Xalqın,
dövlətin və ədalətin keşiyində
Azərbaycan daxili işlər orqanlarının keçdiyi yol şərəfli, eyni
zamanda çətinlik və fədakarlıqla
dolu olmuşdur
Bu il Azərbaycan daxili işlər orqanlarının yaradılmasının 95 ili tamam olur. Təkcə bu sahədə çalşanlar üçün deyil, eyni zamanda hər bir soydaşımız və vətəndaşımız üçün əlamətdar olan həmin tarixi fakt haqqında söz demək istəyən, yazı qələmə alan çox olacaq. Bu da təbiidir. Çünki bu qurum yarandığı gündən bəri üç dövlətin (Azərbaycan Xalq Cümhuriyyətyi, Sovet Azərbaycanı və Müstəqil Azərbaycan) dövründə, fərqli siyasi quruluşlarda müxtəlif rəsmi adlar altında fəaliyyət göstərsə də, həmişə xalqın, haqqın, ədalətin və ən başlıcası, dövlətin təsis etdiyi qayda-qanunun, asayişin keşiyində dayanıb.
1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək, cinayətkarlıqla mübarizənin ön sıralarında dayanmış, daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamış, böyük təcrübə qazanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.
Ancaq bu da heç kəsin dana bilməyəcəyi bir həqiqətdir ki, Azərbaycan polisinin mübarizələrlə dolu tarixinin ən mühüm mərhələləri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Çünki o böyük dövlət xadiminin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra ölkə həyatının bütün sahələri kimi daxili işlər orqanlarına dövlət qayğısı güclənmiş, xalqa sədaqətli kadrların irəli çəkilməsinə start verilmiş, bu sahədə çalşan insanların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilmişdi. Məhz həmin dövrdəki təkmilləşmənin nəticəsi idi ki, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanın təcavüzünə qarşı mübarizənin ön sıralarında bilavasitə Azərbaycan polisi gedirdi. İstənilən münaqişə və qarşıdurmada düşmənə qarşı mərdliklə döyüşən polis yüzlərlə şəhid versə də, öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirirdi.
Bu, daxili işlər orqanlarının xoşbəxtliyidir ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdandan sonra da başladığı böyük quruculuq işlərinin fonunda daxili işlər orqanlarının fəaliyyətini də daim diqqət mərkəzində saxlayırdı. Ona görə də polis əməkdaşları və bu nazirliyin tabeçiliyində olan hərbi qulluqçular məhz onun rəhbərliyi altında mükəmməl bir inkişaf yolu keçdilər. Azərbaycan polisi ölkənin hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərərək dövlət çevrilişinə cəhdlərin və terror aktlarının qarşısının alınmasında, mütəşəkkil cinayətkar qrup və dəstələrin ləğv edilməsində, əllərdə qanunsuz saxlanılan odlu silahların yığılmasında qətiyyət və peşəkarlıq nümayiş etdirdi. Mənim həmkarlarımın həmin qətiyyəti son 20 ildə dövlət başçımızdan ən sadə vətəndaşa qədər hamı tərəfindən yüksək qiymətləndirildi və indi də qiymətləndirilir.
Heydər Əliyevin polis orqanlarına göstərdiyi qayğı və diqqətin, eyni zamanda Azərbaycan polisinin ulu öndərin siyasi kursuna olan inamının nəticəsidir ki, artıq heç bir qüvvə daxili işlər orqanlarına vətənə xidmət borcunu yerinə yetirməkdə mane olmaq iqtidarında deyil. Bu bir faktdır ki, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyin qorunub saxlanılması, gələcək inkişafı naminə sabitliyin yaradılması ilə bağlı ulu öndərin həyata keçirdiyi möhtəşəm layihələrin reallaşmasında polisin şəxsi heyətinin də layiqli xidmətlər olmuşdur.
Heydər Əliyev Azərbaycan dövlətini və dövlətçiliyini qoruyub möhkəmləndirmək istiqamətində titanik fəaliyyət göstərərkən hüquq-mühafizə orqanlarını da müasir standartlar səviyyəsinə qaldırmışdı. Prezident İlham Əliyev isə ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması üzrə daha müfəssəl, daha müasir layihələr həyata keçirdi. Məhz onun davamlı tədbirləri və şəxsi rəhbərliyi ilə Daxili İşlər Nazirliyi sistemi də beynəlxalq standartlar səviyyəsinə yüksəlmişdır. Dövlət başçımızın xüsusi diqqət və qayğısı sayəsində daxili işlər orqanları müasir tələblərə cavab verən avadanlıq və vasitələr ilə təmin olunmuş, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində kifayət qədər addımlar atılmışdır. Mən bir polis zabiti kimi fəxrlə deyə bilərəm ki, nazirliyimizin və bizim şöbənin maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmlənməsi, peşəkar kadr potensialına yiyələnməyimiz günümüzün reallığıdır. Bizim xidmət etdiyimiz qurumlar müasir dövrün çağırış və təhdidlərinə adekvat cavab verməyə tam qadirdir. Ulu öndər Heydər Əliyevin hələ 1994-cü ildə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmandan ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə ölkədə minlərlə cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Qanunsuz saxlanılan 33 minə yaxın odlu silah yığılmış və törədilən cinayətlərin sayı təxminən 7 dəfə azalmışdır.
Ancaq Heydər Əliyevin müəyyənləşdirdiyi kimi bu gün Azərbaycan polisinin əsas fəaliyyəti insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qorumaqdır. Ona görə də , cinayətkarlığın profilaktikası çox vacib və daim gündəmdə olan məsələlərdən biridir. Bu prinsip ilk növbədə insanların hüquqlarının və azadlıqlarının müdafiəsinə xidmət edir. Fikrimizcə, cinayətkarlığa qarşı profilaktik iş aparılmazsa, mütləq haradasa ağır cinayətlərin törədilməsinə şərait yarana bilər. Təbii ki, bu da dövlətin və cəmiyyətin təhlükəsizliyinə təhdidlər yaratmış olar. Ona görə də, polis orqanlarında aparılan islahatların əsas istiqamətlərindən biri də məhz cinayətlərin qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan qaldırılması, bu sahədə mövcud olan problemlərin həllidir. Cənab nazir Ramil Usubovun qeyd etdiyi kimi profilaktik işin ən effektli yollarından biri polisin əhali ilə sıx təmasda və cəmiyyətin içində olması, onun fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, məqsədyönlü və sistemli şəkildə əhali arasında maarifləndirmə tədbirləri keçirməsidir. Biz - Mingəçevir şəhər polisi olaraq ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi sahəsində bütün lazımi işləri görürük və bu sahədə fəaliyyətimiz gələcəkdə də davam etdiriləcəkdir.
Mingəçevir polisi vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz, operativ tədbirlərin görülməsinə, xidməti fəaliyyətin məhz insan meyarı kimi ali prinsip üzərində qurulmasına, eyni zamanda, ərazi polis orqanlarına daxil olan siqnallara çevik reaksiya verilməsinə, bu işə mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsinə və başqa vacib məqsədlərə xidmət edir. Biz öz gündəlik fəaliyyətimizdə əhalinin təhlükəsizliyinin qorunması, hüquq qaydalarına riayət edilməsinə müvafiq nəzarətin həyata keçirilməsi , fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarını yerinə yetiririk. Bu məqsədlə şöbəmizdə fəaliyyət göstərən “Qaynar xətt”, elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin dərhal nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.
Mingəçevir Şəhər Polis Şöbəsinin daha çox önəm verdiyi məsələlərdən biri də əhali ilə mütəmadi ünsiyyətdə olan bayır xidmətlərindən səmərəli istifadə olunmasıdır. Bu məqsədlə Daxili İşlər Nazirliyinin ATƏT-in Bakı ofisi ilə birgə “Polisə yardım” proqramı çərçivəsində reallaşdırdığı “Cəmiyyət dəstəkli polis” layihəsinə bizim şəhərdə də xüsusi önəm verilir. Layihənin məqsədi polisin qarşıya qoyduğu vəzifənin daha səmərəli həyata keçirilməsində vətəndaşların köməyindən istifadə edilməsidir. Bu məqsədlə Mingəçevir polisinin bir qrup əməkdaşı Türkiyədə səfərdə olub. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bizim həyata keçirdiyimiz bu layihə həm şəhər ictimaiyyəti tərəfindən, həm də nazirliyimiz tərəfindən maraqla qarşılanır və təqdir olunur.
Son on ildə respublikamızda gedən sürətli iqtisadi inkişaf polisin vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrinin güclənməsinə öz müsbət təsirini göstərmişdir. Cənab Prezidentin bilavasitə diqqət mərkəzində olan bütün bu tədbirlər həm də insanların polisdə gedən demokratikləşmə prosesinə, ictimai təhlükəsizliyin təmin edilməsi işinə daha fəal cəlb olunmasına kömək edir.
Azərbaycan daxili işlər orqanlarının yaradılmasının 95 illiyinin yüksək səviyyədə qeyd olunması bütün həmkarlarımız kimi Mingəçevir polisinin də böyük məmnunluğuna səbəb olmuşdur. Bizim üçün daha böyük məmnunluq gətirən faktlardan biri də odur ki, bu ilin aprel ayında dövlətimiz “Azərbaycan Polisinin 95 illiyi ( 1918-2013)”yubiley medalının təsis edilməsi barədə qanun qəbul etmişdir. Əminik ki, bu sənəd və həmkarlarımızın yubiley medalı ilə təltif olunması polisin öz vəzifəsinə məsuliyyətini qat-qat artıracaqdır. Sonda onu da qeyd etmək istərdim ki, ölkəmizdə mövcud olan xoş əhval-ruhiyyə, yüksək ovqat daxili işlər orqanları əməkdaşlarını daha məsuliyyətli və fədakar fəaliyyətə səfərbər edir.
Bizim hər birimizin üzərinə böyük məsuliyyət qoyan qayğı və diqqət bütün şəxsi heyəti dövlətin hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qorunması kimi mühüm funksiyaların icrasında daha önəmli nailiyyətlərə ruhlandırır. Mingəçevir polisi ölkəmizin daxili işlər orqanlarının öncül qurumlarından biri kimi respublikamızda gedən tərəqqi və inkişafı, asayişi, dövlətin əsaslarını və insanların bütün hüquqlarını bundan sonra da ləyaqətlə qorumaq üçün var qüvvəsini sərf edəcəkdir.
Ələsgər
BƏDƏLOV, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi,
polis polkovniki
Xalq qəzeti.- 2013.- 23 iyun.- S. 7.