Azərbaycanda son 10 ildə sənaye istehsalı 2,8 dəfə artmışdır

 

Son on il  ölkəmizin hərtərəfli inkişafı istiqamətində görülən genişmiqyaslı işlərlə, qazanılmış böyük nailiyyətlərlə Azərbaycanın çağdaş tarixinə uğurlu dövr kimi həkk olunmuşdur. Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin daha da möhkəmlənməsi, iqtisadi inkişafın davamlılığı və diversifikasiyasının sürətləndirilməsi, yeni müəssisələrin yaradılması, minlərlə yerinin açılması, səhiyyə, təhsil və digər sahələrdə qazanılmış nailiyyətlər, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi sözügedən dövrün səciyyəvi cəhətləridir.

Ölkəmizdəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkənin maliyyə ehtiyatlarının artmasına səbəb olmuş, bu isə, öz növbəsində, xarici ölkələrə sərmayə qoyuluşu üçün əlverişli şərait yaratmışdır. Təsadüfi deyildir ki, artıq Azərbaycan sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə uğurla iştirak edir, xaricdə yatırılan investisiyaların dinamikasında müsbət irəliləyiş müşahidə olunur.

Sənayeləşmə siyasətinin uğurlu davamı qeyri-neft sənayesinin dinamik inkişafını təmin etmişdir. Son bir ildə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla, 100-ə yaxın sənaye müəssisəsi istifadəyə verilmişdir. Hazırda 90-dan çox sənaye müəssisəsinin inşası davam etdirilir.

Həm alternativ enerji mənbəyi, həm ekoloji mühit və həm də qeyri-neft sənayesi üçün böyük əhəmiyyət kəsb edən və ötən il istifadəyə verilmiş Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulmuş bu zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. 20 hektar ərazidə inşa olunmuşillik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı olan zavodun fəaliyyəti nəticəsində ildə 60 milyon kubmetr-dən artıq təbii qaz ekvivalentində enerjiyə qənaət olunacaq, 231,5 milyon kv-saat elektrik enerjisi istehsal ediləcək. Bu isə, on minlərlə ailənin elektrik enerjisi ilə təmin olunmasına imkan verəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, yaradılan Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parkları müasir texnologiyalardan istifadə etməklə rəqabət qabiliyyətli və ixrac yönümlü yeni məhsul istehsalının artırılması, yerlərinin açılması, xarici investisiyaların cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir. Ötən ilin dekabr ayında dövlət başçısı tərəfindən Balaxanı Sənaye Parkının təməli qoyulmuş və hazırda parkların yaradılması istiqamətində zəruri təşkilati işlər, normativ-hüquqi bazanın hazırlanması və digər tədbirlər həyata keçirilir.

Ölkədə elektrik enerjisi istehsalı  artmış, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilmiş, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi və ya əsaslı təmiri aparılmış, Alternativ və Bərpa Olunan Enerji ilə təminat sahəsində Azgüntex Günəş panelləri, Füzuli və Qusar-1 su elektrik stansiyaları istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqaməti iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Bu siyasətə uyğun olaraq, görülmüş işlərin nəticəsidir ki, son illər ÜDM-nin artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətədavamlı məhsul istehsalı artır.

Ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin inkişafının intensivləşdirilməsi məqsədilə sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, onların modernləşdirilməsi, yerli resursxammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı sənaye istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu prosesdə dövlət sektoru ilə yanaşı, özəl sektor da fəal iştirak edir.

Azərbaycanda sənayenin davamlı inkişafının təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının da əsas istiqamətlərindəndir. Belə ki, konsepsiyada sahibkarlığın inkişaf etdirilməsi, sənaye parklarının yaradılması, yeni fəaliyyət sahələrinin və məhsulların təşviqi üçün əlverişli mühitin formalaşdırılması, ölkəyə qabaqcıl texnologiyaların gətirilməsi qarşıya qoyulan vəzifələrdəndir.

Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsinə, innovativelmtutumlu iqtisadiyyatın formalaşmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsinə, investisiya mühitinin cəlbediciliyinin artmasına, sahibkarlığın dəstəklənməsinə, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcəkdir.

Ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2013-cü ilin ötən beş ayı ərzində 22,1 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun 62,7 faizi məhsul istehsalı sahələrində, 30,9 faizi xidmət sahələrində yaradılmış, 6,4 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Hər nəfərə ümumi daxili məhsul istehsalı 2389 manat (3044,4 ABŞ dolları) təşkil etmişdir. Əlavə dəyərin 52,5 faizi qeyri-neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 11 faiz artlmış, neft sektorunda isə 1,4 faiz azalmışdır.  Ev təsərrüfatlarının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri sənaye məhsulu da nəzərə alınmaqla yanvar-may aylarında 14,1 milyard manatlıq və ya 2012-ci ilin müvafiq dövründəkindən 0,2 faiz az sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 74,3 faizi mədənçıxarma bölməsində, 19,5 faizi emal bölməsində, 5,6 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,4 faiz artmış, neft sektorunda isə 0,8 faiz azalmışdır. Mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayının göstəricisi ilə müqayisədə 1,6 faiz azalmış, 18,1 milyon ton neft, 7,4 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur.

Emal bölməsində məhsul buraxılışı 8,8 faiz artmış, o cümlədən qida məhsulları istehsalı 5,5 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 51,5 faiz, kağız və karton istehsalı 3,7 faiz, poliqrafiya fəaliyyəti 72,4 faiz, neft məhsulları istehsalı 11,5 faiz, kimya sənayesi məhsulları istehsalı 3,4 faiz, əczaçılıq məhsulları istehsalı 51.3 faiz, tikinti materialları istehsalı 25,7 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 20,5 faiz, kompüter və digər elektron avadanlıqları istehalı 21,8 faiz, avtomobil və qoşquların istehsalı 25,4 faiz, sair nəqliyyat vasitələri istehsalı 98,2 faiz, mebel istehsalı 9,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 45,9 faiz artmışdır.

Elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 0,2 faiz artmış, istehsal edilmiş 8,9 milyard kv.saat elektrik enerjisi ötən ilki səviyyədən 2,5 faiz aşağı olmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 4,2 faiz artmışdır.           İyun ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 284,6 milyon manatlıq hazır məhsul olmuşbir ay əvvəlki durumla müqayisədə 3,6 milyon manat artmışdır.

Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 7019 milyon manat vəsaitin 2474,7 milyon manatından istifadə olunmuşdur.

Sonda bir məqamı da vurğulamaq istərdik. İyunun 21-də Bakıda BMT-nin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələrinin təsdiqi” mövzusunda keçirilən konfransda  son 10 il ərzində ölkəmizin sosial-iqtisadi həyatında əldə edilən uğurlardan da ətraflı danışılmışdır. Bildirilmişdir ki, hazırda Azərbaycan rəqabətqabiliyyətliliyinə görə dünyada 46-cı yerdədir. Ölkəmizdə həyata keçirilmiş sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, onun adambaşına düşən həcmi 3 dəfə, sənaye istehsalı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə artmışdır. Son 10 ildə ölkədə yaradılan yerlərinin sayı   1 milyon 100 mini  keçmişdir. Bu nailiyyətlər ölkədə yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 23 iyun.- S. 4.