Sərsəng harayı!

 

Erməni işğalçılarının nəzarətində olan Sərsəng dəryaçasının qəzalı vəziyyəti

 

500 min soydaşımız üçün təhlükə mənbəyidir

 

Zaman-zaman azərbaycanlıların qanını tökən, ölkəmizə qarşı işğalçılıq niyyətlərindən, torpaq iddialarından əl çəkməyən, qırğınlar, talanlar törədən bədnam qonşularımız məkrli siyasətlərini həyata keçirtmək üçün ürək yumşaqlığımızdan, unutqanlığımızdan daim “məharət”lə istifadə etmiş, şərait yarananda fürsəti əldən verməmişlər.

XX əsrin əvvələrində Azərbaycan xalqının başına gətirdiyi faciələrdən, şəhər, rayon, kənd və qəsəbələrimizdəki soyqırımılardan sonra 70 il niyyətlərini gizlədən daşnaklar XX əsrin sonlarında yenidən baş qaldırmış, dünya xalqları və dövlətlərinin gözü qarşısında, havadarlarının köməyilə Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağımızı və 7 rayonumuzu işğal etmişlər. Döyüşlər və talanlar zamanı 20 mindən çox soydaşımız qətlə yetirilmiş, 50 mindən çox həmvətənimiz yaralanmış, minlərlə insan müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 5 mindən artıq azərbaycanlı əsir götürülmüş, yüzlərlə vətəndaşımız itkin düşmüşdür.

Ermənistanın öz ərazisində və işğal etdiyi torpaqlarda həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmişdir. Müharibə nəticəsində 900-dən çox yaşayış məntəqəmiz dağıdılmış, minlərlə milli, tarixi mədəniyyət abidələrimiz məhv və qarət edilmişdir. Saysız-hesabsız dövlət müəssisələrimiz, sosial obyektlərimiz yandırılıb yerlə-yeksan edilmişdir. Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində ölkəmizə 430 milyard dollardan çox maddi zərər dəymişdir.

Ermənistanın silahlı təcavüzü və torpaqlarımızın işğalı nəticəsində flora və faunamıza ağılagəlməz dərəcədə zərər vurulmuşdur. İşğal olunan ərazilərin yaxınlığındakı rayonlarımızın su təminatı və suvarma sistemləri tamamilə pozulmuşdur. Azərbaycanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsi olan və hazırda Ermənistanın işğalı altında qalan Kiçik Qafqaz dağlarının əhəmiyyətli çayları, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Qarqarçay, Xaçınçay, Köndələnçay və digər çaylar üzərində süni göllər və suvarma kanalları yaradılmışdır.

Azərbaycanın Ağdərə rayonu ərazisində, Tərtərçayın üzərində tikilib 1976-cı ildə istifadəyə verilən Sərsəng su anbarı (dəryaçası) 20 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Dəniz səviyyəsindən 728 metrdən çox yüksəklikdə olan bu su anbarının ümumi həcmi 560 milyon kubmetr, suyunun dərinliyi 103 metr, bəndinin hündürlüyü 125 metr,uzunluğu 555 metrdir. Bəndin gövdəsində su elektrik stansiyası tikilmiş, hər birinin gücü 50 meqabayt olan 2 turbin quraşdırılmışdır. Bu nəhəng anbar Azərbaycanın bir neçə rayonunun əkin sahələrini bol su ilə təmin etmək məqsədilə yaradılmışdır.

Sərsəng dəryaçası ermənilərin nəzarəti altına keçdikdən sonra 20 ildən çoxdur ki respublikamızın həmin regiondakı əkin sahələrinə su verilmir. İllərdir ki, Azərbaycanın cəbhə bölgələrində yaşayan əhalisi və kənd təsərrüfatı böyük çətinliklərlə üzləşir. Mütəxəsislərin dediklərinə görə, indi bu nəhəng dəryaçada qəzalı vəziyyət yaranmışdır. Əgər bu anbarda təsadüfən qəza baş verərsə, yaxud işğalçılar bəndi dağıdarsa, Azərbaycanın 7 rayonu su altında qalarbu rayonların 500 minə qədər əhalisi məhv ola bilər. Xatırladaq ki, Sərsəng su anbarı və onun bəndində yerləşən bütün hidrotexniki qurğular Böyük Bəndlər Üzrə Beynəlxalq Konqrensin təsnifatına görə, təhlükəlilik baxımından ən yüksək – birinci kateqoriyaya aid olduğundan onun gövdəsində yerləşdirilmiş nəzarət ölçmə cihazlarının göstəriciləri daim yoxlanılmalı, qəza baş verməməsi üçün dərhal müvafiq tədbirlər görülməlidir.

Bütün bunları və gözlənilən ağlagəlməz təhlükəni nəzərə alaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyası “Sərsəng-humanitar faciənin qarşısının alınması” layihəsinə başlamışdır. Bu günlərdə layihənin təqdimatı keçirilərkən AVCİYA-nın prezidenti, Milli Məclisin üzvi, AVRONEST-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov demişdir ki, 18 ay ərzində həyata keçiriləcək bu layihənin icrası zamanı BMT-nin Baş Məclisi, Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Nazirlər Şurası, ATƏT-in sədri və ATƏT-in MİNSK qrupunun həmsədrləri məlumatlandırılacaqlar. Bundan əlavə, Sərsəngin və hələ də işğal altında qalan digər su anbarlarının, hidroqovşaqların, bu anbarlardan gələn magistral kanalların vəziyyətinin mütəmadi monitorinqinin keçirilməsi, su anbarlarından axın həcminin mövsüm ərzində dəyişməsi nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən zərərin miqdarı qiymətləndiriləcək.

Əlavə olaraq, su anbarında qəza baş verəcəyi təqdirdə bölgə əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyət proqramı hazırlanacaq. Ermənistan respublikası və silahlı qüvvələrinin su anbarında düşmənçilik niyyətilə qəza törədəcəyi ehtimalına görə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Goranboy, Yevlax və Bərdə rayonlarının əhalisi üçün yaranacaq təhlükə barədə beynəlxalq ictimaiyyətin və bölgə əhalisinin məlumatlandırılması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində AVCİYA respublikaMeliorasiyaSu Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti ilə müntəzəm əməkdaşlıq edəcək, növbəti mərhələdə digər dövlət strukturları və QHT-lər də bu layihəyə cəlb ediləcəklər.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində canlı təbiətə və ümumiyyətlə insanlara qarşı yönəlmiş cinayət əməlləri Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibi, BMT-nin iqlim və Təbiət Sərvətlərinin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidenti bu ölkənin ehtimal olunan bəşəriyyət əleyhinə cinayət əməllərinin qarşısının alınması və AVCİYA-nın Sərsəng təhlükəsinə yol verilməməsi çağırışına biganə qalmamalı və onun başladığı çox mühüm layihənin reallaşmasında köməklərini əsirgəməməlidirlər.

 

Ənvər QAFARLI,

 

İnsan Hüquqları üzrə

 

İctimai Şuranın sədri,

 

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2013.- 23 iyun.- S. 6.