Heydər Əliyevin siyasi xəttinin
Azərbaycanda alternativi yoxdur
Bugünkü firavan həyata və
ölkəmizin beynəlxalq aləmdə qazandığı
uğurlara görə ulu öndərə minnətdarıq
Müsahibimiz hüquq üzrə fəlsəfə
doktoru Cahangir Hüseynovdur.
- Cahangir
müəllim, müsahibəmizə qarşıdan gələn
prezident seçkiləri ilə başlamaq istərdim. Bilirsiniz ki, bu ilin payızında ölkəmizdə
prezident seçkiləri keçiriləcək. Bu böyük siyasi hadisəyə sizin də
münasibətinizi bilmək istərdik.
- Prezident
seçkiləri böyük siyasi hadisədir. Son illər Azərbaycanda
keçirilən prezident seçkiləri şəffaflığına,
ədalətliliyinə və demokratikliyinə görə beynəlxalq
aləmdə yüksək qiymətləndirilib. Bunu beynəlxalq müşahidəçilərin
seçkidən sonra verdikləri bəyanatlar da təsdiqləyir.
Prezident seçkiləri ona görə
böyük siyasi hadisə hesab edilir ki, xalq həmin gün
öz gələcək taleyini həll edir və ölkənin
gələcəyinin kimlərə etibar edilməsini müəyyənləşdirir.
1993 - cü ildə keçirilən
prezident seçkiləri zamanı da bunun şahidi olduq. Xalqımız ulu öndər Heydər
Əliyevi Prezident seçməklə gələcək
taleyini, həmçinin ölkəmizin gələcəyini
müəyyənləşdirdi. Bununla da
müstəqil Azərbaycanın taleyi həll olundu.
Bilirsinizmi, Heydər Əliyev kimi şəxsiyyətlərin
yetişməsi nadir hadisələrdəndir. Belə şəxsiyyətlər
çox az - az hallarda
yetişir. Bu gün müstəqil Azərbaycanın
dünya miqyasında tanınmasında, beynəlxalq aləmdə
şöhrət qazanmasında, mövqelərimizin möhkəmləndirilməsində
ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri
olub. Azərbaycanın müstəqil dövlət
kimi dünya birliyinə inteqrasiya olunması bu böyük
şəxsiyyətin dövlət idarəçiliyindəki zəngin
təcrübəsinin nəticəidir. Fəxr
edirik və qürur hissi duyuruq ki, Heydər Əliyevin siyasi xətti
bu gün də uğurla davam etdirilir. Hadisələrin
gedişi də bir daha təsdiqləyir ki, ulu öndər Heydər
Əliyevin siyasi xəttinin alternativi yoxdur.
Heydər
Əliyevin siyasi xəttinin onun ən layiqli varisi Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin dünya birliyindəki
mövqelərini daha da möhkəmləndirib. Bu
bir faktdır ki, bu gün Azərbaycan dünyanın
inkişaf etmiş dövlətləri ilə bir
sıradadır. Artıq müstəqil
dövlətimiz dünyada söz sahiblərindən biridir.
Bütün bunlar ulu öndər Heydər Əliyevin
siyasi xəttinin alternativinin olmamasından xəbər verir.
Bu
günlərdə yeni Azərbaycan Partiyasının V
qurultayı keçirilib və həmin qurultayda partiyanın sədri,
dövlətimizin başçısı İlham Əliyevin prezidentliyə
namizədliyi yenidən irəli sürülüb. Mən bunu alqışlayıram. Çünki
Prezident İlham Əliyev son on ildə böyük layihələrin həyata
keçirilməsini öz üzərinə götürüb
və o, həmin missiyanın öhdəsindən şərəflə
gəlir. 2003-2013-cü illərdə - son 10 il
ərzində Azərbaycan beynəlxalq aləmdə ən
böyük zirvələrə çata bilmişdir,
dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik
Şurasına üzv seçilmişdir. Bu,
bizim diplomatiyamızın, siyasətimizin, dövlətçiliyimizin
qələbəsidir, təntənəsidir. Hətta ötən ilin
mayında Azərbaycan bu mötəbər quruma sədrlik
etmişdir.
Azərbaycanın ikitərəfli formatda qurduğu xarici
siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə
faydalı, hörmət və bir-birinin işinə
qarışmamaq prinsiplərinin üzərində qurulub. Son on ildə
Azərbaycanda çox böyük işlər
görülmüşdür. Yoxsulluq 6 faizə,
işsizlik 5,2 faizə
düşübdür. Bir milyon 100 mindən çox yeni
iş yeri açılmışdır. Xarici
dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil
edir. Azərbaycanın son illər
qazandığı uğurlar, iri layihələrin
reallaşdırılması və ölkəmizin beynəlxalq
aləmdə söz sahibinə çevrilməsi, təbii ki,
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və
xarici siyasətin məntiqi nəticəsidr. Xalq Azərbaycanın gələcəyini Prezident
İlham Əliyevin adı ilə bağlayır, ona güvənir
və etibar edir. Ona görə də əhali
növbəti prezident seçkilərində də yenidən
İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini
açıq şəkildə bildirir. Cənab İlham Əliyevin növbəti
prezident seçkilərində namizədliyinin irəli
sürülməsi hər şeydən əvvəl
soydaşlarımızın
daxili inamına əsaslanır, xalqın özünə
layiqli rəhbər seçmək haqqını ifadə edir və
bu səbəbdən yüksək ictimai dəyərə və
gücə malikdir. Mən bunu alqışlayır və dəstəkləyirəm.
- Sizin 1992- ci ilin
martında Ali Sovetin fövqəladə
sessiyasındakı
çıxışınızla tanış olduq. O zaman yüksək
vəzifə tuturdunuz. Qorxmurdunuzmu ki, sizi
tutduğunuz vəzifədən uzaqlaşdırarlar?
- Mən Ali Sovetin
fövqəladə sessiyasında çıxış edən
zaman Ağdaş Rayon Daxili İşlər Şöbəsinin
rəisi işləyirdim. Həmin vaxt ölkədə
çox ciddi qarşıdurma var idi. Bir tərəfdən
Ayaz Mütəllibov hakimiyyəti əlində saxlamağa
çalışırdı, digər tərəfdən isə
Xalq Cəbhəsinin nümayəndələri hakimiyyətə
can atırdılar. Sərhədlərimizi
qoruyan, yeni yaranmaqda olan Milli Ordunun əsgərləri bu
qruplaşmaların təsiri altında
qarşı-qarşıya dayanmışdılar. Ermənilər isə bundan istifadə edib
Xocalını işğal etdilər. Prezident
günahı Xalq Cəbhəsində, digər tərəf isə
hakimiyyətdə görürdü. Ona
görə də bu qanlı faciə xalqdan gizlədilirdi.
Nəhayət, xalqın təkidli tələbi ilə 1992-ci il martın 2-də Azərbaycan Pezidentinin
iştirakı ilə Ali Sovetin fövqəladə sessiyası
çağırıldı. Ali Sovetin
sessiyasının çağırılması
üçün 135 imza topladıq. Min
cür təzyiqə məruz qala-qala, zülmlə o
imzaları toplamışdıq. Kimin
yanına gedirdik, deyirdi məndən uzaq edin.
Çoxları bilirdi ki, biz sessiyada Heydər
Əliyevin Ali Sovetə sədr gətirilməsi məsələsini
qoymaq, bunu tələb etmək istəyirdik. Mən həmin sessiyada
çıxış etdim və yaranmış ağır vəziyyətdən
xalqın yeganə xilas yolunun
Heydər Əliyevin hakimiyyətə dəvət edilməsində
gördüyümü dedim. Dedim ki, Heydər Əliyev Azərbaycanda
təcili hakimiyyətə gəlməlidir. Bilirdim ki, Heydər
Əliyevin dövlət idarəçiliyində zəngin təcrübəsi
var. İnanırdım ki, Azərbaycanı o dövrkü
ağır vəziyyətdən Heydər Əliyev xilas edə
bilər. Ona görə də 2 mart sessiyasında üzümü Ayaz Mütəllibova
tutub dedim ki, siz respublikanı idarə edə bilmirsiniz. O vaxt
çıxışımdakı bir məqamı olduğu
kimi diqqətə çatdırıram. Mən bütün
zala müraciətlə dedim: “Biz niyə bu məsələni
uzadırıq? Axı bu parlament binasını
tikdirən şəxsin - Heydər Əliyevin nəyə
görə bu zalda oturmaq hüququ olmasın? Axı niyə respublika rəhbərliyi onu
özünə düşmən sayır? Heydər Əliyev parlamentə dəvət
olunmalıdır, onun təcrübəsindən, rəhbər
zəkasından, dünyagörüşündən istifadə
etməliyik. O, hamımızdan dahi və şəxsiyyət
kimi məşhurdur”.
Mənim
bu çıxışıma qədər Heydər
Əliyevin adı nə parlamentdə, nə də qəzetdə çəkilmirdi. Bir faktı da diqqətə
çatdırmaq istərdim. Heydər Əliyev
1990-cı ildə Moskvadan Bakıya gələndə onu qarşılayanlardan biri də
mən idim. Heydər Əliyev hava
limanına
düşəndə ona sui-qəsd təşkil
olunmuşdu. Biz orada çox qorxmuşduq. Mən polis rəisi ola-ola Heydər Əliyevi
müdafiə eləməkdən çəkinmirdim.
Çünki bu qüdrətli insanın Azərbaycan üçün
lazımlı şəxsiyyət olduğunu bilirdim.
Həmin
sessiyadakı çıxışımdan 21 il
keçsə də, o müzakirələr həmişə
gözlərim önündə canlanır. Ayrı
yol yox idi. Torpaqlarımız bir-birinin
ardınca işğal olunurdu. Malıbəyli,
Qaradağlı, Xocalı hadisələri hakimiyyət rəhbərlərinə
olan inamı heçə endirmişdi. Xalq
Xocalıda nələr baş verdiyini, bunun əsas
günahlarının kimdə olduğunu bilmək istəyirdi.
– Fövqəladə
sessiyadakı çıxışdan sonra sizə qarşı
təzyiqlər oldumu?
— Bundan
bir qədər sonra- mənim parlamentdəki
çıxışımdan, xüsusilə də ölkə
rəhbərliyinin bağışlanılmaz səhvlərə
yol verməsi, qüdrətli şəxsiyyət Heydər
Əliyevin Bakıya dəvət olunması, onun dövlət
idarəçiliyindəki təcrübəsindən, biliyindən
istifadə edilməsi fikrini səsləndirməyimdən
sonra, “bəzi dostlar” məndən uzaqlaşdı, hətta, mənə
salam da vermədilər. Sonradan rayonda yoxlamalar
başlandı, məni xüsusi idarəyə dəvət
edib sorğu-suala tutdular. Bütün bunlara baxmayaraq,
martın 10-da televiziyaya gedib parlamentdəki
çıxışımı birbaşa efirdən səsləndirdim
və dedim ki, artıq bizim ayrı yolumuz yoxdur, böyük
siyasi xadim Heydər Əliyevi Bakıya dəvət etməliyik.
Respublikada vəziyyət
getdikcə ağırlaşır.Mənim bu
çağırışıma qədər Heydər
Əliyevin adını heç kəs çəkməyə
cürət etmirdi. Bütün bunlardan sonra
tutduğum vəzifədən uzaqlaşdırıldım.
Ancaq bundan təəssüflənmədim.
Çünki xalqımın və müstəqil dövlətimin
xilası
üçün çalışırdım. Bir də ki, vəzifəyə görə susmalı
idimmi? Axı respublika əldən gedirdi,
ermənilər torpaqlarımızı işğal edir,
soydaşlarımızı qəddarcasına qətlə
yetirirdilər. Ölkə rəhbərliyi
də buna göz yumur, vəzifəsini qoruyub saxlamaq
üçün qətliamları, erməni vəhşiliyini
ört-basdır edir, əsl həqiqəti xalqdan gizlədirdi.
Ona görə də mən belə bir
çıxış etdim və hamını birliyə
çağırdım. Ayaz Mütəllibovdan sonra
hakimiyyəti ələ alan AXC-Müsavat
iqtidarı mənə qarşı daha aqressiv oldu.
Həmin vaxt çıxılmaz vəziyyətə
düşmüş AXC -Müsavat iqtidarı da ölkənin
xilas yolunu ulu öndərdə gördü və müdrik
şəxsiyyəti ölkəyə rəhbərliyə dəvət
etmək məcburiyyətində qaldılar. 1993 - cü
ilin iyun ayında Heydər Əliyev Bakıya gəldi. Ondan sonra Azərbaycanda həyat tədricən öz
axarına düşdü. Ölkədə
nizam - intizam, qayda - qanun yaradıldı. Qeyri
- qanuni silahlı birləşmələr ləğv edildi,
müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi
və əbədiləşdirilməsi yolunda qətiyyətli
addımlar atıldı. Heydər Əliyevin dövlət
idarəçiliyndəki zəngin təcrübəsi,
dünya birliyindəki nüfuzu müstəqil dövlətimizin
beynəlxalq aləmə inteqrasiyasında böyük rol
oynadı.Azərbaycan xalqı bugünkü firavan həyata və
ölkəmizin beynəlxalq aləmdə qazandığı
uğurlara görə ulu öndər Heydər Əliyevə minnətdar olmalıdır.
- Ulu
öndər Heydər Əliyevin hakimiyyətə gəlişini
dəstəklədiyinizə görə sonradan sizə sui - qəsd təşkil olundu və
böyük itkilər verdiniz. Bu barədə
bir qədər ətraflı məlumat vermənizi xahiş edərdik.
-1994-cü ildə respublikada çox gərgin vəziyyət
yaranmışdı. Mən o zaman Abşeron rayonunda polis
şöbəsinin rəisi idim. O zaman “Qardaşlıq”
Cəmiyyəti adında bir quldur dəstəsi fəaliyyət
göstərirdi. Həmin “Qardaşlıq” Cəmiyyətinin
4 nəfər üzvü iyunun 17-də bağ evimə
hücum etdilər, bağda tək idim, məni güllə-barana
tutdular. Ağır xəsarət aldım.
Mən hospitalda ağır vəziyyətdə
yatan zaman həmin adamlara mənim ailəmi qırmaq barədə
əmr verilmişdi. Onlar da avqustun 5-də
bacımın həyat yoldaşının avtomobilinə
silahlı hücum etdilər. Avtomobildə
mənim 13 yaşlı oğlum Hüseyn, bacımın həyat
yoldaşı, eyni zamanda əmim oğlu Gündüz və
sürücü qətlə yetirildi. Mən bir il hospitalda yatdım, Rusiyada, Amerikada müalicə
olundum. 1995-ci il
mayın 10 - da yenidən Abşeron rayonunda polis rəisi
kimi işimə qayıtdım. Cinayətkarlar həbs
olunmamışdı. İşə başlayandan iki ay
sonra bizə qarşı cinayəti törətmiş 5 nəfəri
ələ keçirdim...
O illər
arxada qaldı. Bu gün Azərbaycanın dünya
birliyindəki mövqeyinin
getdikcə möhkəmlənməsindən,
reytinqinin yüksəlməsindən
qürur hissi keçirirəm. Əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş
daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi ölkəmizi dünyanın
inkişaf etmiş dövlətləri sırasına
qoşub. İnamla demək olar ki, postsovet
respublikaları arasında Azərbaycan ən sürətlə
inkişaf edən dövlətdir. Ölkəmizə gələn
xarici qonaqlar son
illər əldə olunan uğurlara və sürətli inkişafa heyran
qaldıqlarını bildirirlər.
Bütün bunlar ulu öndər Heydər
Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 23 iyun.- S. 5.