Heydər ƏLİYEV
və Dağlıq Qarabağda Azərbaycanın köklü
maraqları
Mən Heydər Əliyevin millətsevər bir rəhbər olması haqqında ilk dəfə 1967-ci ilin iyul ayında eşitmişəm. O vaxtlar mən Azərbaycan Politexnik İnstitutunda oxuyurdum və yay tətilində Dağlıq Qarabağın Xankəndi şəhərindəki evimizə gəlmişdim.
Həmin ərəfədə Xocavənddə yaşayan 3 nəfər azərbaycanlı – Ərşad müəllim və 2 qohumu heç bir əsas olmadan bir erməni uşağının öldürülməsində təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb olunmuşdu. Açıq yay kinoteatrında keçirilən məhkəmə prosesi başa çatdıqdan sonra bir qrup erməni cinayətkar həmin 3 azərbaycanlını məhkəmədən aparan maşında xüsusi qəddarlıqla yandırıb qətlə yetirdi. Sonralar isə məlum oldu ki, bu cinayəti Edik Baqdasaryan adlı bir erməni törədib.
Belə bir çətin dövrdə bu ağır cinayəti
törədənlərin tapılıb məsuliyyətə cəlb
edilməsi üçün o vaxtlar Azərbaycanq Dövlət
Təhlükəsizlik Komitəsinin sədri olan Heydər Əliyevin
rəhbərliyi ilə xüsusi əməliyyat qrupu Xankəndinə
gəlmişdi. Dağlıq Qarabağda, xüsusilə də Xankəndidə
yaşayan azərbaycanlılar çox narahat idilər və
cinayəti törədən əsl canilərin aşkar edilməsini
səbrsizliklə gözləyirdilər. Nəhayət,
günahsız azərbaycanlıların vəhşicəsinə
yandırılmasını təşkil və icra edən ermənilər
həbs edildilər. Məhkəmənin
hökmü ilə onlara müxtəlif cəzalar, hətta
ölüm cəzası verildi.
1969-cu ilin yayında tələbə yoldaşlarımla
institutun göndərişi ilə Sankt-Peterburqda istehsalat təcrübəsi
keçirdim.
İyul ayının 14-də eşitdik ki, Azərbaycan
Kommunist Partiyasının növbəti plenumunda Mərkəzi
Komitənin birinci katibi vəzifəsinə DTK-nın sədri
Heydər Əliyev seçilib. Bu xəbər
bizi çox sevindirdi. Mənim isə
gözlərim önündə Xankəndində baş verən
həmin cinayətin açılmasında Heydər Əliyevin
şəxsi şücaəti və cəsarəti
canlandı. Artıq Azərbaycanın gələcək
taleyi etibarlı əllərdə idi. Sonrakı
illərdə şahidi olduqlarımız bunu bir daha təsdiq
etdi.
1970-ci ildə mən institutu bitirib DQMV Yol İdarəsinə
mühəndis vəzifəsinə təyinat aldım. Heydər Əliyevin
respublikanın rəhbəri seçilməsi ilə o vaxtlar
Dağlıq Qarabağda mövcud olan arzuolunmaz ab-havaya, azərbaycanlılara
qarşı xoşagəlməz hadisələrə son
qoyulmuşdu. O vaxtadək ermənilərin millətçilik
əhval-ruhiyyəsi, DQMV-ni Azərbaycanın tərkibindən
ayırıb Ermənistana birləşdirmək cəhdləri
tez-tez müxtəlif formalarda özünü büruzə
verirdi.
Ermənilərin tarixən Qarabağ xanlığına
məxsus torpaqlara 1828-ci ildən başlayaraq
köçürülməsi və onların bu torpaqlara qonaq
kimi məskunlaşdırılması tarixi həqiqətdir. Bu faktı
sübut etmək üçün ermənilərin bu torpaqlara
köçürülməsinin 150 illiyi şərəfinə
Dağlıq Qarabağda abidə qoymalarını yada salmaq
kifayətdir. Daha sonra 1923-cü ilin iyul
ayında İ.Stalinin, A.Mikoyanın köməkliyi ilə Azərbaycanın
tərkibində əhalisinin sayı heç 100 min nəfər
olmayan DQMV yaradılıb. O vaxt Ermənistanda azərbaycanlıların
sayı erməni əhalisindən çox olduğu halda, nədənsə,
orada azərbaycanlılar üçün muxtar vilayət
yaradılmayıb. Görünür, DQMV-nin
yaradılıması Rusiyanın uzaqgörən siyasətinin
nəticəsi olaraq, Azərbaycan üçün daimi problem
yaratmaq, lazım gələndə bu kartdan istifadə etmək
məqsədi daşıyıb.
1970-ci ildən başlayaraq DQMV-də, o cümlədən
Xankəndidə azərbaycanlıların sayı artmağa
başladı.
Eləcə də azərbaycanlı mütəxəssislər,
peşə-sənət adamları buraya təyinatla işləməyə
gəldilər. Müxtəlif sahələr
üzrə rəhbər vəzifələrdə azərbaycanlıların
sayı artdı.
Vilayət Partiya Komitəsində əvvəllər 1 nəfər
azərbaycanlı olduğu halda sonralar bu rəqəm 5 nəfərə
çatdırılmışdı. Artıq rayonların
da partiya və sovet orqanlarında azərbaycanlılar
çalışırdı.
Xankəndində ayaqqabı fabrikinin tikilib istifadəyə
verilməsi ilə orada işləmək üçün
xeyli azərbaycanlı mütəxəssis göndərilmişdi. Heydər Əliyevin
respublikaya rəhbərliyi dövründə Xankəndində
Pedaqoji İnstitut filialının açılması, orada
erməni bölməsi ilə bərabər, Azərbaycan və
rus bölməsinin də fəaliyyəti nəticəsində
şəhərdə azərbaycanlı tələbələrin
sayı çoxaldı. 35-40 nəfərə
yaxın azərbaycanlı elmlər doktoru, namizədi və
müəllim də burada çalışırdı. O
illərdə vilayətin prokurorluq və polis orqanlarında
işləyən azərbaycanlıların sayı xeyli
artmışdı.
Mən 1975-1980-ci illərdə Vilayət Komsomol Komitəsinin
ikinci katibi işləyərkən Heydər Əliyevin DQMV-də
keçirdiyi görüşlərdə, iştirak etdiyi
plenum və yığıncaqlarda onun dolğun, təmkinli və
səfərbəredici çıxışlarının
şahidi olmuşam. Açığını deyim ki, ermənilər
Heydər Əliyevin iradəsindən, qətiyyətindən
çəkinir, ehtiyatlı davranırdılar. Hiss
edirdilər ki, onların hər hansı bir yanlış hərəkətinə
lazımi cavab veriləcək. Heydər Əliyevin
respublikaya rəhbərliyi dövründə erməni millətçiləri
bir dəfə də olsun DQMV-nin Ermənistana verilməsi məsələsini
qaldırmağa cürət etmədilər.
Ulu öndər DQMV ilə bağlı Azərbaycanın
və azəraycanlıların maraqları baxımından
daha bir məsələni uzaqgörənliklə və
müdrikliklə həyata keçirdi. 1976-1978-ci illərdə
Sovetlər Birliyində Baykal – Amur dəmiryol
magistralının tikildiyi bir məqamda Bakı — Xankəndi
(Stepanakert) dəmiryol xəttinin çəkilişi başa
çatdırıldı. Dəmiryol xəttinin
açılışında Heydər Əliyev
çıxış edib qırmızı lenti kəsdi.
Bununla da Azərbaycanın paytaxtı Bakıdan
birbaşa DQMV-nın mərkəzi şəhəri Xankəndinə
sərnişin və yük qatarlarının hərəkətinə
yol açıldı. Çoxları hələ
də bilmir ki, ermənilər bu dəmiryol xəttinin çəkilişinə
sevinmirdilər, çünki bunu istəmirdilər. DQMV ilə Azərbaycanın paytaxtı Bakı
arasında birbaşa nəqliyyat əlaqəsinin yaranması
onları Ermənistandan uzaqlaşdırırdı. Ermənilər Azərbaycanın ətraf
rayonlarının yüklərinin və sərnişinlərinin
Xankəndinə gəlməsinə paxıllıq hissi ilə
yanaşırdılar. Bu dəmiryol xəttinin
çəkilişi DQVM-nin Ermənistana birləşdirilməsi
arzusu ilə yaşayan bir qrup erməni millətçisinin
“arzusunu” gözlərində qoyurdu.
Budur Heydər Əliyevin uzaqgörən siyasəti. Ulu öndər
çıxışlarının birində deyirdi ki, BAM
çəkilən vaxtlar sovet respublikalarının heç
birində dəmiryol xəttinin çəkilməsinə icazə
verilmirdi. Bu xəttin çəkilməsi
üçün o, L.Brejnev və A.Kosigindən şəxsən
razılıq almışdı. Ulu öndər
Heydər Əliyevin bu xəttin çəkilməsində əsas
məqsədi DQMV-ni bir daha Azərbaycana nəqliyyat
infrastrukturu ilə bağlamaq, həyat tərzini daha da
yaxşılaşdırmaq olmuşdu.
1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü
ilə Ağdərə rayonunda Sərsəng Su Elektrik
Stansiyasının və su anbarının tikintisi başa
çatdırıldı. Məqsəd aşağı
rayonların – Ağdam, Ağcabədi, Tərtər, Bərdə,
Yevlax və s. əkin sahələrinin suvarılması və
su ilə təmin edilməsi idi. Çox təəssüf
ki, hazırda bu möhtəşəm tikili erməni
separatçılarının əlindədir və onlar
obyektdən istədikləri kimi istifadə edirlər. Bəzən suyu lazım olmayan məqamlarda
buraxır, ətraf rayonların əkin sahələrini
batırırlar. Bu da onların mənfur
simalarını bir daha göstərir.
1980-ci ildən
mən Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri
işlədiyim dövrdə Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 4 noyabr
1976-cı il tarixli 380 saylı “Şuşa şəhərində
kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri
haqqında” qərarının icrasına
başlanılmışdı. O illərdə 600 yerlik
qış kinoteatrı, 400 nəfərlik uşaq
sanatoriyası kompleksi, Şuşa musiqi alətləri
fabriki, Rabitə evi və s. istifadəyə verilmişdi.
1980-ci ildən sonra qərarın icrası ilə bağlı
Avtomobil Nəqliyyatı Nazirliyinin sifarişi ilə
Cıdır düzündə pioner düşərgəsi,
150 yerlik avtomaşın qarajı, Turist bazasının 300
çarpayılıq kompleksi tikilmiş, Kirs — Şuşa su xətti
çəkilmişdi. Şuşada M.P.Vaqifin məqbərəsi
ucaldılmış, Natəvanın büstü,
Ü.Hacıbəyovun heykəli qoyulmuşdu. Turşsu mineral zavodunun, Əzizbəyov sovxozunda
üstüörtülü isti şitillik təsərrüfatının
tikintisinə, tarixi abidələrimizi genişmiqyaslı bərpası
işlərinə başlanmışdı.
Heydər
Əliyev 1982-ci il yanvar ayının 14-də
Şuşaya Vaqifin məqbərəsinin
açılışına gəlmişdi. Onunla
birlikdə respublikamızın çoxsaylı əbədiyyat
və incəsənət xadimləri, yazıçı və
şairləri də təntənəli
açılış mərasimində iştirak etmişdi.
Şuşanın tarixində görünməyən
qarlı hava şəraitinin olmasına baxmayaraq, tədbir
yüksək səviyyədə keçirilmişdi.
Ümummilli
lider Şuşaya ikinci dəfə 1982-ci ilin iyul ayının
axırında, söz verdiyi kimi, ailə üzvləri ilə
gəlmişdi və Vaqif poeziya günlərində, həm də
bir neçə obyektin – Yaşıl aptek, Nətavanın
büstü, Xalça muzeyi, Rəsm qalereyası, Poeziya evi və
s. açılışında iştirak etmişdi. Yaddaqalan bir epizod. Tədbir
vaxtı Şuşanın 90 yaşlı, hörmətli, həm
də zarafatcıl ağsaqqalı Dağ İsmayıl
yavaş-yavaş tribunaya yaxınlaşmış, ancaq
mühafizə xidməti ona imkan verməmişdi. Bu, insanlara həmişə böyük diqqətlə
yanaşan Heydər Əliyevin gözündən
qaçmamışdı. O, tədbir qurtarandan sonra
ağsaqqala müraciətlə demişdi: “Ağsaqqal,
yaxın gəl, mənə sözün var?”
İsmayıl
əmi ona yaxınlaşıb demişdi: “Heydər müəllim,
Şuşaya xoş gəlmisiniz. Xahiş edirəm
tez-tez gəlin, həm də aliboş gəlməyin. Şuşaya tikinti, abadlıq və xeyirxah işləri
həyata keçirmək üçün vəsat
ayırın”.
Heydər
Əliyev gülə-gülə cavab vermişdi: “Mən
Şuşanı çox sevirəm. Ona görə
də Şuşaya ailəmlə birlikdə gəlmişəm.
Söz verirəm ki, Şuşaya tez-tez gələcəm
və köməyimi də Şuşadan əsirgəməyəcəm”.
Elə oradaca o, elan etmişdi ki, hər il
iyul ayında Şuşada Vaqif poeziya günləri
keçirilsin.
Tədbir başa çatdıqdan sonra Cıdır düzündə
böyük konsert olmuşdu. Xalqımızın
sevimli müğənnisi Zeynəb Xanlarova oxuyanda gur
yağış yağmağa başlamışdı. Ancaq Heydər Əliyev leysan yağış
yağmasına baxmayaraq, böyük hörmətlə Zeynəb
Xanlarovanı axıradək dinləmişdi. Təəssüf ki, ulu öndər
şuşalılara söz versə də, bir də
Şuşaya gələ bilmədi. Çünki
1982-ci ilin noyabrında SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsinə təyin edilməsi ilə
əlaqədar Moskvaya getdi.
Bir məsələyə də toxunmaq istərdim. Ümummilli
lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi
dövrdə DQMV erməniləri və rəhbərləri
ondan, sözün əsl mənasında, ehtiyatlanır,
çəkinirdilər. O, Moskvaya gedəndən sonra
respublika rəhbərliyində, sanki, boşluq yarandı və
yavaş-yavaş ermənilərin azərbaycanlılarla
münasibət və davranışlarında saymazyanalıq,
özbaşınalıq hiss olunurdu. Amma Heydər Əliyev
Moskvada yüksək post tutduğu müddətdə onlar Azərbaycana
qarşı hər hansı tələb səsləndirməyə
cürət etmirdilər.
Sovet imperiyasına ermənipərəst M.Qorbaçov rəhbər
seçiləndən və 1987-ci ildə Heydər Əliyev vəzifədən
uzaqlaşdırıldıqdan sonra ermənilər dərhal fəallaşdılar. Ermənistan və
Dağlıq Qarabağdakı millətçi və
separatçı qüvvələr Moskvadakı himayədarlarına
arxalanaraq haqsız iddiaları, DQMV-nin Ermənistana birləşdirilməsi,
müstəqillik kimi beynəlxalq hüquqa, Azərbaycanın ərazi
bütövlüyünə zidd olan addımlar atdılar.
Çox təəssüf ki, Heydər Əliyevdən
sonra respublikaya rəhbərlik edənlər passiv hərəkət
etdilər, vaxtında onların qanunsuzluqlarının
qarşısını alıb siyasi iradə nümayiş
etdirə bilmədilər. Xalqımız
kimi, mən də əminəm ki, həmin dövrdə Heydər
Əliyev Azərbaycanın rəhbəri olsaydı, ermənilərin
bütün cəhdləri boşa çıxardı.
Millətçi və separatçı qüvvələr
layiqli cəzalarını alardılar.
Hazırda Azərbaycan torpaqlarının 20 faizi erməni
işğalçıları tərəfindən zəbt
olunub. 1 milyondan artıq vətəndaşımız
doğma torpaqlarından, ata-baba yurdlarından didərgin
düşüb. Amma inanırıq ki, Azərbaycanımızın
iqtisadi, hərbi və siyasi qüdrətinin köməyi ilə
ulu öndərin siyasi kursunun layiqli davamçısı olan
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında torpaqlarımız, hansı yolla olursa-olsun,
işğalçılardan azad ediləcək. Məcburi
köçkünlərimiz öz doğma yurd-yuvalarına
qayıdacaqlar.
Rasim HACIYEV
Xalq qəzeti.- 2013.- 2 iyun.- S. 4.