Milli Məclisdə keçirilən görüşdə Azərbaycan və Vyetnamın keçdikləri inkişaf yolundan söhbət açılmışdır

 

İyunun 27-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşlər.

AzərTAc xəbər verir ki, qonaqları salamlayan komitə sədri Ə.Hüseynli demişdir ki, Azərbaycan və Vyetnam xalqları müstəqilliyə çox gərgin siyasi mübarizədən sonra nail olmuşlar. Hər iki xalq bu yolda çoxlu qurbanlar vermişdir.

Vyetnamlı qonaqlara məlumat verilmişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik inkişaf yolunu seçmişdir. Bu gün ölkə təkcə iqtisadi sahədə deyil, həmçinin insan hüquq və azadlıqlarının qorunması, hüququn aliliyi və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində də böyük irəliləyişlərə nail olmuşdur.

Uonq Çu Lu səmimi görüşə görə minnətdarlıq edərək demişdir ki, uzun illər apardığı mübarizədən sonra Vyetnam xalqı da özünün müstəqil dövlətini qurmuşdur. Vaxtı ilə geridə qalmış bir ölkə olan Vyetnam bu gün iqtisadi inkişafı ilə dünyanın diqqətini cəlb etməyə başlamışdır. Vyetnama investisiya qoymaq istəyən ölkələrin və iri şirkətlərin sayı ildən-ilə artmaqdadır.

Görüşdə qərara alınmışdır ki, hər iki ölkənin parlamentlərinin nümayəndələri qarşılıqlı səfərləri intensivləşdirərək daha sıx əlaqələr qursunlar.

 

Xalq qəzeti.- 2013.- 28 iyun.- S. 8.