Azərbaycanlı rektor Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir

 

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru, akademik Siyavuş Qarayev türk dünyasının elm və təhsili sahəsində böyük xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) həqiqi üzvü seçilmiş və Beynəlxalq Qızıl Ulduz medalı ilə təltif edilmişdir.

ADNA-dan AzərTAc-a bildirmişlər ki, bu münasibətlə iyunun 27-də akademiyada keçirilmiş tədbirdə TDABEA-nın Azərbaycan üzrə təmsilçisi professor Elçin İsgəndərzadə akademik diplomunu və medalı S.Qarayevə təqdim etmişdir.

Bildirilmişdir ki, bu mükafatlar azərbaycanlı rektorun MDB, eləcə də xarici ölkələrin neft-qazneft-kimya sahələri  üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanması, elmi-tədqiqat işlərinin dünya standartları səviyyəsinə uyğun təşkil edilməsi və aparılması istiqamətlərində qazandığı  nailiyyətlərə verilən qiymətdir.

Qeyd edək ki, akademik S.Qarayevin yorulmaz əməyi həm Azərbaycanın dövlət mükafatları, həm də ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya, Vyetnam və Rumıniyanın, bir çox beynəlxalq təşkilatların fəxri adları və mükafatları ilə qeyd edilmişdir.

 

Xalq qəzeti.- 2013.- 28 iyun.- S. 6.