Bədii “Ləyaqət
düsturu”
İstedadlı jurnalist – redaktor, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədlinin səmimi bir avtoqrafla bu yaxınlarda hədiyyə etdiyi kitab elə-belə də adlanır: “Ləyaqət düsturu”. Orta biçimli bu toplunun belə ciddi, aydın anlanan adı, müəllifin bəlli publisist yazılarının mövzu dairəsi, ilkin olaraq, kitabın əxlaqi-fəlsəfi məzmunlu, elmi-kütləvi səpkili bir nəşr olduğu təsəvvürü yaratdı.
“Ön söz” yerində xalq yazıçısı Anarın yığcam açıqlaması isə bu kitabın hekayələr toplusu olduğunu, Natiqin isə ədəbi-bədii mühitə yetkin bir yazıçı kimi qədəm basdığını bəyan edirdi:
“Natiqin hekayələrini oxudum, bəri başdan qeyd edim ki, peşman deyiləm. İlk növbədə, özünə və qələminə hörmət qoyan müəlliflərdən biri kimi onun yaxşı bildiyi sahədən — jurnalistikadan, nəşriyyat işindən və s. yazması diqqətimi cəlb elədi. Natiqin hekayələrində qaldırılan mətləblər dünyanın özü qədər qədimdi: insan xislətinin dəyişməz naqislikləri, zamanın islah edə bilmədiyi cılızlıqlar, gerçəklikdəki problemlərin böyük əksəriyyətinin Tanrı bəndəsinin məhz özü tərəfindən törədilməsi və s.”
Hekayələrin hamısının ortaq və ana xətti olan “ləyaqət düsturu” açılımlarını izlədikcə Anar müəllimin aşkar edib ümumiləşdirdiyi bədii məziyyətlərin dəqiq və sərrast olduğuna bir daha əmin oldum. Hekayələrin həyat həqiqətlərini bədii qəliblərə salan tipik süjetlərini təsəvvürümdə canlandırdıqca, situasiyaların, əsasən, müəllif təhkiyəsində açıqlandığını, obrazların isə öz xarakterlərini öz monoloq və dialoqları ilə ifadə etdiklərini ardıcıl izlədikcə keçən il bir qrup ədəbiyyatşünasın müasir bədii nəsr və xüsusən hekayə barədə bir məclisdə söylədiklərini xatırlamalı olurdum.
Nəsrin ifrat dərəcədə “psixologizm”ə uyduğundan, az qala, başdan-başa müəllif təhkiyəsinə çevrilməsindən narahatlığını ifadə edən ədəbiyyat nəzəriyyəçisi Rüstəm Kamal bildirdi ki, müasir roman və hekayələrdə dialoqlar yoxa çıxıb, ona görə də yazıçı bitkin obrazlar yarada bilmir, xarakterlərin canlı aləmi, kimliyi arxa planda qalır: “Oxucu nə üçün müəllifin monoton, bir-birinə calanan, yorucu təqdimat və qənaətlərinin əsiri olmalıdır?”
Sualın cavabında mülahizələrinin estetik tutumu, milli qayəsi ilə ədəbi-mədəni aləmdə mötəbər söz sahibi olan akademik Nizami Cəfərov bildirdi ki, əldəqayırma sovet bədii qəhrəmanlarının saxta monoloq və dialoqlarından sonra səmimi, həqiqətə yönəlik psixoloji təhkiyə ədəbiyyata yeni hava, fərqli düşüncə gətirdi. Ədəbiyyatı, bədiiyyatı inhisara almış siyasi rejimin sifarişlərinin keçmişə çevrildiyi indiki dövrdə isə nəsrin öz təbii-tarixi məcrasına qayıtması, klassik ədəbi təcrübənin çağdaş zövq və düşüncənin tələbatı ilə uzlaşması nəinki vacibdir, hətta zəruridir. Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, onların yaratdığı ənənə zəminində Mirzə İbrahimovun, Mir Cəlalın, İlyas Əfəndiyevin hekayələri konkret zaman və məkanın insanlarının sözlə yaradılmış heykəlləridir. Bu hekayələrin tiplərini çöldən yazıçı rəsm edirsə, daxildən özləri-özlərinin kimliyini ortaya qoyurlar.
Natiqin hekayələr toplusu bu deyilənlər baxımından milli nəsrimizin öz tarixi yuvasına qayıtmasından, bədii sözün dəyişən dünyamızın ziddiyyət və doğuluşlarına libas tikdiyindən xəbər verir. Bu hekayələr keçid dövrü insanlarının üzüntüsünü, nəşəsiz dünəni ilə ağrılı-ümidli bugünü arasında yaşantılarından qaynaqlanmışdır. Yazıçı hadisə və insanları qiymətləndirməkdə seçdiyi meyarı — ləyaqəti mənəvi ucalığın bədii prizmasına çevirməyə nail olmuşdur.
Ədibin ixtisasca tarixçi olması, dəyişən zamanların dəyişməz düsturlarına bələdliyi onun gerçəkliyi təhrif etmədən canlandırmasına, həqiqətin hər hansı bir anını və istinad nöqtəsini tapmasına yardımçı olmuşdur. Bu baxımdan onun etnoqrafik lövhələri, tarixi koloriti duyub-əks etdirmə manerası Yusif Vəzirin “tarixi kodların dilini açmaq” məharətini xatırladır.
Yazıçı nitqinin və xarakterlərin özünüifadə palitrasının bir-birindən aydın seçilməsi Natiqin hekayələrinin süjetini əlvanlaşdırır, “ləyaqət düsturu”nun bitkinliyini təmin edir. Yerli-yerində başlanan və bitən dialoqlar müəllif mətni ilə vahid axar yaradır. Bu hekayələrə psixoloji ovqat da yad deyil. Müəllifin dəqiq müşahidələri, sərrast ifadələri, aydın və ifadəli nitqi, hadisələrin gözlənilməz dəyişmələri, obrazların kimliklərinə tam uyğun gələn leksikonları psixoloji auranı daim gücləndirir. Bu baxımdan Natiqin yığcam və çevik süjetli hekayələri A.Çexovun dünyaca sevilən hekayələrini yada salır. “Balaca məmurun təbriki” hekayəsinin epiqrafında o, rus yazıçısına dərin bələdliyini belə ifadə edir: “Nə qədər biz varıq, Çexov həmişə aktual və diri qalacaq”.
Kitabın adına çevrilmiş ilk hekayənin — “Ləyaqət düsturu”nun qəhrəmanı Cəsarətin ləyaqəti “bazar piştaxtası”na çıxarması günün arzuolunmaz reallıqlarına inandırıcı nümunə kimi təbii qəbul olunur. “Korun gördüyü gələcək” isə bu mənəvi korluğun uçuruma apardığını sərgiləyir. “Kloun” hekayəsində isə əsilsiz bir harınlıq ləyaqətsizliyin daha bir iyrənc təzahürü kimi təqdim olunur. “Mənim birinci yalanım” yalanın həqiqəti, oğrunun doğrunu üstələməsinin faciəviliyini açıb göstərməklə, yenə ləyaqət ucalığını nişan verir. “Yaxşı anaların oğullarında” ləyaqətlə ləyaqətsizlik üz-üzə dayanır, mənəvi puçluq ləyaqətsiz oğulların məzarına çevrilir...
Beləcə hekayədən-hekayəyə ləyaqətin mövqeyi güclənir, mütləqləşir. “Beş atanın ögey oğlu”, “Xoşbəxt adamla bədbəxt adamın söhbəti”, “Vaxtı keçmiş sitatlar”, “Həkimə gedən məğrur adam”, “Oğru”, “Halallıq”... Zamanlar müxtəlif, obrazlar peşə və dünyagörüşcə çeşidli olsa da, yaşamaq və insan adına layiq olmağın bircə yolu aydın görünür: ləyaqət düsturundan keçən, onunla tənləşən yol. “Dolma” hekayəsində isə ləyaqət düsturu miqyasca böyüyüb mənəvi simasını itirmiş ermənilər və onların həyasızlığını himayə edənlərin çevrəsini əhatə edir.
Natiqin hekayələrinin pritçavariliyi, bəzən də novellasayaqlığı onun həyatın gur axarından xüsusi duyum və niyyətlə seçilib götürüldüyünü, təbii xammal olaraq məharətlə cilalandığını düşünməyə əsas verir. Və bu yerdə Anarın “Ön söz”ünün sonunu yada salıram: “Natiq Məmmədlinin püxtələşmiş qələmi var. İnanıram ki, o, gələcəkdə yeni uğurlu əsərlər qələmə alacaq”.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 22 iyun.- S. 10.