Bakıda XX yubiley Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası konfransı işə başlamışdır

 

İyunun 5-də Bakıda XX yubiley Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası (“Caspian Oil and Gas”) konfransı işə başlamışdır.

20 illik yubileyini qeyd edən və Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri olan “Caspian Oil and Gas” sərgisi çərçivəsində keçirilən konfransı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və “İTE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmışlar.

“Azərbaycan Avrasiyanın enerji təminatı və təhlükəsizliyinin açarı kimi” adlı birinci sessiyada məruzə ilə çıxış edən ARDNŞ-in prezidenti ölkəmizin neft-qaz siyasətindən danışmış, reallaşdırılan beynəlxalq layihələr barədə məlumat vermişdir.

R.Abdullayev bildirmişdir ki, qədim odlar diyarı olan Azərbaycan bu gün öz tarixində artıq ikinci dəfə “neft bumu”nu yaşayır. Ölkəmiz sosial-iqtisadi inkişaf sürətinə görə dünya dövlətləri arasında öncüllərdən biridir. Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan bütün təzyiqlərə baxmayaraq 1994-cü il sentyabrın 20-də dünyanın 11 aparıcı dövlətinin neft şirkətləri ilə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalamışdır. Bu saziş sonradan “Əsrin müqaviləsi” adını almışdır. Ulu öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi dünya neft-qaz sənayesinin və elminin inkişafına danılmaz töhfələr bəxş etmiş Azərbaycana əvvəlki şan-şöhrətini qaytarmış, beynəlxalq ictimaiyyətin nəzərlərini yenidən ölkəmizə cəlb etmişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş neft strategiyasının bu gün də uğurla davam etdirildiyini deyən R.Abdullayev diqqətə çatdırmışdır ki, bu siyasət ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə, xalqın maddi rifah halının yaxşılaşmasına, eləcə də bütövlükdə regionun makroiqtisadi dirçəlişinə xidmət edir. Zəngin neft ölkəsi kimi dünyada öz sözünü demiş Azərbaycan artıq təbii qaz ixrac edən ölkəyə çevrilmişdir. Biz Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi işinə töhfəmizi verməyə çalışırıq.

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Günter Ottingerin səfərdə olması səbəbindən bu mühüm tədbirdə iştirak edə bilmədiyini deyən Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Azərbaycanın enerji resurslarının Avropanın enerji təminatındakı əhəmiyyətindən danışmışdır. G.Ottingerin adından çıxış edən səfir bildirilmişdir ki, Azərbaycanın beynəlxalq enerji bazarında oynadığı rol bu gün tamamilə fərqlidir. Hazırda Avropa neftə olan ehtiyacının 5 faizini Azərbaycanın hesabına təmin edir. Eyni zamanda, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq təbii qazın bu qitəyə nəqli də çox vacibdir. Azərbaycan “Cənub qaz dəhlizi”ndə mühüm rol oynayır.

Azərbaycanın öz enerji resurslarını dünya bazarlarına çıxarmaq istiqamətində reallığa uyğun addımlar atdığını deyən R.Kobia diqqətə çatdırmışdır ki, TANAP-ın (“Transanadolu təbii qaz boru kəməri layihəsi”) reallaşdırılması da bu yöndə mühüm qərarlardandır. Təbii qazın bu boru kəməri vasitəsilə Avropanın sərhədlərinədək gəlməsi çox vacibdir. Eyni zamanda, “Cənub qaz dəhlizi” təkcə bununla bitmir. “Şahdəniz-2” layihəsi çərçivəsində Avropaya nəql olunacaq təbii qaz “Cənub qaz dəhlizi” üçün yalnız başlanğıcdır. Biz “Cənub qaz  dəhlizi”nə mərhələli layihə kimi baxırıq. Bu dəhliz gələcəkdə Avropa bazarında Azərbaycanın rolunu daha da artıracaqdır.

Azərbaycan, Türkmənistan və İraqdan əlavə qaz tədarükünün iqtisadi əlaqələri daha da inkişaf etdirəcəyini vurğulayan səfir əlavə etmişdir ki, bu mənada TANAP enerji yollarını genişləndirəcəkdir. O bildirmişdir ki, Avropa İttifaqı Azərbaycan və Türkmənistan ilə aparılan enerji danışıqlarında fəal iştirakını bundan sonra da davam etdirəcəkdir. Həmçinin biz Azərbaycanı təkcə enerji tərəfdaşı kimi görmürük. Azərbaycan “qonşuluq” siyasətimizdə də ən mühüm tərəfdaşımızdır.

Sonra çıxış edən ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyn bildirmişdir ki, müasir dünyada enerji siyasətinə çox böyük əhəmiyyət verilir. Azərbaycan dövləti də bu siyasəti çox gözəl başa düşür və öz milli maraqlarından çıxış edərək xalqın rifahının yüksəldilməsinə çalışır.

Obama Administrasiyasının nümayəndəsi kimi konfransda iştirak etdiyini deyən amerikalı diplomat vurğulamışdır ki, Azərbaycanın enerji bazarına daxil olması ilə bu bazarda canlanma yaranmışdır. Özünün neft-qaz infrastrukturunu şaxələndirən Azərbaycanın bu istiqamətdəki siyasəti alqışlanmalıdır.

“Cənub qaz dəhlizi”nin ABŞ-ın xarici siyasət gündəliyində mühüm yer tutduğunu deyən amerikalı diplomat qeyd etmişdir ki, bizim əsas məqsədimiz enerji infrastrukturunun şaxələndirilməsi və tərəfdaş ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunmasıdır. ABŞ qətiyyətlə “Cənub qaz dəhlizi”nin reallaşmasını alqışlayır və “Şahdəniz” Konsorsiumunun “Nabukko Qərb” və TAP (“Transadriatik boru kəməri”) layihələri arasından istənilən seçimini dəstəkləyəcəkdir. Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır və bizim hələ birgə həyata keçirəcəyimiz bir çox layihələr vardır.

Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Türkmənistanda  ticarət məsələləri üzrə elçisi Çarlz Hendri isə ölkəmizin son illər enerji mənbəyi kimi dünyada strateji rol oynadığını vurğulamışdır. Qonaq Britaniyanın təbii qaz ixracı marşrutunun seçilməsi ilə bağlı Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyini diqqətə çatdırmışdır.

Ç.Hendri demişdir ki, Böyük Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni alqışlayır. “Cənub qaz dəhlizi” ilə bağlı veriləcək qərar Avropanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Eyni zamanda, biz Azərbaycan, Gürcüstan və Türkiyənin TANAP kimi layihəni reallaşdırmalarını da dəstəkləyirik.

Britaniyalı qonaq qeyd etmişdir ki, Azərbaycan Avropanın strateji tərəfdaşıdır və öz qərarlarını da müstəqil qəbul edir. Biz bunu alqışlayırıq.

Böyük Britaniyanın Azərbaycana investisiya yatıran ən böyük investor ölkə olduğunu deyən Ç.Hendri diqqətə çatdırmışdır ki, indiyədək Azərbaycana yatırılan birbaşa sərmayələrin təxminən yarısı ölkəsinin payına düşür. Təkcə bp Azərbaycan iqtisadiyyatına 25 milyard dollardan artıq sərmayə yatırmışdır. Azərbaycanda Britaniyanın 300-ə yaxın şirkəti fəaliyyət göstərir. Bunlar təkcə neft-qaz sektorunda deyil, digər sahələrdə - tikinti, dizayn, menecment, nəqliyyat, infrastruktur, maliyyə və təhsil sahələrində fəaliyyət göstərir.

İsrail Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Lotem Azərbaycana səfərindən məmnunluğunu bildirmiş, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq əlaqələrindən bəhs etmişdir.

Aralıq dənizində həyata keçirilən neft-qaz layihələri barədə slaydlar vasitəsilə məlumat verən M.Lotem son 50 ildə İsraildə 500-dən çox qazma əməliyyatının reallaşdığını vurğulamış, bunun təxminən 50-nin dənizdə aparıldığını bildirmişdir. “Leviafan” və “Tamar” yataqlarının enerji ehtiyatlarından danışan israilli diplomat bu yataqların ölkəsini potensial qaz ixracatçısına çevirdiyini söyləmişdir.

Sonra konfrans çərçivəsində “Neft-qaz hasilatının artımı və təminat yollarının şaxələndirilməsi üçün beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olunan ikinci sessiya keçirilmişdir.

Sessiyada məruzə ilə çıxış edən ARDNŞ-in prezidenti R.Abdullayev qeyd etmişdir ki, bu gün Azərbaycanın neft-qaz sənayesinin bütün fəaliyyət seqmentlərinə aid strateji istiqamətləri ötən müddətdə qazanılmış misilsiz nailiyyətlərə əsaslanır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, “Əşrəfi”, “Qarabağ” yataqları, son illərdə “Abşeron” yatağı, habelə ARDNŞ-in daxili qüvvələri hesabına “Ümid” yatağı aşkar edilmiş, “Azəri-Çıraq-Günəşli” kontrakt sahəsində ehtiyatlar iki dəfəyə yaxın artırılmışdır. Hazırda burada ümumi çıxarıla bilən ehtiyatlar 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Görülən işlər nəticəsində ölkə üzrə neft hasilatı 5,6 dəfə artırılaraq, gündəlik hasilat 124 min tona və ya təxminən 1 milyon barrelə çatdırılmışdır.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda görülən operativ tədbirlər nəticəsində hasilat səviyyəsinin aşağı düşməsi prosesinin dayandırıldığını deyən R.Abdullayev “Şahdəniz” layihəsinin 2-ci mərhələsinə hazırlıq işləri çərçivəsində görülən işlərdən də danışmışdır.

“Xəzərin Azərbaycan sektorundakı qaz-kondensat yataqlarında hasilat həcmlərinin artırılması istiqamətində fəaliyyətimiz ilbəil genişlənir”, - deyən R.Abdullayev diqqətə çatdırmışdır ki,  2011-ci ildə Fransanın “Total” və “GDF Seuz” şirkətləri ilə birlikdə kəşf olunmuş “Abşeron” yatağında ötən il axtarış-qazma işləri davam etdirilmiş, uğurlu nəticələr alınmışdır. Blokun ehtiyatları 350 milyard kubmetr qaz, 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Hazırda yataqda seysmoloji kəşfiyyat işləri davam etdirilir. Eyni zamanda, hasilat, marketinq, qazın satış bazarlarına nəqli məsələləri araşdırılır.

ARDNŞ-in prezidenti perspektiv strukturlar barədə də ətraflı məlumat verərək görüləcək işlərdən geniş bəhs etmişdir.

Azərbaycan qazını Avropaya daşıyacaq “Nabukko Qərb” və TAP layihələri arasında bu yaxınlarda seçim ediləcəyini deyən R.Abdullayev TANAP layihəsinin də “Cənub qaz dəhlizi”nin açılmasında mühüm rol oynayacağını vurğulamışdır. Bildirmişdir ki, Avropanın təbii qazla təminatında əhəmiyyətli layihə olan TANAP ilə ildə 16 milyard kubmetr qazın nəqli planlaşdırılır. Kəmərin inşasına 2014-cü ildə başlanması, “mavi yanacağ”ın nəqlinin isə 2019-cu ildə reallaşdırılması nəzərdə tutulur.

“bp: Xəzər regionundakı işlərin növbəti mərhələsinə qədəm qoyarkən” mövzusunda məruzə ilə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel son 20 ildə əldə olunan nailiyyətlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, bu müddətdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 2,2 milyard barreldən artıq neft hasil olunmuşdur. Layihələr çərçivəsində təxminən 40 milyard dollar investisiya yatırılmış, etibarlı və təhlükəsiz ixrac neft və qaz boru kəmərləri sistemi yaradılmışdır. Bundan əlavə, ötən müddətdə təxminən 42 milyard kubmetr “Şahdəniz” qazı və 88 milyon barreldən artıq kondensat ixrac edilmişdir. Hazırda bp-nin Xəzərdə idarə etdiyi layihələrdə 9 qazma qurğusu işləyir.

Q.Birrel “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatı sabitləşdirmək və layın ümumi neftvermə əmsalını optimallaşdırmaq planları barədə də danışmışdır. Hasilatın sabitləşdirilməsi üçün yeddi əsas fəaliyyət istiqamətinin müəyyənləşdiyini deyən natiq qeyd etmişdir ki, buraya yeni quyuların qazılması, laylarda təzyiqin azalmasının idarə olunması, quyuların, lay sularının və qumların idarə edilməsi, sistemin optimallaşdırılması və s. aiddir. Bu tədbirlərin həyata keçirilməsi üçün böyük həcmdə investisiyalar tələb olunur. Görülmüş tədbirlər nəticəsində ilin əvvəlindən indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilat sabitləşdirilmiş və hazırda orta gündəlik neft hasilatı 666 min barrel təşkil edir. Lakin hasilatı təhlükəsiz və etibarlı şəkildə davam etdirmək məqsədilə bp növbəti ildən başlayaraq qurğularında müntəzəm texniki xidmət və profilaktik işlər aparmağı planlaşdırır.

Q.Birrel diqqətə çatdırmışdır ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Çıraq” yatağında bu ilin sonunadək “Qərbi Çıraq” platforması işə salınacaqdır. Bu platforma mövcud “Çıraq” və “Dərinsulu Günəşli” platformaları arasında quraşdırılacaq və neftin çıxarıla bilmədiyi ərazilərdə hasilatla məşğul olacaqdır. “Dərinsulu Günəşli” yatağına və “Çıraq” platformasına yatırılan investisiya bizə imkan verir ki, hasilatın azalmasının qarşısını alaq və onu sabitləşdirək. Bu bir daha sübut edir ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda sabit hasilatı qoruyub saxlamaq üçün davamlı investisiyalar lazımdır. Bu istiqamətdə də lazımi tədbirlər görülməkdədir.

“Azəri-Çıraq-Günəşli” blokunun dünya səviyyəli yataq olduğunu deyən Q.Birrel bildirmişdir ki, bp və tərəfdaşları bu yatağa davamlı olaraq investisiya qoyuluşlarını davam etdirməyə hazırdırlar. Yaxın vaxtlarda “Qərbi Çıraq” platformasının üst modulları dənizə aparılaraq dayaq blokunun üzərinə yerləşdiriləcəkdir. Bu platforma “Azəri-Çıraq-Günəşli” yataqlarındakı 8-ci platforma olacaq və ondan ilk neft 2013-cü ilin sonunadək hasil ediləcəkdir.

Sonra Enerji Xartiyasının baş katibi Urban Rusnak çıxış edərək  Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirmişdir. Diqqətə çatdırılmışdır ki, Enerji Xartiyası 52 ölkə tərəfindən imzalanmışdır. Burada təmsil olunan Avropa ölkələrinin böyük əksəriyyəti əsas enerji istehlakçılarıdır. İstehsalçı ölkələr sırasına isə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan daxildirlər. Bundan başqa, xartiyaya qoşulan Ukrayna, Gürcüstan, Türkiyə, Belarus əsas tranzit ölkələrindəndir.

Görülən işlər barədə məlumat verən U.Rusnak Enerji Xartiyasının bu ölkələri bir araya gətirmək baxımından nadir imkan olduğunu vurğulamışdır.

Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini Annageldı Mammetyazov isə ölkəsində reallaşdırılan enerji layihələrindən bəhs etmişdir. O, diqqətə çatdırmışdır ki, enerji daşıyıcılarının Avropa istiqamətində ixracı Türkmənistanın strategiyasında əsas prioritetlərdəndir. Bu baxımdan Xəzər regionunun gələcəyi mühüm əhəmiyyət daşıyır. Türkmənistan bununla əlaqədar ortaya çıxan məsələlərin həllində dialoqa hazırdır.

İranın Neft Nazirliyinin Avropa, Amerika və Xəzəryanı ölkələr üzrə idarəsinin baş direktoru Hüseyn İsmayili Şahmirzadi isə qeyd etmişdir ki, İran Xəzər bölgəsində hasil olunan neft və təbii qazın nəqlində region ölkələri ilə geniş əməkdaşlığa, o cümlədən bölgədən neft-qazın xarici bazarlara çıxarılması üçün öz infrastrukturunu təqdim etməyə hazırdır.

Sonra “Axpo Trading Ag” şirkətinin idarə heyətinin üzvü Markus Brokhofun, İsrailin Energetika və Su Ehtiyatları Nazirliyinin mühəndis nəzarəti bölməsinin rəhbəri Viktor Bariudinin, Mərkəzi Asiya üzrə Böyük Britaniya Parlament Qrupunun sədri, “CCC Group” şirkəti sədrinin müşaviri Lord Vaverlinin, Almaniya İqtisadiyyat və Texnologiyalar Nazirliyinin enerji siyasəti bölməsinin baş direktoru Deflet Daukanın məruzələri dinlənilmiş və maraqlı diskussiyalar aparılmışdır.

Konfransın növbəti sessiyaları isə “Beynəlxalq enerji bazarlarının qeyri-sabitliyi: onun qazın qiymətinə və uzunmüddətli müqavilələrə mümkün təsiri”, həmçinin “Xəzər regionundan neft və qaz nəqlinin şaxələndirilməsi” mövzularına həsr olunmuşdur.

Sessiyalarda Avropa, MDB və Asiya ölkələrində qaz bazarlarının dinamikası və onun Xəzər regionuna təsirindən, Azərbaycanın neft-qaz sənayesinin sabit inkişafından, “Şərq-Qərb enerji dəhlizi”ndə Türkiyənin rolundan və TANAP layihəsindən, TAP-ın Xəzər qazının Cənub-Şərqi və Qərbi Avropanın əsas bazarlarına tədarükündəki mövqeyindən, “Nabukko Qərb”in yeni biznes planının üstünlüklərindən və s. danışılmışdır.

Çıxışlarda beynəlxalq aləmdə enerji siyasətinin ön planda durduğu diqqətə çatdırılmış, Azərbaycanın reallaşdırdığı layihələrin Avropanın enerji təhlükəsizliyindəki mühüm əhəmiyyətindən bəhs olunmuş, “Cənub qaz dəhlizi” çərçivəsində görüləcək işlər diqqətə çatdırılmışdır.

Sessiyalarda maraqlı fikir mübadiləsi aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

“Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan, 500-dən artıq iştirakçının qatıldığı konfransda müxtəlif ölkələri təmsil edən aparıcı neft-qaz mütəxəssisləri və geniş ticarət missiyaları ilə təcrübə mübadiləsi və yeni işgüzar əlaqələr qurmaq imkanı yaradılmışdır.

İyunun 6-da konfrans işini davam etdirəcəkdir.

 

 

Xalq qəzeti.- 2013.- 6 iyun.- S. 3.