Nizami Gəncəvinin İsgəndəriyyə
kitabxanasında abidəsinin ucaldılması üçün
razılıq əldə olunmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin Misirin dünya şöhrətli İsgəndəriyyə kitabxanasında ucaldılması üçün Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Misirdəki səfirliyi tərəfindən İsgəndəriyyə kitabxanasının rəhbərliyi ilə danışıqlar aparılmış və bu barədə razılıq əldə olunmuşdur.
Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, İsgəndəriyyə kitabxanasının rəhbərliyi tərəfindən bəşəri irsə malik olan Nizami Gəncəvinin abidəsinin İsgəndəriyyə kitabxanasında ucaldılması barəsində Azərbaycanın təklifi müsbət qarşılanmışdır.
Eyni zamanda Nizaminin yaradıcılığı ilə İsgəndəriyyə şəhəri arasında rəmzi bağlılığın olduğu qeyd olunaraq, Nizaminin ədəbi qəhrəman kimi inkişaf etdirdiyi İsgəndər surətinin adını daşıyan şəhərdə və kitabxanada onun abidəsinin ucaldılmasının böyük maraqla qarşılanacağı vurğulanmışdır. Bu xüsusda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri İsgəndəriyyə kitabxanasında olmuş, abidənin hazırlanması üçün lazımi ölçüləri götürmüş və abidənin yerləşəcəyi məkanı və bundan irəli gələn digər texniki məsələləri müəyyən etmişlər.
Qeyd edək ki,
İsgəndəriyyə kitabxanası il ərzində
bir neçə milyon
turist tərəfindən ziyarət olunur və dünya
miqyasında tanınmış elm-mədəniyyət mərkəzlərindən
biridir. Bu kitabxanada dahi Azərbaycan şairi Nizami Gəncəvinin
abidəsinin ucaldılması Nizami irsinin ərəb aləmində və dünya miqyasında daha da əbədiləşdirilməsi işinə
öz töhfəsini verəcək.
Xalq qəzeti.- 2013.- 28 iyun.- S. 6.