Zaqatala: Burada təsadüf
olmur...
Hələ il yarı olmayıb, altıncı aya təzəcə başlamışıq. Bununla belə, artıq gün kimi aydındır ki, bu il də Zaqatala üçün uğurlu, bərəkətli nəticələrlə zəngin olacaq. Bunu rayonda şahidi olduğumuz ab-hava, görüşüb söhbət etdiyimiz insanların arqumentləri, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin dediyi fikirlər bir daha təsdiq edirdi. Bu dağlar diyarına hər gəlişimdə həmsöhbət olduğum fotoqraf Əhməd İsayevlə vədələşib şəhərin Heydər Əliyev prospektində görüşdük. İlin əvvəlindən bəri prospektin tarixi görkəminin bərpa edilməsi üçün çox ciddi təmir-bərpa və yenidənqurma işləri aparılır. Əhməd ustaların zərgər dəqiqliyi ilə davam edən “yaradıcılıq işlərinə” elə aludə olub ki, mənim yaxınlaşmağımı hiss etmir. Nə demək olar. Yaradıcı adam belədir də... Doğrusu, buradakı divarlarda yaradılan gözəllik mənim addımlarımı da kifayət qədər seyrəltmişdi. Salamlaşdıq, hal-əhval tutduq, gəzə-gəzə Sevil Qazıyevanın büstünün yanına gəldik. Əhməd isə susmaq bilmirdi. Doğulub boya-başa çatdığı Zaqatalanın gündən-günə gözəlləşməsindən elə həvəslə danışırdı ki...
— Cənab Prezident İlham Əliyev deyəndə ki, biz Zaqatalanı ölkənin turizm mərkəzlərindən birinə çevirəcəyik, bəlkə də, bəziləri ağız büzürdü. Çünki bunun üçün külli miqdarda vəsait lazım idi. İndi baxın həmin sözlər reallaşdı, rayon rəhbərliyi deyilənləri həyata keçirdi və bu gün Zaqatala təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın ən gözəl ünvanlarından biri kimi turistlərin axın etdiyi ünvana çevrilib. Bir daha təsdiq olundu ki, insan oğlu səy göstərəndə dağı-daşı cənnətə çevirə bilirmiş. Doğrudur, bu prospekt hələ tam hazır deyil. Ancaq təmir-bərpa işləri başa çatandan sonra bu ünvan həqiqətən cənnətə çevriləcək.
Əhmədin “dağı-daşı cənnətə
çevirən insanlar” ifadəsini mən rayon icra hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə ilə
söhbətimizdə də yada saldım. Həmsöhbətimin
gözlərində çox maraqlı bir təbəssüm
yarandı:
– Təkcə sizin həmin dostunuz deyil, rayonumuzun bütün sakinləri həm Zaqatalanın inkişafının iştirakçısı, həm də görülmüş işləri ustalıqla qiymətləndirməyi bacaran layiqli vətəndaşdırlar. Rayonun, şəhərin sakini layiqli vətəndaş olanda isə dağın-daşın cənnətə çevrilməsi çətin olmur. “Cənnət yaratmaq” bir də o zaman asan olur ki, insanlar hər addımda, hər məsələnin həllində dövlətin qayğısını görsünlər. Böyük məmnunluqla qeyd edirəm ki, zaqatalalılar cənab Prezidentin qayğı və diqqətini hər gün, hər yerdə görürlər. Götürək dövlət başçımızın bir neçə ay əvvəl imzaladığı sərəncamı. Xatırladım ki, cənab Prezident “Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayaraq on altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayon icra hakimiyyətinə 5,5 milyon manat vəsait ayırıb. Bu yol bizim rayon üçün çox böyük əhəmiyyət kəsb edir.
Həmsöhbətim həvəslə
qeyd etdi ki, 2013-cü ilin geridə qalan aylarında Zaqatala
rayonu dinamik inkişaf edib, “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda bu rayon
üçün nəzərdə tutulan tədbirlərin icra
olunması nəticəsində 32,7 milyon manatlıq məhsul
istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 43,8 faiz çoxdur. Məhsul
buraxılışı əvvəlki illə müqayisədə
kənd təsərrüfatında 22,9, sənayedə 46,2, nəqliyyatda
2,5, ticarətdə 1,0 faiz, tikintidə 5,2 dəfə çox
olub, pərakəndə əmtəə dövriyyəsi 2,3
faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi
6,9 faiz artıb. Geridə
qalan aylarda 211-i daimi olmaqla 233 yeni iş yeri
açılıb.
Rayonda
sahibkarlığın inkişafı həmişəki kimi bu
il də diqqət mərkəzində
saxlanılıb. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına 4 layihə üzrə 50,0 min
manat həcmində güzəştli kredit verilib. Rayonda fəaliyyət
göstərən 8 bank filialı və 3 qeyri-bank kredit təşkilatları
tərəfindən isə əhaliyə və iş
adamlarına ümumilikdə 8,9 milyon manat
həcmində kreditlər verilib ki, bu da keçən ilin
müvafiq dövrü ilə müqayisədə 2,3 faiz
çoxdur.
Ölkəmizin hər yerində olduğu kimi, Zaqatalada
da əhalinin rifah halının, onun maddi təminatının
yaxşılaşdırılması, sosial müdafiənin
gücləndirilməsi, ünvanlı sosial yardımların,
pensiyaların, əmək haqlarının vaxtında verilməsi,
aztəminatlı ailələrə qayğının
artırılması daim diqqət mərkəzində
saxlanılır.
Bu istiqamətdə
aparılan tədbirlər nəticəsində rayonda orta
aylıq əmək haqqı ötən ilin müvafiq
dövrünə nisbətən 10,6 faiz
artaraq 243,4 manat, orta aylıq pensiyanın məbləği
136,64 manat olub, əhali tərəfindən banklara yerləşdirilən
əmanətlərin həcmi isə 3,4 faiz artıb.
Aqrar
sektorda son illərdə həyata keçirilmiş məqsədyönlü
tədbirlər sayəsində rayonda kənd təsərrüfatı
məhsullarının istehsalı 1,7
milyon manat artaraq 9,2 milyon manata
çatdırılıb.
“2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı” nın icrası ilə bağlı rayonda xeyli
iş görülüb və bu proses davam etdirilir. Kənd təsərrüfatı
işlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə
icra edilməsi məqsədi ilə 602 ədəd texnikadan istifadə edilir, “Aqrolizinq”
ASC-nin rayon filialında olan 45 ədəd müxtəlif kənd
təsərrüfatı texnikası vasitəsi ilə yüzlərlə
hektar sahədə aqrotexniki işlər yerinə yetirilib.
Mübariz
müəllim xatırlatdı ki, Nazirlər Kabinetinin sonuncu
iclasında möhtərəm Prezidentimiz kənd təsərrüfatının
inkişafını ön plana çəkərək bu sahədə
prioritet istiqamətləri - ərzaq təhlükəsizliyi məsələlərini,
fermerlərin elektron qeydiyyat
sistemi yaradılmaqla, elektron kənd təsərrüfatı
layihəsinin həyata keçirilməsini, subsidiyaların verilməsində təkmilləşmə
proseslərinin aparılmasının, eləcə də
aqraryönümlü orta peşə təhsili müəssisələrin
yaradılmasının vacibliyini qeyd etmiş, qabaqcıl
ölkələrin praktikasından istifadə edərək məhsuldarlığın
artırılması hesabına
taxılçılığın inkişafının əhəmiyyətini vurğulamışdır. Buna görə də cənab Prezidentin qeyd etdiyi
istiqamətlərdə Zaqatalada kənd təsərrüfatı
işlərinin daha yüksək səviyyədə təşkili
və yeni texnologiyaları tətbiq etməklə mövcud
potensialın gücləndirilməsi üçün əlavə
tədbirlər həyata keçirilir.
Azərbaycan
Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsullarının
istehsalçılarına dövlət dəstəyi haqqında”
23 yanvar 2007-ci il tarixli sərəncamının icrası ilə
bağlı 1364 nəfər
istehsalçıya 6061,77 hektar buğda sahəsinin becərilməsində
istifadə olunan yanacaq və motor yağlarına görə
242 min 470 manat subsidiya verilib, fermer təsərrüfatlarına
güzəştli qaydada 262 ton mineral gübrə, 1 ədəd traktor lizinq yolu ilə
satılıb. Zaqatala rayon Bölgə Təcrübə
Stansiyasının ərazisində müasir standartlara
uyğun xırman, qaraj və 300 tonluq taxıl anbarının
tikintisi davam etdirilir.
Rayonda ekoloji məsələlər daim diqqət mərkəzindədir. Bu ilin əvvəlindən
Meşə mühafizəsi və bərpası müəssisəsinin 0,50 hektar tinglik sahələrində
1605 kiloqram müxtəlif növ ağac toxumları səpilib,
26,5 hektar meşə fondu ərazisində 67900 ədəd
müxtəlif növ ağac tingləri əkilərək
meşə əkinləri aparılıb. Rayonda bələdiyyələr
tərəfindən 60100 ədəd ağac tingləri əkini
aparılıb ki,
ondan da 2300 ədəd ağac tingi yol kənarlarına
əkilib. Hazırda rayonun meşə sahələrinin
ümumi torpaq sahələrinə olan nisbəti 37,6% təşkil
edir.
“Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən
cari ilin əvvəlindən 4 ədəd subartezian quyusu təmir
edilib, 2100 hektar əkin sahəsinin suvarılmasına xidmət
edən iki pilləli Alazan nasos stansiyasında təmir-bərpa
işləri davam etdirilib.
Rayonda
bütün maliyyə mənbələri hesabına əsas
kapitala yönəldilən investisiyaların həcmi 15,3 milyon manat təşkil edib. Bunun sayəsində
rayon Hərbi Prokurorluğunun, rayon Polis şöbəsinin və
Qaz İstismar Sahəsinin yeni inzibati binalarının, Zaqatala
şəhərində 500 nömrə tutumluq elektron ATS
binasının, Yeni Suvagil və Göyəm kəndlərində
sahə baytarlıq məntəqələrinin tikintisi işləri
davam etdirilib. Zaqatala şəhərində Heydər
Əliyev Fondu hesabına inşa edilən 50 yerlik uşaq
bağçasının tikintisi başa
çatdırılıb. Zilban kəndində
daxili imkanlar hesabına inşa edilən yeni tibb məntəqəsində
son tamamlama işləri aparılır. Danaçı
kənd xəstəxanası təmir edilib, Qandax kəndində
Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə inşa
edilməsi nəzərdə tutulan yeni tibb məntəqəsinin
tikintisi üçün torpaq sahəsi ayrılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı
ilə Zaqatala Rayon İcra Hakimiyyətinin sifarişi ilə
Yuxarı Tala kənd 2 saylı tam orta məktəbində bərpa-gücləndirmə
işlərinə layihə-smeta sənədlərinin
hazırlanması üçün vəsait ayrılıb. Lakin məktəb
binası zəlzələ nəticəsində qəzalı
vəziyyətə düşdüyündən Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri
tərəfindən təkrar müayinə olunub və onun
yerində 450 şagird yerlik yeni məktəb binasının
tikintisi məqsədə müvafiq bilinib. Yeni məktəb
binasının tikintisi Nazirlər Kabineti ilə
razılaşdırılıb və RİH tərəfindən
Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin yerində
yeni 450 şagird yerlik məktəb
binasının tikintisinə başlanılıb.
Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi
üçün yeni binanın inşası yekunlaşmaq
üzrədir.
Rayonun Yuxarı Tala və Car kəndlərində
yeni elektron ATS binalarının tikintisi üçün torpaq
sahələri ayrılıb.
Ötən
ilin may ayında baş vermiş güclü zəlzələlərin
fəsadlarının aradan qaldırılması sahəsində
işlər davam etdirilir. Qəzalı vəziyyətə
düşmüş 2 məktəb binası və 973 evin
tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Hazırda 8 məktəb binasının və
1233 fərdi yaşayış evinin tikintisi davam etdirilir.
Ümumilikdə zəlzələ nəticəsində qəzalı
vəziyyətə düşmüş 12 məktəb
binası, 1 məktəbəqədər tədris müəssisəsi
və 2648 evin tikintisi başa çatdırılıb.
Rayonun qəsəbə və kəndlərinə təbii
qaz xətlərinin çəkilişi davam etdirilir.
Qazlaşdırılmamış kəndlərə 31,4 kilometr uzunluğunda daşıyıcı
qaz xətləri çəkilib və hazırda bu sahədə
işlər davam etdirilir. Qaz təminatının
yaxşılaşdırılması ilə əlaqədar bu
günlərdə 78 mənzilə təbii qaz verilib, 232 ədəd
sayğac yenisi ilə əvəz edilib. Rayonun
Əliabad qəsəbəsində və Danaçı kəndində
daşıyıcı qaz xətlərinin çəkilişi
işləri başa çatdırılaraq fərdi mənzillərə
qaz sayğaclarının quraşdırılması işlərinə
başlanılıb və artıq Əliabad qəsəbəsində
400, Danaçı kəndində 850 ədəd qaz
sayğacı quraşdırılıb. Bəhmətli,
Lahıc, Suvagil kəndlərinə təbii qaz xətlərinin
çəkilməsi üçün layihə-smeta sənədləri
hazırlanıb və ilin ikinci yarısında bu iş sona
çatdırılacaq. Faldarlı, Qandax, Əli Bayramlı,
Dombabinə, Gözbarax, Mamrux kəndlərinin
qazlaşdırılması ilə əlaqədar tədbirlər
görülür. Rayonun elektrik şəbəkəsində kifayət
qədər işlər görülüb. 2,3 kilometr
uzunluğunda SİP kabel xətti çəkilib, 3,73 kilometr
uzunluğundakı hava elektrik verilişi xətləri təmir
edilib, 8 ədəd kompleks transformator məntəqəsi, 20 ədəd
adi transformator əsaslı təmir edilib, 287 ədəd yeni
sayğac quraşdırılıb.
“Zaqatala
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması və tikintisi” layihəsinin 2-ci mərhələsinin
icrası çərçivəsində şəhərdəxali
su və kanalizasiya xətlərinin yenidən qurulması və
tikintisi işləri davam etdirilib, 9,6 kilometr kanalizasiya və
13,6 kilometr su xətti çəkilib, 330 ədəd müxtəlif
ölçülü kürəbəndlər
quraşdırılıb, təmizləyici qurğunun
tikintisinə başlanılıb. Əli
Bayramlı kəndinə 1 kilometr su xətti çəkilib,
rayonun digər kəndlərinin içməli su xətlərində
cari təmir işləri aparılıb.
Azərbaycan Respublikası Prezidenti tərəfindən
2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili”
elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr
müəyyən edilib və onların
reallaşdırılmasına başlanılıb.
Rayonun
ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi
üçün mövcud təcrübənin təkmilləşdirilməsinə
və yeni mexanizmlərlə işləməsinə diqqət
artırılıb. Bunun nəticəsidir ki, respublika fənn
olimpiadasında iştirak edən 12 şagirddən 2-si
üçüncü yerə, 10 şagird isə
dördüncü yerlərə layiq görülüb.
Uşaq Gənclər Texniki Yaradıcılıq Mərkəzinin
şagirdləri zona texniki yaradıcılıq müsabiqəsində
bütün nominasiyalar üzrə birinci yerə, Tala 3 saylı tam orta məktəbin
XI sinif şagirdi Səbinə Qazıyeva Nizami Gəncəvinin
870 illik yubileyinə həsr olunmuş inşa müsabiqəsində
üçüncü yerə layiq görülüb.
Öyrəndim
ki, bu ilin yazında Polşa Respublikasının Azərbaycandakı
Fövqəladə və Səlahiyyəti səfiri cənab
Mixal Labenda Zaqatalada olub, Müəllimlər İnstitutunun
Zaqatala filialında “Polşa və polyaklar haqqında”
mühazirə ilə çıxış edib, bundan başqa
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi
qrant yardım Proqramı” çərçivəsində həyata
keçirilən layihə nəticəsində
Qəbizdərə və Lahıc kəndlərində yeni
qazılacaq artezian quyuları ilə bağlı imzalanma mərasimi
keçirilib və icrasına başlanılıb.
Daha bir fakt. Məlum olduğu kimi, Zaqatala 2013-cü ildə Azərbaycanın
Folklor Paytaxtı elan edilib. Bu münasibətlə
martın 5-də rayonda təqdimat mərasimi
keçirilmişdi. “Veritoz”, “Regionun səsi”
televiziya müsabiqələrində gənc istedadlar uğurla
çıxış edib, rayonun “Hudulki” xalq kollektivi
Belarusiyada keçiriləcək folklor festivalına dəvət
alıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkil
etdiyi XII Beynəlxalq Turizm və
Səyahətlər sərgisində rayonun turizm obyektləri, folkloru və mətbəxi
geniş təbliğ olunub, Çexiyada keçirilən
“Lidse”41-ci Beynəlxalq Uşaq İncəsənət sərgisinə
Zaqataladan da əl işləri göndərilib. Ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş
“Azərbaycan mədəniyyəti”
mövzusunda keçirilmiş bilik yarışında
İncəsənət məktəbinin şagirdi Pirdas Musayeva
Respublika turuna vəsiqə qazanıb.
Fikir verirsinizmi, bu gün Zaqatalada rayon həyatının
elə bir sahəsi yoxdur ki, orada tərəqqi, inkişaf,
uğur ötən ilkindən qat-qat üstün olmasın. Elə
yazını da bu əhval-ruhiyyə ilə tamamlamaq fikrində
idim. Ancaq bu sətirlərin ulu öndər
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
keçirilən inşa müsabiqəsinin Zaqataladan olan qalibi
Pirdas Musayevanın adı ilə yekunlaşması məni
fikrimdən yayındırdı. Çünki
yazının əvvəlində bu gözəlliklər
diyarının xoş anlarını lentə alan
Əhməd İsayevlə söhbətimizdən bəzi məqamları
yada salmışdım. Sonda isə ən
istedadlı gənclərdən birinin uğurunu qeyd etdik.
Görəsən, yazının belə
alınması təsadüfi idimi? İnanmıram.
Çünki Əhməd bir dəfə demişdi ki,
dünyanın harasındasa təsadüfən bir iş ola bilər, amma Zaqatalada yox...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 6 iyun.- S. 6.