“İKT ili”ndə
yeni layihə
Qlobal iqtisadiyyatda sənayeləşmənin və elm yönümlü sosial-iqtisadi artımın katalizatoru olan İKT Azərbaycanda karbohidrogen sənayesindən sonra ən dinamik inkişaf tempinə malik olan sahədir. Respublikada İKT sektorunun dayanıqlı inkişafının təmin edilməsi, alternativ gəlir mənbələrinin yaradılması, yerli bazarların xarici investisiyalar üçün cəlbediciliyinin artırılması, habelə ölkədə qeyri-neft sektorunun davamlı inkişafı məqsədilə informasiya-kommunikasiya texnologiyaları və elektron istehsal üzrə xüsusi innovasiya zonalarının yaradılması qarşıda duran əsas məsələlərdəndir.
Dövlət başçısı İlham Əliyev bu məsələyə xüsusi önəm verir və informasiya texnologiyalarının inkişafını daim diqqət mərkəzində saxlayır. Heç təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda “İKT ili” elan olunmuşdur. Bu gün İKT ilə bağlı çox iri layihələr reallaşdırılır, ölkəmiz bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə ABŞ-ın aparıcı məsləhətçi şirkəti olan “Booz Allen Hamilton”un birgə hazırladığı “Regional innovasiya zonası” layihəsi innovasiyalı sahibkarlığa təkan verəcək texnoparkların, elektron avadanlıqların və proqram məhsullarının istehsalı və ixracı üzrə regional bazarın, region ölkələrinə geniş elektron xidmətlərin göstərilməsini təmin edəcək, Qərblə Şərq arasında tranzit informasiya məkanının, həmçinin insan resurslarının inkişafına xidmət edəcək universitetin yaradılmasını nəzərdə tutur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, regional innovasiya zonasının fəaliyyəti əsasən beş məqsədi özündə ehtiva edir. Bunlardan biri kiçik və orta sahibkarlıq subyektlərində texnoloji innovasiyaların tətbiqinin sürətləndirilməsidir. Ümumilikdə regionda və o cümlədən, Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında informasiya texnologiyalarının layihələşdirilməsi və tətbiqi üçün innovasiyalı mühiti təmin etməklə kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq başlıca vəzifələrdən biridir. Digər mühüm məsələ insan ehtiyatlarının inkişafı və İnformasiya Texnologiyaları Universitetinin təsis edilməsidir. “Regional İnformasiya Texnologiyaları Universiteti” milli təşəbbüsün bir hissəsi olan insan ehtiyatları, onların İT bilik və bacarıqları və imkanlarının inkişaf etdirilməsi üçün müvafiq tədris və təlimlərin keçirilməsi üçün nəzərdə tutulur.
Beynəlxalq İnformasiya Resursları Mərkəzinin yaradılması imkanlarının qiymətləndirilməsi də əsas məqsədlərdən biridir. Müxtəlif tipli informasiya axını, məlumatların qəbul edilməsi, saxlanılması və yenidən ötürülməsini həyata keçirən və kommersiya baxımından sərfəli olan bu fəaliyyətin tətbiq edilməsi imkanlarının araşdırılması mühüm vəzifələrdən biridir.
Bir məsələyə də xüsusi diqqət yetirilir. O da yeni sərmayələrin, xüsusilə də birbaşa xarici investisiyaların artımına nail olmaqdan ibarətdir. Azərbaycan və region bazarında kommersiya ehtiyaclarının ödənilməsi və davamlı sosial və texnoloji inkişafın dəstəklənməsi məqsədilə elmi-texnoloji fəaliyyətə, tədqiqatlara, iş prosesinə sərmayə qoyan və ya bu tipli fəaliyyətlə məşğul olan İKT şirkətləri və yerli, regional və qlobal texnoloji şirkətlər üçün az riskli, innovativ və münbit biznes mühitinin yaradılması mühüm vəzifələrdən biri hesab olunur. Azərbaycanda ixracın təşviqi məsələsi də bu layihənin məqsədlərindəndir. Bu, ölkədə istehsal olunan və regional bazarlara paylana bilən elektron avadanlıq və proqram təchizatı məhsulları və xidmətlərinin istehsalını və ixracatını dəstəkləyən və genişləndirən biznes mühitinin təmin edilməsi ilə bilavasitə bağlıdır.
RİTN -in məlumatına görə, Azərbaycanı kiçik və orta sahibkarlığın inkişafına yardım edən münbit və əlverişli məkana çevirmək və RİZ-in fəaliyyətini təmin etmək məqsədilə bir sıra kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır ki, RİZ-in uğurlu fəaliyyəti üçün əsas etibarilə 8 ilkin şərt müəyyən edilmişdir. Onlar əlverişli tənzimləmə mexanizmi, cəlbedici stimullar, səffaflıq, aşağı məsrəfli telekommunikasiya xidmətləri, ən son texnoloji avadanlıq, rəqabətədavamlı işçi qüvvəsi, dayanıqlı nəqliyyat əlaqələri, cəlbedici daxili İKT bazarıdır.
Sadalanan şərtlərin yerinə yetirilməsi məqsədilə artıq RİTN tərəfindən müəyyən işlər görülməyə başlanmışdır.
Layihənin həyata keçirilməsi ölkə iqtisadiyyatında informasiya-kommunikasiya texnologiyalarının xüsusi çəkisinin artırılmasına, xarici və yerli şirkətlərin, eləcə də potensial investorların ölkənin İKT bazarına cəlb edilməsinə, respublikada elektron avadanlıqların istehsalı və ixracı üzrə yeni iş yerlərinin yaradılmasına, ən əsası isə ölkənin ixrac potensialını artırmaqla Azərbaycanın regionun İKT mərkəzinə çevrilməsinə xidmət edəcəkdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 25 iyun.- S. 5.