Binəqədi rayonunda Silahlı Qüvvələr Günü qeyd edilmişdir
Binəqədi Rayon İcra Hakimiyyəti Daxili İşlər Nazirliyi Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə bayram tədbiri keçirmişdir.
Tədbir torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidənin ziyarət edilməsi ilə başlamışdır. Sonra rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, ictimai qurumların və ictimaiyyətin nümayəndələri hərbi hissənin qərargahında yerləşən muzeylə tanış olmuşlar. Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov xatirə kitabına ürək sözlərini yazmışdır.
Kazarma, avtomobil parkı və helikopter meydançası ilə tanışlıq da mərasimə qatılanlarda böyük ruh yüksəkliyi yaratmışdır.
Sıra meydanına dəvət olunan qonaqlar önündə hərbi hissə komandirinin müavini Səbuhi Pənahov tədbirə hazırlıqla bağlı raport vermişdir. O, əsgər və zabit heyətini salamlayaraq, onları bayram münasibətilə təbrik etmişdir.
Hərbi hissənin komandiri Vurğun Abbasov çıxış edərək demişdir ki, 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında respublika Ali Soveti qanun qəbul etmişdir. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan edilmiş və hər il Azərbaycan xalqı bu günü təntənə ilə bayram edir.
Hərbi hissə komandiri çıxışında bir məqamı da xüsusi vurğuladı. Qeyd etdi ki, Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri hərbi hissə ilə mütəmadi əlaqə saxlayır, bayramlarda, əlamətdar günlərdə əsgər və zabitlərin qonağı olurlar. Şübhəsiz, bu, əsgər və zabitlərdə doğma torpağa təəssübkeşlik hissinin daha da güclənməsinə öz müsbət təsirini göstərir.
Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov nitqində şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək xatırlatmışdır ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə bütün sahələrdə olduğu kimi, Vətənin yüksək hərbi təhsil almış milli zabit kadrlarına da böyük ehtiyacı olduğunu nəzərdən qaçırmamışdır. Məhz dahi rəhbərin ciddi səyləri nəticəsində 70-80-ci illərin əvvəllərində Bakıda C.Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başlamışdır. Natiq bildirmişdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin güclənməsinə, ordunun müasir silah və texnika ilə təminatı məsələsinə xüsusi diqqəti sayəsində Azərbaycan Ordusu hazırda bölgənin ən güclü ordusuna çevrilmişdir.
Rayon icra hakimiyyəti başçısı daha sonra demişdir: - Əgər 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtmasa, öz zəngin dövlət idarəçiliyi təcrübəsi, iradəsi, qətiyyəti sayəsində dövlətin digər atributları ilə yanaşı, milli ordu quruculuğuna başlamasa, nələrin baş verəcəyini düşünmək belə adamı dəhşətə gətirir. Qısa zamanda Milli Ordunun formalaşması üçün təcili və təxirəsalınmaz tədbirlərə başlanıldı. Hər şeydən əvvəl bütün silahlı qüvvələr vahid komandanlıq altında birləşdirildi, ciddi struktur və kadr dəyişiklikləri həyata keçirildi.
Tədbirdə X. İsgəndərov rayon ərazisində yerləşən hərbi hissələrdə nümunəvi xidmətə görə fərqlənən bir qrup zabit və əsgərə rayon icra hakimiyyətinin hədiyyələrini təqdim etmişdir.
Mərasim geniş konsert proqramı ilə yekunlaşdırılmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 28 iyun.- S. 9.