O, daha sonra Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı savaşmaq üçün Ermənistana gəlmiş, dinc azərbaycanlı əhaliyə qarşı amansız qətllər törətmiş və “Avo” ləqəbi ilə tanınmışdır. Lakin 1993-cü ildə Ağdamın Mərzili kəndi ətrafında gedən döyüşlərdə Azərbaycan Milli Ordusunun kəşfiyyatçısı İbad Hüseynov tərəfindən məhv edilmişdir.

 2001-ci ilin dekabr ayında ABŞ-ın Los-Anceles şəhərində erməni cinayətkar mafiyanın üzvləri Aşot Manukyan, Poqos Ketçejiyan, Ovanes İqarayan, Xovsep Keşişyan uzun müddətə azadlıqdan məhrum edilir.Bir müddətdən sonra həmin quldur dəstəsinin başqa bir üzvü Suzanna Onosyan da yaxalanır və 45 il azadlıqdan məhrum edilir. Jurnalist N. Əliyev yazır: “Federal ittihamçılar sübut  edirlər ki, bu adamlar Ermənistandan olan miqrantları öz sıralarına cəlb edərək, onları hiylə ilə saxta çekləri pula dəyişməyə məcbur edən cinayətkar dəstənin üzvləri idi”. Erməni quldur dəstəsi insanları oğurlamaqla və biznesmenləri şantaj etməklə məşğul olurdu. FTB-nin  Los-Ancelesdəki bürosunun rəhbəri Ronald İden bu barədə deyir: “ Ola bilsin ki, bu cür cinayətlər Ermənistandakı erməni cinayətkar qruplarının üzvləri arasında adi bir işdir, lakin bu hərəkətlər Birləşmiş Ştatlarda məqbul sayılmır.”

Erməni terrorunun ABŞ-da əsas hərəkətverici qüvvəsi sayılan şəxslərdən biri də “Moose” ləqəbli (Maral) Murad Topalyandır. O, “Amerika Erməniləri Milli Komitəsinin” keçmiş sədri olmuşdur. Topalyan Amerikadakı erməni diasporunun tanınmış liderlərindən biri kimi, bir neçə dəfə Ağ evdə olmuş və ABŞ Prezidenti Bill Klintonla görüşmüşdü. Bundan əlavə, dəfələrlə ABŞ Konqresində olmuş və çoxsaylı görüşlər keçirmişdi. Məqsədi də təbii ki, ABŞ hökumətinin “erməni məsələsi”nə diqqət və qayğısını təmin etmək, antitürk fikir formalaşdırmaq, lobbiçilik və erməni mafiya qruplaşmalarını himayə etmək idi. “U.S. News & World Report” jurnalının verdiyi məlumata görə, AEMK Daşnaksütyun partiyası ilə sıx əlaqələrə malik idi. 1999-cu ildə Topalyan Klivlend şəhərinə köçür və  Kayxodi kollecinin vitse-prezidenti vəzifəsində çalışır. Həmin il  ona “ABŞ Murad Topalyana qarşı” (USA vs. Mourad Topalian, Case No.1:99 CR 35) adı ilə tanınan federal ittiham irəli sürülür. Bundan sonra, o, rəhbərlik etdiyi qurumun sədrliyindən istefa verir. Topalyana qarşı təhqiqat 1996-cı ildə Ohayo ştatının Bedford şəhərinin yaxınlığında şəxsi anbarda tapılan partlayıcı maddələr və silahların aşkarlanmasından sonra başlanır. 1980-ci ildən Topalyanın icarəsində olan anbarda 100 funt çəkisində partlayıcı maddə ilə yanaşı, bir neçə insan tükü tapılır. Tapılmış insan tüklərinin 1999-cu ildə keçirilmiş DNK testi ilə M. Topalyana məxsus olduğu göstərilir. Topalyanın həbsi zamanı Federal Təhqiqatlar Bürosu onu “Erməni Soyqırımına Ədalət Komandosları” nın lideri olmasını və BMT-dəki Türk missiyasına hücumda iştirakını ehtimal edir.  Topalyan 20 il ərzində ABŞ-dakı türk obyektlərinə qarşı terror aktları hazırlamaqda və həyata keçirməkdə ittiham edilir. İki partlayışda isə Topalyanın bilavasitə istirakı ehtimal olunur. Bunlar 1981-ci ildə Kaliforniyanın Annaxaym şəhərindəki Konqres mərkəzinə və Beverli Xillsdəki Türkiyə konsulluğuna qarşı keçirilmiş terror aktlarıdır. 1979-1996-cı illlər arasında Topalyana qarşı terrorçulara yaxından kömək etdiyi, silah və hərbi sursat istehsal edilən müəsissələrdən oğurluqlar təşkil etdiyi, qeyri-qanuni yollarla silah əldə etdiyi ittiham aktında öz əksini tapır. Topalyana qarşı sübutlar əsasən onun əlbir olduğu şəxsin köməyi ilə əldə olunur. Aktda qeyd olunur ki, Topalyan partlayışlar və qətllər törətmək üçün adamları ABŞ-da yaşayan erməni gənclərin arasından seçirdi. “Daşnaksütyun” un nəzdində fəaliyyət göstərən “Erməni Gəncləri Federasiyası”nın Massaçusets ştatında yerləşən yay düşərgələrindən, terrorçuları hazırlamaq və onlara təlim keçmək üçün istifadə olunurdu. M.Topalyan buradakı təlimlərdə fərqlənən gəncləri təlimi davam etdirmələri üçün Beyruta göndərirdi.

M.Topalyana Nyu Yorkda Türkiyənin BMT-dəki nümayəndəliyinin qarşısında, 12 oktyabr 1980-ci ildə baş vermiş partlayışın həyata keçirilməsində iştirakı ilə əlaqədar ittiham irəli sürülməsi ən ciddi ittiham olmuşdur. Hüquq-mühafizə orqanlarının ehtimalına görə, məhz Topalyan bu terror aktı üçün terrorçu dəstə yığmış, bu dəstəyə partlayıcı maddələr istehsal edən müəssisədən partlayıcı maddə oğurlamağı əmr etmiş və sonra nümayəndəliyin qarşısında partlayış törətməyə cəlb etmişdir. Qeyd edək ki, terror aktı zamanı nümayəndəliyin qarşısında içərisi partlayıcı maddələrlə dolu olan avtomobil partladılmışdı. 1979-1980-ci illərdə Topalyanın göstərişi ilə bir neçə erməni terrorçusu Manhettendə yerləşən Türkiyənin BMT-dəki numayəndəliyinin yerləşdiyi binada olmuş, keçiriləcək terror aksiyası üçün oranın dəqiq planını işləyib hazırlamışdılar. 11 oktyabr 1980-ci ildə isə Topalyan özü şəxsən terror aktı üçün nəzərdə tutulmuş partlayıcı maddələri də götürüb Nyu-Yorka gəlmiş, oktyabrın 12-də o, iki əlbiri ilə birlikdə nümayəndəliyin qarşısında saxladıqları, partlayıcı dolu maşını partlatmış hadisə nəticəsində küçədən keçən 3 nəfər yaralanmış, nümayəndəliyin binasına isə ciddi ziyan dəymişdir. İstintaq zamanı Topalyan terror aktında iştrakını təkzib etsə də, tapılmış partlayıcı maddə və silahların ona məxsus olduğu təsdiqlənmişdir. Həmçinin istintaq zamanı 1982-ci ildə Topalyanın Kaliforniyadan 5 dinamit şaşkası sifariş verdiyi də məlum olmuşdur. Bu partlayıcı maddələr, Filadelfiyada həyata keçiriləcək partlayışda istifadə olunmaq üçün nəzərdə tutulubmuş, lakin FTB agentləri bundan xəbər tutur və “yük” yoldə ikən onu ələ keçirməyə nail olurlar. Murad Topalyanın həbsi və ona qarşı irəli sürülmüş ciddi ittihamlara baxmayaraq, erməni lobbisinin təsiri və təzyiqi sayəsində onun üzərindən terrorizmlə bağlı ittiham götürülür və o yalnız qanunsuz silah və sursat saxlamaqda təqsirli bilinir. 2004-cü ilin yanvarın 24-də Topalyana hökm oxunur və o, cəmi 37 ay həbs cəzasına və 3 illik polis nəzarətinə məhkum edilir. Qərar verilən hökmə Türkiyənin etirazları və Ermənistanın Topalyanı müdafiəsi ilə yadda qalır. Onu da bildirək ki, 2000-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən terrorçu Topalyan “Ümumi erməni məsələsinə töhfəsinə görə” və “erməni tarixinə və erməni millətinə həsr olunmuş unikal fəaliyyətinə görə” “Azadlıq mükafatına” layiq görülür. Əlbəttə, erməni “ziyalısı”nın terrorda iştirakını və çirkin dağıdıcılıq niyyətlərini millətə “unikal” xidmət kimi göstərən erməni diaspor və lobbi qurumlarından bundan qeyri bir sağlam addım gözləmək sadəlövhlük olardı.

Təbii ki, M.Topalyan hadisəsi ABŞ-da erməni terror və mafiya qruplaşmalarının fəaliyyətinin son nöqtəsi deyildi. 2010-cu ildə ABŞ-ın Kaliforniya, Corcia, Nyu-Mexiko və Ohayo ştatlarında həyata keçirilmiş elə ilk həbslər nəticəsində erməni əsilli 44 mafiya üzvü həbs olunmuşdu. Bundan sonra araşdırmalar artdıqca həbs dalğası daha da genişlənir. “The Los Angeles Times” qəzeti əməliyyat zamanı “Erməni gücü” adlı etnik cinayətkar qruplaşmanın 74 üzvünün həbs olunduğunu yazıb. Ölkənin Ədliyyə Nazirliyi isə rəsmi saytında 80-dən artıq erməninin ələ keçirildiyini xəbər verib.

“İşıqları söndürmək” adlı əməliyyatda ABŞ-ın müxtəlif hüquq-mühafizə strukturlarının mindən artıq əməkdaşı, o cümlədən Federal Təhlükəsizlik Bürosunun işçiləri iştirak ediblər.

Maraqlı məqam o idi ki, həbslərlə yanaşı ABŞ səhiyyə sisteminə dəyən maddi zərər də ən yüksək həddə çatmışdı. Bu barədə verilən məlumatlara görə,  aparılan hesablamalar nəticəsində dəymiş maddi zərərin 35 milyon dollar olduğu göstərilmişdir.

ABŞ-da böyük bir erməni mafiyasının ifşa olunması nəticəsində o da aydın oldu ki, bu işlərin digər tərəfində də erməni diasporu və İrəvan hökumətinin bir sıra üzvləri dayanır.  Hətta həbs edilən erməni mafiya üzvlərinin rəhbəri Armen Kazaryanın Ermənistan prezidenti Serj Sarkisyanla yaxın əlaqələrə malik olduğunu erməni mətbuatı da gündəmə gətirir.

Ermənistanda nəşr olunan “Aykakan Jamanak” qəzetinin yaydığı məlumata görə, 1998-ci ildən Los Ancelesdə yaşayan “Pzo” ləqəbli Armen Kazaryanla Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı - “Saşik” ləqəbli Aleksandr Sarkisyanın birbaşa biznes əlaqələri olub. “Aleksandr Sarkisyanla Kazaryan arasında geniş biznes əlaqələrinin olması faktı hələ çoxdan bəlli idi. Lakin Ermənistanın sabiq XİN başçısı Vano Sıradyeryan 1996-cı ildə mafiyaya qarşı müharibə elan etdikdən sonra Kazaryan ölkədən qaçmışdı. Ermənistana sonuncu dəfə gəldiyi zaman Kazaryan hətta həbs olunub. Ancaq ”Saşik" işə qarışdıqdan sonra polis onu azadlığa buraxıb".  ABŞ-da erməni terror və quldur mafiyasının lideri A. Kazaryanla Ermənistanın milli təhlükəsizlik naziri Serob Arutyunyanın da sıx əlaqələrə malik olması qəzet tərəfindən işıqlandırılmışdır.

Göründüyü kimi,  erməni terrorizminin yayıldığı və inkişaf yolu keçdiyi regionlardan biri də ABŞ-dır. Qanunların idarə etdiyi bu ölkədə erməni lobbisinin siyasətə və ictimai fikirə təsiri danılmazdır. Halbuki, erməni terrorçuların nəinki türklərə, eyni zamanda bütün bəşəriyyətə düşmən kəsilməsi, onların dinc ABŞ vətəndaşlarına qarşı soyğunçuluq, talançılıq, ölümlə təhdid, partlayışlarla müşayiət olunan əməllərindən də aydın olur. Ermənistanın bir dövlət kimi region üçün təhlükə mənbəyi olması, etibarlı tərəfdaş imicini itirməsi ilə yanaşı ABŞ-ı özünə vətən hesab edən erməni diaspor və lobbi təşkilatları da öz çirkin əməllərindən çəkinmir, Türk dünyasına, bütövlükdə ümumbəşəri insani dəyərlərə qarşı kəskin nifrət nümayiş etdirirlər, onlar normal vətəndaşlıq qaydalarına riayət etmək hissindən belə məhrumdurlar.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2013.- 22 iyun.- S. 10.