Binəqədi rayonunda Dövlət Qulluqçuları Günü qeyd olunmuşdur

 

Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Qulluqçuları Günü qeyd edilmişdir. Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirmişdir ki, ölkəmizin dövlət qulluqçuları artıq 7-ci ildir ki, özlərinin peşə bayramını qeyd edirlər. 2000-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “Dövlət qulluğu haqqında” Qanun əsasında Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmiş həmin peşə bayramı bu mühüm sahədə çalışan şəxslərə hər il böyük sevinc bəxş etməklə yanaşı, həm də dövlət qulluqçularının bütün xalq qarşısında mənəvi hesabatına çevrilmişdir.

Rayon icra hakimiyyətinin başçısı vurğulamışdır ki, müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasiiqtisadi əsaslarını yaratmış ulu öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuşdur. Heydər Əliyevin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır.

Rayon rəhbəri çıxışında eyni zamanda bildirmişdir ki, ulu öndərin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vətəndaşların müraciətlərinə daim böyük diqqət və qayğı ilə yanaşır və bunu hər bir dövlət orqanından, məmurundan qətiyyətlə tələb edir.

Natiq həmçinin qeyd etmişdir ki, Binəqədi rayonunda dövlət qulluqçularının fəaliyyəti icra hakimiyyəti aparatı tərəfindən həmişə diqqət mərkəzində saxlanılır. Bu, təsadüfi deyil. Çünki dövlət qulluqçularının hər bir addımı, hərəkəti sıravi vətəndaşlar tərəfindən diqqətlə izlənilir, bütövlükdə hər bir vətəndaş öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəsləyir.

Başçı daha sonra bildirmişdir ki, Binəqədi rayonunda dövlət qulluqçularının yerinə yetirdikləri əsas funksiyalardan biri də vətəndaşların müraciətlərinə diqqətlə baxılması, onların qəbulu, vətəndaşların qaldırdıqları problemlərin həlli yollarının tapılmasıdır.Məlumdur ki, vətəndaşlar dövlətin idarə olunmasında məhz öz müraciətləri vasitəsi ilə iştirak edirlər.Onların müraciətləri cəmiyyətdəki problemlərin üzə çıxarılmasında mühüm vasitədir.

Xaləddin İsgəndərov çıxışının sonunda rayonda çalışan dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etməklə yanaşı, əminliklə bildirmişdir ki, onlar təmsil etdikləri dövlət orqanının etimadını, ən başlıcası, hər bir vətəndaşın onlara bəslədiyi ümidləri tam doğruldacaq, Binəqədidə gündən-günə genişlənən abadlıq-quruculuq işlərində bundan sonra da fəallıq göstərəcəklər.

Tədbirin sonunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısının fəxri fərmanları verilmişdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 23 iyun.- S. 6.