DÜNYANI QORUYAQ uşaqlar üçün...

 

Uşaqlar, körpələr dünyanın ən pakpak olduğu qədər də müqəddəs varlıqlarıdır. Məhz buna görədir ki, ulularımız, müqəddəslərimiz onlara böyük məhəbbət bəsləyiblər və bəşəriyyətə də bu müqəddəsliyi, məsumluğu qoruyub saxlamağı, uşaqları sevməyi öyrədiblər. Peyğəmbərimiz Məhəmməd əleyhissəlam evdə hamıdan böyük, hamıdan səlahiyyətli qismində məhz uşaqları görürdü. İmam Əli deyirdi ki, başqasının uşağını xoşbəxt görmək istəyən öz balası üçün xoşbəxtliyi təmin etmiş olur.

Uşaqlar istər öz valideynləri, nənə-babaları, doğmaları, istərsə ətraf mühitdə yaşayan digər insanlar, xüsusən böyüklər üçün həmişə sevinc mənbəyidir. Uşağın doğması-yadı yoxdur. Tanımadığın birisinin balasını da öz balan, öz körpən kimi sevə, əzizləyə bilirsən. Səbəbi də məlumdur. Təbii ki, bu, uşaqların məsumluğu, müqəddəsliyi, paklığı, təmizliyi ilə bağlıdır. Uşaq sevincdir, xoşbəxtlikdir. Üz-gözündən sadəlik, səmimilik, mehribanlıq, xoşbəxtlik yağan Allahın ən ali yaradılışını necə sevməmək olar?

Müqəddəs analarımız laylalarında, oxşamalarında körpələrini dünyanın ən müqəddəs varlığı kimi əzizləyir, onları ən müqəddəs sözlərlə mədh edirlər.

 

Laylay, beşiyim, laylay,

 

Evim-eşiyim, laylay.

 

Sən yat şirin yuxuda,

 

Çəkim keşiyin, laylay!..

 

Nə vaxtsa, illər əvvəl bir Azərbaycan şairininKörpə gəlir dünyayaadlı şeirindən bir neçə misra yadıma düşür:

 

Körpə gəlir dünyaya,

 

Pak gəlir, duru gəlir.

 

Hər körpəylə dünyaya

 

Göylərin nuru gəlir...

 

Əlbəttə, körpələr hər birimizin evində işıq kimi parlayır. Ən ləziz təamlarımızı uşaqlara vermək istəyirik. Ən gərəkli saxlancımızı uşaqlarımız, körpələrimiz üçün saxlayırıq. Analarımız onları böyüdüb ərsəyə gətirənə qədər ömürlərini-günlərini əsirgəmir, qara, şəvə saçlarını ağardır, ürəklərinin odunu, sevgisini bəxş edirlər! Halal xoşları olsun!..

Bu gün dünyamız ziddiyyətlərlə, münaqişələrlə, ictimai-siyasi kataklizmlərlə doludur. Dünyanın münaqişəli zonalarında böyüklərlə bərabər uşaqların da həlak olması barədə, demək olar ki, hər gün xəbərlər alırıq. Xüsusən son illərdə müsəlman ölkələrinə yayılmış qarışıqlıqlar uşaqların yaşamaq hüququnu əllərindən alır, onları yaşlarının ilkin çağlarında həyatın ağır sınaqları ilə baş-başa qoyur. Misirin, Liviyanın küçələrində yüzlərlə uşağın günahsız qanı axıdıldı. Son iki ildə Suriyada baş alıb gedən iqtidar-müxalifət qarşıdurması minlərlə məsum körpənin həyatına son qoyub bu günahsız qanların vaxt dayandırılacağı hələ məlum deyil. Elə bu günlər ABŞ-da əli Əfqanıstanda körpə uşaqların qanına batmış qatil əsgərin məhkəməsi aparılır. Əlbəttə, uşaqlara qarşı bu cür qəddarlıqlar bütün dünya xalqları tərəfindən qətiyyətlə pislənilməli, milliyyətindən, dinindən, irqindən  asılı olmayaraq bütün insanlar belə bədnam əməllərə son qoyulmasını tələb etməlidirlər. Ən azı bəşəriyyətin gələcəyi naminə.

Təxminən iki il əvvəl Norveçdə Breyvik familiyalı bir qəddar dünyanın müxtəlif ölkələrindən, müxtəlif millətlərdən olan uşaqları gülləbaran etmiş, necə deyərlər, beynəlmiləl bir qətlin icraçısı olmuşdu. O da öz cəzasını çəkməkdədir. Bu cür cinayətləri, uşaqlara qarşı bu qəddarlığı dünya qanunları, Allah bağışlayır. Hansısa siyasi, yaxud dini səbəbdən törədilməsindən asılı olmayaraq bu cür hərəkətlərə heç bir bəraət yoxdur.

Amma keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan körpələrinə silah qaldıran quldur ermənilər hələ cəzasız gəzirlər, bəşəriyyət tarixində ən qəddar soyqırımlardan biri olan Xocalı soyqırımını törədənlər Allahın qanunların cəzasından kənarda qalırlar. Hələ onların tutulub ədalət mühakiməsinə verilməsidemokratikdünyanın yadına düşmür.

Amma bu cür faktların çoxluğuna baxmayaraq, həyat davam edir, hər gün dünyaya körpələr gəlir. Son 20 ildə tarixin ən amansız sınağından çıxmış Azərbaycanda da işıqlı-işıqlı, nurlu-nurlu körpələrimiz dünyaya gəlirlər. Özləri ilə yer üzünə işıq gətirir, sevinc, fərəh, xoşbəxtlik gətirir, böyüklərə böyük-böyük dərdləri unutdururlar.

Babalarımız, nənələrimiz, analarımız uşaqlara tarixən gələcək kimi baxıblar - bir evin-bir ocağın gələcəyi, bir nəslin gələcəyi nəhayət, bir millətin gələcəyi kimi. Bəşəriyyət yer üzünə hər biri yeni həyat, yeni nəfəs, yeni ruh kimi gələn körpələrə tarixin bütün dövrlərində özünün gələcəyi kimi baxıb. Bu boyda Yer kürəsini onların balaca ürəklərinə, balaca əllərinə etibar edərək dünya səhnəsini tərk ediblər, dünyanı uşaqlara verib gediblər.

Dili dualı Azərbaycan anaları bütün ömürləri boyu bu balaca fidanların başına pərvanə kimi dolanıb, onların varlığı eşqinə min bir nağıl, bayatı, layla, oxşama, bilməcə, gülməcə, tapmaca yaradıblar. Vətən, millət təəssüblü atalarımız övladlarını elə tərbiyə etməyə çalışıblar ki, birinci növbədə ana Vətən üçün gərəkli olsunlar, dar gündə doğma torpağın keşiyini çəkib onu yağı düşmənlərdən qorusunlar, Vətənin başından bir tük belə əskik olmasına imkan verməsinlər. min illər boyu müqəddəs yurd yerlərimiz ana südü kimi saf təmiz olan bu öyüd-nəsihətlərin işığında qorunub, nəsildən-nəsilə ötürülərək bu günümüzə qədər gətirilib-çıxarılıb. Bu müqəddəs öyüd-nəsihətlər fidan-fidan körpələrimizi sonradan beyrəklərə, qazanlara, babəklərə, koroğlulara  çevirib. Onların dəli nərələrinin vahiməsi min illər boyu yağıları ulu türk yurdlarına yaxın düşməyə qoymayıb.

Təəssüflər olsun ki, babalardan ərməğan olan bu min illik ənənələrimiz, demək olar ki, bütün keçən əsr boyu böyük deformasiyalara uğrayıb. Müqqəddəs ocaq olaraq göz bəbəyi kimi qorunmuş torpaqlarımız parça-parça edilərək yadelli işğalçıların əlinə verilib. Get-gedə Azərbaycanın sərhədləri daralıb, Dərbəndi, Təbrizi, Borçalını, İrəvanı, Göyçəni, Zəngəzuru, Ağbabanı, nəhayət, keçən əsrin axırlarında tarixlər şahidi Qarabağı itirmişik. Hazırkı Ermənistan ərazisindən 200 mindən çox, Azərbaycanın daxilindən isə bir milyona qədər insanımız, yurddaşımız ev-eşiyini, isti ocağını itirərək didərgin salınıb. Böyüklərlə bərabər körpələrimiz də qaçqın-köçkün həyatı yaşamağa məhkum edilib. Və təbii ki, hazırda insan haqları, uşaq hüquqları və s. kimi yüksək terminləri əldə bayraq edən sivil dünyanın, min adlı beynəlxalq təşkilatın gözləri qarşısında onların ən ali haqq və hüquqları pozulmaqda davam edir. 1988-ci ildən bəri davam edən erməni təcavüzü nəticəsində yurd-yuvasını, öz yurdunda, öz evində azad yaşamaq hüququnu itirmiş körpələrimizin haqlarının bərpası istiqamətində isə heç bir ciddi və səmərəli addım atılmır.

Artıq yuxarıda qeyd etdiyimiz kimi, uşaq hüquqları ilə bağlı Avropada, Qərbdə bir çox hüquqi sənədlər qəbul edilib. İlk belə sənəd olanUşaq hüquqları haqqında Konvensiya” Beynəlxalq Qadınlar Federasiyasının təşəbbüsü ilə hələ 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş olsa da, bu gün dünyanın bir çox yerlərində uşaq hüquqlarının pozulması hallarına mütəmadi olaraq rast gəlirik. Belə hallar son 25 ildə Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanda da baş vermişdir. Ancaq özünün Qərbə inteqrasiya iddialarını ortaya qoymuş, demokratik inkişaf yolunu, hüquqi dövlət prinsiplərini özünün prioriteti elan etmiş Azərbaycana qarşı erməni təcavüzü və bu təcavüz nəticəsində çoxsaylı insan hüquq və azadlıqlarının, o cümlədən, uşaq hüquqlarının pozulması hallarına indiyədək həmin Qərbdə göz yumulur, müvafiq beynəlxalq təşkilatlar tərəfindən adekvat reaksiya verilmir.

Təcavüzkar Ermənistan artıq on illərdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ona bitişik 7 rayonu işğal altında saxlayır. Bu tarixi Azərbaycan torpaqlarının işğalı zamanı bütün yerli əhaliyə, eləcə də uşaqlara heç bir aman verilməmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Qarabağ müharibəsi illərində 1000-dən çox uşaq şəhid olub, nə qədər günahsız körpə Xocalıda, işğal edilmiş digər şəhər və kəndlərimizdə erməni quldur ordusu tərəfindən əsir götürülüb, işgəncələrə məruz qalıb. Bu körpələrə qarşı törədilmiş vəhşilik və qəddarlıq faktlarına faşistlərin əməllərində də rast gəlmək mümkün deyil. Onlara qarşı tarixdə görünməmiş zorakılıq və işgəncələr tətbiq edilmişdir. Bu cür faktlar hətta erməni yazarlarının, o cümlədən bədnam Zori Balayanın kitablarında da açıq-aşkar əks olunub. Əslində özünün humanizmi ilə seçilməli olan yazıçı belə erməniliyindən qalmayaraq bu türk çocuqlarına qarşı törədilmiş vəhşi qəddarlığı təqdir edir və kitabında bu əməllərə haqq qazandırır. Açıq-aşkar soyqırımı nümunələri olan bu faktlar, təəssüf ki, “demokratik” Avropanın çoxsaylı insan haqları təşkilatları, eləcə də dövlətləri tərəfindən qulaqardına vurulur, cəzalandırılmalı olan bəşəri cinayət əməlləri az qala mükafatlandırılır. Dünyaya demokratiyainsan haqları dərsi keçən ABŞ-da isə hər il Ermənistana milyonlarla dollar maliyyə yardımı edildiyi halda, 1992-ci ildə “Azadlığa dəstək” aktının 907-ci maddəsinə əlavə edilərək Azərbaycana maliyyə yardımı edilməsindən imtina edilir. Doğrudur, bundan Azərbaycana heç bir zərər toxunmur. Azərbaycan insanının, eləcə də halal süd əmməyə alışmış körpələrimizin belə yardımlara ehtiyacı yoxdur. Amma bubuna bənzər faktlar Qərbin xristian və müsəlman xalqlarına, eləcə də müsəlman və xristian uşaqlarına qarşı ikili standartlarının bariz nümunələridir.

Bu gün - iyunun 1-də bütün dünyada Uşaqları Beynəlxalq Müdafiə günü qeyd edilsə , Azərbaycan uşaqlarının böyük bir qismi - Dağlıq Qarabağ ətraf rayonlardan köçkün düşmüş uşaqlar özlərinin bu bayramını doğma evlərindən uzaqda, çadır şəhərciklərində, yaxud yeni məskunlaşdıqları ərazilərdə qeyd etməli olurlar. Bu isə hüquq və azadlıqlar haqqında ağızdolusu danışmağa vərdiş etmiş Qərb üçün yalnız və yalnız utanc gətirir.

Hazırda dünyanın 189 ölkəsindən biri kimiUşaq hüquqları haqqında Konvensiya”ya, eləcə uşaqların taleyi ilə bağlı digər beynəlxalq sənədlərə qoşulmuş Azərbaycan öz ərazisində yaşayan bütün uşaqların hüquqlarının qorunması, onların öz bayramlarını sevinc fərəh içində keçirməsi üçün hər cür şərait yaradır. Bu bayramı ölkəmizdə millətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün körpələr eyni şəraitdə qeyd edirlər. Neçə illərdən bəri çadır şəhərciklərində yaşamış, normal təhsil almaq, səhiyyə xidməti ilə təmin olunmaq imkanından məhrum olmuş uşaqlar artıq dövlətimizin qayğısı sayəsində özlərinin bu cür ağır problemlərindən azaddırlar. İndi onlar ailələri ilə birlikdə köçkün vətəndaşlar üçün salınmış yeni qəsəbələrdə yaşayır, normal təhsil alır, lazımi tibbi xidmət görür, digər hüquqlarından bəhrələnirlər.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaqlara xüsusi qayğı diqqətlə yanaşmışdır. Onu mütəmadi olaraq uşaqların iştirakı ilə keçirilən ayrı-ayrı bayram və tədbirlərdə görmək olardı. Bu tədbirlərdə o, mütləq uşaqlara yanaşar, onlarla söhbət edər, söylədikləri şeir nümunələrini maraqla dinləyər, körpələri həvəsləndirərdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da ulu öndərin məhz uşaqlara olan qayğısıdan, diqqətindən irəli gəlirdi.

Son illərdə Azərbaycan Prezidenti İlham Əliyev uşaqlarımızın inkişafı, müasir bilik və vərdişlərə yiyələnmələri üçün hər cür şərait yaradır. Onlar üçün gözəl uşaq bağçaları, məktəblər tikilib istifadəyə verilir, dövlət başçısı onların açılışında iştirak edir, uşaqlara özünün xeyirxah tövsiyələrini verir. Prezidentin istedadlı uşaqların seçilərək dövlət qayğısı ilə əhatə olunması barədə sərəncamları da hamının yadındadır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan uşaqlarına qayğısı isə ayrıca bir söhbətin mövzusudur. Onu daim ölkənin ayrı-ayrı yerlərində, şəhərlərimizdə, kəndlərimizdə uşaqların yanında görürük. Fondun dəstəyi ilə uşaqlar və gənclər arasında musiqi müsabiqələrinin keçirilməsi onların istedadlarının üzə çıxarılmasında mühüm addımdır.

Bizbu gözəl gün - 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bütün körpələrimizi ürəkdən təbrik edir, onlara daha xoşbəxt həyat arzulayırıq. Çünki onlar hər cür xoşbəxtliyə layiqdirlər.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2013.- 1 iyun.- S. 5.