Elmin İnkişafı Fondu regional məsləhət
seminarlarına başlamışdır
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) müsabiqələrdə iştirak etmək üçün elmi-tədqiqat layihələrinin hazırlanması, qrant ərizəsinin, digər sənədlərin düzgün tərtib olunması prosesinin asanlaşdırılması və effektivliyinin artırılması, müsabiqədə iştirak etmək istəyən şəxslərə - qrant iddiaçılarına kömək göstərilməsi məqsədi ilə alim və mütəxəssislərlə mütəmadi görüşlər, məsləhət seminarları keçirir, məsləhətləşmələr aparır, ortaya çıxan problemlərin həll edilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Bir qayda olaraq, bu tədbirlər dialoq formatında keçirilir, suallar cavablandırılır, əyani vasitələrdən istifadə olunur. Alimlər tərəfindən verilən təkliflər EİF-in fəaliyyətində nəzərə alınır.
Elmin İnkişafı Fondu bu ənənəni regionlarda da davam etdirmək məqsədi ilə səyyar seminarlar təşkil edir.
Bu günlərdə fondun keçirdiyi birinci Gəncə regional məsləhət seminarı da məhz bu zərurətdən yaranmışdır.
Gəncə şəhərində təşkil olunmuş tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatlarından, sahə elmi-tədqiqat institutlarından, universitetlərdən və elmlə əlaqəli digər qurumlardan alim və mütəxəssislər iştirak etmişlər.
Seminarda fondun icraçı direktoru Elçin Babayev ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində elm, təhsil və mədəniyyətin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərdən danışmışdır. E.Babayev ulu öndərin siyasi kursunun layiqli varisi Prezident İlham Əliyevin həyata keçirdiyi yeni, davamlı inkişaf strategiyasından, qazanılan uğurlardan söz açmış, ölkəmizin iqtisadi potensialının, beynəlxalq aləmdə nüfuzunun daha da artığını qeyd etmişdir.
Vurğulanmışdır ki, dövlətimizin başçısının “qara qızılı insan kapitalına çevirmək” siyasəti digər sahələrdə olduğu kimi, elmin inkişafına da mühüm töhfələr verir. Azərbaycan Prezidentinin elmə qayğı və diqqətinin nəticəsi olaraq elmi tədqiqatların maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin rifah halının daim yaxşılaşdırılması və onların fəaliyyətinin stimullaşdırılması istiqamətlərində vacib addımların atıldığı diqqətə çatdırılmışdır.
EİF-in fəaliyyətinin əsas istiqamətlərindən və son illərdə qazandığı nailiyyətlərdən danışan E.Babayev fondun fəaliyyətinin daim təkmilləşdirildiyini, zənginləşdirildiyini bildirmişdir. Bu işdə alim və mütəxəssislərlə birbaşa təmas qurulmasının, fikir mübadiləsi və müzakirələr aparılmasının rolu və əhəmiyyəti qeyd olunmuşdur.
Seminarda EİF-in qrant müsabiqələri və onların növləri, müsabiqələrdə iştirak şərtləri, elmi prioritetlər, qrant üçün ərizə və sənədlərin tərtibatı qaydaları haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, fond əsasən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrinin üstünlük təşkil etdiyi klassik qrant müsabiqələri ilə yanaşı, gənc alim və mütəxəssislər üçün müsabiqə, bütövlükdə Qarabağ tədqiqatlarına həsr olunmuş “Şuşa qrantı” müsabiqəsi, alimlərin xaricdə keçirilən konfranslarda, təcrübə artırmalarda iştirakına imkan verən “Mobillik qrantı” müsabiqəsi də keçirir. Böyük maliyyə həcmli pilot layihələri isə elmin müxtəlif sahə və istiqamətlərinin maddi-texniki bazasının (cihaz, avadanlıq və qurğular) ən modern səviyyədə yenilənməsini, xaricdə aparıcı təşkilatlarda milli kadr hazırlığının Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.
Diqqətə çatdırılmışdır ki, EİF beynəlxalq əlaqələrini ildən-ilə genişləndirir və birgə qrant müsabiqələrinin keçirilməsi üzrə əməkdaşlıq sahəsində konkret planlar həyata keçirir. Bu baxımdan 2010-2011-ci illərdə Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı ilə əməkdaşlıq uğurlu olmuşdur.
İki ölkənin müvafiq qurumları arasında beynəlxalq sazişə əsasən keçirilmiş birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətində atılmış uğurlu addımlardandır. Bu müsabiqə çərçivəsində iki ölkənin alimlərindən ibarət müvəqqəti yaradıcı kollektivlər tərəfindən birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələri qrantlar şəklində dəstəklənir.
Elmin İnkişafı Fondu ölkənin dövlət proqramlarında da uğurla iştirak edir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənc alimlər üçün müsabiqələr keçirilmiş, onlar haqqında dolğun elektron məlumat bazası yaradılmışdır.
2013-cü ilin informasiya-kommunikasiya texnologiyaları (İKT) ili elan edilməsi ilə bağlı Dövlət Proqramında Elmin İnkişafı Fondunun da iştirakı nəzərdə tutulmuşdur. Cari ilin sonunadək İKT üzrə layihələrin dəstəklənməsi məqsədi ilə bir neçə müsabiqənin keçirilməsi planlaşdırılır.
Tədbirdə AMEA-nın Gəncə Bölməsinin direktoru, akademiyanın müxbir üzvü Fuad Əliyev, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun direktoru, akademik Siddiqə Məmmədova, universitet və elmi-tədqiqat qurumlarının rəhbərləri çıxış etmişlər.
Seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, Elmin İnkişafı Fondu Gəncə regionundan bir neçə qrant layihəsini maliyyələşdirmişdir. Aparılan araşdırmalar göstərir ki, regionun elmi potensialı böyükdür və qrant layihələrinin sayı bu potensiala uyğun gəlmir. Regiondan xüsusilə humanitar və ictimai elmlər, biologiya və aqrar elmlər sahələri üzrə daha çox qrant layihələri təqdim oluna bilər.
Təcrübə göstərir ki, belə seminarların keçirilməsi müsabiqələrə təqdim edilən layihələrin tərtibatına və keyfiyyətinə kifayət qədər müsbət təsir edir.
Elmin İnkişafı Fondu növbəti regional
seminarın Naxçıvanda keçirilməsini nəzərdə
tutur.
Xalq qəzeti.- 2013.- 23 iyun.- S. 5.